Prezident İlham ƏLİYEV: Azərbaycan həmişə zirvələrdə olacaq

 

 

 

 

 

 

 

 

 

 


Bizim xarici əlaqələrimiz çoxşaxəlidir. Biz bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurmuşuq, buna nail olmuşuq. Bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Xarici siyasətimiz də açıqdır, müstəqildir və bu da dünya birliyi tərəfindən böyük rəğbətlə qarşılanır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Ölkə ictimaiyyəti və beynəlxalq aləmdəki dostlarımız müasir Azərbaycanın ən yeni nailiyyətləri ilə daha yaxından tanış olmaq üçün növbəti bir imkan qazandı. Söhbət oktyabrın 9-da, Prezident İlham Əliyevin sədrliyi ilə  keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından gedir.  Həm dövlət başçımızın giriş və yekun nitqlərində, həm də digər natiqlərin çıxışlarında bugünkü Azərbaycanın hərtərəfli tərəqqisini, sosial-iqtisadi inkişafını və siyasi-diplomatik uğurlarını özündə əks etdirən çoxsaylı fakt, rəqəm və arqumentlər var idi. 

İclasdakı giriş nitqinə  “Bu doqquz ayda ölkəmiz uğurla və hərtərəfli inkişaf etmişdir. Bütün sahələrdə dinamik inkişaf təmin olunmuşdur”--  sözləri ilə başlayan Prezident İlham Əliyev   qeyd etdi ki, sosial infrastrukturla bağlı siyasətimiz də uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb tikilib, təmir edilib. Bu proses davam etdirilir. İyirmi yeddi tibb ocağı tikilib və təmir edilib. Digər sosial infrastruktur layihələri uğurla icra edilir.

Bu qəbildən olan faktları sadalayan dövlət başçımız fəxrlə yada saldı ki, bu il tarixi hadisə baş vermişdir : “Cocuq Mərcanlı kəndi bərpa edilmişdir, indi orada yeni qəsəbə salınır, 50 evdən ibarət qəsəbənin açılışı olmuşdur, əlavə 100 evin tikintisi prosesi gedir. Məktəb, məscid tikilib, tibb mərkəzi tikilməkdədir. Orada iş yerləri ilə bağlı bir çox məsələlər öz həllini tapır. Cocuq Mərcanlı kəndinin yenidən qurulması, bərpası tarixi hadisədir”.

Ermənistanın işğalçı siyasətinin nəticələrinin  aradan qaldırılması məqsədilə uğurlu addımların atıldığını bildirən dövlət başçımız qeyd etdi ki,  köçkünlərlə bağlı məsələlər də öz həllini tapır. Bakıda, Sumqayıtda, digər bölgələrdə tikinti işləri geniş vüsət almışdır: “Bu il minlərlə ailə yeni evlərlə, mənzillərlə təmin olunacaq, bu proses gələn il də davam etdiriləcək. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz çoxdur. Dövlət əlindən gələni edir ki, bu məsələ tezliklə öz həllini tapsın. Bilirsiniz ki, 250 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdir”.

“Bu il beynəlxalq arenada mövqelərimiz daha da möhkəmlənib”,  -- deyən Prezident qeyd etdi ki,  Azərbaycanın  dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınmasına nail olmaq üçün atılan addımların hər biri öz müsbət nəticələrini verir. Bu ilin doqquz ayında mənim xarici ölkələrə 14 səfərim olmuşdur. Hələ ilin qalan hissəsində də səfərlər nəzərdə tutulur. Bu səfərlərin hər biri ölkəmiz üçün faydalı olmuşdur. Azərbaycan öz mövqeyini birbaşa xarici tərəfdaşlara çatdırır. Rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə etdiyim çıxışlar Azərbaycanın siyasətini əks etdirir, əldə etdiyimiz uğurları, eyni zamanda, Dağlıq Qarabağ problemini də bir daha dünya ictimaiyyətinə çatdırır. Ölkəmizə isə bu il ondan çox dövlət və hökumət başçısı gəlmişdir. İlin sonuna qədər yenə də səfərlər gözlənilir. Yəni, bizim beynəlxalq əlaqələrimiz çoxşaxəlidir. Xarici siyasətimiz milli maraqlarımızı təmin edir və beynəlxalq arenada Azərbaycan, bir daha demək istəyirəm ki, böyük hörmətə və çox müsbət reputasiyaya malik olan bir ölkədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərimizin  dəyişməz  qaldığını yada salan dövlət başçımız vurğuladı ki, bu mövqe dünyanın ən ali tribunalarından açıq bəyan edilmişdir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir.

Məlum olduğu kimi, son vaxtlar danışıqlarda heç bir irəliləyiş yox idi. Çünki Ermənistan çalışırdı ki, danışıqlar pozulsun.  Üstəlik,  müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdılar ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoyurdular.  Ancaq Azərbaycan Prezidenti əvvəlcədən bəyan etmişdi ki, heç bir şərt qəbul edilməyəcək.  Həyat və reallıq bir daha onu göstərdi ki, həmişə olduğu kimi, bu dəfə də Azərbaycanın siyasi uzaqgörənliyi  və ümumiyyətlə, siyasətimiz tam reallığı əks etdirir.

Məhz həmin reallığın nəticələrini yada salan Prezident dedi: “Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri, əslində, açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də. əlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə əldə olunmasa da, Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim etmişdir”.

Təbii ki, Ermənistanın aciz, gücsüz, asılı ölkə olduğunu sübut edən faktlar fonunda Azərbaycanın qüdrətli, güclü orduya və qətiyyətli rəhbərə, xalq-iqtidar birliyinə malik olduğunu göstərən reallıqlar da  qabardılmalıdır. Həm ölkə mətbuatı, həm də beynəlxalq aləmdəki dostlarımız bu işin öhdəsindən bacarıqla gəlirlər. Ancaq sadə oxucu üçün həmin həqiqətlərin bilavasitə Prezidentin dilindən eşidilməsi daha maraqlı, daha dəyərli olur. Həmin həqiqəti yüksək səviyyədə qiymətləndirən dövlət başçımız Nazirlər Kabinetinin iclasında dedi: “Bu il neft-qaz sektorunda çox əlamətdar hadisələr baş verib. Xüsusilə, neft sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalanmışdır. Kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Bu kontrakt bizim üçün daha da yaxşı şərtlərlə təmin edilmişdir. Baxmayaraq ki, “Əsrin kontraktı” da Azərbaycana çox böyük faydalar gətirdi. O vaxt üçün mümkün qədər ən gözəl şərtlər təmin edilmişdir. Ancaq indiki şərtlər bizim üçün daha əlverişlidir, daha da yaxşıdır. Bu şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcəkdir. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Bu, çox gözəl şərtlərdir və “Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisədir”.

Bu, bir həqiqətdir ki, Azərbaycan dövlətinin əsas siyasəti  neft gəlirlərindən dövlətin qüdrətləndirilməsi və ölkə əhalisinin həyat şəraitinin daha da yaxşılaşdırılması məqsədilə istifadə edilməsindən ibarətdir. Həmin faktı yada salan Prezident dedi ki, biz bütün bu işləri düşünülmüş şəkildə görmüşük, neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Eyni zamanda, bu layihələr ölkəmizin beynəlxalq arenadakı rolunu, çəkisini artırır: “Bu gün bizim iştirakımız olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib, Əlbəttə ki, bu, bizim hamımızı çox sevindirir. Növbəti illərdə ölkəmizin qüdrəti daha da artacaq”.

Təbii ki, Nazirlər Kabinetinin adıçəkilən iclasında səsləndirilmiş bütün  mülahizə, fikir, fakt və rəqəmlər müasir Azərbaycan reallıqları idi. Ancaq həmin reallıqların zirvəsində dövlət başçımızın ifadə etdiyi nikbinlik və qətiyyət motivləri dayanırdı: “…Əminəm ki, nəinki bu ilin sonuna qədər, bundan sonrakı illərdə də ölkəmiz uğurla inkişaf edəcək, Azərbaycan həmişə zirvələrdə olacaq”.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında