Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin oktyabrın 13-də respublikamıza rəsmi səfəri və bununla bağlı keçirilən görüşlərdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, humanitar, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstan Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Eyni zamanda, ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulanıb.
Xatırladaq ki, hazırda Azərbaycan ilə Bolqarıstan arasında çox sıx əlaqələr var. Bu əlaqələr, əsasən, son onilliklərdə təşəkkül tapıb. Hazırda siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir. Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə vurğulayıblar.
Yeri gəlmişkən, Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. Diplomatik münasibətlər isə həmin ilin iyununda yaradılıb. 1999-cu ilin dekabrında Bolqarıstanın Azərbaycanda, 2005-ci ilin fevralında isə Azərbaycanın Bolqarıstanda səfirliyi fəaliyyətə başlayıb.
İki ölkə arasında əməkdaşlıq münasibətləri ulu öndər Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstan Prezidenti Jelyu Jelyevin dəvəti ilə həmin respublikaya rəsmi səfərindən sonra daha da genişlənib. Ümummilli liderimiz və Jelyu Jelyev bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Ümumilikdə isə həmin səfər zamanı iki dövlət arasında ticarət – iqtisadi, elmi - texniki əməkdaşlıq haqqında, habelə digər saziş və müqavilələr imzalanıb.
Bundan sonra da iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə davam edib. Belə ki, 1999-cu ilin dekabrında Bolqarıstan Prezidenti Peter Stoyanov respublikamızda rəsmi səfərdə olub və Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşüb. 2003-cü ilin oktyabr ayında isə ölkə Prezidenti seçilən İlham Əliyev Azərbaycan - Bolqarıstan münasibətlərinin genişlənməsinə xüsusi diqqət yetirib. Bolqarıstan Prezidenti Georgi Pırvanov 2004-cü ilin oktyabrında Azərbaycana rəsmi səfər edib. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində hər iki ölkənin mövcud əlaqələri daha da inkişaf etdirmək niyyəti ifadə olunub. Bolqarıstan Prezidentinin bu səfəri çərçivəsində tərəflər arasında birgə bəyannamə, səhiyyə, iqtisadiyyat, nəqliyyat sahələrində yeni sazişlər imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci ilin sentyabrında və 2009-cu ilin noyabrında Bolqarıstana rəsmi və işgüzar səfərlərdə olub. 2008-ci il martın 10-da və 2009-cu il yanvarın 22-də isə Bolqarıstan Prezidenti Georgi Pırvanov Azərbaycana gəlib. Qarşılıqlı səfərlər çərçivəsində keçirilən görüşlərdə ölkələrarası iqtisadi, siyasi və mədəni əlaqələrlə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Ötən müddətdə iki ölkə arasında iqtisadi münasibətlər dinamik inkişaf edib. Belə ki, 1998-ci ildən Bolqarıstan Azərbaycanla birlikdə Avrasiya nəqliyyat dəhlizi layihəsinə (TRASECA) qoşulub. Hər iki respublikanın, eyni zamanda, regional təşkilat olan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində münasibətləri daha da möhkəmlənib.
Ötən müddətdə Azərbaycan -Bolqarıstan mədəni əlaqələri də uğurla inkişaf etməkdədir. Belə ki, 2002-ci ildə Bakı Slavyan Universiteti ilə Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. 1996-cı ildən Bakı Slavyan Universitetində bolqar dilinin tədrisinə başlanılıb.
2004-cü ildə isə Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri inkişaf etdirmək, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağını artırmaq, həmçinin universitetdə bolqarşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etmək məqsədilə Bolqar Dili və Mədəniyyəti Mərkəzi açılıb.
Əlbəttə, bu sadalananlar iki ölkə arasında sıx münasibəti əks etdirən tədbirlərin qısa bir mənzərəsidir. Bu il oktyabrın 13-də isə Prezident İlham Əliyevin və Bolqarıstan Prezidenti Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündə, habelə dövlət başçılarının mətbuata bəyanatlarında tərəfdaşlığın inkişafı istiqamətində görülən və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib, bütün bunlarla bağlı geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşündə dövlətimizin başçısı iki ölkə arasında yüksək siyasi münasibətlərin mövcudluğu şəraitində ticarət, investisiya və digər sahələrə böyük diqqət yetirilməsinin zəruriliyini xatırladıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev deyib: “Tərəfdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı bu gün artıq fikir mübadiləsi apardıq. Əminəm ki, bölüşdüyümüz ideyalar ölkələrimiz arasında daha geniş əməkdaşlığa yol açacaq. Siyasi və iqtisadi sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunuq. Lakin əminəm ki, iqtisadi sahədəki potensialımız bu gün mövcud olan potensialdan daha üstündür. Bu cür yaxşı siyasi münasibətlərə malik olmaqla yanaşı, biz ticarət, investisiya sahələrinə və digər sahələrə də diqqət yetirməliyik. Nəticədə tərəfdaşlığımız daha da genişlənəcək və şaxələnmiş olacaq”.
Prezident İlham Əliyev mətbuata bəyanatında da Bolqarıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərindən geniş bəhs edib. Bildirib ki, Bolqarıstan və Azərbaycan dost, tərəfdaş ölkələrdir və bu tərəfdaşlığın çox mühüm önəmi var. Buna görə də nəqliyyat, energetika, turizm sektorlarında və iqtisadiyyatın digər sahələrində hazırda ikitərəfli münasibətləri daha da möhkəmləndirmək ehtiyacı duyulur. Başlıcası isə qarşılıqlı ticarət dövriyyəsinin həcmi artırılmalıdır. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycan Hava Yolları tərəfindən Sofiyaya, Sofiyadan Bakıya təyyarə reysləri açılacağını, Azərbaycan qazının bir neçə ildən sonra Bolqarıstan bazarına çatdırılacağını, yaxın günlərdə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolundan bütün ölkələr, o cümlədən Bolqarıstanın da fəal iştirak edəcəyini, bütün bunlarla yanaşı, humanitar sahədə əməkdaşlığın daha da genişlənəcəyini ifadə edib. Prezident İlham Əliyev daha sonra deyib: “Biz energetika sahəsində strateji tərəfdaşıq. Bolqarıstan “Cənub” qaz dəhlizinin üzvüdür. Bolqarıstan Bakıda bir neçə dəfə keçirilmiş “Cənub” qaz dəhlizinin Məşvərət Şurasının iclasında həmişə yüksək səviyyədə təmsil olunmuşdur və “Cənub” qaz dəhlizinin icrası ölkələrimizi bir-birinə daha da yaxın edəcək. Bu, nəhəng transmilli layihədir. “Cənub” qaz dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. Azərbaycanın nəhəng “Şahdəniz” yatağından qaz Avropaya, region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılacaq. Əminəm ki, Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq”.
Prezident İlham Əliyev dövlət başçıları üçün təşkil edilən ziyafətdəki çıxışında da Azərbaycanın Bolqarıstan ilə bütün sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə və möhkəmlənməsinə böyük əhəmiyyət verildiyinə, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən kənd təsərrüfatının, turizmin, informasiya-kommunikasiya texnologiyalarının, əczaçılığın inkişafı üçün yaxşı perspektivlərin mövcud olduğunu xatırladıb.
Azərbaycan Prezidenti çıxışında, həmçinin Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin – tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun işğal olunduğunu, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirildiyini, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini xatırladıb. Bildirib ki, ATƏT, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların da bununla bağlı müvafiq qərar və qətnamələri var. Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipi çərçivəsində nizamlanmasının zəruriliyi diqqətə çatdırılıb. Prezident İlham Əliyev belə ədalətli mövqeyə görə Bolqarıstana minnətdarlığını bildirib.
Prezident Rumen Radev də çıxışında səfər çərçivəsində keçirilən məhsuldar görüşlərdən və aparılan səmimi danışıqlardan məmnun qaldığımı, Azərbaycanın Bolqarıstanın xarici siyasət prioritetləri sistemində mühüm yer tutduğunu, 2015-ci ilin martında imzalanan Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qarşılıqlı maraqlara, böyük potensiala və bu sahədə mövcud perspektivlərə uyğun olduğunu diqqətə çatdırıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.