Azərbaycanın dövlət bayrağı milli dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir

9 Noyabr Dövlət Bayrağı Günüdür

 

 

 

 

 

 

 

 

 


Azərbaycanın dövlət müstəqilliyini təmsil edən Azərbaycanın bayrağına münasibət, onun müqəddəsliyinə hörmət hər bir çocuqda, yeniyetmədə daxildən olmalıdır. Hansı ölkəyə gediriksə-gedək, Azərbaycanın bayraqlarının о ölkədə asılması həm Azərbaycanın orada təmsil olunmasını göstərir, həm də bizim ölkəmizi tanıdır, eyni zamanda, bizdə böyük iftixar hissi doğurur. Bu bizim müstəqil dövlətimizin rəmzidir.

Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri



Bu bayraq bizim milli dəyərimizdir. Bu Bayraq ­Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması, doğrudan da, böyük hadisədir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


(əvvəli qəzetimizin 8 noyabr 2017-ci il tarixli sayında)

Azərbaycanın üçrəngli bayrağının 70 il sonra yenidən dövlət rəmzlərindən biri kimi qəbul edilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidməti misilsizdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız rəsmi şəkildə ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada muxtar respublikanın dövlət bayrağı kimi təsdiq edilmişdir. Bu barədə qəbul edilmiş qərarın 2-ci bəndində isə dövlət rəmzləri haqqında məsələyə baxılması, milli-tarixi ənənələrinə uyğun olaraq yeni dövlət bayrağının, gerbinin və himninin qəbul olunması Azərbaycan Respublikasının ali qanunvericilik orqanından xahiş edilmişdir.

Prezident İlham Əliyev sonralar bu tarixi hadisəni belə dəyərləndirmişdir: “O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt qalırdı. Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”.

Milli bayrağımız rəsmən Naxçıvanda qaldırılandan 3 ay sonra--1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunu təsdiqləyərək, dövlətçilik tariximizdə milli bayraq statusu qazanmış üçrəngli, aypara və səkkizguşə ulduzlu bayrağımızı Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası AXC-nin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. Beləliklə, Konstitusiya qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edilmiş və bu istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başlamışdır.

1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 2 maddəsində (23-cü və 75-ci) dövlət rəmzlərinin təsbit olunması da onların qanunvericilik səviyyəsində təsdiq olunduğunu göstərir. Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir.

Azərbaycanın Dövlət bayrağı “üçrəngli bayraq”lar (trikolor) sırasına daxildir. Dünyada ilk trikolor XVI əsrdə Hollandiyada yaradılmış və qırmızı, ağ, mavi rəngli üç üfüqi zolaqlı olmuşdur. Müasir dövrdə bir çox dövlətlərin də bayraqları üç üfüqi və ya şaquli zolaqdan ibarətdir. Lakin bizim milli bayrağımız dünyada mövcud olan trikolorlardan rəng düzümü ilə bərabər, üzərindəki rəmzləri ilə də fərqlənir. Onu da qeyd etmək lazımdır ki, müxtəlif dövrlərə və dövlətlərə məxsus bayraqlardakı eyni rəng müxtəlif məna və funksiyalar daşıya bilər.

Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng–Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng–müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng–islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Azərbaycan bayrağının üzərindəki aypara türk və bütövlükdə bir sıra Şərq xalqlarının qədim rəmzidir. Səkkizguşəli ulduzun mənasına gəlincə, burada “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlı fikirlər də mövcuddur. Belə ki, “Azərbaycan” sözü həmin əlifbada səkkiz hərflə yazılırdı.

Vurğulamaq lazımdır ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət quruculuğu siyasətində tarixi işlərlə yanaşı, milli dövlətçilik atributlarının tam formalaşdırılmasına, onların bütün vətəndaşlar, xüsusən gənclər arasında təbliği və öyrənilməsinə də möhkəm zəmin yaranmışdır. Məhz Heydər Əliyevin sayəsində Dövlət bayrağının bərpası müstəqil dövlətçilik ənənələrinin davam etdirilməsi yolunda uğurlu bir addım olmuşdur. Ümummilli lider bayrağımız haqqında demişdir: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də, gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət, eyni zamanda, Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun.”

Ulu öndərin Heydər Əliyevin müstəqil ölkəmizin rəhbəri kimi 1998-ci il martın 13-də “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncam imzalaması dövlət rəmzlərinin daha geniş miqyasda təbliğini təmin edərək, eyni zamanda, cəmiyyətin vətənpərvərlik ruhunda formalaşmasına, dövlət rəmzlərinə hörmət və ehtiram hisslərinin gücləndirilməsinə təkan vermişdir. Bu sənəddə vətəndaşlara, xüsusən gənclərə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanmasının, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsinin önəmi vurğulanmış, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tapşırıqlar verilmişdir.

Ulu öndər Heydər Əliyevin dövlətçilik sahəsində gördüyü işləri bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla inkişaf etdirməkdədir. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsas sütunlarından olan dövlətçilik maraqlarının daim üstün tutulması dövlət başçısı İlham Əliyev siyasətinin təməl prinsipidir. Azərbaycanda milli dövlətçilik ənənələrinin qorunmasında Dövlət bayrağının xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev öz fəaliyyətində bu məsələyə böyük önəm verir.

2004-cü il 8 iyun tarixli “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi dövlət rəmzlərinin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Bu qanun Dövlət bayrağının istifadəsi qaydalarını müəyyənləşdirir, ona hörmətlə yanaşmasını təmin edir.

Qanunda gösrərilir ki, ölkənin bütün vətəndaşları, habelə respublika ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar; Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin bu rəmzə hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür.

Bu sənədə görə, Dövlət bayrağı Prezident Sarayının və dövlət iqamətgahlarının üzərində, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının, mərkəzi icra hakimiyyəti orqanlarının, Respublika Prokurorluğunun, Mərkəzi Bankın, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və Ali Məhkəməsinin, eləcə də icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin yerləşdiyi binanın üzərində daimi qaldırılır.

Dövlət bayrağı respublikanın gəmi reyestrlərindən birində qeydiyyata alınmış gəmilərin, ölkənin sərhəd nəzarət-buraxılış məntəqələrinin və sərhəd zastavalarının binaları üzərində də daimi qaldırılır. Dövlət bayrağı Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarının binaları üzərində, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iqamətgahları üzərində beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq qaldırılır.

Bunlardan əlavə, Dövlət bayrağı Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda, Azərbaycan Respublikası Prezidentinin iş otağında, habelə Prezidentin iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda və otaqlarda, məhkəmələrin iclas salonunda, Milli Məclis Sədrinin, Baş nazirin, Konstitusiya Məhkəməsi sədrinin, Ali Məhkəmə sədrinin, Məhkəmə-Hüquq Şurası sədrinin, Baş prokurorun, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları başçılarının, Mərkəzi Bankın idarə heyəti sədrinin, Mərkəzi Seçki Komissiyası sədrinin, Hesablama Palatası sədrinin, İnsan hüquqları üzrə müvəkkilin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, baş nazirinin, Ali Məhkəmə sədrinin və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, Azərbaycan Respublikası diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iş otaqlarında daimi yerləşdirilir.

Nəhayət, Dövlət bayrağı Azərbaycan Respublikası Prezidentinin, dövlət nümayəndə heyəti rəhbərlərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərlərinin nəqliyyat vasitələri üzərində də yerləşdirilir. Qanunvericiliklə müəyyənləşdirilmiş hallarda və qaydada andiçmə mərasimi keçirilən yerlərdə də Dövlət bayrağı qoyulur.

Çağdaş dünyada ştandart dövlət başçılarının hakimiyyət rəmzi sayılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ştandartı (bayrağı) 15 sentyabr 2008-ci ildə “Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) haqqında” imzalanan fərman əsasında qəbul olunmuşdur. Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) Azərbaycan Respublikası Prezidentinin rəsmi simvoludur; Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının) etalonu (orijinalı) Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Prezident sarayında yerləşən xidməti otağında saxlanılır.

 Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğundur və hər iki üzündə qırmızı zolağın ortasında Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmişdir. Dövlət bayrağından fərqli olaraq, Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) kvadrat formadadır və müxtəlif ölçülərdə ola bilər.

Bakı şəhərində Dövlət Bayrağı Meydanının salınması Prezident İlham Əliyevin dövlət rəmzlərinə olan yüksək ehtiramının tarixi nümunəsidir. Dövlət başçısı bununla bağlı sərəncamı 2007-ci il noyabrın 17-də imzalamışdır. Bundan az sonra – dekabrın 30-da isə dövlət başçısı  İlham Əliyevin iştirakı ilə Bakının Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanının təməli qoyulmuşdur. Meydan üçün seçilmiş yer Dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan verir. Xüsusi layihə əsasında gerçəkləşdirilən tikinti işlərinə xarici və yerli mütəxəssislər cəlb olunmuşdur.

Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Bu sənədə əsasən, hər ilin noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirmişdir.

 Məhz Prezident İlham Əliyevin liderlik məramı nəticəsində Dövlət Bayrağı Günü  8 ildir ki, dövlət səviyyəsində keçirilən ən əhəmiyyətli bayramlar sırasındadır. Bu bayram Azərbaycan xalqını daha da sıx birləşdirir, həmrəy edir. Bu, həm də ölkə rəhbəri İlham Əliyevin müstəqil Azərbaycanın dövlətçilik rəmzlərinə və ənənələrinə, ulu öndər Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərin qorunmasına sadiqliyini əyani şəkildə sübut edir. Bu gün doğma vətənimiz Azərbaycanda dalğalanan bayrağımız hamımızda böyük iftixar hissi yaradaraq xalqın müstəqil dövlətçiliyini qorumaq, inkişaf etdirmək və yaşatmaq əzmini göstərir.

Paytaxtımızın mədəni və siyasi mərkəzinə çevrilən Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi 2010-cu il sentyabrın 1-də keçirilmişdir. Bayraq Meydanının yaradılması Azərbaycanın gücünün, xalqımızın öz dövlətinə sevgisinin hər bir vətəndaşın dövlət rəmzlərini uca tutmasının göstəricisidir.

Mərasimdə Prezident İlham Əliyevin bayrağımızla bağlı dediyi fikirlər olduqca qürurvericidir: “Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması, doğrudan da, böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Doğrudan da, ötən ilin uğurlu Aprel döyüşlərində işğaldan azad olunmuş ərazilərimizdə Dövlət bayrağımız dalğalanır. İnanırıq ki, dövlət başçımızın dediyi kimi, tezliklə bayrağımız Dağlıq Qarabağın hər yerində, eləcə də Xankəndidə və Şuşada dalğalanacaqdır.

Xalqımızın bayraq sevgisinin, dövlətimizin bayrağımıza verdiyi önəmin nəticəsidir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il noyabrın 9-da Dövlət Bayrağı Muzeyi yaradılmışdır. Bu muzeyin ərsəyə gəlməsi ölkə başçısı və Azərbaycan xalqının milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə sadiqliyini, yüksək münasibətini bir daha bütün dünyaya nümayiş etdirir.

Azərbaycanın dövlətçilik ənənələrini əks etdirən Dövlət bayrağının təbliğ olunması, cəmiyyət arasında, xüsusən gənc nəsildə vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi Dövlət Bayrağı Muzeyinin yaradılmasının əsas məqsədləri sırasına daxildir. Muzey Azərbaycanda seçilən, ümumxalq ehtiramı bəslənilən məkanlardan sayılır. Azərbaycanlı memar və dizaynerlərin layihələri əsasında qurulan və tərtibatında müasir dizayn texnologiyalarından istifadə olunan muzeydə dövlətçiliyimizin qədim və müasir tarixini əks etdirən qiymətli eksponatlar nümayiş etdirilir. Doğma paytaxtımızın daha bir öyünclü ünvanı olan Dövlət  Bayrağı Muzeyi Azərbaycan vətəndaşlarının, habelə paytaxtımıza gələn xarici qonaqların ehtiram hissi ilə ziyarət etdikləri bir məkana çevrilmişdir.

Bu gün Azərbaycan Respublikasının müxtəlif sahələrdə qazandığı uğurlar həm də Dövlət bayrağımızın yüksəklərə ucaldılması ilə nümayiş etdirilir. Bu, hər bir Azərbaycan vətəndaşında qürur hissi oyadır. Hazırda Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə qabaqcıl ölkələr sırasındadır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın daxili və xarici siyasətində, elm, təhsil, mədəniyyət, idman, ordu quruculuğunda əldə edilmiş nailiyyətləri, seçilmiş strateji yolu 14 ildir ki, Prezident İlham Əliyev uğurla davam etdirir.

Müxtəlif sahələrdə qazanılan nailiyyətlərin əsasında biz öz dövlətçilik tariximizi, mədəniyyətimizi, irsimizi təbliğ edə bilirik. Bütün sahələrdə qazanılan hər bir uğurun ilk göstəricisi kimi bayrağımızın dalğalanmasının şahidi oluruq. Azərbaycanın üçrəngli bayrağı bu gün ayrı-ayrı dövlət qurumlarının, diplomatik nümayəndəliklərin binaları üzərində ucaldılır, mühüm beynəlxalq, ictimai-mədəni tədbirlərdə, idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Vətənimiz Azərbaycanın üçrəngli bayrağının əbədi olması və daim zirvələrdə dalğalanması üçün hər bir vətəndaş bütün sahələrdə uğur qazanmağa çalışmalıdır. Çünki bayrağımızın daim yüksəklərdə vüqarla dalğalanması dövlətimizin gücünü və artan nüfuzunu göstərir.

Prezident İlham Əliyevin dediyi kimi, Dövlət bayrağımız qürur mənbəyimizdir, and yerimizdir. Doğrudan da, milli tanıtma nişanlarının önündə dayanan bayrağımızda təcəssümünü tapan məna ictimai-siyasi dünyagörüşümüzün təyinedici əlamətlərini də ifadə edir. Mənası, məramı əsrlərdən gələn bayrağımız əbədidir. Bir zaman məkrlə endirilsə də, qadağan olunsa da, artıq 26 ildir ki, milli bayrağımız ucalıqlarda dalğalanır. Bu, təkcə Ginnes rekordlarında qeyd edilən dirək ucalığı deyil, milli varlığımızın ən ülvi dəyərlərinin də zirvəsidir.

Könül İMAMVERDİYEVA,
Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında