Müstəqilliyimizin memarı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq və yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli bir vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır.

Heydər ƏLİYEV
 Ümummilli lider



Biz fəxr edirik ki, müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Mərdliyi, döyüşkənliyi və cəsarəti ilə şöhrətlənmiş Azərbaycan xalqı bütün dövrlərdə əzmkar mübarizə aparmışdır. 1918-ci il mayın 28-də xalqımızın azadlıq və müstəqillik ideallarının təcəssümü kimi elan olunmuş “İstiqlal Bəyannaməsi” Şərqdə ilk dəfə olaraq respublika dövlət idarəçiliyinin əsasını qoymuş, dövlət müstəqilliyimizi rəsmiləşdirmişdir. Mövcud olduğu 23 ay ərzində respublikamızda müstəqillik, azad yaşamaq, beynəlxalq aləmdə tanınmaq istiqamətində müəyyən işlər görüldü.

XX əsrin sonlarında ictimai-siyasi sahədə gedən proseslər nəticəsində SSRİ-nin dağılması ilə yaranmış əlverişli şərait xalqımıza yenidən müstəqilliyə qovuşmaq, öz milli dövlətini qurmaq imkanı verdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi ilə Azərbaycan öz müstəqilliyini elan etdi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası yaradılsa da, ölkənin bir-birini əvəz edən səriştəsiz rəhbərlərinin öz şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları hər yanda xaosun yaranmasına, özbaşınalığın hökm sürməsinə səbəb oldu.

Beləliklə, Azərbaycan 1993-cü il iyunun əvvəllərində real vətəndaş qarşıdurması ilə üz-üzə qaldı. İyunun 4-də Gəncədə baş verən silahlı qarşıdurma ölkəni fəlakətə sürükləyirdi. Surət Hüseynovun silahlı dəstələri Gəncədən paytaxt Bakıya hərəkət edirdilər. Belə bir vəziyyətdə iqtidar çarəsiz qalmışdı və nə etmək lazım gəldiyini bilmirdi. Xalq isə üzünü Heydər Əliyevə tutaraq, onu hakimiyyətə çağırırdı. Ümummilli lider Heydər Əliyev xalqın çağırışını qəbul etdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev Bakıdan göndərilmiş xüsusi təyyarə ilə Naxçıvandan paytaxta gəldi. 1993-cü il iyunun 13-də Milli Məclisdə Gəncə hadisələri (4 iyun) ilə bağlı gərgin müzakirələr başlandı. Gəncədəki mövcud vəziyyəti yerində öyrənmək üçün görkəmli dövlət xadimi Heydər Əliyev həmin gün 30 nəfər jurnalistlə birlikdə Gəncəyə getdi. Həmin dövrdə  Azərbaycan Respublikası Prokurorluğunda çalışsam da, mən də  jurnalistlərlə birlikdə bu səfərin iştirakçısı oldum.

Qeyd edim ki, bu, çox qorxulu bir səfər idi. Gəncədə S. Hüseynovun ətrafına toplaşmış silahlı dəstələr hər an ulu öndərə sui-qəsd edə bilərdilər. Lakin o, bundan qorxmadı, çəkinmədi. Vətəni, xalqı, milləti düçar olduğu bəladan, müstəqilliyimizi məhv olmaqdan xilas etmək üçün bu riskli səfərə getdi. Gəncədə yerli sakinlərin öz xilaskarını, böyük hörmət və ehtiramla qarşıladıqlarının şahidi olduq. Sakinlər dəstə-dəstə küçələrə çıxır, ulu öndərə inandıqlarını nümayiş etdirir, onunla görüşür, bu səfərdən hədsiz dərəcədə sevindiklərini bildirirdilər. Gəncə hadisəsinin “təşkilatçıları”nın bütün planları alt-üst olmuşdu. Cinayətkarlar uzun müddət necə hərəkət etmək, hansı addımları atmaq barədə qərara gələ bilmədilər.  Heydər Əliyevin Gəncəyə gəlməsi və  xalqın onu bayram əhval-ruhiyyəsində qarşılaması Surət Hüseynov tərəfdarlarının canına vəlvələ salmışdı.

1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin həmin gün keçirilən iclasındakı proqram xarakterli çıxışında deyirdi: “Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün ictimai və siyasi təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən qurtarmalıyıq”.

Dahi şəxsiyyət Heydər Əliyevin tarixi qayıdışından sonra Azərbaycan Respublikasında dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başlandı. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə respublika əhalisinin böyük əksəriyyətinin səs verməsi ilə Azərbaycan
Prezidenti seçilən Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Vətənə, dövlətə, xalqa sədaqət andı içdi. Andiçmə mərasimindəki nitqində dahi rəhbərimiz deyirdi: “Azərbaycan Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin tərkibinə daxil olmayacaq, başqa bir dövlətin tabeliyinə düşməyəcək, öz müstəqilliyini daim qoruyacaqdır”. Milli qurtuluş yolunun bu əsas istiqaməti Heydər Əliyev qüdrətilə günbəgün, ilbəil möhkəmləndirildi, əbədi və dönməz xarakter aldı.

Ömürdən keçən hər gün tarixə çevrilir. Azərbaycan xalqı müstəqilliyinin iyirmi altıncı ildönümünü qeyd etməyə hazırlaşdığı bir vaxtda keçilən yola bir daha nəzər salmaq, tarixin dərslərindən nəticə çıxarmaq lazım gəlir. Keçmişi yada salmaq, tariximizdən ibrət dərsi götürmək bizə, hər şeydən əvvəl, gələcəyimizi düzgün müəyyənləşdirməyə imkan verir. Tarixin sınaqlardan çıxmış çoxəsrlik təcrübə birmənalı olaraq təsdiqləyir ki, müstəqilliyin qorunub saxlanması onun əldə olunmasından qat-qat çətindir. İrimiqyaslı qlobal siyasi dəyişikliklərlə müşayiət olunan tarixi dönəmlərdə xalqın mənafeyinə uyğun siyasi iradə nümayiş etdirən şəxsiyyətlərə daha böyük ehtiyac duyulur. Müstəqil dövlətimizin taleyi baxımından müstəsna əhəmiyyət kəsb edən 1993-cü il 15 iyun hadisələrinin – Milli Qurtuluş Gününün mahiyyətinə nəzər salarkən qəti əminliklə söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin köməyilə reallaşdırmaq olar, əks təqdirdə, fürsət itiriləcək, məhrumiyyətlər və qurbanlar hədər gedəcəkdir. Mustafa Kamal Atatürkün Türkiyə, Şarl De Qollun Fransa, Cəvahirləl Nehrunun Hindistan üçün etdiklərini Heydər Əliyev ən ağır və çətin məqamlarda Azərbaycan xalqı üçün edib.

Ümummilli lider Heydər Əliyev 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri günlərində gücün siyasətinə qarşı siyasətin gücünü qoyarkən, bütün xalq qısa vaxt ərzində öz liderinin ətrafında toplaşarkən məhz “haqlı adam güclüdür” deyimi bir daha təsdiqləndi. Ədalətin zəfər çalması uğrunda bütün ömrü boyu çalışan Heydər Əliyev üçün “ədalət” və “dövlət” məfhumları arasında möhkəm bağlılıq var. “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”,- deyən Heydər Əliyev dövlətçi olmağın ilkin şərtini məhz ədalətli olmaqda görürdü.

Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamağı zəruri etmişdi. Məhz ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradılmağa başlandı.

Ümummilli lider Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik normaların daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il avqustun 9-da imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanı ölkədə konstitusiyalı dövlət quruluşunun mühafizəsinə, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunmasına yönəlmiş və cinayətkarlığa qarşı mübarizədə əsaslı dönüş yaratmışdır.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, social-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Onun həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.

Atəşkəs əldə edildikdən sonra xalqımızın ən ağrılı yeri olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirməklə yanaşı, işğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olan güclü və nizami Silahlı Qüvvələr formalaşdırılmışdır.

Azərbaycan daxilində yaranmış stabillikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, “Əsrin müqaviləsi”nin imzalanması, bu sazişlərin Azərbaycana gətirdiyi  milyardlarla dollar sərmayələr isə iqtisadi tərəqqinin əsasını qoydu. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində Azərbaycan qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz xətlərinin çəkilişi kimi nəhəng beynəlxalq layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı. Bu prosesin də əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi şəxsən ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində qəbul etdiyi hüquqi sənədlərdə bu vacib məsələ başlıca ümumdövlət vəzifələri səviyyəsinə qaldırılmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, məhkəmələrdə dövlət ittihamının daha mütərəqqi prinsiplər əsasında həyata keçirilməsi istiqamətində mühüm addımlardan biri də prokurorluq sistemində çoxşaxəli islahatların aparılması, bu orqanın funksiya və vəzifələrinin mövcud Konstitusiyaya uyğunlaşdırılması olmuşdur.

Ulu öndər tərəfindən müəyyən edilmiş siyasi kursun düzgün seçilməsinin, bu kursun müasir dövrün reallıqları nəzərə alınmaqla yüksək idarəetmə məharəti və qətiyyəti ilə, hərtərəfli düşünülmüş və əsaslandırılmış, eyni zamanda çevik idarəçilik üslubuna malik xarizmatik dövlət başçısı cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsinin, iqtisadiyyatın idxaldan asılılığının azaldılması üçün yerli istehsalın hərtərəfli stimullaşdırılmasının, biznes qurumlarına əlverişli şəraitin yaradılmasının, bir sözlə, ciddi islahatların, restrukturizasiyanın, müdrik və səmərəli idarəetmənin tətbiqinin nəticəsidir ki, ölkəmiz dünyada və regionda baş verən neqativ proseslərdən kənarda qalmaqla, dayanıqlı və davamlı inkişaf yolu keçərək həyatın bütün sahələrində böyük uğurlar qazanır.

Ötən bir il respublikamızın ictimai-siyasi və sosial iqtisadi həyatında mühüm əhəmiyyətə malik əlamətdar hadisələrlə zəngin olmuşdur. Onlardan ən əhəmiyyətlisi Konstitusiyaya ümumxalq səsverməsi – referendumla edilən, 12 oktyabr 2016-cı il tarixdən rəsmi dərc edilməklə qüvvəyə minmiş dəyişikliklər olmuşdur. Konstitusiyaya dəyişikliklər mahiyyətcə dövlət idarəetmə mexanizmini müasir dünya tələbləri səviyyəsində təkmilləşdirərək onun çevikliyinin və effektivliyinin artırılması, idarəçiliyin həyata keçirilməsində gənclərin rolunun əhəmiyyətli dərəcədə yüksəldilməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin, müstəqilliyimizin əbədiliyinin, ölkənin hər hansı neqativ təsirlərdən asılı olmayaraq, dayanıqlı və ardıcıl inkişafının təmin olunması məqsədi daşımaqla, respublikamızda demokratik məzmunlu yeni ictimai-siyasi, sosial-iqtisadi islahatların aparılmasını sürətləndirən mütərəqqi addım olaraq ölkədə dövlətçiliyin və qanunçuluğun, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının daha mükəmməl, hüquqi dövlət quruculuğu prosesinin daha yüksək səviyyədə təmin olunmasına xidmət etmişdir. Referendum aktı ilə təsis edilmiş Birinci vitse-prezident vəzifəsinə tanınmış ictimai-siyasi xadim, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təyinatı son dövrün ən önəmli, ölkənin bu günü, gələcəyi, xalqımızın sosial rifahının daha dinamik və təminatlı şəkildə yüksəlməsi üçün xüsusi əhəmiyyətə və dəyərə malik mühüm hadisəsi olmuşdur. Bu yüksək dövlət vəzifəsinə xalqımızın haqq səsini, Azərbaycan həqiqətlərini bütün dünya ictimaiyyətinə çatdıran, 4 amnistiya aktının təşəbbüskarı olmaqla 40 mindən artıq insanın bağışlanmasına, onların ailələrinə sevinc bəxş edilməsinə nail olan, Azərbaycanda keçirilən ən mötəbər tədbirlərdə Təşkilat Komitəsinə rəhbərliyi həyata keçirməklə çox yüksək təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olan, dinlərarası, mədəniyyətlərarası münasibətlərin qurulmasında, multikultural dəyərlərin inkişafında, dövlətin sosial siyasətinin həyata keçirilməsində mühüm rolu olan şəxsin təyin olunması xalqın hədsiz sevincinə səbəb olmaqla ölkənin işıqlı gələcəyinə inamını daha da artırmışdır. Bu mühüm təyinatdan sonrakı ötən müddət ərzində ölkədə həyata keçirilən strateji əhəmiyyətə malik, ölkənin hərtərəfli inkişafına təkan verən işlərin müsbət dinamikasının və intensivliyinin artması qeyd olunanların bariz təsdiqidir.

Ölkədə ictimai həyatın bütün sahələrini əhatə edən sistemli islahatlar, dövlət idarəçiliyinin müasirləşdirilməsi üzrə ardıcıl tədbirlər hüquq sisteminin ən yüksək beynəlxalq standartlara uyğun formalaşdırılmasına və müasir dövrün tələbləri səviyyəsində təkmilləşdirilməsinə zəmin yaradaraq bu istiqamətlərdə görülən işlərin səmərəliliyinin artırılmasını ehtiva etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli proqram xarakterli sərəncamı ölkənin hüquq və qanunvericilik sisteminin daha yüksək müstəvidə inkişafının yeni mərhələsinin başlanğıcı olmaqla, bu istiqamətdə görülən işlər üçün yol xəritəsi əhəmiyyətinə malik olmuşdur. Həmin sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, bəzi cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini təmin etmiş, qeyd edilən hər bir istiqamətdə növbəti islahatların həyata keçirilməsinə zəmin yaratmışdır.

Bu gün ölkəmizdə ən müxtəlif sahələr üzrə davam edən inkişaf prosesləri məntiqi ardıcıllıqla bir-birini tamamlayır. Azərbaycanda güclü ordu qurulur, ölkəmizdə informasiyalı cəmiyyətin formalaşması, əldə edilən iqtisadi mənfəətlərin qloballaşan dünyanın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına yönəldilməsi üçün məqsədyönlü addımlar atılır, informasiya texnologiyalarının son nailiyyətləri daha böyük sürətlə Azərbaycan həyatının ayrılmaz bir hissəsinə çevrilir. Bütün bunlara paralel olaraq ölkədə aparılan demokratik islahatlar getdikcə daha geniş vüsət alır, insan hüquq və azadlıqlarının təminatı sistemi daha da mükəmməlləşdirilir, Azərbaycanda tolerant bir mühitin dayanıqlılığına şərait yaradan əsaslar möhkəmləndirilir.

Azərbaycanın istiqlalının, Azərbaycançılıq məfkurəsinin, milli müstəqilliyimızin banisi və xilaskarı Heydər Əliyev ideyaları hər bir Azərbaycan vətəndaşını, bütün dünya azərbaycanlılarını birliyə, bütövlüyə və fədakarlığa çağırır. Heydər Əliyevin əbədiyaşar ideyaları milli azadlığa qovuşan azad, müstəqil Azərbaycanın daha xoşbəxt gələcəyə gedən dönməz tərəqqi, intibah yollarında ən real, ən perspektivli xilaskar qüvvədir. Heydər Əliyev ideyaları fundamental əsaslarda, konseptual genişlikdə azərbaycançılıq məfkurəsinin sütunudur, hərəkətverici beyin mərkəzidir. Bu ideyalar Azərbaycan reallığının bütöv tarixi yollarından, inkişaf, intibah pillələrindən, eləcə də müəyyən dövrlərin tənəzzül, böhranlı eniş məqamlarının analitik dərkindən çıxış edərək, bugünün və sabahın, perspektiv gələcəyin yaxın və uzaq yollarını göstərir.

Bu gün dahi şəxsiyyət Heydər Əliyevin ideyaları yaşayır və xalqımıza düzgün yol göstərir. Azərbaycan dövləti ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə doğru inamla irəliləyir. Bundan sonra da ölkənin uğurlu inkişafı üçün əlindən gələni edəcəyinə söz verən dövlət başçısı İlham Əliyev demişdir: “Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir”.

Əfrahim TƏHMƏZOV,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında