Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin 1990-cı ildə Naxçıvana gəlişi o dövrdə xalqın inam hissinin bərpa edilməsinə, milli özünüdərkin və özünüifadənin canlanmasına, Vətənin bölünməzliyi və müdafiəsinə, inkişaf və tərəqqiyə nail olunmasına, bir sözlə, dünyada yeni, müstəqil Azərbaycan möcüzəsinin yaranmasına zəmin yaratmış oldu. Milli dövlətçilik hərəkatının Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsi, dövlətçiliyin bərpası istiqamətində qətiyyətli və inamlı addımların atılması böyük Heydər Əliyevin uzaqgörənliyinin və müdrikliyinin göstəricisi idi.
Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında gərgin bir dövrdə naxçıvanlıların müdrikliklə xilaskar rəhbər seçiminin gerçəkləşməsi naminə ayağa qalxması milli tariximizin qürur doğuran səhifələrindəndir. İnsanların haqlı və təkidli tələbi, çağırışı heç bir vəzifə istəyində olmayan, yenicə sakit həyata başlamaq istəyən, uzun illərin siyasi fəaliyyətindən sonra Naxçıvanın səfalı havasında dincəlmək arzusunda olan Heydər Əlirza oğlunu ağır və məsuliyyətli missiyanı öz üzərinə götürməyə sövq etdi. 1991-ci il sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında xalqın iradəsinin ifadəsi olaraq böyük Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçildi.
Heydər Əliyev sonralar hakimiyyətə qayıtmaq istəyinin olmadığını dəfələrlə təkrar edirdi: ”Azərbaycana hakimiyyətə qayıtmaq üçün gəlməmişəm. Mən ancaq Azərbaycanın bu ağır dövründə, çətin vaxtında xalqıma kömək etmək, xidmət etmək üçün gəlmişəm. Mənə bir neçə dəfə Moskvada, elə burada da sual verilmişdi ki, bəs, siz öz köməyinizi nədə görürsünüz? Cavab vermişdim ki, Azərbaycan xalqının hər bir tapşırığını yerinə yetirməyə hazıram. Mənim razılığım olmadan, mən bunu qətiyyətlə deyirəm və bunu hamı bilməlidir, məni Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçdilər. Sədr seçiləndən sonra da mən sessiyaya sədrlik etməkdən imtina etdim. İclası axıra qədər sədrin müavini aparırdı… Çox böyük əziyyət, mənəvi əziyyət içərisindəydim ki, mənim razılığım olmadan məni sədr seçdilər.”
Düşmənin ağır hücumları ilə üz-üzə dayanan, növbəti tarixi sınaqdan məharətlə üzüağ çıxan, qorunub möhkəmləndirilən, xilas edilən Naxçıvan Muxtar Respublikası ümummilli liderimiz Heydər Əliyevin fədakar mübarizəsinin, siyasi dühasının önəmli rəmzi oldu. 1921-ci il Qars müqaviləsinin təzədən dünyanın gözü qarşısında yenilənməsi və Naxçıvanın toxunulmazlığının və sülhünün təmin edilməsi gələcək iqtisadi, siyasi, diplomatik uğurların təməli oldu. XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının gələcək həyatının bütün sahələr üzrə sarsılmaz əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyuldu və möhkəmləndirildi.
Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra köklü dəyişikliklər əldə edildi, müstəqil Azərbaycan dünya birliyinin tam hüquqlu üzvünə çevrildi. 1995-ci il dekabr ayının 16-da muxtar respublika Ali Məclisinin sədri seçilən cənab Vasif Talıbov ötən dövr ərzində özünün uğurlu fəaliyyəti ilə böyük Heydər Əliyev məktəbinin sədaqətli və işgüzar, təşəbbüskar yetirməsi olduğunu sübut etdi. Vasif Talıbovun hərtərəfli inkişafa və tərəqqiyə yönəlik fəaliyyəti onun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçilərkən ilk bəyanatında öz əksini tapmış, aydın təsəvvür yaratmışdır: ”Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm.”
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafın yeni tələbləri Naxçıvan Muxtar Respublikasında yüksək səviyyədə təmin olunmaqdadır. Bütün bunlar Prezident İlham Əliyevin “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir ”fikrinə söykənərək həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında icra edilən dövlət proqramlarının və təşəbbüskarlıqla həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq qeyd edək ki, 1995-2017-ci illər üzrə təkcə 1995-2013-cü illərin müqayisəli diaqram-göstəriciləri ümumi daxili məhsulda 43 milyon 721,7 min manatdan 2 milyard 338 milyon 927,7 min manata, sənaye məhsulunun ümumi həcmində 9133,4 min manatdan 862870,5 min manata, hər nəfərə düşən sənaye məhsulunun həcmində 27,3 manatdan 2000,6 manata, əsas kapitala yönəlik investisiyalarda 100000 min manatdan 1000000 min manata, tikilərək istifadəyə verilmiş yaşayış evlərində 25 min kvadratmetrdən 350 min kvadratmetrə, cəmi əkin sahəsində 35000 hektardan 60127 hektara, mal-qaranın sayında 74 min başdan 106,2 min başa, xırda buynuzlu heyvanların sayında 425,4 min başdan 635,5 min başa, kənd təsərrüfatının ümumi məhsulunda 38572,2 min manatdan 337127,2 min manata, informasiya və rabitə xidmətlərinin həcmində 420,3 min manatdan 45051,9 min manata, salınmış və yenidən qurulmuş avtomobil yollarında 3526 kilometrə, xarici ticarət dövriyyəsinin dinamikasında 500000 min ABŞ dollarına, əhalinin gəlirlərində 31538,9 min manatdan 1737057,9 min manata, orta aylıq əmək haqqında 15,9 manatdan 376,6 manata (2015-ci ildə isə 392 manata) yüksəlmiş, bu isə əslində, qısa müddət ərzində muxtar respublikada böyük sıçrayışa nail olunmasına gətirib çıxarmışdır.
2017-ci ilin yanvar-iyul aylarında Muxtar Respublikanın iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi göstəriciləri faiz nisbəti ilə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulda 1,7% (hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 5,2% artaraq 3240,2 manat yəni 1866,5 ABŞ dollar olmuşdur), sənaye məhsullarının istehsalında 1,2%, bütün maliyyə dəyərləri hesabına investisiyadan istifadədə 1,1%, kənd təsərrüfatının müxtəlif sahələri üzrə-ət məhsullarında 2,2%, süd istehsalında 1,3%, yumurta istehsalında 4,8%, yun istehsalında 1,1%, yük daşınmasında 2% və sərnişin daşınmasında 1,8%, bu daşınmalardan əldə olunmuş gəlirlərdə 2,1%, rabitə xidmətlərinin dəyərində 1,9%, istehlak bazarında əhaliyə göstərilən pullu xidmətlərdə 1,8%, sığorta növləri üzrə daxilolmalarda 27,7%, muxtar respublikaya turist gəlişində 4%, əhalinin gəlirlərində 1,2% (hər bir nəfərə düşən məbləğ 0,2% yəni 2245,6 manat), bir işçiyə hesablanmış orta aylıq əməkhaqqıda (414,1 manat) 1,8%-dək artmışdır.
Bütün bu iqtisadi göstəricilərlə yanaşı, Naxçıvan Muxtar Respublikasının elmi-mədəni, ictimai-siyasi həyatında da köklü yeniliklər, islahatlar həyata keçirilmiş və keçirilməkdədir. Bir sözlə, həyatın bütün sahələrində Azərbaycan vətədaşına rahat həyat bəxş edən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, ulu öndər Heydər Əliyevin siyasi kursu Naxçıvan Muxtar Respublikasında yüksək səviyyədə icra edilməkdədir. Əgər 1993-cü ildə Azərbaycan xalqı müstəqilliyimizin hərc-mərclikdən, xaosdan necə xilas ediləcəyi haqqında düşünürdüsə, bu gün böyük Heydər Əliyevin inşa etdiyi müstəqil Azərbaycan dövləti xalqımızın daha rahat yaşayışla təmin olunmasına, pozulmuş ərazi bütövlüyümüzün tezliklə bərpa edilməsi, Dağlıq Qarabağımızın erməni işğalından tezliklə geri qaytarılması və 1 milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın Vətən həsrətinə son qoyulmasına, hərbi qüdrətimizin daha da artırılması və milli təhlükəsizliyimizin təmin edilməsinə, vətəndaş cəmiyyətinin formalaşması və beynəlxalq münasibətlərdə Azərbaycan modelinin layiqli yerini tutmasına xidmət edir.
2015-ci ildə İlk Avropa Oyunlarının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində, ölkəmizdə keçirilməsi və bu sahədə Azərbaycan dövlətinin qətiyyətli addımları, ən müasir infrastruktur layihələrinin reallaşdırılması dediklərimizi sübut edən önəmli faktlardandır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin iyun ayında imzaladığı sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sədrliyi ilə müvafiq Təşkilat Komitəsinin yaradılması bu il muxtar respublikada görülən tədbirlərin siyahısını daha da genişləndirməklə yanaşı, gələn ilin möhtəşəm uğurlarının əsasını qoymuşdur, desək yanılmarıq. Bu, həm də cənab Prezident İlham Əliyevin vətəninə, torpağına, xalqına, dövlətinə, onun bu gününə və gələcəyinə nə qədər bağlı olduğunu göstərməkdədir.
Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən bu il yanvar ayının 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “İslam mədəniyyətinin paytaxtı. Naxçıvan–2018” loqotipinin hazırlanması haqqında” sərəncam imzalamışdır. Sərəncama əsasən, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar loqotipin hazırlanması məqsədilə müsabiqə elan olunmuş, seçilmiş loqotipin təqdimat mərasimi keçirilmişdir. Prezident sərəncamının icrası ilə əlaqədar bir çox işlər görülmüş,Təşkilat Komitəsinin iclasları keçirilmişdir. Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları hazırlanması prosesi davam etdirilir. Eyni zamanda, muxtar respublikada mövcud olan türk-islam mədəniyyət nümunələrinin, dini abidələrin tanıdılması ilə bağlı onlardan bəzilərinin ISESCO-nun siyahısına salınması istiqamətində işlərin aparılması, qədim diyarın dini abidələri, məscid və ziyarətgahları haqqında kitabların nəşri, milli-mənəvi dəyərlərimizə həsr olunmuş sənədli və televiziya filmlərinin hazırlanması prosesi başa çatdırılmaqdadır. Naxçıvanda “İslam filmləri həftəsi”nin keçirilməsi, İslam ölkələrinin folklor və rəqs qruplarının iştirakı ilə festivalların, müxtəlif idman yarışlarının təşkili də nəzərdə tutulmuşdur.
Bu tarixi tədbirdə İslam Konfransı Təşkilatının tərkibinə daxil olan 52 ölkənin nümayəndələrinin rəsmi qaydada Naxçıvan Muxtar Respublikasına gəlməsi nəzərdə tutulmuşdur. Mötəbər tədbirlərin keçirilməsi zamanı dünya mediasının diqqəti qədim diyara yönələcək. Bu, muxtar respublikada tarixən formalaşan böyük mədəniyyətin, onun zəngin turizm potensialının təkcə İslam ölkələrində deyil, həm də dünyada təbliği baxımından əvəzsiz imkanlar yaradacaq. Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” kimi şərəfli bir ada layiq görülməsi bu şəhərin özünəməxsus adət-ənənələri, dünyagörüşü, tarixiliyi, zəngin mədəniyyəti ilə yanaşı, həm də ulu öndərimiz Heydər Əliyevin bənzərsiz fəaliyyəti, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fədakarlığı, əzmi, əməyi və Naxçıvanda həyata keçirilən müasir, məqsədyönlü inkişaf konsepsiyası ilə birbaşa bağlıdır.
Bəxtiyar ƏSGƏROV,
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyinin rəhbəri, fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.