Azərbaycanın Dövlət bayrağı milli dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir

9 Noyabr Dövlət Bayrağı Günüdür

 

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət, eyni zamanda, Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun.

Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri



Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Dövlət rəmzləri istənilən dövlətin tanınma nişanı, suverenliyinin, özünəməxsusluğunun rəmzidir. Bu rəmzlərdə hər bir dövlətin, xalqın çoxəsrlik tarixi, milli dəyərləri və ənənələri öz əksini tapır. Qədim dövlətçilik tarixi və ənənələri olan çağdaş Azərbaycan dövlətinin müstəqilliyini və şərəfli keçmişini əks etdirən dövlət rəmzləri sırasında Azərbaycan Respublikasının bayrağı müstəsna yer tutur.

Azərbaycan ­Respublikası ­Konstitusiyasının 23-cü maddəsində bildirilir:

 “I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir”.

Hər bir xalq öz dövlət rəmzlərinə sadiqdir, çünki bunlar xalqın mövcudluğunun təcəssümü kimi özündə onun ən ali, ən müqəddəs dəyərlərini yaşadır. Azərbaycan xalqının qürur mənbəyi olan, müstəqilliyimizi təcəssüm etdirən dövlət atributlarına hörmət və ehtiram, onlara məhəbbət məhz gənc yaşlarından, orta məktəbdən formalaşdırılmalıdır.

Dövlət rəmzlərimizi təbliğ etmək, cəmiyyətin hər bir üzvünə milli dəyərlərimizə hörmət və sevgi aşılamaq Azərbaycanın dövlətçilik ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün vacib amillərdəndir. Dövlət rəmzləri, eyni zamanda, vətəndaş cəmiyyətinin formalaşmasında, gənc nəslin vətənpərvərlik ruhunda və milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsində müstəsna rol oynayır.

1998-ci il martın 13-də ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamda göstərilir: “Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir”.

Hər bir dövlətin əsas atributu sayılan bayraq müqəddəs anlam daşıyaraq, xalqın mənəvi-siyasi və mədəni birliyinin timsalıdır. Bayraq, eyni zamanda, azadlıq və istiqlal rəmzi olaraq, xalqın məxsus olduğu dövlətin müstəqilliyini ifadə edir. Dövlət rəmzləri milli dövlətçiliyin, istiqlaliyyətin mövcudluğunu, xalqın keçmişini və gələcəyə yönəlmiş ən ülvi arzularını ifadə edir. Odur ki, hər bir vətəndaş dövlət rəmzlərinin yaranma tarixini, daşıdığı mənanı yaxşı bilməli, onları qorumalı, təbliğ etməli və aşıladığı ideyaları yaşatmalıdır.

Bəşər tarixində bayraqların ilkin formaları uzun dirəklər üzərində müxtəlif bəzək ünsürlərindən və sakral elementlərdən tərtib olunan xüsusi tanınma-fərqləndirmə nişanlarından ibarət olmuşdur. Onlara müasir elmi dövriyyədə ümumiləşdirilmiş şəkildə “veksilloidlər” deyilir. Bu nişanlar hələ qədim dövrlərdə qəbilə, tayfa və ya tayfa birlikləri başçılarının hakimiyyət rəmzi olmaqla, hərbi əhəmiyyət də daşıyırdı. Döyüş zamanı belə bayraqlar müqəddəs hesab edilir, onun düşmən əlinə keçməsi məğlubiyyətin başlıca əlaməti sayılırdı. Qədim Misirdə ilk sülalələr dövründən hökmdarı bayraqla (veksilloidlə) müşayiət etmək ənənəsi olmuşdur. İlk ipək bayraq qədim Çində hazırlanmışdı.

Yüngül, davamlı ipək parçalar bayraqların hazırlanması üçün ideal sayılırdı. İpək bayraq uzaq məsafədən daha aydın görünürdü. Bayraqların parçadan hazırlanması ənənəsi Çindən sonra Monqolustana, Hindistana, İrana, Romaya, daha sonra isə bütün dünyaya yayılmışdır. Roma imperiyasında hərbi süvari qoşunlarına verilən bayraqlar “veksillum” adlanırdı.

Orta əsrlərdə Avropada ordunun bölmə və hissələrinin fərqləndirici bayraqlarına “ştandart” deyilirdi. Bundan əlavə, ştandart həm də hakimiyyətin, dövlət rəhbərinin atributu sayılırdı. Hazırda bu ənənə qalmaqdadır və bir sıra dövlətlərin başçılarının qanunla müəyyən edilmiş qaydada ştandartları vardır.

Azərbaycan dövlətçiliyinin əsas rəmzlərindən biri sayılan bayrağımızın tarixi dərin köklərə gedib çıxır. Azərbaycan ərazisində ilk bayraqların yaranma tarixi ilə tanış olduqda görürük ki, onların meydana gəlməsi bizim eradan əvvəlki dövrləri əhatə edir. Azərbaycanda arxeoloji tapıntılara əsasən, ştandart (sancaq) formalı bayraqların hələ Tunc dövründə (e.ə. IV-II minilliklər) istifadə edilməsi məlumdur.

Arxeoloji qazıntılar zamanı Şəmkir və Şəki rayonlarında tapılmış buynuzlu maral, üzərində səkkizguşəli ulduz, şüalanan Günəş və müxtəlif həndəsi naxışlar olan dairəvi lövhə və başqa formalı tunc ştandart başlıqları bu gün muzey kolleksiyalarını bəzəyir. Qeyd edək ki, Azərbaycanda aşkar edilmiş əksəriyyəti taxta sapa taxılmış, buynuzlu heyvan fiquru təsvir olunmuş ştandartlara Manna qalalarının təsvir edildiyi, e.ə. VIII--VII əsrlərə aid Assuriya divar rəsmlərində rast gəlmək olar.

“Bayraq” sözü ümumtürk mənşəlidir və qədim tarixi var. Böyük Şərq mütəfəkkiri Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” (XI əsr) əsərində müasir dilimizdəki “bayrak/batrak” sözü də qeydə alınmışdır. Lüğət müəllifinin fikrincə, həmin söz “batırak/batrak/bayrak” semantik-struktur təkamül modeli əsasında “batır”-- batırmaq, sancmaq feilindən törəmişdir. Müasir türk dilində “bayraq”la yanaşı, “sancaq” sözü də işlədilir.

Qədim türk tayfalarında bayraq müxtəlif adlarla (sancaq, tuğ, ələm) tanınır və müqəddəs anlam daşıyırdı. Bu da onların dini inancları ilə bağlı idi. Belə ki, Göytürk dövlətində qurdbaşlı tuğlardan istifadə olunurdu. Sonrakı dövrdə “tuğ”, “sancaq”, “ələm” anlayışlarına “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlinir. Bayraq (tuğ, sancaq, ələm) Oğuz tayfalarında müqəddəs rəmz, uğur timsalı sayılır, döyüşçülər onu öndə, başları üstündə aparırdı.

İlkin bayraqlar uzun bir təkamül yolu keçmişdir. Tədricən bayraq ucluqları kiçilmiş, parça hissəsi isə böyüdülmüşdür. Beləliklə, bayraqlar müasir görkəm almağa başlamışdır. Müasir dövrümüzdə bayraqlar dövlət, milli, hərbi (hərbi hissələrin, hərbi dəniz gəmilərinin), müxtəlif təşkilatların bayraqlarına və ştandartlara (vəzifəli şəxslərin bayraqları) bölünür.

Tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində güclü dövlətlər mövcud olmuşdur. Bunların sırasında Azərbaycanın Şirvanşahlar, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və s. dövlətlər tariximizdə misilsiz izlər qoymuşdur. Bu dövlətlərin hər birinin müstəqillik rəmzi olan bayraqları, möhürləri, pul vahidləri var idi.

XV əsrdə Azərbaycan ərazisində mövcud olmuş Qaraqoyunlu dövlətinin ordusu döyüşlərdə bayraqlarını dövlətin başlıca atributlarından biri kimi qaldırırdılar. Digər dövlətlərdə olduğu kimi, Qaraqoyunlularda da bayraq güc və qələbə rəmzi hesab olunurdu. Qaraqoyunluların bayrağı sarı fonun ortasında qırmızı dördkünc formada təsvir edilmişdir.

İstanbulda, Topqapı Sarayı Muzeyində Ağqoyunlu hökmdarı Uzun Həsənə məxsus bayraq saxlanılır. Ağ parçadan hazırlanmış bayraq uzunsov üçbucaqlı formadadır. XVI əsrin əvvəllərində Azərbaycanda dövlətçilik tarixinin təkamülündə müstəsna rolu olan vahid, mərkəzləşdirilmiş Səfəvilər dövlətində də müxtəlif rəsmi rəmzlər qəbul olunmuşdur. Onların içərisində bayraqlar mahiyyətinə görə seçilirdi.

Təbriz miniatürlərində Səfəvilər dövlətinin döyüşlər zamanı istifadə etdiyi bayraqlar da təsvir edilmişdir. Təbriz miniatürlərində təsvir edilən bayraqlarda ay-ulduz motivinə də rast gəlinir. Səfəvilər dövlətinin bayraqlarında aslan və Günəş təsvirləri də əksini tapmışdır. Bu, Səfəvilərin qədim türk dövlətçilik ənənələrinə bağlılığını göstərir.

XVIII əsr Azərbaycan xanlıqlarının hər birinin dövlət rəmzləri -- bayraqları, dövlətçilik nişanları olan pul nümunələri, möhürləri, şeşpərləri və s. mövcud olmuşdur. Azərbaycan xanlıqlarının bayraqları Şərq parçalarından tikilmiş, müxtəlif ornament və yazılarla bəzədilmişdir. Şəki xan sarayının divar təsvirlərindəki bayraqlar da XVIII əsr dövlətçilik tariximizin öyrənilməsində önəmlidir. Sarayın divar təsvirlərində müxtəlif bayraqlar əks olunmuşdur. Onlar forma və rəngləri ilə seçilir.

Azərbaycan xanlarının dövlət bayraqları ilə yanaşı, öz hakimiyyət rəmzləri olan ştandartları da mövcud olmuşdur. Bunlara misal olaraq, bu günə qədər gəlib çıxan İrəvan xanı Hüseynqulu xanın, Şəki xanı Səlim xanın ştandartını, eləcə də Gəncə xanı Cavad xanın buncuğunu göstərmək olar.

Çar Rusiyasının Azərbaycan ərazilərini istilasından sonra xanlıqların bir çox dövlət atributları, o cümlədən bayraqları qənimət kimi aparılaraq, sonradan Gürcüstan və Rusiya muzeylərinə daşınmışdır. 1924-cü ildə Tiflisdə yerləşən Qafqaz Hərb Tarixi Muzeyindən Gəncə, Bakı, Şəki və İrəvan xanlıqlarının bayraqları Azərbaycan Dövlət Muzeyinə (indiki Milli Azərbaycan Tarixi Muzeyi) təhvil verilmişdir.

Dövlətçilik ənənələrinin bərpası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədardır. Milli dövlətçiliyin bərpası Azərbaycan xalqının tarixində çox böyük hadisə olaraq qızıl hərflərlə yazılmışdır. Müsəlman Şərqində ilk demokratik respublika sayılan Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin varlığını həkk etdirdi.

1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan edəndən sonra dövlətçilik rəmzlərinin bərpa olunmasına başlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət rəmzləri sırasında yalnız Dövlət bayrağı qanunvericilik səviyyəsində təsdiqini tapmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının Dövlət gerbi və Dövlət himninin yaradılması haqqında 1920-ci il 30 yanvar tarixli qərarına əsasən, müsabiqə elan edilsə də, bu dövlət rəmzlərinin qanunvericilik aktları ilə təsdiq olunması o dövrün siyasi-tarixi hadisələri ilə bağlı mümkün olmamışdı.

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilmişdir. Həmin qərarda Azərbaycan bayrağı qırmızı rəngdə, orta hissəsində ağ aypara və səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci il noyabrın 9-da hökumətin başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.

1918-ci il dekabrın 7-də isə bayrağımız Şərqdə və türk-islam dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin açılışı zamanı binanın üzərində dalğalanmışdır. İyirmi üç ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti xalqımızın şüurunda milli dövlətçilik ənənələrinin, tarixi yaddaşın bərpası və inkişafında silinməz iz buraxmışdır.

1920-ci il aprelin 28-də bolşevik Rusiyası Şimali Azərbaycanı işğal etdi və Azərbaycan İctimai Şuralar Cümhuriyyəti (Azərbaycan SSR) yaradıldı. Milli dövlətçiliyimizi əks etdirən bütün rəmzlər ləğv edilmiş və sovet nişanları ilə əvəz olunmuşdur. Azərbaycan SSR-in bütün bayraqlarında qırmızı rəngdən istifadə olunmuşdur. O zaman qırmızı rəng “sovet xalqının kommunizm quruculuğu uğrunda mübarizəsi”nin timsalı hesab edilmişdir. Bayraq üzərində olan oraq və çəkicin mənasına gəldikdə isə bu rəmz proletar dövlətin emblemi sayılmış, fəhlə və kəndli sinfinin ayrılmaz ittifaqını ifadə etmişdir.

Sovet dövründə Azərbaycanda dövlət bayraqları dəfələrlə dəyişdirilmişdir. Bu dəyişikliklər bir qayda olaraq respublikanın müxtəlif dövrlərdə qəbul edilmiş konstitusiyalarının müvafiq maddələrində və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanlarında təsbit olunmuşdur. 1921–1952-ci illərdə Azərbaycan SSR-in Dövlət bayrağında al qumaş üzərində respublikanın adını özündə təcəssüm etdirən yazılar bu illər ərzində aparılmış əlifba islahatlarına müvafiq olaraq ərəb, latın və kiril əlifbaları əsasında verilmişdir.

1947-ci il yanvarın 20-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən, müttəfiq respublikaların Dövlət bayraqlarına Sovet dövlətinin əsas rəmzləri ilə yanaşı (oraq və çəkic, beşguşəli ulduz, qırmızı rəngin qorunması), milli xüsusiyyətləri əks etdirən digər rənglər də əlavə edilməli idi. Bu qərardan sonra Azərbaycan SSR-də müvafiq dəyişiklik Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1952-ci il 7 oktyabr tarixli fərmanı ilə təsdiq olunmuş və bayrağın yeni təsviri (qırmızı rəngli üst əsas zolaq və göy rəngli alt zolaq) Azərbaycan SSR-in 1953-cü il 18 avqust tarixli Qanunu ilə Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) 152-ci maddəsinə daxil edilmişir. Bayrağın aşağı hissəsindəki göy zolaq Xəzər dənizinin rəmzi kimi verilmişdir.

1981-ci il 16 mart tarixli qərara əsasən, Azərbaycan SSR-in Dövlət bayrağının əks tərəfindən oraq, çəkic və ulduz təsvirləri çıxarılmışdır. Bu bayraq Azərbaycanda sovet hakimiyyətinin süqutunadək respublikanın Dövlət bayrağı statusunu daşımışdı. Azərbaycan uzun illər Sovet İttifaqının tərkibində olmasına baxmayaraq öz dövlətçilik ənənələrini, eləcə də yerli dövlət bayrağını qoruyub saxlaya bilmişdir.

(ardı var)

Könül İMAMVERDİYEVA,
Dövlət Bayrağı
Muzeyinin direktoru,
tarix üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında