Azərbaycan – Türkiyə qardaşlığının daha bir təzahürü

 

 

 

 

 

 

 

 

 

 

 


Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezident

İstanbul, 20 oktyabr 2017-ci il


Azərbaycan Prezidentinin digər səfərləri kimi, oktyabrın 20-də reallaşdırılan İstanbul səfəri də bir neçə cəhətdən əlamətdar və yaddaqalan oldu.  Respublikamız  inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olmasa da, Türkiyə rəhbərliyi siyasi iradə nümayiş etdirərək, Azərbaycanı da həmin təşkilatın “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında  İstanbulda keçirilən IX Zirvə görüşünə dəvət etmişdi.

Azərbaycan Prezidenti zirvə görüşündəki çıxışı zamanı həm bu dəvəti, həm də iki il əvvəl  şahidi olduğumuz başqa bir faktı yada salaraq dedi:  “Azərbaycan D-8-in üzvü olmamasına baxmayaraq, Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanı bu tədbirə dəvət edib. Mən buna görə öz qardaşıma dərin təşəkkürümü bildirirəm. 2015-ci ilin noyabr ayında “Böyük iyirmilər”in Zirvə görüşü Türkiyənin Antalya şəhərində keçirilib. Türkiyə bu görüşə qrupa üzv olmayan yalnız bir ölkəni xüsusi qonaq kimi dəvət edə bilərdi və Prezident Rəcəb Tayyib Ərdoğan bu tədbirə Azərbaycanı dəvət etmişdir. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun bariz nümunəsidir”.

Səfər çərçivəsində Azərbaycan dövlətinin İslami dəyərlərə, müsəlman dünyasını təmsil edən ölkələrlə əməkdaşlığa nə dərəcədə önəm və əhəmiyyət verdiyi bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırıldı. Özü də ən mötəbər mənbədən – Azərbaycan Prezidentinin dilindən. Dövlət başçımız dedi: “Azərbaycan İslam həmrəyliyinə xüsusi əhəmiyyət verir və öz töhfəsini verir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olunub. Eyni zamanda, bu il Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirilib. Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz”.

Dünyanın hər yerində maraqla izlənilən İstanbul Zirvə görüşünü Azərbaycan üçün  yaddaqalan edən üçüncü cəhət,  əslində, bu gün təkcə biz deyil, eləcə də, regionda marağı olan dünya dövlətlərinin hamısını ciddi şəkildə narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasının daha bir beynəlxalq tribunadan səsləndirilməsi idi. Prezident bu məsələyə münasibət bildirərkən, daha açıq və daha qətiyyətli danışaraq dedi ki, mən sizin diqqətinizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək istəyirəm. Dövlət başçımız xatırlatdı ki, Ermənistan 25 ildən artıqdır  Azərbaycanın tarixi torpaqlarını – Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

“1992-ci ildə Ermənistan Xocalı soyqırımını törədib. Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilib, onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb” – deyən Prezident  əlavə etdi ki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib: “Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və azərbaycanlı mülki əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir”.

Səfərin əlamətdar bir cəhəti isə İstanbul Zirvə görüşünün Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 26-cı ildönümü günlərinə təsadüf etməsi idi. Prezident xatırlatdı ki, iki gün əvvəl Azərbaycan müstəqilliyinin bərpasının 26-cı ildönümünü qeyd edib. “Qısa müddət ərzində ölkəmiz uğurlu inkişaf yolu keçmişdir”, – deyən dövlət başçımız bu  müddətdə böyük social-iqtisadi nailiyyətlərə imza atdığımızı söylədi:  “2004-cü ildən başlayaraq iqtisadiyyatımız 3 dəfədən çox artmış, 2 milyona yaxın iş yeri açılmışdır. Yoxsulluq 5 faizə düşmüşdür. Savadlılıq 100 faizə yaxındır. Valyuta ehtiyatlarımız ölkənin ümumi daxili məhsuluna bərabərdir. Xarici dövlət borcu ümumi daxili məhsulun 20 faizindən azdır. Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunur. Davos İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətliliyi üzrə builki hesabatında Azərbaycan 35-ci yeri tutub”.

Tezliklə rəsmi açılışı  nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolunun  Avropa ilə Asiya arasında ən qısa yol olacağını yada salan Azərbaycan Prezidenti əlavə etdi ki,  Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaqdır.

Xatırladaq ki, D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi -- Türkiyə və İndoneziya “Böyük iyirmilər”in  üzvüdür. D-8-in fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir. Bildirilir ki, bu qurumun yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısında irəli sürülmüş, 1997-ci il iyunun 15-də  məhz həmin şəhərdə  keçirilən dövlət və hökumət başçılarının Zirvə görüşündə D-8 rəsmi olaraq təsis edilmişdi.

Təşkilatın yeni sədri, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında üç qitədə yerləşən ölkələri əhatə edən D-8-in son 20 ildə fəaliyyətinin uğurlu olduğunu vurğulayaraq, dünyada baş verən gərginliklər fonunda zirvə görüşünün keçirilməsinin önəmini qeyd edib. Bildirilib ki, son illər müsəlmanların yaşadıqları bölgələrdə baş verən münaqişələr, terrorizm, təbii fəlakətlər ciddi fəsadlarla nəticələnir.  Qurumun yeni sədri  təəssüflə bildirib ki, qlobal ədalətsizlik azalmaq əvəzinə, daha da artır.

Türkiyə Prezidenti qeyd edib ki, dünyada İslamla terrorizmin əlaqələndirilməsi cəhdləri, islamofobiya və ksenofobiya artır, miqrant böhranı dərinləşir. Onun fikrincə,  D-8 ölkələri dünyada çox az ölkənin sahib olduğu gənc və dinamik artan əhaliyə, zəngin təbii sərvətlərə, sürətli inkişafa malikdir. Prezident Rəcəb Tayyib Ərdoğan üzv ölkələrin bu potensialından tam səmərəli istifadə olunması nəticəsində qarşılıqlı ticarət dövriyyəsinin hazırkı 100 milyard dollardan qısa müddətdə 500 milyard dollara çatdırıla biləcəyini qeyd edib.

Türkiyə Prezidenti bildirib ki, iqtisadiyyat, ticarət, nəqliyyat, müdafiə sənayesi, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Ona görə də  D-8 üzvlərinin sayının artırılması, qarşılıqlı ticarətin milli valyutalarla aparılması təşkilatın daha da güclənməsinə imkan yarada bilər.

Bir sözlə, dövlət başçımızın İstanbul səfəri Azərbaycanın bütün beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, müsəlman ölkələri, İslam dünyası və Türkdilli Dövlətlər Birliyi ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində götürdüyü siyasi kursun icrasına verilmiş yeni töhfə oldu.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında