Ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritetini təşkil edir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasəti qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini xeyli yüksəltmişdir. Bu qəbildən olan insanlar üçün hər cür infrastruktura malik mənzillər tikilmiş, qəsəbələr salınmış, yeni iş yerləri yaradılmış və onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müvafiq dövlət proqramları qəbul olunmuşdur.
Ulu öndər Heydər Əliyevin prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvarda məskunlaşmış məcburi köçkünlərlə keçirməsi, növbəti seçkilərdə ən layiqli namizəd İlham Əliyevin də eyni addımı atması təsadüfi deyildi. Bu görüşlər respublika əhalisinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğının təzahürü idi. Həmin vaxt prezidentliyə namizəd İlham Əliyev vəd etmişdi ki, əgər o, prezident seçilərsə, ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Prezident seçkilərindən sonra xalqımız verilən vədin layiqincə yerinə yetirilməsinin şahidi oldu. Həmin qayğı təkcə bununla kifayətlənmədi.
Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 55 fərman və sərəncam imzalanıb. 2001-2016-cı illərdə 95 qəsəbə salınmış, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilmişdir. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enmişdir.
Bu xeyirxah missiya Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də uğurla davam etdirilir. Onun Birinci vitse-prezident təyin edildikdən sonra ilk görüşünü məcburi köçkünlərlə keçirməsi də bu qəbildən olan insanlara diqqət və qayğıdan xəbər verir. Məlum olduğu kimi, bu il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilmişdi. İlk müşavirənin, məcburi köçkünlərin sosial problemlərinə həsr edilməsi doğma yurdlarından didərgin salınmış soydaşlarımızda ata-baba ocaqlarına qayıdacaqlarına böyük inam yaratmışdır. Bütün qaçqın və məcburi köçkünlərdə də
Mehriban xanım Əliyevanın digər sahələrdə dünyəvi uğurlara nail olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən əziyyət çəkən insanlara da öz layiqli töhfəsini verəcəyinə əminlik yarandı.
Həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə məlum olduğu kimi,
Mehriban xanım Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik etdiyi illərdə və deputatlıq fəaliyyəti dövründə ölkə həyatının elə bir sahəsi olmayıb ki, oradakı problemli məsələlər onun diqqətindən kənarda qalsın. Həmçinin bir sıra xarici ölkələrdə məktəb tikintisində və digər xeyirxah missiyalarda öz köməyini əsirgəmiş olsun. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən layihələr təhsil, səhiyyə, mədəniyyət və sosial sferaları, ekologiya, idman və sair sahələri əhatə edir. Bütün imkan və bacarığını insanların rifahı naminə humanitar proqramların reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldən Birinci vitse-prezident köməyə ehtiyacı olan insanlara hər an yardım etməyə hazır olub. Qarşıya qoyulan növbəti prioritet vəzifə isə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yüksəldilməsidir.
Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə qarşıya qoyulan vəzifələr artıq öz bəhrəsini verir. Bir daha xatırladaq ki, həmin müşavirədə Birinci vitse-prezident qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılmasının prioritet vəzifə kimi daim dövlətin diqqət mərkəzində olduğunu bildirmişdi: “Doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli artıq 20 ildən çoxdur ki, Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Cənab İlham Əliyevin Prezident kimi imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı olmuşdur. 2007-ci və 2011-ci illərdə həmin proqrama əlavələr təsdiqlənmişdir. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir”.
Xanım Mehriban Əliyeva bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salındığını, 250 min köçkünün yeni mənzillə təmin olunduğunu, həmin qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edildiyini, habelə soydaşlarımızın işlə təmin olunması istiqamətində də lazımi addımlar atıldığını bildirmişdi. Qeyd edilmişdi ki, son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunmuşdur.
Birinci vitse-prezident görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşadığını diqqətə çatdırmış, onlar üçün yeni qəsəbələrin salınmasının zəruriliyini qeyd etmiş və bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə, təxirəsalınmaz addımların atılmasının vacib olduğunu diqqətə çatdırmışdır. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməsi prioritet vəzifə kimi qarşıya qoyulmuşdu. Həmin müşavirədə
Mehriban xanım Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınması təşəbbüsünü də irəli sürmüşdür. Qeyd etmişdir ki, qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir.
Bir neçə gün əvvəl Azərbaycanın Birinci vitse-prezidenti Bakının Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni bina ilə tanış olmuşdur. Bu bina “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində inşa edilib.
Ramana qəsəbəsindəki binada yaradılan şəraitdən məmnunluğunu ifadə edən Mehriban xanım Əliyevaya məlumat verildi ki, buraya Xətai rayonunda və Sarıqaya yaşayış massivində qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış 50 məcburi köçkün ailəsi köçürüləcək. Birinci vitse-prezident, həmçinin Ramanada Qubadlı rayonunun Xanlıq kənd orta məktəbinin yeni binasında yaradılan şəraitlə də tanış olmuşdur.
Mehriban xanım Əliyeva həmin gün Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində də iştirak etmişdir. Bu binalar da “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində tikilmişdir. Müasir səviyyədə təmir edilən mənzillərin hamısı zəruri avadanlıqla, həmçinin qaz, su və elektrik enerjisi ilə təmin olunub. Binaların həyətində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.
Mərasimdə çıxış edən Birinci vitse-prezident uzun sürən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın ən böyük ağrısı olduğunu bildirmiş və demişdir ki, qonşu ölkənin işğalçılıq siyasəti nəticəsində yüz minlərlə soydaşımız doğma torpaqlarını, yurd-yuvalarını tərk edərək, qaçqın və köçkün həyatı sürməyə məcburdurlar.
Ermənistanın işğalçılıq siyasətini hələ də davam etdirməsini dövlətimizin başçısı İlham Əliyev tərəfindən həm beynəlxalq təşkilatlarda, həm ikitərəfli görüşlərdə daim gündəmə gətirildiyini vurğulayan birinci xanım demişdir ki, Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərək, dünya ictimaiyyətinin diqqətini yenidən bu məsələyə yönəltmişdir. O, ölkəmizin ərazilərinin hələ də işğal altında olmasını və Azərbaycanda bir milyon insanın qaçqın və məcburi köçkün həyatı yaşadığını vurğulamışdır.
Mərasim iştirakçılarının diqqətinə çatdırılmışdır ki, Azərbaycan tərəfi uzun illərdir ki, müxtəlif tribunalardan öz haqq sözünü dünya birliyinin diqqətinə çatdırır. Əfsuslar olsun ki, dünyada mövcud olan, xüsusilə ölkəmizə qarşı tətbiq edilən ikili standartlar münaqişənin ədalətli həllinə mane olur.
Mehriban xanım dünyada insan hüquqlarını qoruyan bir çox təşkilatların fəaliyyət göstərdiyini də diqqətə çatdırmışdır: “Niyə Azərbaycanın bir milyon qaçqın və məcburi köçkününün ən əsas hüququ – öz doğma torpağında, öz evində yaşamaq hüququ pozulub? Niyə bu təşkilatlar bu insanların hüquqlarının bərpası üçün heç bir səy göstərmirlər? Niyə dünya mediasının səhifələrində, saytlarında bu barədə məqalələr dərc etdirmirlər? Niyə dünya ictimaiyyətinə dolğun və doğru informasiya çatdırmırlar? Niyə işğalçı ölkəyə qarşı lazımi təzyiqlər göstərilmir? Bütün bu sualların cavablarını biz bilirik və hamı bilməlidir ki, əsas səbəb Azərbaycanın gücü, Azərbaycanın möhkəmlənməsi, Azərbaycanın müstəqilliyi və Azərbaycanın müstəqil siyasətidir”.
Birinci vitse-prezident yeni mənzillərə, yeni evlərə köçən ailələrə işıqlı və xoşbəxt həyat arzulamışdır: “Ən böyük arzum, – əminəm ki, bu, hər bir azərbaycanlının ən böyük arzusudur, – doğma torpaqlarımızda, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan dövləti tərəfindən tikilmiş yeni mənzillərdə, yeni evlərdə sizin uşaqlarınızın, nəvələrinizin, nəticələrinizin toy mərasimində birgə iştirak edək”.
Yeni mənzillərə köçən məcburi köçkünlər onlar üçün yaradılmış belə gözəl, rahat şəraitə görə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.