Avropa separatizm məngənəsində

SSRİ dağıldıqdan sonra böyük dövlətin ərazisində baş qaldıran separatçılıq hərəkatına laqeyd yanaşan “Köhnə dünya” bu gün özü separatizm bəlasından əziyyət çəkir. Siyasi nəzakətliliyi daha məqbul hesab edən avropalı siyasətçilər bədnam əməllərdə həmişə öndə gedən ermənilərin separatizm əməllərinə vaxtında siyasi qiymət verməyə və bəyanatlardan əməli işə keçməyə tələsmədilər. Nəticədə dünya qondarma Dağlıq Qarabağ rejiminin timsalında təhlükəli münaqişə ocağı “qazandı”. İndi inteqrasiya proseslərini qabardan Avropa separatizm proseslərinə ev sahibliyi edir. Siyasi nihilizm davam edərsə, XXI əsrin Avropaya yeni “dövlətlər” hədiyyə edəcəyi qaçılmaz olacaq.

1 oktyabrın Avropa siyasi tarixinə təhlükəli gün kimi düşəcəyi ilə çox az adam razılaşmaz. Çünki həmin gün İspaniyanın tərkib hissəsi olan Kataloniyada müstəqillik haqqında referendumun keçirilməsi Avropanın siyasi-iqtisadi bütövlüyünü təhlükə altına aldı. Heç kimin gözləmədiyi və bunun sadəcə siyasi istək olaraq qalacağını düşünən avropalı siyasətçilər katalonların siyasi abırsızlığına indi mat-məəttəl tamaşa edirlər. Axı kim düşünə bilərdi ki, güclü iqtisadi və siyasi məkana çevrilmiş Avropada inteqrasiya proseslərinə qarşı zidd cərəyanlar baş qaldıracaq? Ancaq son illər “Köhnə dünya”da cərəyan edən proseslər göstərdi ki, tox və rahat yaşamağı hədəfləyən siyasi-iqtisadi proqramlarını müstəqillik arzusuna qurban verməyə hazır olan regional hökumət və onların tərəfdarları var. Separatizmi milli ideya səviyyəsinə yüksəldənlər ümumi rifah “qayığını” silkələməklə, Qərbin uzun illərdir dillər əzbəri etdiyi birləşdirici xətləri pozmağa hazırdırlar. Siyasi nəzakətlilik yaxşıdır, amma bu nəzakətlilik ikili standart “donuna” bürünəndə arzuolunmaz proseslərə rəvac verir. İndi bütün dünya Avropanın siyasi nəzakətlilik adı altında yürütdüyü ikili standartların qurbanına çevrilməsinə tamaşa edir.

İkili standartlar birinə nisbətən digərinə daha ciddi tətbiq edilən qaydalar və ya prinsiplərdir. Belə siyasət eyni hərəkəti edən subyektlərin davranışına müxtəlif qiymət verilməsindən ibarətdir. Əgər hərəkəti edən onu qiymətləndirənə "yaxındırsa” loyal münasibət bildirilir, əksinə olan zaman qınaq və ittiham səslənir. Beynəlxalq münasibətlərdə o, adətən, "arzuolunmayanların” prinsipləri, konvensiyaları, öhdəlikləri pozmaqda ittiham edilməsi formasını alır. Dağlıq Qarabağ probleminin sırf separatçılıq olduğunu bildiyi halda, işğalçı Ermənistana qarşı heç bir əməli tədbir görməyən Avropa bu gün İspaniyada cərəyan edən proseslərə ayrı prizmadan boylanır. Siyasi nəzakətlilik və bir çox hallarda mücərrəd xarakter daşıyan insan hüquqları məsələsində “uzağa” gedən bəzi avropalı siyasətçilərin Kataloniyada referendum məsələsinə münasibəti də təəccüb qarışıq təəssüf doğurur. Milyonlarla insanın iqtisadi-siyasi həyatına təsir göstərən siyasi təşkilatların rəhbərləri separatçılara dəstək verməklə necə bir siyasi kompetensiyaya malik olduqlarını nümayiş etdirirlər. Kataloniya regional hökuməti təqribən 2,3 milyon nəfərin qatıldığı qondarma referendumda seçicilərin 90 faizinin “müstəqilliyə” səs verdiyini açıqlayır. Rəsmi Madridin qanunsuz elan etdiyi və güc tətbiq etməklə səsvermə prosesinə mane olduğu separatizmə avropalı siyasətçilərdən dəstək gəlir. Doğrusu, vahid Avropanın gələcəyini düşünənlər üçün bundan qorxulu heç nə ola bilməz.

İspaniyada cərəyan edən proseslər belə deməyə əsas verir ki, Qərb aləmi dünyanın siyasi sabitliyinə böyük təhdid törədən separatizm meyillərindən ibrət götürmür. Bəs düşünmək olarmı ki, Kataloniya sırf İspaniyadaxili proseslərin nəticəsidir? Bununla bağlı müxtəlif ehtimallar ortaya atılır. Bəzi mütəxəssislər düşünürlər ki, Transatlantik məkanda baş vermiş ciddi fikir ayrılığı okeanın hər iki tərəfində qarşıduma meyillərini gücləndirir və bu qarşıdurma “Köhnə dünya”nın güc mərkəzi kimi gələcəyini dumanlı edəcək mənfi siyasi proseslərə rəvac verir. Yəni, demək olar ki, separatizmin Avropada daha geniş vüsət almasında və Avropa İttifaqında dezinteqrasiya meyillərinin güclənməsində, qurumun dağılmasında maraqlı olan qüvvələr var. Hətta bəzi politoloqlar Şotlandiyanın Böyük Britaniyadan ayrılması, Belçikanın linqvistik prinsiplə Valloniya və Flarandiyaya bölünməsi məsələlərinin də gündəmə gətiriləcəyini düşünürlər. Mütəxəssislər bunun zaman məsələsi olduğunu bildirir və belə düşünənlərin haqlı olduqlarını çəkinmədən təsdiqləyə bilərik. Çünki beynəlxalq ictimaiyyətin laqeydliyi və separatçılığa "faktoloji” yanaşması, yəni faktı siyasi maraqlarına uyğun təqdim etmələri yeni münaqişə ocaqlarının yaranmasına gətirib çıxarır. Siyahıda hələ Valensiya, Qalitsiya və Bask vilayətləri, Uels və Padaniya adlandırılan şimal əraziləri, Siciliya və Sardiniya adaları, Breton, Elzas, Provans və Korsika vilayətləri var. İkili standartların nəticəsidir ki, bu gün Polşanın Sileziya, Çexiyanın Moraviya kimi dominat etnosla eyni dildə danışıb, eyni tarixi bölüşən vilayətlərində də separatizm meyilləri müşahidə olunur. İndi Avropa soyumuş dəmiri döyəcləməklə məşğuldur, halbuki dağıdıcı separatçılıq proseslərinə adekvat reaksiya verməli, Dağlıq Qarabağ kimi münaqişələrin həllinə kömək edəcək addımların atılmasını dəstəkləməli idi.

Amma, hələlik Avropa İspaniya polisinin Kataloniyada səsverməyə gələn yerli sakinlərə qarşı işə saldığı dəyənəklərin və gözyaşardıcı qumbaraların nəticələrini müşahidə edir, təqribən 850 nəfərin xəsarət aldığı toqquşmalardan sonra üzə çıxmış mənzərənin xoş olmadığını sakit səslə bildirməyə çalışır. Halbuki Qərb digər ölkələrdə insan hüquqlarının pozulduğunu iddia edir və sanksiya maşınını var gücü ilə işə salır. Amma İspaniyada polis dəyənəklərinin havada fırlandığını görən Avropanın müvafiq strukturları ifadə azadlığı, siyasi plüralizm və bu kimi digər mühüm anlayışları arxa plana keçirirlər. Məsələn, Avropa Komissiyası referendumu qanunsuz adlandırsa da, polisin davranışına qiymət verməkdən imtina edir. “EUobserver" yazır ki, qurumun rəsmi nümayəndəsi Marqaritis Sxinas zorakılığın siyasi alət olmadığını bildirsə də, rəsmi Madridlə qiyamçı Kataloniya arasında vasitəçi olmayacağını vurğulayır. Ən təəccüblüsü isə budur ki, rəsmi nümayəndə Avropa Komissiyasının polisin referendum iştirakçılarına qarşı zorakılığını qınaya bilməyəcəyini açıqlayır. Ona görə ki, “ Bu, İspaniyanın daxili işidir və rəsmi Madrid onlarla konstitusiyaya uyğun məşğul olmalıdır”. Bax, belə, avropasayağı “demokratiya” budur. Belə davranışın da bir adı var – ikili standartlar. Avropa siyasi maraqlarına cavab verməyən ölkələrə təzyiq etmək üçün insan hüquqları, azad toplaşma və ya ifadə azadlığı kimi anlayışlardan bolluca yararlanır. Özünə gələndə möhkəm yapışdığı anlayışları “unudur”. Amma müstəqil siyasət yürüdən və separatizmdən əziyyət çəkən Azərbaycan kimi ölkələrə qarşı fərqli davranış sərgiləyir. Bu gün heç kimə sirr deyil ki, Azərbaycana qarşı Qərbin ikili standartlar siyasəti bütün intensivliyi ilə davam edir. Qərbin bəzi dairələrinin Azərbaycana, bizim kimi digər ölkələrə qarşı əsassız ittihamlar irəli sürülməsi təzyiq kimi qiymətləndirilir, süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyası adlandırılır.

Bir sözlə, dünya Kataloniyanın timsalında növbəti separatizm təhlükəsinin yarandığını müşahidə etdi. Ən əsası, beynəlxalq ictimaiyyət Kataloniyanın timsalında Qərbin ikili standartları siyasi alətə çevirdiyinin də şahidi oldu. Belə siyasətin bumeranq kimi sahibinə qayıtmasının da bir reallıq olduğunu hamı öz gözlərilə görür.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında