Ordumuz dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və sülhün əsas təminatçısıdır

 

 

 

 

 

 

 

 

 

 


Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır.

İlhаm Əliyеv
Azərbaycan Respublikasının Prezidenti


Tarixən ən sülhsevər, humanist xalq belə, öz Vətənini, öz müstəqilliyini qorumaq naminə müharibələrə təhrik edilib. Tarix səhnəsində suveren dövlətini qoruyub saxlamağın başqa yolu yoxdur. Azərbaycan xalqının taleyinə də məhz əlverişli geosiyasi mövqeyini, əsrarəngiz təbiətini, təbii sərvətlərini, nəhayət, dövlət müstəqilliyini qoruyub saxlamaq üçün daim işğalçılara qarşı mübarizə aparmaq düşüb.

Öz uğurlu xarici diplomatiyası, sosial-siyasi, iqtisadi tərəqqisi ilə dünyada kifayət qədər nüfuz qazanmış müstəqil Azərbaycan ordu quruculuğu prosesində də ardıcıl uğurlar əldə etmiş, Cənubi Qafqaz regionunun ən qüdrətli ordusuna malik güclü dövlətə çevrilmişdir. Oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən hərbi parad bunu bir daha sübut etdi. Böyük əks-səda doğuran hərbi paradın siyasi, hərbi, iqtisadi əhəmiyyəti, yəqin ki, ekspertlər tərəfindən dəfələrlə araşdırılıb müzakirə olunacaq.

Bu paradın əsas əhəmiyyəti onda idi ki, yetmiş ildə Sovet İttifaqını “Vətənim”, müstəqilliyinin qənimi olan Qırmızı ordusunu isə “xilaskar” adlandırmağa məhkum edilən bir xalq bu müstəqilliyi və azad Vətəni müdafiə etmək əzmində olan Milli Ordusunun əsasının qoyulmasını təntənə ilə bayram edirdi. Paradın məhz Müstəqillik Günündə Naxçıvanda keçirilməsi əsası ümummilli lider tərəfindən Naxçıvanda qoyulan ordu quruculuğunun, hərbi islahatların əhatə dairəsini və real nəticələrini bir daha nümayiş etdirmək idi. ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşündən iki gün sonraya təsadüf edən hərbi parad hər zaman sülh və danışıqlar yoluna üstünlük verən Azərbaycanın lazım gələrsə, işğal olunmuş ərazılərini müharibə yolu ilə də azad etmək qüdrətinə malik olduğunu bir daha sübut etdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun paraddakı tarixi çıxışında da vurğulandığı kimi, hərbi uğurlarımız ümummilli liderin ordu quruculuğu, şəxsi heyətin döyüş və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində gördüyü işlərin əhəmiyyətini və bu siyasətin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini bir daha sübuta yetirdi.

Parada Azərbaycan Respublikasının Dövlət Bayrağı altında daxil olan Heydər Əliyev adına Hərbi Liseyin kursantları ümummilli liderin totalitar sovet hakimiyyəti dövründə böyük siyasi uzaqgörənliklə hərbi təhsilin inkişafı, bu sahədə ixtisaslı mütəxəssis hazırlığı ilə bağlı apardığı islahatların bugünkü bəhrəsi kimi insanın köksünü qürurla qabartdı. Heç şübhəsiz ki, öz uğurları ilə tanınan lisey hələ generallar yurdu Naxçıvanın tarixi hərbi zəfərlərini davam etdirən neçə-neçə milli hərbi kadr yetirəcək.

Əlahiddə Ordunun müxtəlif bölmələri sıra ilə meydana daxil olduqca, şanlı Milli Ordumuzun əsası ötən əsrin 90-cı illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda qoyulan şərəfli tarixi yaddaşlarda yenidən vərəqləndi. O illərdə Azərbaycandan süni şəkildə təcrid edilən, ərzaq, yanacaq qıtlığından korluq çəkən Naxçıvan üstəlik də mənfur ermənilər tərəfindən hücumlara məruz qalmış, azğın düşmən qarşısında silahsız-köməksiz, təkbaşına dayanmışdı. Ən çətin zamanlarda xalqla bir olan, ona arxa duran dahi şəxsiyyət Heydər Əliyevə sonsuz ümid və inam, bir də Vətən uğrunda haqq savaşı həmin dövrdə Naxçıvanı qorudu. Bu, həm də xalq-rəhbər həmrəyliyinin, vəhdətinin ideal nümunəsi idi.

Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçiləndən 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Müdafiə Komitəsi yaradıldı, 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” qərar qəbul edildi. Həmin il oktyabr ayının 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirildi. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk Milli Ordu qurumlarından biri olan “N” saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edildi və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı həmin hərbi hissəyə təhvil verildi. Sonralar bu əsasda Azərbaycan Ordusunun V Ordu korpusu yaradıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiəsinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə ordu korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradıldı. Hərbi parad zamanı ordunun mexanikləşdirilmiş, motoatıcı, xüsusi təyinatlı, kəşfiyyat, dağ atıcı, tank, reaktiv artilleriya, hava hücumundan müdafiə və rabitə bölmələri tribuna önündən keçərək, Naxçıvanın müdafiə qabiliyyətini bir daha nümayiş etdirdilər.

Paradın bir özünəməxsusluğu da burada təkcə Müdafiə Nazirliyinin hərbi birləşmələrinin deyil, Daxili Qoşunların “Naxçıvan” əlahiddə əməliyyat briqadasının, “Naxçıvan” əlahiddə sərhəd diviziyasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə Alayının da təmsil olunmasında idi. Bu, Naxçıvanın istənilən təxribat və təcavüzün qarşısını almağa mütəşəkkil hazırlığını nümayiş etdirdi.

Hərbi paradda taktiki-texniki xüsusiyyətlərinə görə, ən yeni nəsil sayılan hərbi texnikalar və silah sistemləri nümayiş olundu. Onların arasında uzaq mənzilli raketlər, idarə olunan raketlər də yer aldı. Hərbi paraddakı yeniliklərdən biri də ordunun istifadəsində yer alan, Azərbaycan istehsalı olan “Orbiter-3B” kiçikölçülü taktik pilotsuz uçuş aparatı idi. Paradda nümayiş olunan tank əleyhinə raket kompleksləri – atış məsafəsi 8 kilometrə qədər olan “Spayk”lar, özüyeriyən tank əleyhinə “Xrizantema”lar ordu silahlanmasına yeni daxil olub. “Smerc” yaylım atəşli reaktiv sistemlər və T-300 “Qasırğa” raket artilleriya sistemləri, o cümlədən İsrail istehsalı olan “Qrad” lar, atış məsafəsi 40 kilometr təşkil edən T-122 “Sakarya” yaylım atəşli reaktiv sistemlər Naxçıvanda artilleriyanın gücləndirilməsindən xəbər verdi. Azərbaycanda istehsal olunan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan “Marauder” və digər zirehli döyüş maşınları, hava hücumundan müdafiə qoşunlarının istifadəsində yer alan modernizə edilmiş “Osa” və “S-125” zenit-raket kompleksləri də müasir silahlar kimi diqqəti çəkdi. Paradda, həmçinin son illərdə alınan “BTR-82A” zirehli transportyor, “T-90C” tankları, “TOS-1A” ağır reaktiv sistemi yer aldı. Şahinlərimiz – hava məkanımızın ayıq-sayıq keşikçiləri “Mİ-17-1V” və “Mİ-35M” hərbi vertolyotları, “SU-25” döyüş təyyarələri ilə səmada süzdülər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov demişdir: “Ordunun qüdrəti və döyüş qabiliyyətinin yüksək olması yalnız güclü texniki təminatla ölçülmür. O ordu güclüdür ki, onun sıralarında vətənpərvər gənclər xidmət edirlər”. Paradda iştirak edən 2000-ə yaxın şəxsi heyət, Ali Baş Komandanın müharibə əmrinə müntəzir əsgərlərimizin nizami, qətiyyətli addımlarla keçidi, ümummilli liderimizin də arzuladığı kimi, döyüş əzmi, böyük ruh yüksəkliyi və vətənpərvərlik hissi ilə seçilən əsgərlərimiz xalqımızın qələbə iradəsini bir daha nümayiş etdirdi.

Naxçıvanın müdafiə qabiliyyətinin daha da artması, mərkəzdən idarəetmənin təkmilləşdirilmə nəticəsində sarsılmaz müdafiə sisteminin qurulması təkcə hərbi paraddakı sıravi keçidlə deyil, eyni zamanda, hərbi təlimlərdə nümayiş etdirdiyi döyüş qabiliyyəti, istərsə də təcavüzkar düşmənin təxribatlarına tutarlı cavab zərbələri ilə öz güc və qüdrətini təsdiqləmişdir.

Belə ki, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində Əlahiddə Ümumqoşun Ordusu nizam-intizamı və silah-sursat təchizatı ilə NATO kimi qüdrətli hərbi-siyasi təşkilatda dünyanın supergücü olan Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdə qərarlaşan, Avropada isə analoqu olmayan Türkiyə Silahlı Qüvvələri ilə bərabər səviyyəyə malik güc nümayiş etdirmişdir. Əlahiddə Ümumqoşun Ordusunun gecə şəraitində keçirdiyi taktiki təlimlər də şəxsi heyətin peşəkarlığının yüksək səviyyədə olduğunu sübuta yetirmişdir. Təmas xəttindəki strateji yüksəkliklərdə belə bir müdafiə sisteminin yaradılması sayəsində bu gün muxtar respublikadakı sülh və əminamanlıq bərqərar olunmuşdur. Erməni ilə burun-buruna dayanan ən ucqar sərhəd dağ kəndlərində belə, gündəlik firəvan həyat öz axarınca gedir.

Hərbi paradın ötən müddətdə sosial şəbəkələrdə, informasiya agentliklərində, kütləvi informasiya vasitələrində böyük rezonans doğurduğunun şahidi olduq.

Moderator.az saytına açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov: “Naxçıvanda ordunun gücünü təlimlərdə də, hərbi paradda da gördük. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu bizim hər birimizin fəxri və qürur mənbəyidir”.

Naxçıvan şəhəri sakinlərindən ötən əsrin 90-cı illərində Sədərək döyüşlərində iştirak etmiş müharibə veteranı, aprel şəhidimiz Qabil Orucəliyevin əmisi Elmar Orucəliyevin təəssüratları: “Bilirsiz, nə qədər qürurlandım. Bugünkü müasir hərbi texnika, dövlətimizin qayğısı ilə qüdrətlənən ordumuz hara, 27 il əvvəlki pərakəndə hərbi birləşmələr hara? Bu iilər ərzində dövlətimizlə bərabər ordumuz da görün necə güclənib. Hərbi parad mənə vaxtilə Sədərək uğrunda gedən ağır döyüşlərin, verdiyimiz qurbanların ağrı-acısını unutdurdu. Elə qəhrəman Qabilimin də ruhu yəqin ki, bu gün şaddır. Bir anlıq elə bildm bütün şəhidlərimizin qisası alınıb. Yaşıma baxmayın, lazım gələrsə, bax o əsgər balalarımızla birgə torpaqlarımızın azad olunması uğrunda yenidən döyüşə atılmağa hazıram.

Təqaüddə olan gömrük xidməti polkovnik-leytenantı Lətifə Əliyeva təəssüratını bölüşdü: “Müharibənin ağrı-acılarını, dəhşətlərini yaşayan bir ailəyik. Qayınatam Əhəd Əliyev Böyük Vətən müharibəsi iştirakçısı idi, 1944-cü ildə almanlara qarşı döyüşlərdə gözlərini itirmişdi. Yoldaşım Səyyad Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın ərazi bütövlüyü uğrunda fəal mübarizə aparanlardan idi. 1992-ci ildə Miltəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Oğlum Emil də atası ilə çiyin-çiyinə Sədərək döyüşlərində iştirak edib. Bu gün isə şəhid babasının adını vüqarla daşıyan nəvəm Səyyad bir ildən çoxdur ki, hərbi xidmətdədir. Hərbi paradı izləyərkən bütün bunlar – xalqımızın qəhrəmanlıq tarixi keçdi gözlərim önündən. Nə qədər qürur duydum. Ordumuzun qüdrəti, hərbi sənayemizin inkişafı göz qabağındadır! O əsgərlərin hər birini nəvəm Səyyad kimi bağrıma basıb qucaqlamaq, inşallah, tezliklə qələbə müjdəsi ilə bizi sevindirmələrini gözlədiyimizi demək istədim. Ana-nənələrimiz bu paraddan sonra hərbi xidmətdə olan övladlarından daha da arxayın olacaqlar. Ordumuzun bu gün nümayiş olunan döyüş əzmi, hərbçilərimizə olan dövlət qayğısı, ən müasir silah və texnikalarla təchiz olunması bunu deməyə əsas verir”.                        

Ali Məclis sədrinin dediyi kimi, Vətən o zaman Vətən olur ki, o, həm qorunur, həm də torpağından səmərəli istifadə olunur. Bu möhtəşəm hərbi parad bir daha bunu sübut etdi. Sübut etdi ki, Vətən, əslində, bax elə o tətikdə olan barmaqdan, hədəfə tuşlanmış raket başlığından, “zirehlilər”in “nərəsi”ndən, səmada şığıyan şahinlərimizin ənginliklərə yüksəltdiyi üçrəngli bayraqdan başlayır. Sübut etdi ki, müdrik və uzaqgörən, vətənpərvər, millətsevər rəhbəri, bir də qüdrətli ordusu olan ölkə basılmaz!

 Mehriban SULTAN,
“Şərq qapısı”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında