“The Jerusalem Post”: “Ermənistan-Azərbaycan danışıqları: bu yol sülhə, yoxsa müharibəyə aparır?”

Bir neçə gün bundan əvvəl Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar aparılıb. ATƏT-in Minsk qrupunun, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin bu danışıqlara dair birgə bəyanatında qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar prosesinin fəallaşdırılması üçün tədbirlər görmək barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetinin 19 oktyabr tarixli nömrəsində dərc edilmiş məqaləsi (http://www.jpost.com/Blogs/News-from-Arye-Gut/Armenian-Azerbaijani-negotiations-the-way-to-peace-or-war-507813) bu barədədir.

Bəyanatda deyilir: “Görüş konstruktiv şəraitdə keçib. Prezidentlər danışıqlar prosesinin fəallaşdırılması üçün tədbirlər görmək və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar atmaq barədə razılığa gəliblər. Həmsədrlər uzun fasilədən sonra keçirilmiş bu birbaşa danışıqlardan razı qaldıqlarını bildiriblər. Onlar münaqişənin dinc yolla tənzimlənməsi üçün yenə də tərəflərlə birgə işləməyə hazırdırlar”.

Arye Qutun fikrincə, ATƏT-in Minsk qrupunun yuxarıda qeyd edilən bəyanatına baxmayaraq, substantiv danışıqlar baş tutmayıb. Məqalə müəllifi yazır: “Ermənistan prezidentinin hamını, o cümlədən Azərbaycanı, ATƏT-in Minsk qrupunun həmsədrlərini və dünya birliyini aldatmaq üçün göstərdiyi cəhd uğursuz olub. Çünki onları aldatmaq prinsipcə mümkün deyil. Bununla belə, Ermənistan prezidenti “böyük erməni möcüzəsi”nə inanır, lakin onun bu “istedadı” artıq Azərbaycan tərəfə yönəlməyib, o, ağır mənəvi və iqtisadi kollaps vəziyyətində olan həmqəbilələrinə güclü “psixoloji təsir göstərməyə” davam edir”.

Serj Sarkisyan İsveçrədə erməni diasporu qarşısında çıxışında deyib: “Bir neçə dəqiqə bundan əvvəl Azərbaycan Prezidenti ilə görüşümüz başa çatıb. Problemin həll variantları barədə hər hansı konkret razılaşma əldə edilməyib, yoxdur. Təbii ki, mənim kimi İlham Əliyev də problemin mürəkkəb olmasını çox yaxşı başa düşür. Lakin bu elə məsələdir ki, onun sadə həlli heç vaxt olmayacaq. Lakin mən istəyirəm ki, hamı əmin olsun: Qarabağın təhlükəsizliyini bu və ya digər şəkildə poza biləcək həll bizim üçün məqbul ola bilməz. Bizim üçün məqbul olan yeganə həll budur ki, Qarabağ Azərbaycanın tərkibində olmasın”.

Qut qeyd edir ki, prezident Serj Sarkisyanın bu bəyanatı və real hərəkətləri onun tamamilə məsuliyyətsiz və uzaqgörməz siyasətçi, Ermənistanın siyasi səhnəsinə təsadüfən gəlib çıxmış terrorçu olmasını bir daha sübut edir. İsrailli ekspert İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində yazır: “Sarkisyan özünün bütün çıxışlarında Ermənistanın təcavüzkar və işğalçı siyasətinə haqq qazandırmağa çalışır. Əslində isə o özünün siyasi və diplomatik səviyyəsinin aşağı olmasını bir daha təsdiq edir. Cenevrədə danışıqlar hələ başa çatmayıb, lazımınca təhlil edilməyib, Sarkisyan isə tez-tələsik belə bir bəyanatla çıxış edir ki, Qarabağ Azərbaycanın tərkibində olmayacaq. Tamamilə aydındır ki, Ermənistandakı indiki rejim Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil və onun üçün ölkənin gələcəyi barədə fikirləşmək, o gələcəyi təmin etmək əvəzinə dünya erməni diasporunun şıltaqlıqlarını təmin etmək daha vacibdir. Ermənistandakı bu cinayətkar klan sadəcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin status-kvonun saxlanmasında maraqlıdır.

Antiazərbaycan və antisemit, şovinizm və millətçilik hisslərinin hökm sürdüyü, faşist canilərin və onların əlaltılarının şəxsiyyətinə pərəstişin dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildiyi bir ölkədə sülhə can atmaqdan söhbət belə ola bilməz. Müharibə - onların öz hakimiyyətlərini qoruyub saxlamaları üçün bir imkandır.

Sarkisyanın bu bəyanatı və onun davranışı erməni separatçıların Azərbaycana qarşı öz təcavüzkar və işğalçı hərəkətlərinə haqq qazandırmaq məqsədi güdən növbəti blefdir. Aydındır ki, Ermənistanın indiki rəhbərliyi atəşkəs müddətində yaranmış əvvəlki status-kvonu nəyin bahasına olursa-olsun saxlamağa çalışır. Lakin regionda baş verən hadisələr bir daha sübut edir ki, rəsmi Bakı regionda mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq və Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənməz deyil var. Hər bir məsələdə müəyyən qırmızı xətt var ki, həmin xətti keçəndən sonra geri qayıtmaq mümkün olmayacaq. Beynəlxalq hüquq normalarına uyğun olaraq Bakının həm özünü müdafiə etmək, həm də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək hüququ var”.

Qutun fikrincə, zəngin tarixi təcrübə göstərir ki, hər hansı dövlət güc tətbiq edilməklə ələ keçirilmiş torpaqları çox nadir hallarda başqa dövlətə güzəşt edir. Dünya tarixində belə presedenti yoxdur. Arye Qut öz məqaləsində yazır: “Sarkisyan öz bəyanatı ilə Azərbaycanı bu problemin güc tətbiq etməklə həllinə sövq etmək istəyir. Ermənistan bu cür meydanoxuyucu mövqe tutmaqla ümid edir ki, rəsmi Moskvanın şəxsində böyük qardaşı yəqin ki, buna yol verməyəcək. Sarkisyan dünya erməni diasporunu aldatmaqda davam edərək deyib: biz bunun üçün əlimizdən gələni edəcəyik və eyni zamanda ölkəmizi iqtisadi cəhətdən möhkəmləndirməklə Ermənistanın inkişafını təmin edəcəyik. Bu, Ermənistan prezidentinin növbəti yalanı və saxtakarlığıdır. Sarkisyan praktiki olaraq öz xalqını unudub və öz hakimiyyətini, öz oliqarxiyasını möhkəmlətməklə məşğuldur. Bu gün sirr deyil ki, Sarkisyan rejimi Azərbaycanın işğal olunmuş ərazilərindən narkotrafik və digər məqsədlər üçün nəzarətsiz zonalar kimi istifadə etməklə öz ölkəsini qarət etmək hesabına varlanır və bütün bunlar Ermənistan Respublikasını və erməni xalqını milli fəlakətə aparır.

“Husisapail Network” adlı erməni nəşrində göstərilir ki, Ermənistanın əhalisi sürətlə azalır, ilbəil daha fəlakətli miqyas alan mühacirət əhalinin ölkədən kütləvi şəkildə qaçması dərəcəsinə çatıb. Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Cənubi Qafqaz regionunda təcrid olunmuş Ermənistan praktiki olaraq Xəzər dənizinin neft və qaz ehtiyatları ilə bağlı mühüm geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda bir sıra sahələrdə sıx əməkdaşlıq edərək qarşılıqlı səmərə qazanırlar, amma Ermənistan üçün gələcəkdə də bu regionda icra ediləcək hər hansı geosiyasi layihənin iştirakçısı olmaq perspektivi görünmür”.

Məqalə müəllifi qeyd edir ki, Ermənistan məşhur fransız nəzəriyyəçisi Raymond Aronun ideyalarına və fikirlərinə nəzər salsa yaxşı olardı. R.Aron hələ XX əsrin ikinci yarısında yazırdı, “Müharibə nəticəsində əldə edilə biləcək iqtisadi mənfəət sadəcə əmək məhsuldarlığının artırılmasının gətirəcəyi mənfəət ilə müqayisədə gülünc dərəcədə azdır. Sənaye sivilizasiyası həqiqətən siniflərin və millətlərin əməkdaşlığını həyata keçirməyə imkan verir, müharibə mənasız, sülh isə hamının maraqlarına uyğun olur”. Yəni, əgər Ermənistan qonşu dövlətlərlə sülh və həmrəylik şəraitində yaşasaydı, o, Cənubi Qafqazda izqoy dövlətə yox, bu regionun firavanlasan dövlətlərindən birinə çevrilə bilərdi.

Qutun fikrincə, beynəlxalq münasibətlər sistemində baş verən əsaslı dəyişiklərə baxmayaraq, siyasi liderlərin və hərbçilərin təfəkküründə əvvəlki stereotiplər – hərbi qüvvənin tətbiq edilməsi labüd sayıldığı dövrlərdə yaranmış stereotiplər hələ də qalmaqdadır. Məqalə müəllifi vurğulayır : “Raymon Aron məhz Sarkisyan kimi dövlət rəhbərləri haqqında danışır. Onun təfəkkürü köhnəlib, bu, XIX əsrin sonuna – XX əsrin əvvəlinə, yəni millətçi daşnakların süni şəkildə “Böyük Ermənistan” yaratmaq istədikləri dövrün təfəkkürüdür. İndi, XXI əsrdə -qlobal problemlərin bütün dünya birliyini narahat etdiyi və bəşəriyyətin dünyanı qlobal fəlakətlərdən necə xilas etmək haqqında düşündüyü bir vaxtda Ermənistan imperiya yaratmaq xülaysındadır və heç kəs ona izah edə bilmir ki, imperiyalar dövrü keçmişdə qalıb, indi irəli baxmaq, bəşəriyyətin qlobal problemlərini həll etmək və qonşu ölkələrlə sülh və həmrəylik şəraitində yaşamaq lazımdır. Belə olsa, Ermənistan onu əhatə edən dövlətlərlə münaqişə vəziyyəti ilə müqayisədə qat-qat çox mənfəət əldə edər”.

Arye Qutun fikrincə, danılmaz faktdır ki, Ermənistan özü özünü tələyə salıb və bu gün o, Cənubi Qafqazda ən zəif, ən asılı ölkədir. Qut yazır: “Son vaxtlar biz, bir tərəfdən, Ermənistanın rəhbərliyinin sosial-iqtisadi uğursuzluğunu, digər tərəfdən - onun siyasətinin tam iflasa uğramasını müşahidə edirik. Nəticədə Ermənistanda hakimiyyət orqanları tərəfindən “ağ soyqırım” həyata keçirilir. Sarkisyanın riyakarlığının həddi-hüdudu yoxdur. Axı müdriklər demişkən, siyasətdə həqiqət gücə, riyakarlıq isə zəifliyə dəlalət edir. Sarkisyan özünü konstruktiv və tolerant insan kimi göstərməyə çalışır, lakin praktikada bu məqsədinə çata bilmir”.

Ekspertin fikrincə, Ermənistan prezidentinin bəyanatları ona dəlalət edir ki, Ermənistanın indiki rəhbərliyi ölkənin ağır geosiyasi vəziyyəti barədə deyil, öz hakimiyyətini qoruyub saxlamaq və möhkəmlətmək, öz klanının mənfəəti, həmçinin dünyanın inkişaf etmiş ölkələrində gözəl şəraitdə yaşayaraq Ermənistana iqtisadi baxımdan kömək edən erməni diasporuna necə yarınmaq və onun nazı ilə necə oynamaq barədə düşünür.

Arye Qut sonda yazır: “Erməni diasporu Ermənistanda xalqın dilənçi vəziyyətində yaşamasını, sərsəm “Böyük Ermənistan” ideyalarına görə övladları özgə torpağında həlak olan bu xalqın vəziyyətini vecinə də almır. ”Qızıl milyard” ölkələrindəki ermənilərin uşaqları “qızıl gənclik” kimi yaşadığı halda, Ermənistanda yaşayan sadə ermənilərin uşaqları onların uydurduğu ideyaların girovlarına çevrilib və malik olduqları yeganə dəyəri – öz həyatlarını itirirlər. Axı Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını gec-tez qaytaracaq, hər iki tərəfdən həlak olan gəncləri isə artıq heç kəs qaytarmayacaq. Onların ölümünün baiskarı Serj Sarkisyan kimi “siyasətçilər” və XIX əsrin sonuna aid “ideyalarla” yaşayan erməni diasporudur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında