Avropa Şurası Parlament Assambleyası (AŞPA) yenə də öz ampluasındadır. Belə ki, oktyabrın 11-də AŞPA-nın payız sessiyasında “Azərbaycanda demokratik təsisatların vəziyyəti" və “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” qətnamələr qəbul olundu. AŞPA Azərbaycanla bağlı uydurmalarla dolu üzdəniraq sənədlər qəbul etməklə ciddi qurum olmadığını bir daha təsdiqlədi. Bundan başqa, birtərəfli və qərəzli sənədlər qəbul etməklə AŞPA erməni lobbisinin sifarişlərini yerinə yetirdiyini də sərgilədi. Ancaq əsassız sənədlərə səs verən təşkilat üzvləri anlamalıdırlar ki, Azərbaycan xalqı ikili standart xəstəliyinə mübtəla olmuş AŞPA-nın antiazərbaycan siyasətinin ayaq tutub yeriməsinə imkan verməyəcək və müstəqil siyasət yürüdən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə bundan sonra da hərtərəfli dəstək verməkdə davam edəcək.
Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü–müstəqillik illərini yaşayır. Ötən müddət ərzində Azərbaycan beynəlxalq arenada sürətlə inkişaf edən ölkələrdən biri kimi tanınır. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr Azərbaycanın qlobal və regional müstəvidə mövqelərini möhkəmləndirir. Sosial-siyasi islahatların ardıcıl şəkildə həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar Azərbaycanı qabaqcıl ölkələrdən birinə çevirmişdir. Lakin ölkəmizin əldə etdiyi uğurlar bəzi beynəlxalq təşkilatları və onların havadarlarını narahat edir. İnsan hüquqları, söz azadlığı və demokratiya kimi anlayışları bəhanə gətirərək, ölkəmizi ləkələməyə və sürətli tərəqqi prosesinə əngəl yaratmağa can atırlar. AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi son sənədlər məhz belə düşünməyə vadar edir və qurumun erməni lobbisinin təzyiq alətinə çevrildiyini üzə çıxarır. Artıq heç kimə sirr deyil ki, qurumda üçüncü tərəflərin, o cümlədən Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq antiazərbaycan siyasət yürüdən məlum qruplar ölkəmizi uğurlu inkişaf yolundan döndərməyə çalışırlar.
Xarici siyasət hər bir dövlətin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və
çoxtərəfli əlaqələrin gücləndirilməsinə və inkişafına, eyni zamanda, mövcud problemlərin həllinə yönəlir. Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqların yüksək səviyyədə təmin olunmasına yönəlmiş xarici siyasət strategiyasının əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə səmərəli əlaqələr formalaşdırmaqdan ibarətdir. Həmin prioritetlər bu gün Azərbaycanın xarici siyasət kursunun əsas vəzifələrindən birini təşkil edir və Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulmuşdur. Məhz belə siyasətin nəticəsidir ki, dünyanın müxtəlif qütblərində qərarlaşmış dövlətlərlə qurulmuş ikitərəfli əlaqələr, mehriban dostluq və əməkdaşlıq münasibətləri Azərbaycanın regional aktor statusunun güclənməsini təmin edir. Lakin Azərbaycanın müstəqil siyasət yürütməsi AŞPA kimi beynəlxalq təşkilatlarda qısqanclıq yaradır. Cənubi Qafqazın əsas söz sahibinə çevrilmiş Azərbaycanın hər keçən gün işğalçı Ermənistana siyasi-iqtisadi təzyiqinin artması AŞPA-dakı antiazərbaycan qüvvələrin ləkələmə siyasəti yürütmələrinə rəvac verir.
Azərbaycanın etibarlı tərəfdaş olduğunu, dünyanı təhdid edən qlobal problemlərin həllinə böyük töhfələr verdiyini hamı görür və qəbul edir. Ancaq gənc dövlət kimi Azərbaycanın müstəqil siyasət yürütməsi ermənipərəst qrupları narahat edir və regionun “kor bağırsağına” çevrilmiş Ermənistanı səfalətdən xilas etməyə can atırlar. İşğalçı Ermənistanı təcavüzkar siyasətindən əl çəkməyə vadar etmək əvəzinə, AŞPA kimi bəzi qurumlar mücərrəd və əsası olmayan ittihamlar irəli sürərək, Azərbaycanı haqq mübarizəsindən çəkindirməyə çalışırlar. Lakin AŞPA-dakı ermənipərəst qüvvələrin həyata keçirdiyi çirkin kampaniya Azərbaycanı müstəqil siyasətindən və demokratik prinsiplərindən döndərə bilməz. İşğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoymayan bu qurum Azərbaycanla bağlı sənədlər qəbul etməklə tərəfsiz olmadığını və reallığa yox, ayrı-ayrı qrupların mənafelərinə uyğun fəaliyyət göstərdiyini təsdiqlədi. Bununla AŞPA həm də uzun müddətdir yürütdüyü ikili standartlar siyasətini ortaya qoydu və müstəqil qurum kimi, imicinə zərər yetirdi. Tövsiyələrini artıq təzyiq formasına keçirmiş AŞPA üzv ölkələrin siyasi-iqtisadi inkişafını dəstəkləmək əvəzinə, müxtəlif maraqlara xidmət edən ayrı-ayrı qrupların fəaliyyət məkanına çevrildiyini nümayiş etdirdi.
Artıq danılmaz faktdır ki, Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycana olan açıq-aşkar qərəzi qurumun ölkəmizə qarşı nifrətini üzə çıxarır. Bu mövqeyi AŞPA-nın payız sessiyasında da müşahidə etmək mümkün oldu. Payız sessiyasından öncə hətta Yaqland "Azərbaycanı mütləq cəzalandırmaq lazımdır" deməsi onun Ermənistana olan rəğbətini təsdiqləmişdi. Dialoqa səsləyən qurumun antiazərbaycan sənədlər qəbul etməsi AŞPA-nın ikiüzlülüyünü göstərdi. Maraqlıdır ki, AŞPA Azərbaycana qarşı nümayiş etdirdiyi “prinsipiallığı” digər üzvlərə qarşı sərgiləmir. Avropanın əksər ölkəsində insan hüquqları kobud şəkildə pozulur, dini, irqi ayrı-seçkiliyə yol verilir və AŞPA bu gün “Köhnə dünya”nı narahat edən ciddi problemlərin həllinə çalışmaq əvəzinə, Azərbaycana qarşı belə qərəzli mövqe tutur. Bundan başqa, qurumun bir sıra ölkələrində Avropa İnsan Hüquqları Məhkəməsinin minlərlə qərarının yerinə yetirilmədiyi məlumdur. Həmin üzv ölkələrə qarşı hər hansı bir addım atmayan AŞPA müstəqil və demokratik dəyərlərə həmişə sadiqliyini nümayiş etdirən Azərbaycanı hədəfə götürür və rəsmi Bakıya qarşı əsassız ittihamlar irəli sürür. Amma Azərbaycan müstəqil dövlətdir, müəyyənləşdirdiyi yolu ilə addımlayır. Belə qərəzli və əsası olmayan sənədlər qəbul etməklə Azərbaycana təzyiq göstərmək və ölkəmizi haqq yolundan döndərmək mümkün deyil.
Bir sözlə, belə absurd antiazərbaycan qərarlar qəbul etməklə AŞPA kompetent təşkilat olmadığını göstərir. Belə əsassız sənədlərin Azərbaycanın nüfuzuna xələl gətirməyəcəyi gün kimi aydındır. Ancaq belə addım atmaqla Avropa Şurası onsuz da az olan nüfuzunu “əridir” və özü haqqında mənfi rəyin formalaşmasına şərait yaradır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropanın enerji təhlükəsizliyinin güclənməsində, Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunmasında böyük rol oynayır.
Regionun belə güclü dövlətinə qarşı qərəz nümayiş etdirməklə Avropa Şurası özünün maraqlarına da zərbə vurur. Azərbaycan dünyaya geniş açılan ölkədir və üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirən dövlətdir. Buna görə də, bu gün Avropa siyasətçiləri bilməlidirlər ki, Azərbaycan öz müstəqil siyasətini həyata keçirməkdə davam edəcək.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.