Azərbaycan dili xalqımızın ən böyük mənəvi sərvəti, dövlət müstəqilliyimizin önəmli atributudur

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Dil, xalq və dövlət anlayışları çoxminillik bəşər tarixinin gedişatında aparıcı yer tutduğu kimi, qloballaşma dövründə də önəmini və aktuallığını qoruyub saxlayır. Çağdaş dünyanın siyasi mənzərəsini əks etdirən, dünya birliyində rəngarənglik yaradan suveren coğrafiyaların və dövlətlərin əsasında xalqlar dayanır. Hər bir xalqın başlıca özünəməxsusluğunu isə onun ana dili təşkil edir. Doğrudan da, dil olmasa xalq, xalq olmasa dövlətlər bir-birindən seçilib-ayrılmaz. Belə bir ifadə mövcuddur: xalqı onun dili,  dövləti isə onun xalqı yaşadır. Elə buna görə də hər bir dövlətin təhlükəsizliyi ilə bağlı amillər içərisində onun xalqının dilinin qorunması və zənginləşdirilməsi də daim diqqətdə saxlanılır.

Bütün bu həqiqətlər baxımından Azərbaycan xalqının formalaşması, onun dövlətçiliyinin qorunub yaşadılması zəmanəmizdə rəsmi dövlət dili kimi təsbit olunmuş ana dilimizin tarixi ilə sıx bağlı olduğu kimi, siyasi-mənəvi müstəqilliyimizin möhkəmləndirilməsi də xeyli dərəcədə bu misilsiz mənəvi sərvətin çağdaş durumundan güc alır. Əslində, dövlətçiliyimizin itirildiyi dönəmlərdə milli varlığımızın və tarixi coğrafiyamızın qorunması ana dilimizin və özəl mədəniyyətimizin yaşadılması müstəvisində gerçəkləşmişdir.

Buna görə də müstəqil Azərbaycan dövləti onun rəsmi atributlarından biri kimi təsdiq olunmuş rəsmi dilin ölkə həyatının bütün sahələrində maneəsiz işlədilməsinin, qorunmasının və onun taleyi ilə bağlı bütün məsələlərin həllinin təminatçısı kimi öz vəzifəsini əsaslı və davamlı olaraq yerinə yetirir. Ötən illərdə Azərbaycan dilinin dövlət dili statusunun bərqərar olması, bu ümummilli ünsiyyət vasitəsinin tam işləkliyinin təmin edilməsi ilə bağlı mükəmməl hüquqi-normativ baza yaradılması müstəqillik tariximizin önəmli gerçəkliklərindən biridir.

Müstəqil respublikamızın 1995-ci ildə qəbul edilən Konstitusiyasında ümummilli lider Heydər Əliyevin müstəsna bir diqqəti ilə Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsində 2001-ci ilin iyununda imzalanmış "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Prezident fərmanı isə ciddi bir addım olub. Bu sənəddə dövlət dilinin tətbiqi sahəsində problem və nöqsanların aradan qaldırılması barədə önəmli tapşırıqlar verilib və 2001-ci il avqustun 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınıb. Həmin il avqustun 9-da ulu öndərin imzaladığı digər fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib. 2002-ci ilin sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul olunub.

Ümummilli liderin mükəmməl dil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin sonrakı illərdə həyata keçirdiyi bir sıra tədbirlər ana dilimizin rəsmi statusunun yüksək səviyyədə təmin edilməsinə yönəldilib. Dövlət başçısının 2004--2007-ci illər arası imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamlar günün zəruri tələbatını cavablandırıb.

Prezident İlham Əliyevin tapşırığı ilə bu günlərdə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda Bakıda keçirilən konfransda  bütün bunlar barədə böyük məmnunluqla söhbət açıldı. Məclisdə dövlət dilinin qorunub inkişaf etdirilməsinə yönəldilmiş qanun, fərman, sərəncam və proqramlarda əksini tapmış müddəaların gerçəkləşdiriməsi ilə bağlı ölkə rəhbərinin narahatlığına, mediada ədəbi dil normalarına sayğısızlıqla əlaqədar geniş ictimaiyyətin narazılığına səbəb olan məsələlər dilçi alimlərin, Milli Məclisin deputatlarının, kütləvi informasiya vasitələri rəhbərləri və nümayəndələrinin iştirakı ilə ətraflı araşdırıldı, mövcud nöqsanları tezliklə aradan qaldırmaq üçün əsaslı təkliflər səsləndi.

Konfransın əvvəlində müstəqil dövlətimizin uğurlu dil siyasətini şərh edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirdi ki, milli dövlətçiliyin yaranması və inkişafında dil mühüm tarixi rol oynayır. Dövlət rəsmisi ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin xalqımızın ictimai-siyasi və mənəvi həyatında müstəsna rolunu yüksək qiymətləndirdiyini yada salaraq qeyd etdi ki, Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır.

Ulu öndərin dil siyasətinin ardıcıl və sistemli surətdə davam etdirilməsindən söz açan Əli Həsənov Prezident İlham Əliyevin 2012-ci ilin mayında imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamın üzərində ayrıca dayanaraq bildirdi ki, bu konseptual sənəddə hazırkı dövrdə ana dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmalardan narahatlıq əksini tapmışdır. Göstərilmişdir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad sözlər dilimizə gətirilir. Mətbuat orqanlarında ədəbi dil normalarından yayınmalar davam edir. Xarici dillərdən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur. Küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilindən internet sahəsində məsuliyyətsizliklə istifadə olunur və s.

Əli Həsənov diqqətə çatdırdı ki, dövlətimizin başçısı 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini qeyd edib, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib. Azərbaycan Prezidenti dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir.

Prezidentin köməkçisi təəssüflə qeyd etdi ki, ötən dövrdə dövlət başçısının təsdiq etdiyi sənədlərdə qarşıya qoyulan vəzifələrin tam yerinə yetirilməsi mümkün olmayıb. Ona görə də cənab Prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə işgüzar bir konfransın keçirilməsi barədə tapşırıq verib.

Müasir dövrdə qloballaşma prosesinin dövlət dilinin istifadə sahəsindən də yan keçmədiyini, fasiləsiz təkmilləşən informasiya-kommunikasiya sistemlərinin, texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsinin, maneəsiz informasiya mübadiləsi imkanlarının artmasının dövlət dilini zənginləşdirməklə yanaşı, mənfi təsirlərə də məruz qoyduğuna toxunan Əli Həsənov söylədi ki, belə hallar həm cəmiyyətdə, həm də onun güzgüsü olan mətbuatda özünü qabarıq büruzə verir. Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq.

 Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radionun digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayandığını qeyd edən Prezidentin köməkçisi göstərdi ki, teleradio dövlət dilinin qorunub saxlanması, inkişafı və zənginləşməsi üçün böyük imkanlara malikdir. Biz bu imkanlardan səmərəli istifadə etməliyik.

Konfransda milli teleradio məkanında dövlət siyasətinin həyata keçirilməsini təmin edən Milli Televiziya və Radio Şurasının və KİV-də özünütənzimləmə vəzifəsini yerinə yetirən Azərbaycan Mətbuat Şurasının mediada ədəbi dil normalarına əməl olunması ilə bağlı apardıqları ardıcıl monitorinqlərin aşkara çıxardığı nöqsanlara geniş nəzər salındı, onların səbəbləri və aradan qaldırılması yolları müzakirə edildi.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov göstərdi ki, ilk monitorinqlər zamanı əsas narahatlıq doğuran məsələ adi məişət dilinin ədəbi dilin şifahi forması ilə eyniləşdirilməsi idi. Özəl televiziya məkanında ədəbi dil normalarının pozulması hallarına daha çox rast gəlinirdi. Narahatlıq doğuran məsələlərdən biri də Azərbaycan dilinə əcnəbi söz və ifadələrin yersiz daxil edilməsidir. Monitorinqin nəticələrinə görə, daha çox fonetik normalar pozulur. Bu məsələdə xəbər və informasiya proqramlarının aparıcılarının və diktorlarının üzərinə daha böyük məsuliyyət düşür. Televiziya və radio məkanında dil normalarının pozulmasına reklam mətnlərində də rast gəlinir ki, bu, tamaşaçı və dinləyicidə yanlış fikir formalaşdırır.

 Nuşirəvan Məhərrəmov qeyd etdi ki, bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov isə dedi ki, aparılan monitorinqin nəticələri mediamızda ədəbi dilin bütün sahələrinə aid çoxlu pozuntu hallarının olduğunu göstərir. Son onilliklərdə cəmiyyətimizdə baş verən ciddi dəyişikliklərlə bağlı dilimizə külli miqdarda yeni alınma sözlərin daxil olması təbii və qanunauyğun haldır. Bununla belə, öz sözlərimiz ola-ola zəruri ehtiyac duyulmadan onların əcnəbi qarşılığının nitqimizə nüfuz etməsinin də şahidi oluruq.

Mətbuatımızdakı dil qüsurlarının əsas səbəblərindən birinin də jurnalistlərin müraciət elədikləri mövzunu, bəhs etdikləri predmeti yaxşı bilməmələri ilə bağlı olduğunu bildirən Mətbuat Şurasının sədri dedi ki, medianın ixtisaslaşmasına da ciddi ehtiyac duyulmaqdadır. Dil qüsurlarının aradan qaldırılması üçün media təmsilçilərinin peşə hazırlığının yüksəldilməsi, təhsildə təkmilləşdirmə, ictimai şüurda dilin qorunması, qanunçuluğun gücləndirilməsi vacib məsələlərdir.

Konfransda çıxış edən nüfuzlu mütəxəssislər və ziyalılar da ölkə başçısının mediada ədəbi dil normalarının pozulması ilə bağlı narahatlığına ciddi əsaslar olduğunu etiraf etdilər, xalqımızın və dövlətimizin taleyi ilə bağlı aktual məsələyə Prezident İlham Əliyevin həssas və prinsipial yanaşmasına görə minnətdarlıqlarını söylədilər. Onlar dövlətin dil siyasətinin uğurla həyata keçirilməsinə hər bir vətəndaşın dəstək verməli olduğunu vurğuladılar.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bu müzakirənin KİV-də dövlət dilinin tətbiqi işinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi. Yol verilən nöqsanların əsasən sözlərin düzgün yazılışı ilə bağlı olduğunu deyən dilçi alim göstərdi ki, Azərbaycanda yazılı mətbuatın səviyyəsi kifayət qədər yüksəkdir. Mətbuat kütləvi hadisə olduğundan işçilərin hamısının peşəkarlığı çox çətin məsələdir. Azərbaycanda ədəbi dilin qorunmasına ciddi ictimai nəzarətin olduğunu xatırladan akademik teleradio məkanında ədəbi dil normalarının əsasən aparıcılar və diktorlar tərəfindən pozulduğunu qeyd etdi.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Azərbaycan dilinin imkanlarının genişləndirilməsinin, dilin zənginləşdirilməsinin vacibliyini söyləyərək bu gün milli mətbuatda, televiziyada və radioda müşahidə olunan qüsurların səbəblərinin aidiyyəti qurumların öhdələrinə düşən işi layiqincə yerinə yetirməməsi ilə bağlı olduğunu vurğuladı. Alim diqqətə çatdırdı ki, başqa dillərin Azərbaycan dilinə, Azərbaycan dilinin isə digər dillərə təsiri qaçılmazdır. Burada əsas məsələ jurnalistlərin həmin sözləri necə işlədə bilmələridir. Dövlətimizin başçısı da AMEA-nın yubileyində bu məsələyə toxunaraq bildirdi ki, bizim dilimiz gözəl dildir və yersiz əcnəbi sözlərdən istifadə etmək lazım deyil.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirdi ki, Azərbaycan ədəbi dilinin qorunması baxımından qarşıda duran məqsəd və vəzifələrin həlli daha çox AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun öhdəsinə düşür. Bu elmi müəssisədə Prezidentin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tələbindən irəli gələn vəzifələri həyata keçirmək məqsədilə bir neçə yeni bölmə -- qədim dillər və mədəniyyətlər, sosiolinqvistika və dil siyasəti, kompüter dilçiliyi, monitorinq şöbələri yaradılıb. İnstitutun əməkdaşları  vaxtaşırı yoxlamalar aparır, monitorinqlər keçirir və ən başlıcası, sözügedən sahədəki nöqsanların aradan qaldırılması üçün maarifləndirici tədbirlər görür, aidiyyəti təşkilatlara tövsiyələr verir, onlarla müqavilələr bağlayır. Televiziya və radio kanallarında, mətbuat orqanlarında və sosial şəbəkələrdə Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısının alınmasında ictimaiyyətin də fəal iştirakının təmin edilməsi və operativ tədbirlərin görülməsi məqsədilə Dilçilik İnstitutunda artıq iki ildir ki, “qaynar xətt” fəaliyyət göstərir.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev KİV-də ədəbi dilin normalarının pozulmasının qarşısını almaq üçün bu sahəyə sistemli, kompleks yanaşmanın vacibliyini qeyd edərək göstərdi ki, Azərbaycan dilinin gücü, eyni zamanda, ölkəmizdə yaşayan xalqların dilinin gücündən, dilimizin qədim potensialından – “Kitabi-Dədə Qorqud”un, Nizaminin, Füzulinin, Qazi Bürhanəddinin, Nəsiminin, Hüseyn Cavidin və başqa dahilərimizin dilinin gözəlliyindən yaranır. Onların əsərlərini mütaliə etməmiş adamları efirə buraxmaq düzgün deyil. Rektor problemin həllində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təlim və seminarların təşkilinin önəmini də diqqətə çatdırdı.

Müzakirələrdə çıxış edən Azərbaycan Dil Qurumunun sədri, Xalq şairi Sabir Rüstəmxanlı dedi ki, dərsliklərdə ana dilinin işlənmə səviyyəsi mütləq nəzarətdə saxlanılmalıdır. Vaxtilə Azərbaycanın bir-iki televiziya kanalı olub və onları nəzarətdə saxlamaq, yaxşı kadr tapmaq asan idi. Bu qədər televiziya kanalı yaranıbsa, təbii ki, o qədər də kadr, mütəxəssis olmalıdır. Yetər ki, biz uşaqlarımıza dilimizi yaxşı öyrədək. Şair reklam lövhələrində, müxtəlif obyektlərin adlandırılmasında ana dilindən istifadə etməyin vacibliyini də vurğuladı.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət çıxışında bildirdi ki, televiziya və radio şirkətləri rəhbərlərinin burada olmasından yararlanaraq konkret təkliflər verək, onlar da bunu icra etsinlər. Televiziya aparıcılarının əksəriyyətinin dili bəsitdir. Tapşırıq vermək olar ki, aparıcılar, diktorlar bədii ədəbiyyat oxusunlar. Hamımız istəyirik ki, dilimiz təmizlənsin, zərurət olmadan əcnəbi sözlər dilimizdə işlədilməsin. Sadəcə, qarşıya qoyulan tapşırıqları icra etməliyik.

Konfransa yekun vuran Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov müzakirələrdə faydalı fikirlərin səsləndiyini qeyd etdi, dövlətimizin ana dilinin saflığının qorunmasına xüsusi önəm verdiyini diqqətə çatdıraraq dedi: “Son zamanlar Azərbaycan dilinin vergülündən tutmuş üslubuna qədər pozulması halları yavaş-yavaş meyil halı almaqdadır. Əlbəttə, Azərbaycan dili zəif dil deyil ki, hansısa normaların pozulması dilin məhvinə gətirib çıxarsın. Amma bütövlükdə dilin saflığının qorunması, onun inkişafının təmin olunması və bu sahəyə dövlətin ayırdığı diqqət qarşımıza qoyduğumuz məqsədə çatmağın əsas yollarından biridir. Biz bunu mütləq şəkildə həyata keçirməliyik”.

Əli Həsənov Azərbaycan ədəbi dilinin normalarının pozulmasının qarşısının alınması üçün bu barədə müxtəlif vəsaitlərin, nəşrlərin hazırlanmasının, müvafiq kursların açılmasının vacibliyini də qeyd etdi. Konfransın məhsuldar keçdiyini qeyd edən Prezidentin köməkçisi iştirakçıların ortaq qənaətini belə ifadə etdi: “Mən sizin adınızdan cənab Prezidenti əmin etmək istəyirəm ki, Azərbaycan dilinin qorunması ilə bağlı onun qaldırdığı həyəcan siqnalı, Azərbaycan dilinin lüzumsuz xarici müdaxilələrdən qorunması ehtiyacı ziyalılarımız tərəfindən ciddi qəbul edilib və hər kəs bu işə öz dəstəyini verməyə hazırdır.”

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında