Qərb “demokratiyası” bu dəfə İspaniyada fiaskoya uğradı

Dünya ikili standartlardan əl çəkmədikcə, belə siyasi oyunların kökü kəsilməyəcək

Əgər SSRİ-nin süqutu ərəfəsində erməni separatçılarının yaratdığı Dağlıq Qarabağ münaqişəsi kimi problemlər vaxtında aradan qaldırılsaydı və ya hansısa dövlətin ərazisində separatçılıqla məşğul olan qruplaşmaların ideoloqları cəzalandırılsaydı, indi dünyada bu qədər narahatlıqlar olmazdı. Çox təəssüf ki, dünya siyasətində aparıcı sözə və səsə malik olan dairələr nəinki Balayan, Koçaryan və Sarkisyan kimi beynəlxalq aləmdə tanınan cinayətkarları cəzalandırmadılar, hətta onları gah açıq, gah da gizli surətdə dəstəklədilər. Qərbdə bilməli idilər ki, Azərbaycanın ərazi bütövlüyünü kobudcasına pozan, BMT üzvü olan ölkənin ərazisinin 20 faizini işğal edən Ermənistana hərtərəfli yardım edilməsi, işğala məruz qalmış Azərbaycana qarşı “907-ci düzəliş” adlı qadağanın tətbiq olunması nə zamansa, hansısa qaragüruhçular tərəfindən nümunə kimi qəbul ediləcək.

Budur, artıq həmin təzahürlərin şahidiyik. Ekspertlər yazırlar ki, Avropada separatizmin güclənməsi Qərbin uzun illərdir davam edən ikili standartlar siyasətinin nəticəsidir. Dünyanın müxtəlif ölkələrində separatizmə laqeyd münasibət göstərilməsi, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünə etinasızlıq nümayiş etdirilməsi, işğalçıya, separatçı qüvvələrə münasibətdə ikili standartlardan çıxış edilməsi artıq öz fəsadlarını verir. Politoloqlar açıq şəkildə qeyd edirlər ki, İspaniyanın Kataloniya bölgəsində davam edən separatçı hərəkatın ölkənin ərazi bütövlüyünü sual atında qoyması məhz ikli standartlar siyasətinin Qərbin özünə qarşı çevrilməsinin açıq təzahürüdür.

Maraqlıdır ki, bu dəfə də sözü əsas kimi qəbul edilən dairələr seyrçi mövqeyindədirlər. Doğrudur, Avropa Parlamentinin hazırkı sədri Antonio Tayani Kataloniyada müstəqilliklə bağlı keçirilən referendumu qanunsuz adlandırıb, yaranmış böhranın Kataloniyanın separatçı hakimiyyəti və İspaniyanın mərkəzi hakimiyyəti arasında həll edilməli olduğunu deyib. Ancaq Avropa Parlamentinin sədr müavini, Avstriya “Yaşıllar” Partiyasının sədri Ulrike Lunaçek Kataloniyanın müstəqilik təşəbbüslərini dəstək ifadə edən bəyanatla çıxış edir. Bu isə o deməkdir ki, həmin referendum təkcə İspaniyanın ərazi bütövlüyünə qəsd deyil, həm də Avropa parlamentinin siyasi fəaliyyətində açıq şəkildə fəsadlar törədir. Siyasi qurumun sədri referendumu lənətləyir, onun müavini isə alqışlayır.

Deməli, Qərbin bəzi dairələri Kataloniyada baş verənlərdən də nəticə çıxarmırlar. Fakt ondan ibarətdir ki, kimlərsə separatizimin Avropada daha geniş vüsət almasında və Avropa İttifaqında dezinteqrasiya meyillərinin güclənməsində, qurumun dağılmasında maraqlıdır. Bəzi ekspertlər bu fəsadların kökünü Avropada axtarsalar da, digərləri küləyin okeanın o tayından əsdiyini söyləyirlər. Avropada bir sıra siyasətçi və politoloqlar bu fikirdədirlər ki, dünyada mövcud olan belə qətiyyətsiz, çox zaman separatçılara haqq qazandıran münasibətin nəticəsi olaraq Şotlandiyanın Böyük Britaniyadan ayrılaması, Belçikanın linqvistik prinsiplə Valloniya və Flarandiyaya bölünməsi məsələləri də gündəliyə gətirilə bilər. Ekpertlər bunun zaman məsələsi olduğunu yazır və geci-tezi olduğunu söyləyirlər. Haqlıdırlar, çünki dünya ictimaiyyətinin istənilən qətiyyətsizliyi yeni münaqişə ocaqlarının yaranmasına səbəb olur.

Kütləvi informasiya vasitələri yazırlar ki, İspaniyanın Valensiya, Qalitsiya və Bask vilayətlərində, Böyük Britaniyanın Uels vilayətində, İtaliyanın Padaniya adlandırılan şimal ərazilərində, Siciliya və Sardiniya adalarında, Fransanın Breton, Elzas, Provans və Korsika vilayətlərində də separatizm meyilləri kifayət qədər yüksəkdir. İş o yerə çatıb ki, Polşanın Sileziya, Çexiyanın Moraviya kimi dominat etnosla eyni dildə danışıb, eyni tarixi bölüşən vilayətlərində də separatizm meyilləri müşahidə olunur.

Yəni beynəlxalq aləmdə, xüsusən, Avropada qorxulu bir separatçılıq kabusu dolaşmaqdadır. Hətta bəzi müşahidəçilərin fikrincə, təkcə Avropada deyil, ABŞ-ın ispandilli və qaradərili əhalinin çoxluq təşkil etdiyi ştatlarında, eləcə də tarixən Konfederasiyaya daxil olmuş cənub ştatlarında separatizmin qarşısını hələ ki, yalnız güclü ordu və xüsusi xdimətə malik federal hakimiyyət ala bilir. Bəs bu hal daimi olaraq davam edə bilərmi? Təbii ki, yox. Baş verənlər onu göstərir ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalıdır.

Bəs real vəziyyət necədir? Çox təəssüf ki, vəziyyət olduqca acınacaqlıdır. Dünya birliyi, xüsusən Qərbin aparıcı ölkələri ikili standartlar siyasətinə son qoymursa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, separatçı rejimlərlə hər cür əlaqələri, onların dəstəklənməsini dayandırmırsa, deməli, vəziyyət daha da qəlizləşmək ərəfəsindədir. Çıxış yolu dünya birliyini təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almaqdır. Bunun üçün isə yeganə yol beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyünün qeyd-şərtsiz dəstəklənməsidir.

Yeri gəlmişkən, Kataloniyadakı problemin ilkin fəsadları barədə kütləvi informasiya vasitələri yazırlar ki, İspaniyadan ayrılmaq üçün referendum keçirən separatçı Kataloniya vilayətində polislə toqquşmalar zamanı xəsarət alanların sayı 850 nəfərə yaxındır. Qərbin bəzi nəşrlərinin səhifələrini ispan polisinin səsverməyə gedən Kataloniya sakinlərini rezin güllələrə “qonaq” etməsi, dəyənəklə, atlarla, su şırnaqları ilə dağıtması səhnələri “bəzəyir”.

 Ekspertlər xatırladırlar ki, 2011-ci ildə Britaniyada kütləvi iğtişaşlar baş qaldıranda, 2014-cü ildə Fransada su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən biri döyülərək öldürələndə, 2010-cu ildə Ştutqartda (Almaniya) 400 nəfər nümayişçi vəhşicəsinə döyüləndə, digər Avropa ölkələrində, həmçinin ABŞ-da narazı kütlənin dağıdılması zamanı da Qərbin informasiya agentliklərində belə “fotosessiyalar”ın şahidi olmuşuq. Bu, nəyin nəticəsidir? Onun nəticəsidir ki, Qərb demokratik dəyərlərə münasibətdə də “Avropa standartları”ndan deyil, ikili standartlardan çıxış edir.

Qərb inkişaf etməkdə olan ölkələrdən hərtərəfli insan hüquqlarına əməl olunmasını tələb edir. Amma Avropa və ya ABŞ-da mərkəzi hakimiyyətin iradəsinin bərqərar edilməsi zamanı toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar “unudulur”, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları kobudcasına tapdanır. Söhbət digər ölkələrdən gedəndə isə “Avropa dəyərləri”, demokratiya, liberal hüquqlar yada düşür. Bu da həmin anlayışların bir tərəfdən təzyiq vasitəsi kimi istifadə olunduğunu sübut edir, digər tərəfdən isə ikili standartların gizlədilməməsinin dəlil-sübutu kimi qəbul olunmur.

Yeri gəlmişkən, son bir həftədə dünya ictimaiyyəti “müstəqillik”lə bağlı iki “referendum”un şahidi olub. Onlardan biri ərazisinin müəyyən hissəsi terrorçu İŞİD qruplaşması tərəfindən tutulan, ABŞ başda olmaqla beynəlxalq koalisiyanın köməyi ilə torpaqlarındakı ekstremistləri təmizləməyə çalışan İraqdır. İraqın şimalında yerli kürdlərin təşəbbüsü ilə keçirilən “səsvermə” rəsmi Bağdad, Türkiyə, İran, ABŞ, Britaniya, Rusiya, Fransa, Avropa İttifaqı və başqaları tərəfindən tanınmayıb, bunu “qanunsuz, İraq konstitusiyasına zidd addım” adlandırıblar. Bu “referendumu” yalnız İsrail dəstəkləyib. Bu isə hələ İraqın şimalındakı kürd muxtariyyətinin “müstəqilliyi”nin tanınması demək deyil. Yeri gəlmişkən, Ermənistan rəhbərliyinin Azərbaycan ərazisində yaratmaq istədiyi ikinci erməni “dövlətini” də dünyada heç bir ölkə tanımayıb. Amma yuxarıda adıçəkilən ölkələrdən bəziləri Dağlıq Qarabağa müxtəlif yardımlar göstərməklə siyasi riyakarlıq və ikiüzlülüklərini davam etdirirlər.

İkinci “referendum” isə Avropa İttifaqının üzvü olan İspaniya Krallığında keçirilib. Terrorçuluğa qarşı mübarizə aparan İspaniyanın özü də beynəlxalq səviyyədə törədilən bu cinayətdən zərər görüb. Eynilə Azərbaycan kimi. Azərbaycan da terrorçuluğa qarşı aparılan beynəlxalq mübarizənin ən fəal iştirakçısı və beynəlxalq terrordan ən çox əziyyət çəkən ölkələrdən biridir. İspaniya hökuməti bu “referendum”u qanunazidd sayır. Ölkənin Baş naziri Mariano Rahoy bu “aksiya”nın nəticələrinin Konstitusiya Məhkəməsində ləğv ediləcəyini bildirib. Kataloniya əyaləti hökumətinin başçısı Karles Puçdemon isə bu “tədbir”in yekunu ilə bağlı “müstəqilliyə dair qanunu” imzalayıb.

 Bundan başqa, Kataloniya hökuməti “seçicilərin 90 faizindən çoxunun müstəqilliyə səs verdiyi”ni, rəsmi Madrid isə bu qanunsuz aksiyada hətta nəticələrin saxtalaşdırıldığını bildirib. O da bildirilir ki, Kataloniyada “referendum” sakit keçməyib. Qarşıdurmada 12 polis əməkdaşı xəsarət alıb, 800-dən çox aksiya iştirakçısı tutulub, xeyli insan yaralanıb.

Maraqlıdır ki, adıçəkilən separatçı səsvermədə yerli sakinlərlə yanaşı, əcnəbilər də iştirak ediblər. Təbii ki, müşahidəçi kimi. Məsələn, “referendum”da Niderland Krallığından olan Daana Evarts, Yeni Zelandiya vətəndaşı Halen Katt, Sloveniyanın keçmiş xarici işlər naziri Dimitri Rupelin başçılıq etdiyi 14 nəfərlik beynəlxalq ekspert və müşahidəçi də iştirak ediblər. Nə qədər acı və gülünc olsa da, belə müşahidəçilər demokratiya adından istifadə edir, bir qayda olaraq, beynəlxalq hüquq və ölkə qanunlarını tapdalayırlar. Onları biz də çox yaxşı tanıyırıq. Amma daha maraqlısı odur ki, ABŞ və Avropa İttifaqı hələ “referendum”un nətcələrinə münasibət bildirməyib.

Qəzetlər yazırlar ki, Kataloniya əyalətinin sakinləri bu aksiyanı ilk dəfədir keçirirlər. Bu muxtar əyalət İspaniyanın şimal-şərq hissəsində, Priney yarımadasında yerləşir. Rəsmi adı belədir: Kataloniya Muxtar Əyaləti. Bölgənin ərazisi 32 min 114 kvadratkilometrdir. Əyalətin mərkəzi Barselona şəhəridir. Kataloniyanın rəsmi dili katalan, ispan və oksitan dilləridir. Əyalətin əhalisinin sayı 7 milyon 512 min 381 nəfərdir. Tarixi Kataloniya İspaniyadakı muxtar əyalət və Fransadakı Şərqi Priney Departamentindən ibarətdir. Bundan başqa, kataloniyalılar Fransanın Kataloniya əyalətinə birləşən ərazilərini “Şimali Kataloniya” adlandırırlar.

Bütün bunları görən ekspertlər yazırlar ki, bəzi Qərb dairələrinin Azərbaycana, bizim kimi digər ölkələrə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və təzyiq məqsədilə, süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyasından başqa bir şey deyil.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında