Azərbaycan – Avropa İttifaqı əməkdaşlığının daha da dərinləşdirilməsi üçün mühüm zəmin yaradılır

 

 

 

 

 

 

 

 

 

 


Bu ilin fevral ayında mənim Brüsselə çox uğurlu səfərim oldu. Səfərdən bir gün sonra biz Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzərində rəsmi danışıqlara başladıq. Məndə olan məlumata görə, danışıqlar uğurla davam edir. Bizdə danışıqları gec olmaqdansa, daha tez yekunlaşdırmaq istəyi var və biz Avropa İttifaqı ilə münasibətlərdə yeni bir səhifənin açılışını etmək istəyirik. Avropa bizim əsas ticarət tərəfdaşımızdır və bizim Avropa ilə ənənəvi əlaqələrimiz var.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 4 oktyabr 2017-ci il



Brüsselə səfərinizdən sonra əlaqələrimizdə kifayət dərəcədə dinamik inkişaf baş verib. Hazırda yeni saziş üzrə danışıqlar gedir. Danışıqların artıq bir neçə raundu keçirilib. Fikrimcə, onlar çox yaxşı istiqamətdə davam edir. Ümid edirik ki, yaxın zamanlarda danışıqlar başa çatacaq. 1996-cı il tarixli “Tərəfdaşlıq və Əməkdaşlıq haqqında” əvvəlki saziş üzərində də böyük iş gedir. Bir daha qeyd edirəm ki, münasibətlər təbii olaraq həmin əsaslarla, o cümlədən Şərq Tərəfdaşlığı ilə tənzimlənir. Sizi Şərq Tərəfdaşlığı Sammiti münasibətilə Brüsseldə böyük məmnuniyyətlə salamlamağı arzulayırıq.

Valter STİVENS
Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri

Bakı, 4 oktyabr 2017-ci il


Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən, xüsusən, 1993-cü  ilin payızından sonra ölkəmizin beynəlxalq aləmə inteqrasiyasının əsas istiqamətləri müəyyən edilmiş və həmin istiqamətlərdə əməli fəaliyyət planlarının icrasına başlanılmışdır. Təbii ki, beynəlxalq aləmə inteqrasiyamızın əsas istiqamətlərindən biri Avropa qurumları ilə əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi idi. Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasət kursumuzun icrası məqsədilə  həyata keçirilən tədbirlər bizə imkan verdi ki, hələ 1996-cı il aprelin 22-də Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi adlı mühüm sənədin imzalanmasına nail olaq. Tərəflər arasında münasibətlərin hüquqi əsasını təşkil edən bu sənəd  Lüksemburq şəhərində imzalanmış və onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra  1999-cu il iyulun 1-də  qüvvəyə minmişdir.  İki gün əvvəl -- oktyabrın 4-də  Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının nümayəndə heyətini qəbul edərkən çıxış edən natiqlərin dəfələrlə yada saldığı saziş məhz həmin tarixi sənəddir.

Xatırladaq ki, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi tərəflər arasında əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmləri təmin etməklə, Azərbaycan Respublikası ilə  ilə Avropa İttifaqı  arasında münasibətlərə  təkan vermişdir. Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılmasını təşkil edir. Eləcə də tərəflər  arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər, habelə enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə alt-komitələr kimi strukturlar yaradılmışdır. Əməkdaşlıq Şurası əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir, Əməkdaşlıq Komitəsi isə Şuraya tövsiyələr verməklə yardım edir. Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər, həmçinin enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə alt-komitələr Əməkdaşlıq Komitəsinin nəzdində fəaliyyət göstərir. Bundan başqa, ölkəmiz sonradan Avropa İttifaqının strukturuna daxil olan Avropa Şurası, Avropa Komissiyası, Avropa Parlamenti kimi digər qurumlarla da geniş əməkdaşlıq münasibətləri qurmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqına daxil olan qurumların hər biri ilə əməkdaşlığa böyük önəm verdiyini dönə-dönə sübut etmiş, ölkəmizin qurum üzvü kimi öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və yüksək səviyyədə yerinə yetirməsinə nail olmuşdur. Çox təəssüf ki, bəzən biz bu səmimiyyətin qarşılığını görə bilməmişik. Elə dövlət başçımızın oktyabrın 4-də  Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edərkən də həmin məsələlər bir neçə dəfə dilə gətirildi.

Dövlət başçımız öz nitqinə başlayarkən, qonaqların səfərinin qısa olmasına baxmayaraq, onların  Azərbaycan haqqında daha çox məlumat əldə edəcəyinə əmin olduğunu söylədi.  Bu əminlik təsadüfi deyildi. Çünki bu gün Azərbaycanın uğurlarını gözü götürməyənlər Avropada və dünyanın hər yerində bizə qarşı qarayaxma kampaniyaları aparırlar. Ona görə də Prezident dedi ki, siz Azərbaycan həqiqətləri barədə ətraflı məlumat əldə etdikdən sonra  uğurlu əməkdaşlığımızı necə davam etdirə biləcəyimizlə bağlı qərara gələcəksiniz: “Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Bildiyiniz kimi, bizim cəmi 25 yaşımız var. Bu ay biz müstəqilliyimizin bərpa olunmasının 26-cı ildönümünü qeyd edəcəyik. Lakin düşünürəm ki, bu müddət ərzində biz müxtəlif sahələrdə yaxşı irəliləyişə nail olmuşuq. Bu gün Azərbaycan gələcəyə çox aydın baxışı olan çox sabit, müasir, inkişaf edən ölkədir”.

Prezident  qonaqların diqqətinə çatdırdı ki,  bizim əsas problemimiz  artıq 25 ildən çoxdur davam edən Ermənistanın Azərbaycana qarşı təcavüzüdür. Əslində, bu, Sovet İttifaqının süqutu ərəfəsində başlayıb və Sovet İttifaqı dağılandan dərhal sonra Ermənistan və digər xarici qüvvələrin dəstəyi ilə Dağlıq Qarabağdakı erməni separatçıları bəşəriyyətə qarşı cinayət törətdilər. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə apardılar və bir milyondan artıq azərbaycanlı məcburi köçkün və qaçqına çevrildi. Onlar Dağlıq Qarabağı tamamilə işğal etdilər, orada olan 30 faizə yaxın Azərbaycan əhalisini qovdular və ermənilərin heç vaxt yaşamadığı Dağlıq Qarabağ ətrafındakı 7 rayonu işğal etdilər: “Bundan əlavə, bu işğal nəticəsində Ermənistanda yaşayan 250 min azərbaycanlı da etnik təmizləməyə məruz qaldı. Bir milyon nəfər. Həmin vaxt Azərbaycanın əhalisi 8 milyondan bir qədər artıq idi. Bu, adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə ən yüksək rəqəmlərdən biri idi”.

Münaqişənin tarixçəsini, həm atəşkəsə qədər, həm də atəşkəsdən sonra ermənilərin törətdiyi vandalizm aktlarını, xüsusən, Xocalı soyqırımını yada salan Prezident böyük təəssüf hissi ilə xatırlatdı ki, bilavasitə bu münaqişənin həlli yollarını tapmaq üçün yaradılmış  ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar heç bir praktiki nəticə əldə olunmadan uzun illərdir davam edir: “Ermənistan status-kvonu dəyişməz olaraq saxlamağa çalışır. Münaqişənin həll olunmamasının əsas səbəbi budur. Bundan əlavə, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə əməl etmir. Əfsuslar olsun ki, bu qətnamələr kağız üzərində qalır. Bəzən bir neçə gün ərzində yerinə yetirilən bəzi başqa qətnamələrdən fərqli olaraq, bizə gəlincə, biz onların yerinə yetirilməsini 20 ildən artıqdır, daha dəqiq desək, 24 ildir ki, gözləyirik. Status-kvo qəbuledilməzdir. Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir”.

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”, -- deyən dövlət başçımız  Avropa rəsmiləri qarşısında növbəti dəfə  xalqımızın iradəsini dilə gətirdi: “ Mənim buna şübhəm yoxdur. Məsələ burasındadır ki, biz bunu sülh yolu ilə etmək istəyirik”.

Bugünkü Azərbaycan həqiqətlərindən, sosial-iqtisadi inkişafımızdan, ölkədə həyata keçirilən hərtərəfli islahatlardan, dövlətimizin beynəlxalq aləmdəki reytinqinin gündən-günə artmasından danışan Prezident qeyd etdi ki, bizim iqtisadi göstəricilərimiz Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq təşkilatlar tərəfindən aparılan qiymətləndirmələrdə də əks olunub: “Onların bizim islahatlarla bağlı qiymətləndirmələri çox müsbətdir. Əlavə olaraq, Davos İqtisadi Forumunun son dəfə dərc etdiyi iqtisadiyyatın rəqabət qabiliyyəti üzrə yeni hesabatda Azərbaycan iqtisadiyyatın qlobal rəqabət qabiliyyəti indeksində 35-ci yerdə qərarlaşıb. Axırıncı dəfə biz 37-ci yerdə idik, indi isə 35-ci yerdəyik. Biz MDB ölkələri arasında birinciyik və 140 ölkə arasında 35-ci olmaq həqiqətən də böyük uğurdur. Bu, bizim dediklərimiz deyil. Bu, Davosun dedikləridir. Azərbaycanın iqtisadiyyatı uğurla inkişaf edir”.

Sonra Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter STİVENS, Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Fransadan olan səfiri Nokalas SURAN,  Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Bolqarıstandan olan səfiri Gergana KARADJOVA və  Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Almaniyadan olan səfiri Mixael FLÜGER çıxış edərək, Azərbaycan – Avropa İttifaqı əməkdaşlığının müxtəlif istiqamətləri haqqında fikir və mülahizələrini bildirdilər. Çıxışların hamısının mahiyyəti ondan ibarət idi ki, Brüsseldə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə çox böyük önəm verirlər.

Dövlət başçımız görüşün sonunda öz mövqeyini qəti şəkildə ortaya qoydu:  “ Bir daha qeyd etmək istəyirəm, Avropa İttifaqı bizim prioritetimizdir və sizin də səfəriniz onu nümayiş etdirir ki, Azərbaycan da Avropa üçün vacib tərəfdaş hesab olunur”.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında