Prezident İlham ƏLİYEV: Ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaq

Azərbaycanın 26 illik müstəqillik tarixinə nəzər yetirdikdə həm daxili, həm də xarici siyasət sahəsində qazanılan uğurların əsasında düzgün müəyyənləşdirilmiş siyasi strategiyanın, ictimai-siyasi sabitliyin və digər mühüm amillərin dayandığının şahidi oluruq. Bu illər ərzində respublikamız nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirərək həmin qurumların fəal üzvünə çevrilmiş, dünya birliyinə sürətlə inteqrasiya olunmuş, güclü ordu, müdafiə potensialı, çoxşaxəli iqtisadiyyat yaratmağa nail olmuşdur.

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb. Ölkəmizin bu gün Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsi artıq beynəlxaq aləmdə də etiraf olunur. Son illərin hadisələri də təsdiqləyir ki, Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.

Müstəqilliyimizin ilk illərindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən ağrılı probleminə çevrilib. Münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində atılan addımlar, bu istiqamətdə nüfuzlu beynəlxalq qurumların qəbul etdiyi qətnamələrin icra olunmaması işğalçı Ermənistanı daha da həyasızlaşdırıb. Ulu öndər Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də tərəflər arasında atəşkəs haqqında razılıq əldə edilsə də, Ermənistan işğalçılıq siyasətindən əl çəkmir, cəbhəboyu ərazilərdə dinc əhalini ağır artileriyadan atəşə tutur, insanları qətlə yetirir, evləri dağıdır və mülki əhaliyə ciddi xəsarət yetirir.

1994-cü ildən başlayaraq, münaqişənin dinc yolla nizamlanması ilə əlaqədar ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlanılıb. Həmin il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında Prezident Heydər Əliyevin çevik diplomatiyasının təsiri ilə “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” barədə qərar qəbul olunub. Həmin vaxtdan başlanan danışıqlar prosesindən müxtəlif vasitələrlə yayınan Ermənistan tərəfi bütün cəhdlərlə status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri – Fransa, Rusiya və ABŞ dəfələrlə bildiriblər ki, status-kvo qəbuledilməzdir. Təəssüf edirik ki, deyilənlərin hamısı, qəbul edilən qətnamələr hələ də kağız üzərində qalıb. Orta əsrlər rejiminin idarə etdiyi Ermənistan kimi korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozur, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymur, ancaq heç bir sanksiya ilə üzləşmir.

Bu illər ərzində aparılan danışıqlar, həyata keçirilən tədbirlər və qəbul olunan sənədlər də təsdiqləyir ki, münaqişənin nizamlanmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız respublikamızın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Eyni zamanda, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır.

Ümumiyyətlə, Azərbaycan bu nüfuzlu təşkilatların imkanlarından istifadə edərək, Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi istiqamətində ciddi səylər göstərib. Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində bu mötəbər təşkilatlar Ermənistanın təcavüzünü pisləyən sənədlər qəbul edib. Məsələn, 25 yanvar 2005-ci ildə Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasında “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 (2005) saylı qətnamə və 1690 (2005) saylı tövsiyə qəbul olunub. 1416 saylı qətnamə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana diplomatik üstünlük verən vacib beynəlxalq sənəd hesab olunur.

Qətnamədə bildirilir ki, Avropa Şurası Parlament Assambleyası silahlı əməliyyatların başlamasından illərlə vaxt keçməsinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi üzərində münaqişənin həll olunmamış qalmasından təəssüflənir: “Yüz minlərlə insan hələ də köçkündür və acınacaqlı şəraitdə yaşayır. Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər”.

Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir. Həmin sənədlərdə, əvvəlki illərdə qəbul olunmuş qətnamələrdə olduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, təmamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqlənir.

Göründüyü kimi, dünyanın nüfuzlu beynəlxalq təşkilatları Ermənistanın işğalçılıq siyasətini pisləyir, günahsız insanları qətlə yetirmələrini, onları isti ocaqlarından, ata-baba yurdlarından didərgin salmalarını kəskin pisləyir, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmağa, terrora son qoymağa çağırır.

Ümumiyyətlə, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüququn prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir.

Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi bütün görüşlərdə və iştirakçısı olduğu nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin dövlətimizin xarici siyasətində prioritet istiqamət olduğunu xüsusi olaraq diqqətə çatdırır. BMT Baş Assembleyasının 72-ci sessiyasında dövlətimizin başçısının faktlara əsaslanan çıxışı uzun müddət beynəlxalq aləmin gündəmində qalmışdır. Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərə bir daha aydınlıq gətirərək demişdir: “25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib”.

Aparılan danışıqlar prosesində dövlət başçısı İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıb və olmayacaqdır”– fikrini irəli sürməsi ölkəmizin milli mənafeyinin qorunması şərtilə münaqişənin ədalətli şəkildə həll olunacağına ümidləri daha artırmışdır. Bununla yanaşı, Azərbaycan Prezidenti ən yüksək tribunalardan bəyan edib ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır.

Ermənistanın sülh tərəfdarı olmadığı, status-kvonu nə qədər çox mümkündürsə saxlamaq, işğal olunmuş torpaqlardan çəkilmək istəmədiyini təcavüzkar dövlətin həyata keçirdiyi çirkin siyasət də təsdiqləyir. Bu siyasət yalnız vaxt uzatmağa hesablanıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş olmamasının əsas səbəblərindən biri kimi ikili standartların da mövcudluğunu qeyd etmək yerinə düşərdi. Əgər dünya birliyi vaxtında işğalçı dövlətə layiq olduğu yeri göstərsəydi, Dağlıq Qarabağ münaqişəsi bu qədər davam etməzdi.

Ermənistan tərəfi danışıqlardan boyun qaçırmaq üçün bir çox hallarda Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratlarını təyin etməyə haqları olduğu iddiasını irəli sürür. Hər dəfə də işğalçı dövlətin rəhbərliyinə bildirilir ki, beynəlxalq hüquq normaları bu fikrə haqq qazandırmır. Çünki ermənilər bir millət kimi öz müqəddəratlarını artıq təyin edərək Ermənistan dövlətini yaradıblar. İşğalçı ölkənin irəli sürdüyü tələbdən belə aydın olur ki, harada yaşamasından asılı olmayaraq, ermənilər öz müqəddəratlarını təyin edə bilərlər. Deməli, Rusiyada, Fransada, Almaniyada, İtaliyada, Amerikada və digər ölkələrdə yaşayan ermənilər öz müqqəddəratını həll etmək adı ilə ərazi iddiasında olmalıdırlar. Təbii ki, bu əsassız iddiadır. Çünki beynəlxalq hüquq normalarında əsas əhəmiyyət kəsb edən prinsip ərazi bütövlüyüdür, hər bir ölkənin suverenliyidir.

Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində bütün imkanlarından istifadə edib. Ölkə başçısı bu dövrdə 80-dək ölkənin dövlət başçıları ilə keçirdiyi 500-dən çox görüşdə, eləcə də nüfuzlu beynəlxalq təşkilatların ən yüksək səviyyəli nümayəndələri ilə, ATƏT- in, NATO-nun , Avropa Şurasının, İslam Konfransı Təşkilatının, MDB-nin, GUAM-ın, İqtisadi Əməkdaşlıq Təşkilatının, Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etmişdir: “Biz münaqişənin həlli ilə bağlı öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Bununla bərabər, biz danışıqlara sadiqik, bundan sonra da çalışacağıq ki, bu münaqişə sülh yolu ilə öz həllini tapsın...”

Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti  Serj Sarkisyanın Cenevrədə zirvə görüşü keçirməsi dövlətimizin başçısının dediyi kimi, danışıqlara sadiqliyinin daha bir nümunəsi oldu. ATƏT Minsk qrupunun həmsədrlərinin himayəsi altında keçirilən görüş konstruktiv mühitdə başa çatıb. Görüşdə danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görmək və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmaq barədə razılıq əldə olunub. Uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan həmsədrlər də razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olduqlarını bəyan ediblər.

BMT-nin baş katibi Antoniu Quterreş Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın Cenevrədə keçirdikləri görüşü alqışlayıb. Bu barədə qurumun baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib. Bildirib ki, BMT-nin baş katibi hər iki ölkə liderini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına nail olmaq üçün son görüşdə yaranmış müsbət dinamikadan istifadə etməyə çağırıb.

Bütün bunlardan sonra Ermənistan prezidenti Serj Sarkisyan yenə də erməni xislətini ortaya qoydu və işğalçılıq siyasətindən əl çəkməyəcəyini açıq şəkildə büruzə verdi. Onun qeyri – ciddiliyi, beynəlxalq hüquqa, danışıqlar prosesinə hörmətsizliyi status-kvonu saxlamaq üzərində köklənib.

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi –şöbə müdiri Novruz Məmmədov da Ermənistan prezidentinin bu hərəkətinə münasibət bildirərkən deyib ki, Sarkisyan yenə öz ampluasındadır. O, adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır: “Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə, hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa, həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir”.

Dövlət rəsmisinin sözlərinə görə, Ermənistan prezidenti bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq: “Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi, Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın”.

Oktyabrın 18-də ABŞ Senatının “Rassel” binasında “Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda keçirilən brifinqdə səsləndirilən fikirlər də Azərbaycanın mövqeyinin dünya birliyi tərəfindən dəstəklənməsindən xəbər verir. Həmin brinfiqdə çıxış edən Ceyms Uorlik deyib ki, Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişənin tənzimlənməsi mümkün ola bilməz. Səfir Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ABŞ-ın siyasətinin əsas prinsiplərini müzakirə edərkən, 2014-cü ilin mayında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi, Karnegin Beynəlxalq Sülh Fondunda özünün nitqinə istinad edib. O deyib ki, bu nizamlanmanın əsasını BMT-nin Nizamnaməsi və müvafiq sənədlər, habelə Helsinki Yekun Aktının əsas prinsipləri təşkil edir. Madrid prinsiplərinə əsaslanan altı element sülh sazişinin tərkib hissəsi olmalı və vahid paket kimi qəbul edilməlidir.

Xatırladaq ki, Madrid prinsipinin üçüncü elementində bildirilir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. Çünki Azərbaycanın suverenliyinə hörmət edilmədən tənzimləmə mümkün ola bilməz. Beşinci element isə məcburi köçkünlərə öz əvvəlki daimi yaşayış yerlərinə qayıtmaq hüququ verilməsindən ibarətdir.

İşğal altında olan ərazilərimizin azad edilməsi dövlət siyasətinin prioritetidir. Dövlət başçımızın bu məsələdə mövqeyi qətidir: “Azərbaycan heç vaxt torpağında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Azərbaycan bütün imkanlarını səfərbər edib, diplomatik, siyasi, iqtisadi, hərbi – bütün imkanlardan istifadə edib öz doğma torpaqlarını azad edəcəkdir”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında