Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından artıq 16 il keçir. Bu müddət ərzində hər iki tərəfin müxtəlif sahələrdə əlaqələri getdikcə genişləndirilmiş və ölkəmiz bu qurumun fəal üzvlərindən birinə çevrilmişdir. Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirir, insan hüquq və azadlıqlarının müdafiəsində, azad sözün, müstəqil mətbuatın inkişafında, şəffaf və ədalətli seçkilərin keçirilməsində, həmçinin digər demokratik prinsiplərə sadiqliyində qətiyyətli addımlar atıb. Xatırladaq ki, 2001-2003-cü illərdə, bu quruma tamhüquqlu üzv kimi qəbul olduğumuz ilk illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinə Prezident İlham Əliyev rəhbərlik etmişdir. Nümayəndə heyətimizin fəallığı, bu qurum qarşısında götürülən öhdəliklərin layiqincə yerinə yetirilməsi AŞPA rəhbərliyinin diqqətindən yayınmamış və 2003-cü ilin yanvar ayında bu qurumda nümayəndə heyətimizin rəhbəri İlham Əliyev AŞPA Bürosunun iclasında büro üzvü və AŞPA-nın vitse -prezidenti seçilmişdir. Bu, Azərbaycan nümayəndə heyətinə, onun rəhbərinə göstərilən böyük etimaddan irəli gəlirdi.
2004-cü ilin aprelində Strasburqa artıq Azərbaycan Respublikasının Prezidenti kimi səfər etmiş dövlətimizin başçısı Avropa Şurasının bir sıra yüksək rütbəli nümayəndələri ilə görüşlər keçirmişdir. Səfər çərçivəsində Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şider Azərbaycan Prezidentinə AŞPA-nın fəxri üzvü diplomunu və medalını təqdim etmişdir. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan Avropa Şurasına daxil olduğu gündən həmin qurumun tədbirlərində yaxından iştirak etmiş və təşkilatın etimadını qazanmışdır. Ümumiyyətlə, Azərbaycan xarici siyasətində bütün ölkələrlə dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm vermişdir. Həmin ənənə bu gün də uğurla davam etdirilir. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edən respublikamız bu əlaqələrin genişlənməsi üçün böyük dövlətlərin və beynəlxalq təşkilatların tədbirlərinə qatılır, yüksək fəallıq göstərir, qaldırılan məsələlərə öz münasibətini bildirir.
Təəssüf ki, bütün bunların qarışılığında bəzi qurumlar, həmçinin Avropanın və Qərbin bir sıra dövlətləri ölkəmizə qarşı ədalətsiz mövqedə olduqlarını gizlətmir, ikili standartlardan əl çəkmir və qarayaxma kampaniyalarını davam etdirirlər. Halbuki, SSRİ-nin süqutundan sonra yaranmış MDB dövlətləri ilə müqayisədə Azərbaycanın beynəlxaq aləmə inteqrasiyası daha çox qiymətləndirilir.
Təəccüblüdür ki, Azərbaycan beynəlxalq aləmdə böyük rezonans doğura biləcək addımlar atdıqda, yeni transmilli layihələr həyata keçirdikdə, mötəbər və nüfuzlu tədbirlərə ev sahibliyi etdikdən sonra ölkəmizə və onun ali rəhbərliyinə qarşı şər-böhtan kampaniyaları daha geniş vüsət alır. Müəyyən dairələr tərəfindən təşkil olunan belə çirkin kampaniyalara, ölkəmizə qarşı qərəz və ədalətsizliyə özünü, əsasən, insan hüquq və azadlıqlarının müdafiəçisi kimi tanıdan AŞPA-nın qoşulması təəssüf hissi yaradır. Bu ilin sentyabrında Azərbaycanın “Əsrin müqaviləsi”ni 2050-ci ilə qədər uzatması fonunda yenə analoji hal müşahidə olunmuş, sanki bir yerdən idarə olunan mexanizm işə düşmüş və əldəqayırma qurumlar ölkəmizə qarşı kampaniyalara start vermişdilər. AŞPA-nın da kimlərinsə əlində alətə çevrilməsi bu qurumun insan hüquq və azadlıqlarının qorunması tərəfdarı olmasına cəmiyyətdəki inamı heçə endirir.
Söz yox ki, Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Hətta AŞPA Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi barədə qətnamələr də qəbul edib. Lakin bu qurum Ermənistanın işğalçılıq siyasətinə qarşı qəbul etdiyi qətnamələrin icrasının təmin edilməsi istiqamətində qətiyyətli addımlar atmır, sanki özünün “demokrat” və “ədalətli” olduğunu nümayiş etdirmək məqsədilə hərdənbir bu yönümlü qətnamələr qəbul etmişdir. Bu qurumun bir çox hallarda ölkəmizə qarşı ikili standart nümayiş etdirməsi də cəmiyyətdə etiraz və inamsızlıq doğurmuşdur. Təşkilatda təmsil olunan ermənipərəst qüvvələr Azərbaycana qarşı mütəmadi olaraq qarayaxma kampaniyasını həyata keçirir, böhtanla dolu qətnamələrin qəbul edilməsinə nail olurlar. Bu da əksər hallarda Azərbaycanla AŞPA arasında münasibətlərin inkişafına kölgə salır. Bunu faktlar da təsdiqləyir. Məsələn, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv seçilməsindən 16 il keçsə də, ölkəmizin üzləşdiyi problemlərin, xüsusilə Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addım atılmayıb. Amma bunun müqabilində Azərbaycan Avropa Şurasının qəbul etdiyi bütün qərarlara hörmətlə yanaşır. Əvəzində isə təşkilatın qərəzli, böhtanla dolu qətnamələri ilə qarşılaşıb.
Sanki bu qurumun üzvləri unudurlar və ya özlərini bilməzliyə vururlar ki, AŞPA-da Azərbaycanla bağlı hansısa müzakirlər keçirilirsə, ilk növbədə Dağlıq Qarabağ münaqişəsi gündəmə gətirilməlidir. Axı, bu qurum özünü daha çox insan hüquq və azadlıqlarının müdafiəçisi rolunda göstərməyə çalışır. Bəs onda Ermənistanın işğalçılıq siyasəti nəticəsində işğal olunmuş Azərbaycan ərazilərindən, ata-baba yurdlarından didərgin salınımış 1 milyondan çox soydaşımızın pozulmuş hüquqları niyə unudulur? Ona görə ki, Azərbaycan Avropa Şurasının digər üzv dövlətləri kimi bütün öhdəlikləri layiqincə yerinə yetirir və prioritet proseslərdə fəal iştirak edir?
AŞPA-da baş verən hadisələr və ya ölkəmizə qarşı qəbul olunan qətnamələr, beynəlxalq hüququn pozulması hallarının gizlədilməsi və bütün vasitələrlə Ermənistanın işğalçılıq siyasətinin ört-basdır edilməsi faktları da təsdiqləyir ki, sanki bu qurumda bütün bunları idarə edən xüsusi bir şəbəkə yaradılıb. Əsas məqsəd isə ölkəmiz əleyhinə antiazərbaycan kampaniyası aparmaq, Dağlıq Qarabağın işğalını diqqətdən yayındırmaq, insan hüquqlarının müdafiəsini əldə bayraq edərək, şəxsi maraqlara və subyektiv mülahizələrə daha çox üstünlük verməkdir. Biz bunu AŞPA-nın sonuncu sessiyasında daha çox müşahidə etdik. Son proseslər göstərir ki, AŞPA-da Azərbaycana qarşı qərəz və sifariş əsasında fəaliyyət göstərən qrup öz çirkin niyyətlərini yenidən həyata keçirdir. Avropa və Qərbdəki bəzi dairələrin əlində alətə çevrilmiş AŞPA Azərbaycan əleyhinə qətnamələr qəbul etməklə, ölkəmizə qarşı qərəzli olduğunu bir daha təsdiqlədi.
AŞPA-nın oktyabrın 11-də keçirilən plenar iclasında da ölkəmiz əleyinə növbəti qətnamələr qəbul olunmuşdur. Qərəz və böhtandan ibarət iki hesabat bu qurumun ölkəmizə qarşı ədalətsizliyinin və kiminsə sifarişinin yerinə yetirməsindən xəbər verirdi. İlk olaraq Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə dinləmələr keçirilmiş, daha sonra Alen Desteksin “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatı müzakirəyə təqdim olunmuşdur.
Məruzəçilər Azərbaycana etdikləri səfərlər, keçirdikləri görüşlər barədə məlumat vermiş, eləcə də hazırladıqları hesabatların xülasəsini diqqətə çatdırmışlar. S.Şennax Azərbaycana son səfərləri zamanı dövlət rəsmləri ilə yanaşı, vətəndaş cəmiyyəti təmsilçiləri ilə, məhbuslarla görüşdükdən sonra respublikamızda bir çox sahələrdə irəliləyişlərin olduğunu müşahidə etdiyini, dövlət rəsmiləri ilə əməkdaşlıq edərək, müsbət irəliləyişlərə nail olduqlarını diqqətə çatdırıb. Onların hazırladıqları məruzənin isə sifarişli və qərəzli olması dediklərinin tam əksidir. Təbii ki, bu qərəzin arxasında təzyiq və təhdidlərin dayandığı hər birimizə bəllidir. Son vaxtlar AŞPA-nın baş katibi Torbyorn Yaqland Azərbaycana qarşı qərəzi ilə xüsusi seçilir. Bu şəxs əvvəllər də ölkəmizə qarşı əsassız ittihamlarla çıxış edirdi. Lakin onun ittihamları öz təsdiqini tapmadı. Son vaxtlar Yaqland daha da fəallaşıb. O, vəzifə səlahiyyətlərini aşaraq, Azərbaycana qarşı ən ağır ittihamlar səsləndirir. Ona verilən sifariş necə “təsirli” olubsa, hətta Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) səlahiyyətli nümayəndələrinin əvəzindən belə danışıb və Azərbaycana qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə çağırıb. Bir nəfərə görə Azərbaycanın Avropa Şurasından çıxarılmasını sanksiyalaşdırmağa çalışan və bununla 10 milyon insanı Avropa Məhkəməsində öz hüquqlarını müdafiə etməkdən məhrum etməyə cəhd göstərən baş katib görəsən Ermənistanın işğalçılıq siyasətindən və bir milyondan çox insanı hüquqlarını kobud şəkildə pozmasından niyə danışmır? Budurmu AŞPA rəhbərliyinin demokratlığı və ya insan hüquq və azadlıqlarının müdafiəsi?
Dövlətimizin başçısı bugünlərdə Avropa İttifaqı Şurasının nümayəndə heyəti ilə görüşü zamanı əvvəllər ölkəmizə qarşı yönəlmiş belə təhdid və təzyiqləri onların diqqətinə çatdırmış, son vaxtlarda təşkilatın bəzi rəsmilərinin Azərbaycana qarşı yeni hücumlar təşkil etdiyini və ölkəmizi üzvlükdən məhrum etmək, sanksiyalar tətbiq etməklə bağlı hədələrin səsləndiyini bildirmişdi. Prezident İlham Əliyev diplomatlara Azərbaycanda Avropa Şurası ilə bağlı ictimai rəyin müsbət olmadığını xatırlatmış, ölkəmizə qarşı məqsədyönlü hücumun məyusluq yaratdığını və cəmiyyətdə “bizim o təşkilatda nə işimiz var” kimi fikirlər meydana gətirildiyini onların diqqətinə çatdırmışdır. Ölkə başçısı belə fikirlərin üstünlük təşkil etməməsi üçün konstruktiv qaydada çalışmağın vacibliyini vurğulamış, mövcud problemlərin həlli istiqamətində yaxın vaxtlarda müsbət dəyişikliklərin olacağına ümid etdiyini bildirmişdir.
“AŞPA müəyyən məqsədli dairələrin əlində Azərbaycana qarşı təzyiq alətinə çevrilib” deyən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycana dair qəbul olunmuş sənədlərə münasibət bildirərkən AŞPA-nı qınamış və bu qurumun müəyyən maraqlı antiazərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanmış və xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməklə, növbəti dəfə ölkəmizə qarşı öz qərəzli və ədalətsiz mövqe nümayiş etdirdiyini bildirmişdir. Ə.Həsənov Azərbaycanın bu quruma üzv olduğu dövrdən keçən müddət ərzində ardıcıl şəkildə müəyyən lobbi qruplarının və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşdiyini diqqətə çatdırmışdır. O, cənab Torbyorn Yaqlandın baş katib olduğu dövrdə isə bu təzyiqlərin daha da artdığını və kəskinləşdiyini vurğulamış, bunu onun Azərbaycana qarşı xüsusi neqativ münasibətindən irəli gələn məsələ kimi qiymətləndirmişdir.
Dünyanı qlobal və maliyyə böhranının bürüdüyü bir vaxtda Azərbaycanın bütün sahələr üzrə irəliləyiş əldə etməsi, qeyri-neft sektorunda xüsusi canlanma yaranması, gələn ilin dövlət büdcəsində artımın müşahidə olunması, həmçinin ölkəmizin beynəlxalq aləmdə reytinqinin getdikcə yüksəlməsi, dövlətimizin başçısının yüksək tribunalardan, xüsusilə BMT Baş Assambleyasının 72-ci sessiyasında ikili standartlara yol verən beynəlxalq təşkilatları, o cümlədən BMT kimi ali qurumu özünün ali kürsüsündən kəskin tənqid etməsi bəzi təşkilatların , necə deyərlər, kürkünə birə salıb. Bütün bunlar öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdən və prinsipial mövqeyi ilə seçilən Azərbaycanın antiazərbaycan dairələrin qərəz və böhtanına tuş gələcəyinə gözlənilən idi. Bu qərəzlə artıq AŞPA-nın sessiyasında qəbul olunan qətnamələrlə qarşılaşdıq. Avropalı parlamentarilərin öz gözündə tiri qoyub, başqasının gözündə tük axtarmaları birinci dəfə deyil. Biz dəfələrlə belə ədalətsizliyin, “Avropasayağı demokratiya”nın şahidi olmuşuq. İslamofobiya, irqi və dini ayrı-seçkiliyin, insan hüquqlarının, ifadə azadlığının kobud şəkildə pozulması hallarının baş alıb getdiyi ölkələr bir yanda qalır, əvəzində isə Azərbaycan hədəf seçilir. Gənc müstəqil dövlətlərə “demokratiya dərsi” keçmək istəyən belə antidemokratlar miqrant axınına bürünmüş, münaqişələrin getdikcə alovlandığı, terrorizmin və separatizmin baş alıb getdiyi Avropanın gələcəyi barədə düşünməkdənsə, bu problemlərin aradan qaldırılması yollarını arayıb – axtarmaqdansa, başqa ölkələrdə nöqsan axtarışına çıxıblar. Bu ədalətsizlik Avropanın fundamental dəyərlərinə açıq şəkildə hörmətsizlikdir. Bu hörmətsizliyə artıq AŞPA da qoşulub.
Xatırladaq ki, sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə düzəliş edilmiş və yenidən tərtib olunmuş, sazişin 2050-ci ilə qədər uzadılması barədə ümumi razılıq əldə olunmuşdur. Bu saziş ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq. Çünki kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Əlbəttə ki, kontraktın bir çox müddəaları da var. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı oktyabrın 30-da Bakı şəhərində keçiriləcək. Bu uğurlar antiazərbaycan dairələri ciddi təşvişə salıb. Onlar beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün belə ədalətsizliyə, qərəz və böhtana əl atır, AŞPA-nı da bu çirkaba qoşurlar.
Bu gün demokratik ənənələrə sadiqliyini nümayiş etdirən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması, qərəz və böhtanla dolu qətnamələrin qəbul edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsini bəhanə gətirərək haqqın nahaqqa qurban verilməsi bir daha göstərir ki, AŞPA müəyyən məqsədli dairələrin, antiazərbaycan qüvvələrin əlində təzyiq alətinə çevrilib və konkret sifariş yerinə yetirir. Təbii ki, bu kimi əsassız, qarayaxma sənədlər qəbul etməklə Azərbaycana təzyiq göstərmək, onu təhdid etmək qeyri-mümkündür. Çünki Azərbaycan müstəqil, güclü dövlətdir. Ölkəmiz uğurlu daxili və xarici siyasət yeritməklə öz yolu ilə irəliləməkdə davam edəcəkdir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.