Dini dözümlülük və multikulturalizm dövlət siyasətimizin prioritet istiqamətlərindən birinə çevrilib

  Azərbaycanda tarix boyu ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində, eyni ailənin üzvləri kimi yaşamışlar. Belə ki, ölkəmizin coğrafi mövqeyi, əhalisinin etnik tərkibi qədim dövrlərdən burada fərqli dinlərin mövcudluğuna şərait yaratmış, islam və digər dini inanclar Azərbaycan ərazisində yayıla bilmişdir. Ölkəmizdə dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Məhz bu baxımdan, qeyd edə bilərik ki, Azərbaycanda mövcud olan tolerantlıq və multikultural dəyərlər tarixlərə söykənən bir reallıq, danılmaz həqiqətdir.

Əsrlər boyu müsəlmanlarla bərabər, digər dinlərin mənsubları da regionda dinc yanaşı yaşamışlar, bu gün də eyni hal davam etməkdədir. Lakin bununla yanaşı, Azərbaycan dünyəvi və demokratik dövlət quruluşuna mailk olmaqla yanaşı, həm də müsəlman ölkəsi olaraq İslam dininin bir sıra qollarını birləşdirən mərkəz rolunu da oynamaqdadır. Yəni digər dinlərlə yanaşı, Azərbaycanda İslam dininə aid cərəyanların da həmrəyliyi tarix boyu müşahidə edilmişdir. Bu da əbəs deyil. Aparılan araşdırmalardan da bəlli olur ki, ümumiyyətlə, Azərbaycanda İslamın yayılması erkən İslam fütuhatı dövrünə təsadüf edir. Məhz İslam dininin bu ərazilərdə yayılmasından sonra əhali arasında dözümlülük, birgəyaşayış mühiti daha da güclənmiş, inkişaf etmişdir. Çünki mərhəmət və sevgi dini olan İslamda başqalarının düşüncələrinə hörmətlə yanaşmaq anlayışı yüksək mənəvi dəyər və mədəniyyət kimi dəyərləndirilir. Bu baxımdan əsrlər boyu müsəlmanlarla bərabər, digər dinlərin mənsubları da regionda dinc yanaşı yaşamışlar. Avropa və Qərb dövlətlərində dini araşdırmalarla məşğul olan bir çox tanınmış alim və ekspertlər də etiraf edirlər ki, istər digər dinlərə münasibətdə, istərsə də İslam dini kontekstində Azərbaycandan öyrənilməli bir çox məqamlar var.

Ölkəmiz tarixən tolerant olsa da, ulu öndər Heydər Əliyevin sayəsində dini həmrəylik daha da möhkəmləndirildi, milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişdi, dini konfessiyalar, məzhəblər arasında dözümlülük mühiti daha da inkişaf etdirildi.

Ölkəmiz dünyəvi, demokratik, hüquqi, unitar dövlət olmaqla yanaşı, həm də öz milli-mənəvi dəyərlərinə söykənən dövlət kimi dünyada öz sözünü deyir. Təbii ki, əldə edilən bütün uğurlu nəticələrin hər birinin arxasında daha bir faktor dayanmaqdadır – ulu öndər Heydər Əliyev faktoru. Bu uğurların əsas səbəbi hər sahədə olduğu kimi, dinlə bağlı siyasətin də təməlindən sağlam, düzgün istiqamətdə qurulmasında idi. Böyük liderimiz milliyyətindən, irqindən, dinindən asılı olmayaraq, Azərbaycanda məskunlaşan hər kəsin bütün sahələrdə hüquq bərabərliyinin dövlət tərəfindən təmin edilməsini prinsipial məsələ kimi bəyan etdi: “...Ölkəmizin vətəndaşları dini, irqi mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq, eyni hüquqlara malikdirlər və onların hüquqları Azərbaycan dövləti tərəfindən qorunur. Əmin ola bilərsiniz ki, biz bu prinsiplərimizə daim sadiq qalacağıq və Azərbaycan vətəndaşlarının din, dil mənsubiyyətindən və siyasi baxışlarından asılı olaraq bir-biri ilə münaqişəyə girməsinə gələcəkdə də yol verməyəcəyik”.

Bu gün Azərbaycanın tolerantlıq və İslam həmrəyliyinin mərkəzinə çevrilməsində özəl əməyi və fəaliyyəti olan Prezident İlham Əliyev məhz Heydər Əliyev siyasətinin davamı olaraq həmin nəticələri əldə edib. Sadəcə, faktlara baxaq: əgər Sovetlər birliyi dağılan dövrdə Azərbaycanda cəmi bir neçə dini icma və 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2000-dən çoxdur. Təkcə son 10 il ərzində ölkədə 140-a yaxın məscid inşa olunub, 80-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına onlarca məscid tikilib, yaxud əsaslı bərpa olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. Gəncə şəhər İmamzadə ziyarətgahı yenidən bərpa edilərək xalqın istifadəsinə verilib. Dövlət başçısının tapşırığı ilə Binəqədi rayonunda inşa edilən və ölkənin ən böyük məscidi olan Heydər məscidinin 26 dekabr 2014-cü ildə açılışı olub.

Həmçnin qeyd edə bilərik ki, bu gün dünya miqyasında demokratik dəyər kimi təbliğ olunan tolerantlıq və həmrəylik amili Azərbaycan xalqının minilliklər boyu formalaşmış xarakterik xüsusiyyətidir. Bizlər də Azərbaycan xalqının gələcəyi üçün bu uğuru həm təbliğ etməli, qoruyub saxlamalı, həm də möhkəmləndirməliyik. Yeri gəlmişkən, bütün bu faktları dünyanın hər yerindəki dostlarımız təqdir etdiyi bir zamanda, Meydan TV-də uydurma bir material verilib ki, guya Azərbaycan Prezidenti İlham Əliyev ölkədə bir neçə məscidi sökdürür. Həmin qərəzli müəllifdən soruşmaq lazımdır ki, sökülən 5-6 məscidi görürsünüzsə (hərçənd ki, həmin məscidlər sökülərək daha münasib yerdə və daha gözəl məscidlər tikilib, yeni tikilən 2 min məscidi nə üçün görmürsünüz?

Xalqımızın zəngin milli-mənəvi dəyərlərinə, onun tərkib hissəsi olan dözümlülük və birgəyaşayış ənənəsinə böyük həssaslıqla yanaşan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkədə ibadət evlərinin bərpası və yeni məscidlərin tikilməsi istiqamətində gördüyü işlər də əvəzsizdir. Fond İslam həmrəyliyini və digər dinlərlə münasibətlər çərçivəsində “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsini həyata keçirib və təkcə ölkədə yeni məscidlər inşa etməyib, həm də bu torpaqlarda yüzilliklər boyu xalqımızla dinc yanaşı yaşamış dinlərin nümayəndələrinin öz mədəni müxtəlifliyini qoruyub saxlamaq, dini etiqadlarını sərbəst yerinə yetirmək üçün ibadət evlərinin bərpası və inşası işində fəallıq nümayiş etdirib. Azərbaycanın birinci xanımının bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu layihə çərçivəsində Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” və s. məscidlərdə əsaslı təmir və bərpa işləri aparıb, o cümlədən yeni məscidlər istifadəyə verilib. Eyni zamanda, layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb, yəhudi uşaqları üçün təhsil kompleksi istifadəyə verilib və s.

Yeri gəlmişkən, daha bir vacib məqamı xatırlatmaq yerinə düşərdi. Belə ki, Prezident İlham Əliyev bu yaxınlarda ölkəmizdə keçirilmiş V Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində dövlətimizin multikulturalizmə verdiyi əhəmiyyəti belə ifadə etmişdir: “Bizim tariximiz multikulturalizm əsasında qurulubdur. ...İctimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir”.

Beləliklə, onu da vurğulaya bilərik ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsini “Multikulturalizm ili”nin məntiqi davamı hesab etmək olar. Prezident İlham Əliyev bütün siyasi addımlarını son dərəcə sistemli və bir-birini tamamlayan məqamlarda irəli sürür. İslam həmrəyliyi Azərbaycandakı multikultural mühitin özlüyündə təbii bir davamıdır. İslam həmrəyliyi deyəndə biz Prezident İlham Əliyevin bu ideyaya daxil etdiyi son dərəcə həssas və dərin mətləbləri nəzərə almalıyıq. İslam həmrəyliyi ancaq İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Dövlətimizin başçısının Azərbaycanı bu ideyaların, idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün vacib siyasi, ideoloji, mənəvi addımdır.

Nəticə olaraq isə deyə bilərik ki, son illər bütün dünyada dini-milli, sosial-iqtisadi zəmində baş verən münaqişələrin, vətəndaş müharibələrinin fonunda ölkəmizdə müşahidə olunan sabitlik həm də onun sübutudur ki, Azərbaycan bir çox ölkələrin sahib olmaq istədiyi, ancaq əldə etməkdə çətinliklər və uğursuzluqlar yaşadığı ən ali dəyərlərin – tolerant və multikultural ənənələrin beşiyidir. Bu sahədə onun öz təcrübəsi, bu təcrübəni qoruyub saxlayan, gələcək nəsillərə ötürən dövlət-din modeli var. O model ki, indi dünyanın bir çox ölkələri tərəfindən tədqiq edilir, öyrənilir və tətbiqinin əhəmiyyəti hər kürsüdə, hər görüşdə vurğulanır. O model ki, memarı ulu öndər, müasir dövrlə uzlaşdırıb təkmilləşdirəni Prezident İlham Əliyevdir.

Könül Əliyeva,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin ictimai fənlər kafedrasının müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında