Konstitusiyamız Azərbaycanın daha dinamik və davamlı inkişafına xidmət edir

Həyatımızın bütün sahələrini tənzimləyən Konstitusiyamızın qəbul edilməsindən 22 il ötür. Ötən müddət ərzində böyük inkişaf yolu keçmiş Azərbaycanın nüfuzlu ölkə statusu qazanmasında əvəzolunmaz rol oynayan Əsas Qanunumuz özündə demokratik, hüquqi və dünyəvi dəyərləri əks etdirməklə yanaşı, müasir dövrün çağırışlarına tam cavab verir. Müəllifi ulu öndər Heydər Əliyev olan Konstitusiyamızın dövlət-vətəndaş həmrəyliyinin yüksək səviyyəsinin təmin olunmasında oynadığı böyük rolun bundan sonra da davam edəcəyi və hüquqi dövlət quruculuğu prosesinə öz mütərəqqi təsirini göstərəcəyi şübhə doğurmur.

Müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu prosesinə qədəm qoymasında 1995-ci il noyabrın 12-də ilk demokratik Konstitusiyamızın qəbul edilməsinin müstəsna rol oynaması danılmaz faktdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk Konstitusiyamız dünyanın mütərəqqi əsas qanunlarından biri olmaqla yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin başlanmasına da güclü təkan vermişdir. Bundan başqa, yeni Konstitusiyanın qəbul edilməsi Azərbaycanın ictimai - siyasi həyatında dinamik inkişafa şərait yaratmış və qanunvericilik tariximizdə özünəməxsus iz qoymuşdur.

Ümumiyyətlə, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Konstitusiya qəbul etməyin mümkün olmadığı məlumdur. Bununla belə, Şərqin ilk demoktarik dövləti kimi tarixə düşmüş AXC fəaliyyət göstərdiyi müddətdə Konstitusiya xarakteri daşıyan bir neçə hüquqi akt və qərarlar qəbul etmişdi. İlk hüquqi sənəd Konstitusiya aktı statusuna malik olan İstiqlal Bəyannaməsi (Misaqi-Milli) olmuşdu. Bu hüquqi (həm də siyasi) sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı (xalq cümhuriyyəti formasında) bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı. Tarixçilər həmin dövrdə qəbul edilmiş akt və qərarları müəyyən qədər Konstitusiya quruculuğunun başlanğıcı kimi qiymətləndirirlər. Qeyd etmək yerinə düşər ki, sovetlər dövründə qəbul edilmiş konstitusiyalar hakim kommunist ideologiyasının ruhuna uyğun hazırlanmış, mahiyyət etibarilə müstəqil dövlətçilik və suveren xalq anlayışlarına zidd formal sənədlər toplusu kimi yadda qalmışdı. Yalnız 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xalqı milli Konstitusiyasını qəbul etmək imkanı qazandı. 

Təbii ki, refendum yolu ilə ilk Konstitusiyanın qəbul edilməsi Azərbaycan tarixində ən parlaq səhifələrdən biridir. Hüquq-mühafizə sistemində islahatları tənzimləyən, onların normal fəaliyyətini təmin edən çoxsaylı sənədlər toplusu məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanmışdır.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası keçmiş SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, respublikanın dövlət dili məsələsində müəyyən özünəməxsusluğa malik olmuşdu. 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmiş Əsas Qanunumuz isə Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiya kimi tarixə düşdü. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş aparılmışdı. 1994-cü ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başlamışdı. Əsas Qanunun baza müddəaları, daha sonra isə onun layihə mətni ictimai müzakirəyə çıxarılmışdı. Bir neçə ay ərzində mətbuatda bu mövzuda diskussiyalar getmiş, ayrı-ayrı məsələlər, o cümlədən, Konstitusiyada dövlət dilinin adının (Azərbaycan dili) necə təsbit olunması ilə bağlı geniş mütəxəssis auditoriyasının iştirakı ilə toplantılar keçirilmişdi. Son olaraq referendum öncəsi bir daha toplanan Konstitusiya komissiyası layihənin yekun variantını razılaşdıraraq, onu referenduma çıxarmışdı.1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq referendumu nəticəsində Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunmuşdu.

Əlbəttə, Konstitusiyanın qəbul edilməsilə iş yekunlaşmırdı, Əsas Qanunda təsbit olunmuş müddəaları reallıqda təmin etmək lazım idi. Bu baxımdan, 1995-ci ilin 12 noyabrından sonrakı dövrə nəzər salsaq, görərik ki, bu istiqamətdə geniş hüquqi islahatlar həyata keçirilmişdi. Belə ki, 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdu. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmünün icrası ləğv edilmişdir. Azərbaycan Müstəqil Dövlətlər Birliyi məkanında və müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət kimi adını tarixə yazdırmışdı. 12 fəsil, 158 maddədən ibarət olan bu Əsas Qanunun 48 maddəsinin insan hüquqlarına və onun gerçəkləşməsi təminatlarına həsr edilməsi Azərbaycan rəhbərliyinin fundamental insan hüquqlarına verdiyi önəmi təsdiqləmişdi. Əsas Qanunun bir sıra maddələrində müstəqil respublikamızda insan hüquq və azadlıqlarına ali dəyər verilməsi, onların tanınması və müdafiəsində dövlətin vəzifəsi və digər məsələlər hüquqi həllini tapmışdır.

Ümumiyyətlə, böyük dövlət xadimi Heydər Əliyev yeni Konstitusiyanın mükəmməl sənəd kimi hazırlanmasının əhəmiyyətini belə açıqlamışdı: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”. Bundan sonra Konstitusiya layihəsi üzərində aparılan gərgin və məhsuldar iş nəticəsində, beynəlxalq prinsiplərə cavab verən, bazar iqtisadiyyatına hər vasitə ilə rəvac verən, demokratik və eyni zamanda, dünyəvi dəyərləri özündə əks etdirən Konstitusiya layihəsi hazırlanmışdı.

Aydındır ki, ictimai həyatın müxtəlif sahələrində özünü göstərən yeniliklər təkmilləşməni və müasirləşməni obyektiv zərurət kimi ortaya çıxarır və bu amil Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsinə tələbat yaradır. Bu baxımdan, Azərbaycan Konstitusiyasına 2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də, son olaraq 2016-cı il sentyabrın 26-da ümumxalq referendumlarının əsasında edilmiş bir sıra əlavə və dəyişikliklər cəmiyyətin sosial sifarişindən, ictimai münasibətlər sisteminin xarakterindən irəli gəlirdi. 24 avqust 2002-ci ildə keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər mühüm əhəmiyyət kəsb etmiş və məhkəmənin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olmuşdur.

Dəyişikliklərin nəticəsi olaraq bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi geniş səlahiyyətlər dairəsinə malik konstitusiya nəzarəti orqanıdır. Nəzarətin yurisdiksiyasına normativ-hüquqi aktların geniş spektri daxildir. Bu isə bütün qanunvericilik sisteminə konstitusiya nəzarətini həyata keçirmək, Konstitusiya və qanun normalarının təfsiri vasitəsilə hüququn inkişafı və tətbiqi təcrübəsinin istiqamətləndirilməsi kimi əhəmiyyətli səlahiyyətlər deməkdir. İslahatlardan sonra Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik subyektlərin dairəsi də əhəmiyyətli dərəcədə genişləndirilmiş, Azərbaycanda ilk dəfə olaraq konstitusiya şikayəti institutunun tətbiqinə başlanılmış, eləcə də ombudsmana və məhkəmələrə Konstitusiya Məhkəməsinə bilavasitə müraciət etmək imkanları verilmişdir.

2009-cu il martın 18-də həyata keçirilən referendum zamanı isə ölkə Konstitusiyasının 29 maddəsinə 11 dəyişiklik və 39 əlavə edilmişdi. Əsas Qanuna edilən bu əlavə və dəyişikliklər ölkəmizdə demokratiyanın sürətli inkişafından irəli gəlməklə respublikamızın mötəbər beynəlxalq təşkilatlara tamhüquqlu üzv kimi qəbul edilməsi və ölkəmizin bu qurumlar qarşısında götürdüyü öhdəliklərlə, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı qorunması ilə bağlı olmuşdu. 18 mart referendumunun nəticəsi olaraq, Azərbaycan Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər mahiyyətcə dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsinə, habelə onların hüquqi çərçivəsinin, əhatə dairəsinin, hüdudlarının müəyyənləşdirilməsinə, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilərək məsuliyyətinin artırılmasına, yerli özünüidarəetmə qurumlarının məsuliyyəti prinsiplərinin təsbit olunmasına yönəlmişdi. Ümumilikdə qeyd olunanlar bir daha təsdiqləyir ki, ölkə Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər məhz ölkə vətəndaşlarının hüquq və azadlıqlarının genişləndirilməsinə, qanuni mənafelərinin səmərəli təminatına xidmət etmişdi. Konstitusiya islahatları həm də dövlətimizin insan və vətəndaş amilinə böyük həssaslıqla yanaşdığını, yüksək dəyər verdiyini bir daha təsdiqləyir.

Azərbaycan Respublikasının beynəlxalq aləmlə münasibətlərinin güclənməsi və hüquqi-siyasi sahələrdə əhəmiyyətli dəyişikliklərin baş verməsi Konstitusiyanın özünün də təkmilləşdirilməsini aktual məsələyə çevirmişdi. Bu və digər dəyişikliklər cəmiyyətin inkişafından doğan, Konstitusiyanın, qanunların, bütövlükdə, hüquq sisteminin təkmilləşdirilməsinə, demokratikləşdirmə proseslərinin dərinləşdirilməsinə və insan hüquqlarının daha səmərəli müdafiəsinə xidmət etmiş, Əsas Qanunun çox mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsinə səbəb olmuşdur. Azərbaycanda daxili sabitliyin, əmin-amanlığın olması və gələcəkdə də onun qorunub saxlanılması baxımından son əlavə və dəyişikliklərin də çox böyük əhəmiyyəti olduğunu da vurğulamaq zəruridir. Ən əsası, Konstitusiyaya edilmiş son əlavə və dəyişikliklərin vətəndaş azadlıqlarını və demokratiyanın müdafiəsini gücləndirməsi və bu, islahatların yeni mərhələsində ölkədə fərqli institutların sabit və dinamik inkişafını təmin etməsi baxımından da əhəmiyyəti olduqca böyükdür.

Məlumdur ki, cəmiyyət həyatındakı yeniliklərin mütərəqqi xarakteri dövlət idarəçiliyi mexanizminin səmərəli fəaliyyətinə yol açmaqla yanaşı, ictimai münasibətləri tənzimləyən qanunların müasirləşdirilməsinə olan sosial-mənəvi tələbatı da qabarıq şəkildə üzə çıxarır. Dövlətlə vətəndaş arasında münasibətlərin çərçivələrini müəyyən edən hər bir qanunun, normativ-hüquqi aktın cəmiyyət həyatındakı əsaslı keyfiyyət dəyişikliklərini, iqtisadi-siyasi və hüquqi yenilikləri özündə ehtiva etməsi isə ilk növbədə vətəndaş cəmiyyəti quruculuğu baxımından vacibdir. Demokratik inkişaf yolunu prioritet seçmiş Azərbaycanda dövlətin siyasi-hüquqi sisteminin xarakteri, ilk növbədə, milli Konstitusiyasının ümumbəşəri dəyərlərə maksimum səviyyədə cavab verməsi ilə şərtlənir. Konstitusiyanın beynəlxalq hüquq prinsiplərinə söykənməsi, insan və vətəndaş hüquq və azadlıqlarına səmərəli təminat mexanizmləri formalaşdırması paralel olaraq siyasi hakimiyyətin ictimai münasibətləri tənzimləyən mütərəqqi qanunlar və digər normativ-hüquqi aktlar əsasında demokratik idarəetməsinə də etibarlı təminat yaradır. Respublikamızda hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına doğru uzanan mürəkkəb prosesin məhz 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyaya əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə respublikamız bir sıra inkişaf etmiş dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini sürətlə geridə qoymuş, ümumi daxili məhsulun sürətli artımı, cəmiyyətdə orta təbəqənin mövqelərinin möhkəmlənməsi, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsinə, habelə müasirləşdirilməsinə xidmət edən məhkəmə-hüquq, ədliyyə islahatlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, ən başlıcası, siyasi-hüquqi və iqtisadi islahatların əlaqəli şəkildə, biri-birindən təcrid edilmədən həyata keçirilməsi Konstitusiya islahatının hansı səbəblərlə şərtləndiyini bir daha əyani şəkildə göstərir. Bununla yanaşı, dünya dövlətlərinin təcrübəsi sübut edir ki, konstitusiyada edilən dəyişikliklər, bir qayda olaraq, ölkənin sosial-iqtisadi, ictimai-siyasi reallıqlarından və gələcək davamlı inkişaf perspektivlərindən irəli gəlir. Cəmiyyətdə davamlı olaraq baş verən siyasi, iqtisadi, mədəni xarakterli yeniləşmə fonunda ölkənin qarşısında duran müxtəlif xarakterli vəzifələrin yerinə yetirilməsi üçün, təbii ki, dövlət orqanlarının səmərəli fəaliyyətini tənzimləyən hüquqi baza təkmilləşdirilir.

Azərbaycan Respublikasının sabit və davamlı inkişafı, təhlükəsizliyinin tam təminatı kimi güclü prezidentlik institutu, insan hüquqlarının səmərəli qorunması, sosial ədalət və digər həyati əhəmiyyətli məsələlər Konstitusiyamızın əsas dəyərləridir və milli maraqlarımızın yüksək səviyyədə təmin olunmasına zəmanət verir.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında