Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə Türkiyə ilə münasibətlərin qurulması

Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövru (1990-1993-cü illər) zamanca o qədər uzun çəkməsə də, ictimai-siyasi və sosial-iqtisadi baxımdan müstəqillik uğrunda mübarizə tariximizin önəmli bir səhifəsidir. Üstündən illər keçməsinə baxmayaraq, bu dövr təkcə tarixçilərin və siyasətçilərin yox, eləcə də geniş ictimaiyyətin, ən önəmlisi isə gəncliyimizin öyrənəcəyi və ibrət götürəcəyi tarixdir.

Təbii ki, ulu öndər Heydər Əliyev haqqında yazılan kitablarda, məqalə və tədqiqat işlərində bu dövrün yeni tariximizdə həlledici bir mərhələ kimi təqdim olunması deyilənləri bir daha sübut edir. Naxçıvan ­Muxtar ­Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sözləri də bu reallıqlara əsaslanır: “1990-cı ilin iyul ayında ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublikanın ərazisini erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etmişdir. Həmin illərdə ümummilli liderimizin muxtar respublika parlamentində xüsusi bəyanatla çıxış etməsi, Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəliyə gətirərək, dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkarlıq siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür vermişdir”.

O dövrün tarixi səciyyəsini verən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov məqalələrinin birində yazır: “Naxçıvanın blokadaya salınmasına baxmayaraq və siyasi hakimiyyətin qərəzli münasibətinə fikir vermədən Heydər Əliyev muxtar respublikanın sosial-iqtisadi böhran vəziyyətindən çıxarılması üçün mühüm addımlar atırdı. Onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısı alındı, əhali aclıqdan və qışın soyuğunda donmaqdan xilas edildi. Türkiyə Cümhuriyyəti tərəfindən Azərbaycanla Türkiyə arasında sərhəd keçidi yaratmaq məqsədilə Araz çayı üzərində körpü tikildi və 1992-ci il mayın 28-də onun rəsmi açılışı oldu”.

Blokada şəraitində yaşayan
Naxçıvanı problemlər mən-gənəsindən xilas etmək, muxtar respublikanın həyati tələbatlarını ödəmək, hər şeydən əvvəl, nəqliyyat və kommunikasiya sisteminin qurulmasından asılı idi. Bu məsələ qonşu Türkiyə və İran dövlətləri ilə yüksək münasibətlərin qurulmasına əsaslanırdı. Muxtar respublikaya rəhbərlik etdiyi 1 il 9 ay ərzində Heydər Əliyevin qonşu ölkələrlə qurduğu xarici əlaqələr bölgəni fəlakətdən xilas edən şərtlərdən biri oldu.

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Ali Məclisin sədri seçilməsi Naxçıvan – Türkiyə münasibətlərinin qurulmasına təkan verdi. Naxçıvan – Türkiyə arasında həmin ilin oktyabrında müvəqqəti körpü açıldı. Bu “Həyat qapısı” istifadəyə verildikdən sonra Türkiyə hökumət nümayəndələrinin, iş adamlarının, bu ölkənin qonşu vilayətlərinin nümayəndələrinin Naxçıvana səfərlərinin sayı çoxalmış, muxtar respublikaya edilən yardımların həcmində böyük artımlar olmuşdu. 1991-ci ilin 9 noyabırında Türkiyə “Qızıl ay”ının xətti ilə Naxçıvana 126 ton ərzaq gətirilmişdi. İqdır şəhərinin əhalisi və valiliyi isə noyabrın sonunda qida məhsullarından ibarət 19 yük maşını göndərmişdi.

Naxçıvan – Türkiyə əlaqələrinin inkişafında digər təkanverici amil Heydər Əliyevin başçılığı ilə Naxçıvan nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri oldu. 1992-ci ilin martında Türkiyənin Baş naziri Süleyman Dəmirəlin göndərdiyi şəxsi təyyarə ilə Heydər Əliyevin qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Prezident Turqut Özal və Baş nazir Süleyman Dəmirəllə görüşlər keçirildi, bütün sahələrdə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi yönündə sənədlər imzalandı. 13 maddədən ibarət olan bu sənəddə muxtar respublikaya maliyyə, iqtisadi, texniki dəstək verilməsi, muxtar respublikanın zəruri ehtiyaclarının ödənilməsi üçün 100 milyon ABŞ dolları həcmində kreditin ayrılması, tərəflər arasında enerji layihələrinin qurulması, nəqliyyat strukturunun yaradılması təsdiqlənirdi. Eyni zamanda, qəbul edilmiş sənədlərə əsasən, bank işi, turizm və informasiya mübadiləsi sahəsində geniş əməkdaşlıq əlaqələrinin qurulması, 100 nəfər tələbənin Türkiyəyə təhsil almağa göndərilməsi də əksini tapırdı.

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında və iqtisadi blokadanın yarılmasında 1992-ci il may ayının 28-də Sədərək-Dilucu körpusünün açılışı mühüm addım idi. Körpünün rəsmi açılış mərasimində Türkiyənin Baş naziri Süleyman Dəmirəlin başçılığı ilə türkiyəli nazirlərdən, yüksək çinli məmurlardan və ziyalılardan ibarət 150 nəfərdən artıq nümayəndə heyəti iştirak etmişdi. Ölkələrimiz arasında mühüm hadisə kimi dəyərləndirilən bu körpü iki qardaş xalqın uzun illər bir-birinə qovuşmaq arzusunu gerçəkləşdirdiyindən xalq arasında “Ümid körpüsü”, “Həsrət körpüsü” adlandırılmışdı.

Körpünün açılışı mərasimində həm bir siyasətçi, həm də blokada şəraitində yaşayan naxçıvanlıların əzablı həyat tərzini duyan və anlayan Heydər Əliyev “Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 ildir ki, bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu günü böyük həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, bizim bu diləklərimiz həyata keçibdir. Naxçıvan ilə, Azərbaycan ilə Türkiyəni bağlayan nəhəng bir körpü tikilibdir”, – deyərək sevincini gizlətməmişdir.

Türk dünyasının coğrafi bütünlüyünü təmin edən bu körpünün açılışında Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl də “Bu körpü, sadəcə, Türkiyə ilə Azərbaycanı deyil, dünyanı, iki ayrı dünyanı, Avropayla Asiyanı, Avropayla Qafqazları – hamısını bir-birinə bağlayacaqdır”, deyə olduqca yüksək bir dəyər vermişdi.

Naxçıvanla Türkiyə arasında salınmış Sədərək – Dilucu körpüsünün istifadəyə verilməsi ilə blokadanın tədricən aradan qaldırılmasına, əhalinin rifahının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına başlanmışdı. Eyni zamanda, bu, Türkiyənin şərq vilayətlərinin inkişafına təkan vermiş, nəqliyyat əlaqələrinin inkişafı və beynəlxalq daşımalar üçün yeni istiqamət müəyyənləşdirmişdir.

Muxtar Respublikanın Ali Məclisinin Rəyasət Heyətinin 1992-ci il iyulunda keçirilən iclasında körpünün açılışı tarixi hadisə kimi dəyərləndirilmiş, müvafiq qərarla Sədərək-Dilicu körpüsü Türkiyə Respublikası və Naxçıvan MR arasında rəsmi kecid qapısı elan edilmişdi. Bu gün də Türkiyə-Azərbaycan və Naxçıvan əlaqələrinin səviyyəsini, türk dünyasının birlik və bütövlük ideyalarının gerçəkləşdirilməsi istiqamətində görülən işlərin əhəmiyyətindən danışanlar Sədərək-Dilucu körpüsünə xüsusi önəm verirlər. Çünki bu körpü Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının başlanğıcı olmuşdur.

Heç şübhə yoxdur ki, bundan sonra da Türkiyə-Azərbaycan əlaqələrində, türk dünyasının həmrəyliyində Naxçıvanın xüsusi yerinin olması ən yeni tariximizin önəmli faktlarından olacaqdır. 2008-ci ildə Türkiyə Baş nazirinin Naxçıvana səfəri, 2009-cu ildə Türkiyə Prezidentinin Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşündə iştirak üçün Naxçıvana gəlməsi qardaş ölkənin bu qədim diyara verdiyi önəmin ifadəsidir. 2010-cu ilin oktyabrında Azərbaycan-Türkiyə biznes forumunun Naxçıvanda keçirilməsi isə iqtisadi əlaqələrin inkişafı üçün yeni perspektivlər açmışdır.

Heydər Əliyevin Naxçıvan dövrü siyasi fəaliyyətində ölkəmizin Türkiyə ilə əlaqələrinin qurulmasında və yüksək temp ilə inkişafında iki şəxsiyyətin – Süleyman Dəmirəl-Heydər Əliyev münasibətlərinin böyük dostluq və ­qardaşlıq səviyyəsində olması da mühüm rol oynamışdı. Hətta uzun illər Heydər Əliyevin çox şirin bir tərzdə dediyi “Dostum, qardaşım Süleyman Dəmrəl” müraciəti də adamların dillərində əzbər olmaqla, həm də sevgi və güvənc duyğusu kimi səslənirdi. Ermənistanın təcavüzü ilə əlaqədar dərin narahatlıq keçirən Türkiyə rəhbərliyinin təcavüzün dayandırılmasına verdiyi əməli dəstəyin bir hissəsi də şübhəsiz ki, bu doğmalıqdan qaynaqlanırdı. Hətta 1992-ci ilin mayında Naxçıvanın Sədərək rayonuna ermənilərin hücumu ilə əlaqədar Türkiyə hökuməti bəyanat qəbul etmiş, 1921-ci il Qars müqaviləsinin şərtlərinə əsasən, ­Naxçıvan MR-in muxtariyyətinin qarantı olduğunu bütün dünyaya bəyan etmişdi.

O zaman Heydər Əliyev Türkiyənin dövlət və hökumət rəhbərləri ilə əlaqə yaradaraq Qars müqaviləsində olan öhdəliklərin yenidən rəsmi şəkildə tanınmasına nail oldu və dünya ictimaiyyətinə təcavüzlə bağlı müraciət etdi. Xarici dövlətlərin ölkəmizdəki diplomatik missiyalarının, eləcə də xarici mətbuat orqanları nümayəndələrinin Naxçıvana səfərlərini qiymətləndirən Heydər Əliyev bununla bağlı deyirdi: “Mən şəxsən gündə bir neçə dəfə onlarla görüşmüşəm, vəziyyət haqqında məlumat vermişəm. Onlar da çox operativ hərəkət edərək məlumatları bütün dünya informasiya orqanlarına çatdırmış və bunun nəticəsində dünya ictimaiyyətində böyük bir ciddi rəy yaranmışdır”. Bunun nəticəsi idi ki, dünyanın 57 dövləti rəsmi şəkildə Ermənistanın Naxçıvana hərbi təcavüzünü pisləyən bəyanatlar vermişdi. Bu hadisədən iki ay sonra 1992-ci ilin iyulunda Türkiyəyə səfər edən Heydər Əliyevin dövlət rəhbərləri və ictimaiyyətlə görüşlərində də bu məsələ diqqətdə olmuşdu. Bu səfər çərçivəsində Naxçıvanda Türkiyə konsulluğunun açılması məsələsi həllini tapmış, 7 ay sonra 1993-cü ilin 5 fevralında konsulluq fəaliyyətə başlamışdı.

Naxçıvan Muxtar Respublikasnın Türkiyənin qonşu və yaxın vilayətləri – Qars, İqdır, Ağrı, Ərzurum, Van ilə də birbaşa əlaqələrinin yaradılması Heydər Əliyevin uzaqgörən siyasətindən doğurdu. Belə bir fakt da var ki, İqdıra vilayət statusunun verilməsində (27 may 1992-ci il) Heydər Əliyevin xüsusi rolu olmuşdu. Hələ XX əsrin əvvəllərində müxtəlif səbəblərdən Türkiyəyə üz tutan soydaşlarımızın burada daha çox məskunlaşması faktı ulu öndərin diqqətindən yayınmamışdı. Heydər Əliyev Türkiyə səfərlərində bu bölgələrdə olmağı unutmamış, eyni zamanda, həmin vilayətlərin nümayəndə heyətləri də dəfələrlə Naxçıvana səfərlər etmiş, ən müxtəlif kömək və dəstəkləri ilə Naxçıvana üz tutmuşdular. 1992-ci ilin avqustunda Heydər Əliyevin Türkiyəyə növbəti səfərində ərzaq yardımı barədə razılaşma olmuşdu. 1993-cü ilin aprelində yenə də Ali Məclis sədrinin müraciəti əsasında “Qızıl ay” cəmiyyəti Naxçıvana əlavə yardım gətirmişdi.

Heydər Əliyevin Türkiyəyə sonrakı səfərləri zamanı da aparılan danışıqlar, imzalanmış sənədlər Naxçıvan – Türkiyə münasibətlərinin inkişafına təkan vermiş, muxtar respublikanın sosial-iqtisadi problemlərinin həllində əvəzsiz rol oynamışdı. Əslində, Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü Türkiyə ilə əlaqələrin qurulmasına ciddi zərurət yaratdığı kimi, böyük siyasətçinin türk dünyasının problemlərinin həllinə də xüsusi önəm verdiyi məlumdur. Ulu öndər müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu məsələlərlə ardıcıl şəkildə məşğul olmuşdur.

Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Zamana sığmayan zəka” (“Xalq qəzeti”, 8 may 2014-cü il) məqaləsində deyildiyi kimi, “Heydər Əliyev öz xalqının tarixi köklərinə bağlı olan elə bir şəxsiyyətdir ki, o, bütün siyasi fəaliyyəti ərzində türk dünyasının birliyinə, bütövləşməsinə və vahid güc mərkəzinə çevrilməsinə böyük inam bəsləmiş və bu prosesin də davamlı inkişafına çalışmışdır”.

Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında