Azərbaycan rəqabətqabiliyyətli ölkə kimi mövqeyini möhkəmlədir

Azərbaycan daha bir uğura imza atmaqla dünyanın aparıcı ölkələri arasında yer tutduğunu bir daha sübut etdi. Belə ki, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı" indeksi reytinqində ölkəmizin 35-ci yerdə qərarlaşması əldə etdiyi nailiyyətləri bir daha göz önünə gətirdi. Mütəxəssislər reytinqdə Azərbaycanın iki pillə irəliləməsini və bu göstəriciyə görə Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider olmasını ölkəmizdə həyata keçirilən hərtərəfli və davamlı islahatların məntiqi nəticəsi kimi qiymətləndirirlər. Ən əsası, bu göstərici Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasətin hədəflərə çatılmasında böyük nailiyyətlərin əldə olunmasını təsdiqlədi və Azərbaycanın qlobal investisiya mərkəzləri üçün cəlbediciliyin daha da artmasına şərait yaradacaq.

Azərbaycan Prezidenti  ­İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu  iqtisadi siyasət və davamlı islahatlar milli iqtisadiyyatın bütün sahələrində dinamizm meyillərini gücləndirmişdir. Məhz belə uğurlu strategiya nəticəsində respublikamızda davam edən inkişaf dinamikası iqtisadiyyatın bütün sahələrinə müsbət təsir göstərir. Xüsusilə də, qeyri-neft sektorunda müşahidə olunan artım tempi Azərbaycan iqtisadiyyatında davamlı inkişafın təmin olunması istiqamətində dövlət siyasətinin müvəffəqiyyətlə həyata keçirildiyini təsdiqləyir. Son illərdə daha çox neft-qaz sektoruna söykənən ölkə iqtisadiyyatı artıq qeyri-neft strategiyasına istiqamətlənməyə başlamışdır və yeni inkişaf strategiyasının əsasını da informasiya-kommunikasiya texnologiyaları (İKT), kənd təsərrüfatı  və turizm sahələri təşkil edir. İqtisadiyyatın şaxələnməsi ilə yanaşı, regionların sosial-iqtisadi inkişafı prosesi də sürətlə gedir. Belə inkişaf fonunda da beynəlxalq araşdırma mərkəzləri Azərbaycanın inkişaf indeksi və parametrləri barədə mütəmadi hesabat və analizlərlə çıxış edir və ölkəmizdə gedən sosial-iqtisadi inkişafın nəbzini tutmağımıza imkan yaradır.

Bu günlərdə  Dünya İqtisadi Forumu açıqladığı "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı" indeksi reytinqində Azərbaycanı 35-ci yerdə göstərmişdir. Mütəxəssislər vurğulayırlar ki, bu göstəriciyə görə, Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-nü üstələməyə müvəffəq olmuşdur. Bundan başqa, Azərbaycanın budəfəki indeksi 4,7 bənd təşkil etmiş və bu da ölkəmizin MDB ölkələri arasında lider mövqeyinə yiyələnməsinə şərait yaratmışdır. İran və Türkiyə ilə müqayisədə rəqabət qabiliyyətinə görə öndə olan Azərbaycanın bu göstəriciyə görə İtaliya, Rusiya, İndoneziya, Hindistan və Cənubi Afrika Respublikası kimi güclü iqtisadi parametrlərə malik ölkələri də qabaqlaması ölkəmizin iqtisadi inkişaf prosesində böyük nailiyyətə imza atdığını təsdiqləyir. Qeyd etmək yerinə düşər ki, neftin qiymətinin aşağı olduğu dövrdə Azərbaycanın rəqabət qabiliyyətinin yüksək olması və bunun dünyanın ən aparıcı iqtisadi forumu tərəfindən qiymətləndirilməsi təqdirəlayiqdir. Mütəxəssislər bu göstəricini Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlara beynəlxalq qiymət kimi də xarakterizə edirlər. Bu, bir faktdır ki, son illər həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarmışdır. Ucuz neft qiymətlərinin fonunda gəlirlərin azalmasına baxmayaraq, Azərbaycan rəqabətqabiliyyətli ölkə kimi mövqeyini gücləndirməyi bacarmışdır.

Ümumiyyətlə, hesabatın hazırlanmasında statistik məlumatlardan və şirkət rəhbərlərinin sorğusunun nəticələrindən istifadə olunur. Mütəxəssislər Dünya İqtisadi Forumu "Qlobal Rəqabətlilik İndeksi"nin hesablanması üçün 12 göstəricidən istifadə edildiyini bildirirlər. Bunlar institutların keyfiyyəti, infrastruktur, makroiqtisadi sabitlik, sağlamlıq və ilkin təhsil, ali təhsil və peşəkar hazırlıq, əmtəə və xidmətlər bazarının, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın həcmi, şirkətlərin rəqabət qabiliyyəti və innovasiya potensialıdır. Ümumiyyətlə, son illərdə Azərbaycanın Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış hesabatlarda nəticələri yaxşılaşmışdır. Belə ki, son 13 ildə Azərbaycan "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatları üzrə 34 pillə – 2005-ci ildəki 69-cu yerdən 2017-ci ildə 35-ci yerədək irəliləmişdir.

Hesabatda qeyd edilir ki, dünya ölkələri üçün dördüncü sənaye inqilabı innovasiya sahəsində çağırışlar ortaya qoysa da, Azərbaycan bu sahədə, əksinə, mövqelərini gücləndirmiş və 33-cü pilləyə yüksəlmişdir. Xüsusilə də yüksək texnologiyalar sahəsində hökumət tədarükü elementi üzrə Azərbaycan 14-cü yerdə qərarlaşmış və Niderland, Norveç və Böyük Britaniya kimi ölkələri geridə buraxmışdır. Dünyanın iqtisadi-maliyyə böhranı fonunda Azərbaycan nəinki iqtisadi göstəricilərini gücləndirir,
Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu göstəricilər daha da yaxşılaşır və ölkəmizin inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

Dünya sabitliyi sevir, uzunmüddətli əlaqələrin və davamlı əməkdaşlığın olmasını arzulayır, regional inteqrasiyanın güclənməsinə və inkişafına təkan verən addımları dəstəkləyir, etibarlılığı artıran və insanlar arasında münasibətləri daim yaxşılaşdıran layihələri alqışlayır. Azərbaycan sadaladığımız bütün parametrlər üzrə dünyanın siyasi-iqtisadi, humanitar-mədəniyyət xəritəsində pozitiv addımları ilə nüfuz qazanmış və mütərəqqi dövlətlərlə əlaqələrin yaradılmasında və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin formalaşdırılmasında, o cümlədən, milyonlarla insanın həyatını yaxşılaşdıran qlobal nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasında nümayiş etdirdiyi mövqeyə görə rəğbət qazanmışdır. Bütün bu faktorların mövcud olduğu Azərbaycanda dayanıqlı və davamlı iqtisadi inkişafın olması da heç kimi təəccübləndirmir və beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Mütəxəssislərin sözlərinə görə, dünyanın aparıcı beynəlxalq qurumlarından biri olan Dünya İqtisadi Forumunun hesabatında ölkəmizin mövqeyinin yaxşılaşması Azərbaycana sərmayədarların cəlb olunması və ölkənin mövcud potensialının təqdim edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bundan başqa, sözügedən hesabatın Azərbaycan iqtisadiyyatının beynəlxalq arenada təqdimatında, ölkəmizin mövcud potensialının, eləcə də iqtisadi imkanlarının təqdimatında əhəmiyyəti böyükdür. Hamı bilir ki, dünyanın qabaqcıl şirkətləri sərmayə yatırımları zamanı belə hesabatlarda ölkələrin mövqeyinə xüsusi diqqət ayırırlar.

Beləliklə, Azərbaycan qlobal rəqabət indeksinə görə mövqelərini gücləndirməkdə davam edir. Dünya İqtisadi Forumunun son hesabatı qlobal layihələrin əsas iştirakçısı və təşəbbüskarı olan Azərbaycanın regionun qabaqcıl və güclü dövləti olması faktını bir daha təsdiqlədi. Milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi, sənaye parkların yaradılması, bununla yanaşı, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə həyata keçirilən tədbirlər, sahibkarlığın inkişafına göstərilən diqqət və digər zəruri addımlar Azərbaycanın davamlı və tarazlı inkişafına müsbət təsir göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  siyasət Azərbaycanın iqtisadi inkişafının daha da güclənməsinə və beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasına şərait yaradır. Bundan başqa, dinamik inkişaf mərhələsində olan Azərbaycanda çoxşaxəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, şaxələndirilməsi, əhalinin rifahının beynəlxalq standartlara çatdırılması elmin, mədəniyyətin, bir sözlə, ictimai həyatın bütün sahələrində yeni nailiyyətlərin əldə olunmasına imkan verir. Dünya İqtisadi Forumunun son hesabatı bir daha təsdiqləyir ki, Azərbaycan iqtisadiyyatında inkişaf prosesləri doğru istiqamətdə irəliləyir və əldə olunan nailiyyətlər ölkənin hərtərəfli güclənməsinə təkan verəcəkdir.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında