Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır

 

 

 

 

 

 

 

 

 

 

 


1991-ci ildə Sovet İttifaqı dağıdıldı, bütün respublikalara sanki tarixi bir şans verildi ki, öz dövlətini qursunlar. Əgər bu gün biz keçmiş müttəfiq respublikaların indiki vəziyyətinə nəzər salsaq görərik ki, bəzi ölkələr bu günə qədər də xarici təsirdən yaxasını qurtara bilməmişlər. Azərbaycan isə müstəqil dövlətdir, güclü dövlətdir, uğurlu inkişaf yolunu keçən dövlətdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Müdriklər deyiblər ki, dövlət üçün müstəqillikdən, vətəndaş üçünsə azadlıqdan üstün heç nə yoxdur. Zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır.

Min illər dövlətçilik tarixinə malik olan Azərbaycan əsrlər boyu torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizələr aparmışdır. Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr sayəsində nail olduğu bu müstəqillik uzun sürməmiş, cəmi 23 ay yaşamışdır. Tarix üçün bu çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Mövcud olduğu bu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin etmiş, daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışmışdır.

Milli dövlətçilik tariximizin ən layiqli liderlərindən olan ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşamasına baxmayaraq, nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi qalacağını vurğulayırdı. O deyirdi ki, biz nadir bir irsin varisləriyik: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Azərbaycan Xalq Cümhuriyyətinin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və sair sahələrdə atdığı addımlar yarımçıq qalmamış, müstəqilliyini XX əsrin sonlarında yenidən bərpa edən dövlətimiz varislik ənənələrini yaşatmış, inkişaf etdirmişdir.

1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bununla da, Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi.

Həmin tarixi və möhtəşəm gündən artıq 26 illik bir müddət keçmişdir. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə misli görünməmiş inkişafa, tərəqqiyə nail olsa da, əldə edilən nailiyyətlər, uğurlar asanlıqla başa gəlməmişdir. Hər bir insan yaxşı bilir ki, firavan həyat, rahat yaşayış, rifah halının yüksəlməsi çətinliklərdən keçir. Müstəqillik və azadlıq kimi firavan həyat yaşamaq da qurbanlar bahasına, çətinliklə əldə olunur. Müstəqilliyimizin ilk illərində xalqımız, sözün həqiqi mənasında, ağır, məşəqqətli günlər yaşadı. Onsuz da, 1988-ci ildən Ermənistanın Azərbaycana torpaq iddiası ilə başlamış olduğu münaqişə ölkəmizdə vəziyyəti son dərəcə ağırlaşdırmışdı. Ermənistandakı dədə-baba torpaqlarından deportasiya olunmuş soydaşlarımız Azərbaycana pənah gətirmişdilər. Torpaqlarımızda müharibə gedirdi, çadır düşərgələrinin sayı gündən-günə artırdı. Dağlıq Qarabağ, həmçinin ətrafındakı ərazilər erməni qəsbkarları tərəfindən işğal olunmuşdu. Qarabağın dağlıq hissəsində Azərbaycan dövlətinin hakimiyyəti yox dərəcəsində idi. Bir tərəfdən müstəqilliyimizin başı üstünü almış real təhlükəni sovuşdurmaq, digər tərəfdən erməni təcavüzündən xilas olmaq, torpaqlarımızı müdafiə etmək, ölkəmizin ərazi bütövlüyünü qoruyub saxlamaq, işğal olunmuş torpaqlarımızı azad etmək kimi Vətən qarşısındakı borcumuzu yerinə yetirməli idik. Xalqımız öz gücünü və qüdrətini göstərməli idi. Dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda respublikamızın o zamankı səriştəsiz və qətiyyətsiz rəhbərləri belə vacib taleyüklü vəzifələrin öhdəsindən gələ bilmirdilər.

Məhz buna görə də, torpaqlarımızın xeyli hissəsi itirildi, ölkədə xaos, anarxiya baş alıb getdi, vətəndaş müharibəsi təhlükəsi yarandı, qardaş qırğını başlandı, qanunçuluğun əsasları ciddi şəkildə zəiflədi, cinayətkarlıq halları görünməmiş səviyyəyə çatdı, dövlətçiliyimiz və müstəqilliyimiz təhlükə qarşısında qaldı. Ölkəni idarə etmək qabiliyyətində olmayan o vaxtkı iqtidar nümayəndələri başlarını itirdikləri üçün nə edəcəklərini belə bilmirdilər.

Aradan on illər keçsə də, heç kəs unutmayıb ki, Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə edə bilib. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, tükənməz Vətən sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.

Heydər Əliyevin ən ədalətli qərarlarından biri də respublikamızı Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsi idi. Ümummilli lider bəyan etmişdi ki, müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir. Məhz həmin məntiqi əsas götürən ulu öndər nəhəng dövlət quruculuğu işlərinə başladı. O, qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etməyi bacardı.

Heydər Əliyevin fikrincə, əsl müstəqillik öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft kontraktı – “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın aparıcı dövlətlərinin qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda və dünyadakı nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrlə Avropanın və bütövlükdə, dünyanın enerji təhlükəsizliyi sisteminə qoşuldu.

1993-cü ildən başlayaraq, dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, müstəqilliyin əbədi və dönməz edilməsi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Məhz Heydər Əliyev müdrikliyi dünyada ölkələrin yerini müəyyənləşdirmişdi. Azərbaycanın dünyaya, dünyanın Azərbaycana gərəkli olduğunu da bilavasitə ulu öndərimiz sübut etmişdi.

Sonrakı mərhələdə – 2003-cü ilin payızından etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimizin və xalqımızın müstəqillik illərində keçdiyi yolun hər bir addımını dönə-dönə yada salaraq, sabahımızın dünənki şanlı səhifələr üzərində qurulması zərurətini demiş və ona əməl etmişdir.

Sonda qeyd edək ki, ötən ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun rəsmi açılışında geniş nitq ilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev keçdiyimiz müstəqillik dövrünün nəticələrini 140 ölkənin təmsilçilərinin qarşısında bu şəkildə qiymətləndirmişdir: “Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilmişdir. Azərbaycan BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və bir sıra digər beynəlxalq qurumların üzvüdür. Biz güclü beynəlxalq dəstəyə malikik. 2011-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycanın ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi məhz bunun təzahürü oldu. Bu, ölkəmizin böyük qələbəsi və Azərbaycana böyük ehtiramın əlaməti oldu.

Olduqca qısa zamanda, 25 il içərisində biz özümüzü etibarlı beynəlxalq tərəfdaş, müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə kimi təqdim etməyə müvəffəq olmuşuq. Müstəqillik illəri bizim siyasi sistemimizin transformasiyası, demokratik təsisatların yaradılması illəri olmuşdur. Biz buna nail olmuşuq, Azərbaycanda bütün azadlıqlar təmin edilir, o cümlədən media və internet azadlığı. Ölkə əhalisinin 70 faizdən çoxu internet istifadəçisidir. Toplaşma və din azadlığı, yəni, bütün azadlıqlar təmin edilir. Bu isə öz növbəsində sürətli iqtisadi inkişaf üçün yaxşı zəmin yaradır. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparılmışdır”.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında