Azərbaycan nəinki postsovet məkanında, hətta, bütövlükdə Avrasiyada azsaylı ölkələrdəndir ki, istənilən beynəlxalq təşkilat qarşısında götürdüyü öhdəlikləri vaxtında və yüksək səviyyədə yerinə yetirir. Bu isə bizim kimdənsə çəkindiyimizə və ya ehtiyatlı davrandığımıza görə deyil, bilavasitə xalqımızın mənəvi keyfiyyətlərindən gələn məsuliyyət hissindən və dövlətimizin götürdüyi siyasi kursun mahiyyətindən irəli gəlir. Qarşısında öhdəlik götürdüyümüz və ötən əsrin doxsanıncı illərinin ortalarından etibarən sıx əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlardan biri də Avropa Şurası və bu şuranın Parlament Assambleyasıdır.
AŞPA üzvü olan ölkələrin parlamentariləri şahiddirlər ki, 2001-ci ilin yanvarından, yəni Azərbaycanın bu quruma üzv olduğu gündən etibarən ölkəmizin həmin qurumdakı nümayəndə heyəti ən fəallardan olub. Bu fəallığın və qarşılıqlı inamın nəticəsi idi ki, deputat İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətimiz həmin beynəlxalq təşkilatın Ermənistanı işğalçı dövlət kimi tanıyan xüsusi sənəd qəbul etməsinə nail olmuşdu. Ancaq aradan illər keçdikcə Avropanın bədxassəli şişinə çevrilmiş erməni lobbisi bu qurumdakı bəzi siyasətçilərin fəaliyyətinə elə mənfi təsir göstərdi ki, həmin təsirin fəsadlarını Avropanın özü də hələ uzun müddət aradan qaldırmağa çalışacaq.
Çox təəssüf ki, dünən də belə oldu. Azərbaycanla bağlı səsləndirilən hesabatlar və həmin hesabatlar ətrafında aparılan müzakirələrdəki bəzi çıxışlar sırf antiazərbaycan əhval-ruhiyyəsinə köklənmişdi. Kütləvi informasiya vasitələri yazırlar ki, oxunulan hesabatlarda və bəzi çıxışlarda qarşıya qoyulan əsas məqsəd məhz ermənilərin xoşuna gəlməkdən ibarət idi.
Bu fikirlərin təsdiqini Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun mətbuata açıqlamasında da görürük: “Açıq-aydın hiss olunur ki, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdən və prinsipial mövqeyi ilə seçilən Azərbaycanın AŞPA-da fəallığı bir çoxlarına sərf etmir. Əks təqdirdə, parlamentarilər daha çox islamofobiya, ksenofobiya, irqi və dini ayrı-seçkiliyin baş alıb getdiyi, insan hüquqlarının, ifadə azadlığının kobud şəkildə pozulması hallarının artdığı Avropanın gələcəyi barədə düşünər və bu problemlərin aradan qaldırılması yollarını axtarardılar. O cümlədən İnsan Haqları üzrə Avropa Məhkəməsinin 10 minə yaxın qərarının icra olunmamasından narahatlıqlarını ifadə edərdilər. Krım məsələsinə görə Rusiyaya sanksiya tətbiq olunduğu halda, nəyə görə 25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan barədə ölçü götürülməməsi məsələsini qaldırardılar və Avropanın fundamental dəyərlərinə bu dərəcədə açıq hörmətsizlik nümayiş etdirməzdilər”.
Xatırladaq ki, dünən AŞPA-da Azərbaycanla bağlı hesabatlar üzrə iki qətnamə qəbul olunub. Belçikalı parlamentar Alen Desteksin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabat üzrə aparılan müzakirələrdən sonra hesabata əlavə və dəyişikliklər edilib. “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə qətnamə isə düzəlişlərsiz qəbul edilib. Kütləvi informasiya vasitələri xəbər verirlər ki, çıxış edən məruzəçilər Azərbaycana etdikləri səfərlər, keçirdikləri görüşlər barədə danışıblar, eləcə də hazırladıqları hesabatların xülasəsini diqqətə çatdırıblar. Deputat Şennax Azərbaycana son səfərləri zamanı dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyəti təmsilçiləri ilə, məhbuslarla görüşdüklərini bildirib: “Biz buraya hansısa ölkəyə dərs vermək üçün yığışmamışıq, biz sadəcə üzv ölkələrin demokratik inkişafına öz yardımımızı göstəririk. Biz Azərbaycanda bir çox sahələrdə irəliləyişlərin olduğunu müşahidə etdik. Hökumət nümayəndələri ilə əməkdaşlıq edərək müsbət irəliləyişlərə nail olmuşuq”.
Ancaq bütün bunlar bizim kənardan-kənara eşitdiyimiz xəbərlərdir. Bilavasitə, müzakirələrdə iştirak etmiş deputatlarımız isə AŞPA sessiyasının keçirildiyi zaldakı ab-havanı daha yaxından görüb, şahid olduqlarına görə onların qənaət və mülahizələri daha dəqiq idi. Məsələn, AŞPA-dakı daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov müzakirələr başa çatdıqdan dərhal sonra mətbuata verdiyi müsahibədə qeyd edib ki, bu gün biz AŞPA-da ağa qara demək siyasətini və davranışını gördük.
Deputat əlavə edib: “AŞPA-dakı bugünkü müzakirələr bir daha göstərdi ki, burada müxtəlif qruplar, xüsusilə ermənilər tərəfindən dəstək alanlar Azərbaycanı ciddi tənqid etmək cəhdlərini ortaya qoymağa çalışdılar. Təsəvvür edin, çox vaxt AŞPA-nın iclaslarında iştirak etməyən şəxslər hamısı bura gəlib, Azərbaycanla bağlı bu fürsəti əldən vermək istəmədilər”.
Maraqlıdır ki, həmin şəxslər açıq-aşkar öz qarşılarına məqsəd qoyublarmış ki, Avropa Şurası daxilində Azərbaycana qarşı lobbiçilik, nifrət kampaniyası yaratsınlar: “Burada yalan, böhtan, Azərbaycana qarşı ağlasığmaz faktları gündəmə gətirib səsləndirirlər. Bir faktı deyim, Azərbaycan hüquqi islahatlarla bağlı dünya hüquq təşkilatının ən fəal üzvlərindən biridir, ölkədə hüquqi islahatlar, hakimlərin təyin olunması, qanunvericiliyin inkişaf etdirilməsi kimi məsələlər bütün dövlətlər tərəfindən qəbul olunub və bu, danılmaz faktdır. Ancaq məruzəyə “Azərbaycanda hüquqi islahatlara başlamaq lazımdır” sözlərini əlavə etmək o deməkdir ki, ya onlar Azərbaycanda gedən prosesləri ümumiyyətlə bilmirlər, ya da Azərbaycana qarşı qəsdən əsassız iddialar irəli sürürlər. Bugünkü müzakirələrdə onların əsas məqsədi Azərbaycanla Avropa Şurası arasında uçurum yaratmaq idi”.
Strasburqdan xəbər verən kütləvi informasiya vasitələrimizin təmsilçiləri bildirirlər ki, ermənilər və ermənipərəstlərlə əlbir olan ikili standart daşıyıcıları nə qədər çox və qərəzli olsalar da, öz istədiklərinə nail ola bilməyiblər. Çünki çıxışlar zamanı deputatlara Azərbaycanın inkişafı, mövqeyi, rolu, gördüyü işlərlə bağlı həm Azərbaycan nümayəndə heyəti tərəfindən, həm də bir sıra AŞPA deputatları tərəfindən konkret faktlar çatdırılıb. AŞPA zalında mövcud olan faktlardan biri də odur ki, artıq Avropada da başa düşdülər ki, Avropa Şurasının baş katibi Avropa İnsan Haqları Məhkəməsində on minlərlə yerinə yetirilməmiş işi kənara qoyaraq, yalnız bir işdən yapışıb, Azərbaycanın nüfuzuna, mövqeyinə birbaşa zərbə vurmaq niyyətindədir. Nümayəndələrimiz iclasda həmin məsələni də qaldırıblar.
Bundan başqa, assambleyanın payız sessiyasında “Azərbaycanda demokratik təsisatların fəaliyyətləri” və “Azərbaycanın Avropa Şurasında həmsədrliyi – insan haqlarına münasibətdə gözlənilən inkişaf” adlı məruzələrlə bağlı müzakirələr zamanı bu təşkilatdakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynovun fikirləri assambleyanın katibliyi tərəfindən nəşr edilərək yayılıb. Deputatın tərtib etdiyi həmin materialda bu cümlələr də var: “Azərbaycanı öz siyasi təsir dairəsinə qatmağa çalışan dövlətlər və güclərin onu daim kənardan müxtəlif iqtisadi və siyasi təzyiqlərə məruz qoyması da unudulmamalı, Azərbaycan kimi ölkələrə daha həssas münasibət və dəstək göstərilməlidir. Lakin təəssüf ki, bəzən elə həmin qüvvələrin təsiri ilə Avropa Şurasında da zahirən onların özlərinin iştirakı olmadan, lakin onların bilavasitə təsiri ilə güclü təzyiqlər təşkil olunur. Azərbaycan nümunəsində bunu xüsusilə son dövrdə bütün aydınlığı ilə hiss edirik.”
“Azərbaycanın demokratik dəyərlərə sadiq və xalqını sevən ləyaqətli rəhbərliyi, əzmkar xalqı var”, – deyən deputat əlavə edir ki, heç bir qərəzli, ədalətsiz yanaşma, heç bir qarayaxma və şər kampaniyası, heç bir bədxah təzyiq Azərbaycanı öz doğru yolundan döndərə bilməz.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.