Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları beynəlxalq hüquq kontekstində

30 il bundan əvvəl -  1987-ci il  oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin I müavini Heydər Əliyev vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sovet İttifaqının o vaxtkı rəhbəri Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə mətbuata verdiyi müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha əhəmiyyətli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan etdi. Onun verdiyi müsahibə  noyabrın 18-də “L'Humanite” qəzetində çap olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı.

XX əsrin 80-ci illərinin sonlarında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək, yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Məlum olduğu kimi, bütün dövrlərdə bu ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdır. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdı.

Erməni tarixçiləri və ideoloqları  Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq, bütün İttifaq miqyasında yaymışdılar. 1987-ci ildə  S.Ayvazyanın tərtib etdiyi “Böyük Ermənistan” xəritəsi kiçik formatda Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) geniş yayılmağa başladı. Bu xəritənin sərhədləri 3 dənizin (Aralıq, Xəzər və Qara dənizlərinin) sahillərini əhatə edirdi. Həmin il dekabrın 1-də Dağlıq Qarabağ ermənilərinin nümayəndələri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb, Ermənistana verilməsi haqqında hazırlanmış müraciəti Sov. İKP MK-ya təqdim etdilər. Bununla yanaşı, noyabrın sonu və dekabr ayında  Ermənistan SSR-in Qafan və Mehri rayonlarında azərbaycanlılara qarşı hücumlarla soydaşlarımızın deportasiyası başlandı.

1988-ci il fevralın 20-də ermənilər DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyasında  “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırmaq barəsində” qərar qəbul etdilər. DQMV Xalq Deputatları Sovetinin tərkibində 140 deputatdan 110-u erməni, qalanları isə azərbaycanlı idi. Azərbaycanlılar bu iclasa buraxılmamışdılar.

Münaqişənin başlanğıcında Azərbaycan ümid edirdi ki, məsələ mərkəzi hakimiyyət orqanları tərəfindən ədalətlə, qanun çərçivəsində həll olunacaq. Ermənistandan Dağlıq Qarabağa gələn ideoloqlar məsələnin Moskva tərəfindən artıq həll olunduğu, vilayətin tezliklə Ermənistana veriləcəyi barədə ermənilər içərisində güclü təbliğat işi aparırdılar.

 

Dağlıq Qarabağın sosial-iqtisadi geriliyi adı ­altında  ortaya atılan saxta tezis

 

1988-ci il hadisələri başlananda ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların mərkəzdəki himayədarları tərəfindən vilayətin sosial-iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndidə və Yerevanda davamlı etiraz mitinqləri təşkil edilirdi. Yəni ermənilər hadisələr başlandığı ilk vaxtlarda əsas diqqəti ona yönəltdilər ki, guya Dağlıq Qarabağın iqtisadi inkişaf səviyyəsi bütün respublikada olduğundan xeyli aşağıdır.

1988-ci il martın 24-də “Dağlıq Qarabağ problemi”ni guya həll etmək üçün Sov. İKP MK və SSRİ Nazirlər Soveti  “1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” qərar qəbul etdi. Qərarda vilayətdə sosial-iqtisadi vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə 500 milyon manat vəsaitin ayrılması göstərilirdi. Bu addım ermənilərin iqtisadi vəziyyətinin ön plana çəkilməsi haqqında İttifaq məkanında yanlış rəy yaradırdı. Bundan da istifadə edən erməni siyasətçiləri adıçəkilən qərarın qəbulu ilə bütün dünyaya bunu sübut etməyə çalışdılar: Görün Dağlıq Qarabağ ermənilərinin vəziyyəti nə qədər ağırdır ki, SSRİ hökuməti belə bir xüsusi qərar qəbul etmişdir. Lakin baş verən sonrakı hadisələr DQMV-in sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu göstərdi.

Bununla yanaşı, erməni siyasətçilərinin iddia etdiyi həmin saxta tezis ortaya atılana qədər DQMV-yə rəhbərlik edənlərdən heç biri Dağlıq Qarabağ iqtisadiyyatının Ermənistandan asılılığından, vilayətin geriliyindən danışmır, əksinə, vilayətin sosial-iqtisadi inkişafının Azərbaycanın başqa bölgələrinə, hətta Ermənistanın özünə nisbətən sürətlə irəli getdiyini daim qeyd edirdilər. Azərbaycana qarşı açıq-aşkar ərazi iddialarını pərdələyərək münaqişənin əsas səbəbinin guya DQMV-nin sosial-iqtisadi problemlərinin olması barədə çıxış edən erməni siyasətçiləri və onların arxasında dayananların bu tezisinin əsassızlığı konkret faktlar və rəqəmlərlə ifşa olundu.

Bu baxımdan, 1988-ci il  martın 25-də  SSRİ Nazirlər Soveti Sədrinin sosial inkişaf məsələləri üzrə müavini V.P.Laxtinin “İzvestiya” qəzetində faktlara və rəqəmlərə əsaslanan yazısı xüsusi maraq doğurur. O, göstərir ki,  Dağlıq Qarabağ Muxtar Vilayəti mənzillə təminat sahəsində Azərbaycanın digər bölgələrini orta hesabla 1,4 dəfə geridə qoyur. Bir sıra başqa göstəricilər üzrə də vilayətdəki vəziyyət hər iki müttəfiq respublikadakından yaxşıdır. Eyni zamanda, DQMV-nin sosial-iqtisadi və demoqrafik vəziyyətinə dair aparılan tədqiqatlarda göstərilir ki, 1986-cı ildə sənaye məhsullarının istehsalının ümumi həcmi vilayətdə 60 faiz təşkil edirdi, halbuki 10 il əvvəl bu rəqəm 53 faiz idi. Bu müddət ərzində sənaye məhsulları istehsalının inkişaf sürətinə görə DQMV orta respublika göstəricisindən (178,7 faizə qarşı 183 faiz) qabaqda idi. Adambaşına düşən sənaye məhsullarının həcminə görə isə DQMV respublikanın digər regionları arasında birinci yerə çıxmışdı.

Azərbaycan SSR Dövlət Statistika İdarəsinin arxivindəki 1988-ci ilin əvvəllərinədək olan vəziyyəti əks etdirən rəqəmlərə nəzər saldıqda, doğrudan da, sosial-iqtisadi inkişafın bir sıra sahələrində DQMV nəinki Azərbaycanı, hətta Ermənistanı da qabaqlayırdı. Ermənilərin Dağlıq Qarabağın sosial-iqtisadi geriliyi barədə iddiaları ilə yanaşı, DQMV əhalisinin guya “azərbaycanlılaşdırılması”, erməni əhalisinin isə sayının guya azaldılması, ağır iqtisadi şərait ucbatından ermənilərin vilayətdən çıxıb getmələri və başqa uydurmaları da konkret faktlarla təkzib olunur. Belə ki, sovet dövründə vilayətin əhalisi başdan-başa savadlı olmuşdur. Vilayətdə 193 ümumtəhsil məktəbi, o cümlədən 147 erməni məktəbi fəaliyyət göstərirdi. Xankəndi Pedaqoji İnstitutunda dərslər Azərbaycan, rus və erməni dillərində keçirilirdi. Vilayətdəki 5 texnikumdan və 5 texniki-peşə təhsili məktəbindən 4-də dərslər erməni dilində keçirilirdi. Burada kitab fondu 1,5 milyon olan 196 kütləvi kitabxana, 202 klub, mədəniyyət evi, 195 kinoteatr və kinoqurğusu, Xankəndi şəhərində M.Qorki adına  Dram Teatrı, mahnı və rəqs ansamblı, erməni dilində “Sovetakan Karabax” qəzeti (rus dilində dublyajı nəşr olunan “Sovetski Karabax”),  5 rayon qəzeti (4-ü erməni dilində, 1-i Azərbaycan dilində) var idi. Vilayətdə 2,5 saat yayımlanan radio verilişlərindən 2 saatdan çoxu erməni dilində idi.

Əhalinin etnik tərkibinə gəldikdə isə, 1988-ci il yanvarın 1-nə olan məlumata görə 1926-1988-ci illərdə vilayət əhalisinin sayı 57,1 min nəfər və ya 45,6 faiz artmışdır. Həmçinin, vilayətin azərbaycanlı əhalisinin guya kənardan gətirilənlər hesabına artması barədə erməni alim və politoloqlarının iddiaları da faktlarla ifşa olunur. Bundan əlavə, 1989-cu ilin yanvarında SSRİ-də keçirilmiş əhalinin Ümumittifaq siyahıya alınması zamanı DQMV-nin 189 min nəfər əhalisinin 139 mininin (73,5 faiz) erməni, 48 mininin (25,3 faiz ) isə azərbaycanlı olduğu göstərilirdi. Lakin Ümumittifaq siyahıyaalmasının bu məlumatlarını düzgün və obyektiv saymaq olmazdı. Ona görə ki, bu dövrdə DQMV-nin əhalisi siyahıya alınarkən burada yaşayan ermənilərlə əlaqədar şişirdilmiş rəqəmlər əsas götürülmüşdür. Yəni, rəsmən vilayətdə qeydiyyatda qalan, lakin Ermənistan SSR-də, yaxud SSRİ-nin başqa şəhərlərində daimi yaşayan və işləyən ermənilər (15-20 faiz ) vilayətin sakini kimi qələmə verilmişdi. Dağlıq Qarabağ bölgəsində tarixən yaşamış azərbaycanlılar isə siyahıya alınarkən artıq 1988-ci il sentyabrın 18-də Xankəndidən (15 min nəfərdən çox) və müxtəlif vaxtlarda vilayətin bəzi azərbaycanlılar yaşayan kəndlərindən təcavüzə məruz qalaraq qovulmuş, eləcə də siyahıyaalma zamanı bu faktlar bilərəkdən nəzərə alınmamışdı. Demoqrafik göstəricilərin təhlili bir daha sübut edir ki, erməni siyasətçiləri və onların himayədarları Azərbaycan xalqına qarşı uzun müddət hazırladıqları proqramı məqsədyönlü və ardıcıl şəkildə həyata keçirməyi özlərinin ali məqsədi saymışlar.

 

Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu və öz müqəddəratını təyinetmə prinsipinin əsassızlığı

 

Erməni millətçilərinin düşmənçilik hisslərini qızışdırmaq cəhdlərinə baxmayaraq, Azərbaycan hökuməti Dağlıq Qarabağ bölgəsinin sosial-iqtisadi və mədəni inkişafına daim xüsusi diqqət və qayğı göstərmişdir. Eyni zamanda, sovet dövründə DQMV özünü idarəetmənin bütün əsas elementlərinə malik olmuş, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936-cı və 1977-ci illərdə  qəbul olunmuş SSRİ konstitusiyalarında təsbit edilmişdi. SSRİ və Azərbaycan SSR konstitusiyalarına əsasən, DQMV-nin hüquqi statusu DQMV Xalq Deputatları Soveti tərəfindən Azərbaycan SSR Ali Sovetinə təqdim edilmiş və 1981-ci il iyunun 16-da qəbul edilmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Qanunla tənzimlənirdi.

Milli ərazi vahidi kimi, DQMV inzibati muxtariyyət formasına və əhalisinin xüsusi tələbatlarının həyata keçirilməsini təmin edən bir sıra hüquqlara malik idi. SSRİ Konstitusiyasına uyğun olaraq, DQMV SSRİ Ali Sovetinin Millətlər Sovetində 5, Azərbaycan SSR Ali Sovetində isə   12 deputatla təmsil olunurdu. DQMV-nin hakimiyyət orqanı olan Xalq Deputatları Soveti geniş səlahiyyətlərə malik olduğuna görə, milli və digər xüsusiyyətləri nəzərə alaraq vilayətdə yaşayan vətəndaşların maraqları əsasında bütün yerli məsələləri həll edirdi. Muxtariyyət forması əhalinin özünəməxsus iqtisadi, sosial, mədəni, milli xüsusiyyətlərini və muxtar regionda həyat tərzini tam şəkildə əks etdirirdi.

Buna baxmayaraq, 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azəbaycanın suverenliyini kobud surətdə pozaraq, DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi haqqında konstitusiyaya zidd qərar qəbul etdi. 42 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa Sovet rəhbərliyinin  fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı ilə Ermənistan hökuməti və erməni separatçıları tərəfindən Dağlıq Qarabağın iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən mənimsənilməsi prosesi aparılırdı. Bununla yanaşı, heç bir beynəlxalq hüquq normalarına əməl etməyən Ermənistan parlamenti 1990-cı il yanvarın 9-da özünün növbədənkənar iclasında “DQMV-nin 1990-cı il üçün sosial-iqtisadi inkişaf planının Ermənistan SSR-in 1990-cı il üçün sosial-iqtisadi inkişafı haqqında Dövlət planına daxil edilməsi” barədə Azərbaycana qarşı daha bir qeyri-qanuni qərar qəbul etdi.

Ümumiyyətlə, 1988-ci ilin əvvəllərindən, yəni münaqişənin başlanğıcında  SSRİ rəhbərliyi ermənilərin ərazi iddialarının əsassız və sərhədlərin dəyişdirilməsinin SSRİ Konstitusiyasına zidd olması barədə heç bir qəti mövqe nümayiş etdirmədi. Sovet rəhbərliyinin ədalətsiz və ermənipərəst mövqeyi sonralar münaqişənin müxtəlif mərhələlərində də özünü göstərdi. Bu məsələ ilə əlaqədar, yəni  ermənilərin ərazi iddialarının əsassız və sərhədlərin dəyişdirilməsinin SSRİ Konstitusiyasına zidd olması barədə heç bir qəti mövqe bildirilmədi.

Halbuki, SSRİ Konstitusiyasından əlavə, respublikaların sərhədlərinin dəyişdirilməsi məsələsinin qoyuluşunun özü tamamilə qanuna zidd idi. Çünki Azərbaycan 1922-ci ildə bağlanmış İttifaq müqaviləsinə görə də SSRİ-nin tərkibinə mövcud ərazisi və sərhədləri ilə daxil olmuşdu. DQMV-nin Azərbaycan SSR daxilində hüquqi statusu SSRİ Konstitusiyasının 86-cı maddəsinin, Azərbaycan SSR Konstitusiyasının 83-84-cü maddələrinin və DQMV haqqında 1981-ci il  iyulun 16-da Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş Qanunun əsasında müəyyən edilmişdi. Bu qanun DQMV orqanlarının təşkilini və fəaliyyətini, onların səlahiyyətlərini, respublika və İttifaq orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edirdi.

Azərbaycan SSR Konstitusiyasının 138-ci maddəsinə və DQMV haqqında Qanunun 41-ci maddəsinə görə, DQMV-nin Xalq Deputatları Soveti yerli hakimiyyət orqanı hesab olunur və öz ərazisində sosial-iqtisadi və təsərrüfat quruculuğuna rəhbərlik edə bilər, büdcəni və vilayətin xalq təsərrüfat planını təsdiq edə, dövlət qayda-qanununu və vətəndaşların hüquqlarının qorunmasını, qanunlara əməl edilməsini təmin edə bilərdi. Bundan başqa, SSRİ Konstitusiyasına və Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq, Xalq Deputatları Soveti öz sessiyalarında respublikada ərazi dəyişiklikləri məsələsinə baxmaq hüququna malik deyildi.

Həmçinin, milli-ərazi dəyişikliyi məsələsi müttəfiq respublikanın suveren hüququ sayılırdı. SSRİ Konstitusiyasının 78-ci maddəsində isə deyilirdi ki, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz və müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikaların qarşılıqlı razılığı əsasında dəyişdirilə bilər ki, bu da SSRİ rəhbərliyi tərəfindən təsdiq olunmalıdır. Ümumiyyətlə, SSRİ Konstitusiyasının 81-ci maddəsinə görə, SSRİ  yaradılarkən dövlətin tərkibinə daxil olan müttəfiq respublikaların suveren hüquqlarını müdafiə etmək təəhhüdünü SSRİ öz üzərinə götürmüşdü.

Beləliklə, yuxarıda deyilənlərə əsasən, belə bir nəticəyə gəlmək olar ki, DQMV Xalq Deputatları Sovetinin vilayətin Azərbaycan SSR tərkibindən çıxması və Ermənistan SSR tərkibinə daxil edilməsi haqqındakı qərarı hüquqa zidd və Konstitusiya əleyhinə bir qərar idi. Respublikaların sərhədlərinin dəyişdirilməsi cəhdləri Konstitusiyaya zidd olduğundan, buna heç cür haqq qazandırıla bilməzdi və bu, Azərbaycan SSR-in dövlət suverenliyinin pozulması demək idi. Nəticədə, 1988-1991-ci illərdə Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri, xüsusilə ermənipərəst siyasəti vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxartdı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı.

 

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hərbi təcavüzün  beynəlxalq-hüquqi aspektləri

 

Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təcavüzü bütün beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçıcı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdə tutulur. Nizamnamə nəinki təcavüzü, həm də dövlətlərarası münasibətlərdə qüvvə və ya hədə tətbiq etməni də qadağan edir (2-ci maddənin 2-ci bəndi), dövlətlər arasında baş verə biləcək hər cür mübahisələri ancaq dinc vasitələrlə həll etməyi tələb edir (2-ci maddənin 3-cü bəndi).

Təcavüz aktının baş verməsi ilə təcavüzə məruz qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq BMT Təhlükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının birində göstərilən faktın olması kifayət edir ki, Təhlükəsizlik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri görsün. BMT  Baş Məclisinin 1967-ci il 18 dekabr tarixli 2330 (XXII) saylı qətnamə layihəsində təcavüz hərəkətlərinin qarşısını almaq və BMT Nizamnaməsinə uyğun olaraq, beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və təsirli tədbirlər həyata keçirmək üçün təcavüz anlayışının mahiyyəti öz əksini tapmışdır.

1974-cü il dekabrın 14-də BMT Baş Məclisinin XXIX sessiyasının 3314 (XXIX) saylı qətnaməsində ilk dəfə olaraq təcavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı və ona beynəlxalq hüquqi qiymət verildi. 8 maddədən ibarət olan qətna-mədə təcavüzün nədən ibarət olduğu müəyyənləşdirildi.

1-ci maddədə göstərilirdi ki, bir dövlət tərəfindən digər dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı silahlı qüvvə tətbiq edilməsi BMT Nizamnaməsinə ziddir və təcavüzkarlıq hesab olunur.

2-ci maddədə deyilir ki, dövlətin BMT Nizamnaməsini pozaraq, birinci olaraq silahlı qüvvə tətbiq etməsi təcavüz aktına sübutdur.

3-cü maddədə: a) bir dövlətin silahlı qüvvələrinin digər dövlətin ərazisinə müdaxilə və ya hücum etməsi, yaxud müvəqqəti xarakter daşımasından asılı olmayaraq, hər hansı bir hərbi işğal və ya müdaxilə nəticəsində ərazinin ilhaqı; b) bir dövlətin silahlı qüvvələri tərəfindən digər dövlətin ərazisinin bombardman edilməsi..; v) bir dövlət tərəfindən və ya onun adından, silahlı qüvvələrin, qeyri-nizami dəstələrin və ya muzdluların göndərilməsi və s. təcavüz aktı kimi qiymətləndirilir.

Qətnamənin 5-ci maddəsində göstərilir ki, heç bir siyasi, iqtisadi, hərbi və ya başqa mülahizələr təcavüzə haqq qazandıra bilməz; təcavüz beynəlxalq sülhə, əmin-amanlığa  qarşı cinayətdir və bu cinayəti törədənlər beynəlxalq məsuliyyət daşı-malıdırlar; təcavüz nəticəsində ərazi əldə edilməsi və yaxud hər hansı mənfəət qazanılması qeyri-qanunidir.

Ermənistan Respublikası tərəfindən qətnamədəki hər hansı bir bəndin, ümumiyyətlə əksər maddələrin pozulması belə bir nəticəyə gəlməyə imkan verir ki, bu, əsl təcavüz hərəkətləridir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddaratını təyinetmə hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir.

Bunu belə bir fakt da təsdiq edir ki, Ermənistan parlamenti, bütün  beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, hələ 1989-cu il dekabrın 1-də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, yəni qonşu dövlətin ərazisinin bir hissəsinin ilhaq olunması haqqında qeyri-qanuni qərar qəbul etmişdir.  Baxmayaraq ki, hazırda Ermənistan bütün cidd-cəhdlə Dağlıq Qarabağın müstəqilliyinə çalışır, ancaq bu qərarın indi də qüvvədə qalması Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində ərazi iddiasında olmasına sübutdur.

Ümumiyyətlə, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında  ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas kütləsinin hüquqları ilə qəsdən qarışdırır və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.

Dağlıq Qarabağ bölgəsinin erməniləri isə digər ölkələrdə yaşayan ermənilər kimi Azərbaycanda yaşayan  milli azlıqlardan biridir. Beynəlxalq hüquq normalarına görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər (internal self-determination). Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir.

Bu baxımdan, ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə, dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq və başqa dövlətlərin daxili işlərinə qarışmamaq və beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

Səfiyə MEHBALIYEVA,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
“Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında