Azərbaycanın beynəlxalq nüfuzu getdikcə yüksəlir

Prezident İlham Əliyevin istər ölkəmizdə, istərsə də xarici səfərlərində iştirak etdiyi beynəlxalq tədbirlərdəki çıxışı böyük rezonans yaradır. Bir müddət dünyanın aparıcı kütləvi informasiya vasitələrinin gündəmindən düşməyən belə çıxışlar real faktlara, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.

Bu günlərdə dövlət başçımızın BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı da beynəlxalq aləmdə böyük rezonans yaratdı. İlk növbədə ona görə ki, bəlkə də, hələ bu vaxta qədər BMT kimi nüfuzlu qurumu özünün ali kürsüsündən belə sərt tənqid edən olmamışdı. Azərbaycanın haqlı tələblərinin yüksək tribunadan bu səviyyədə səsləndirilməsi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin 24 ildən bəri icra olunmamasının qəbul edilməsinin vurğulanması baxımından dövlət başçımızın nitqi çox böyük hadisə idi. Azərbaycan Prezidentinin bu gün dünyada aparıcı kütləvi informasiya vasitəsi kimi tanınan bir sıra media orqanlarının gündəmindən hələ də düşməyən fikirləri Ermənistanda da silkələnməyə səbəb olub.

Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, ictimai-siyasi xadim kimi tanınanların fikirlərini eşitdikcə, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulduğuna, reytinqinin getdikcə artdığına, mövqeyinin daha da möhkəmləndiyinə əminlik hissləri daha da güclənir. Məsələn, İsrailin ən nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetinin 25 sentyabr tarixli nömrəsində BMT Baş Assambleyasının 72-ci sessiyasının gedişinə, xüsusilə, Prezident İlham Əliyevin çıxışına həsr olunmuş məqaləni oxuduqca, fəxr edirsən ki, ölkəmizin dünya birliyində yüksək reytinqini artıq hamı təsdiqləyir.

Məqalədə qeyd olunur ki, dövlət və hökumət başçılarının çıxışları arasında auditoriyanın diqqətini daha çox cəlb edən çıxışlardan biri Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı oldu. Bildirilir ki, Azərbaycan Prezidenti çox sərrast şəkildə dünya birliyinə xatırlatdı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də tənzimlənməyib. Müəllif qeyd edir ki, strateji baxımdan dəqiq və lakonik olan bu çıxış Ermənistan ictimaiyyətində prezident Sarkisyana qarşı qəzəb oyadıb. Onu informasiya müharibəsində məğlub olmaqda ittiham edirlər. Məqalədə qeyd olunur ki, erməni KİV-ni hiddətləndirən budur ki, Prezident İlham Əliyevin çıxışından bir neçə gün keçməsinə baxmayaraq, Sarkisyan onun ittihamlarına cavab verə bilmir: “Dinməmək razılıq əlamətidir. Belə çıxır ki, Sarkisyan təslim olub, deyilənlərin hamısını qəbul edib, yəni Prezident İlham Əliyev haqlıdır. Əslində, bu həqiqət bütün dünyaya çoxdan məlumdur. Hamı bilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edib, 1992-ci ilin fevralında isə indiki prezident Sarkisyanın, keçmiş müdafiə naziri Sergey Ohanyanın və sabiq prezident Robert Koçaryanın iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı aktı həyata keçiriblər. Serj Sarkisyan “iş başında” tutularaq axır ki, ifşa edilmiş və özünə haqq qazandırmaq üçün söz tapa bilməyən cinayətkara oxşayırdı. Əlbəttə, ədalət gec, ya tez zəfər çalmalıdır. BMT-nin yüksək tribunasından, bütün dövlətlərin nümayəndələrinin gözləri qarşısında bu faciənin qiymətləndirilməsində dönüş baş verdi”.

Tanınmış ekspert və siyasi xadimlər də Azərbaycan Prezidentinin çıxışını son illər ərzində BMT Baş Assambleyasında səslənən ən cəsarətli və qətiyyətli çıxış kimi dəyərləndirirlər. Bu da səbəbsiz deyil. Ölkəmizin rəhbəri yalnız münaqişənin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn addımların atılmadığını, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilmədiyini vurğulamaqla kifayətlənmədi. Bunlarla yanaşı, Aprel döyüşlərini nümunə gətirməklə işğalçı Ermənistan dövlətinin sülhə məcbur edilməyəcəyi, sanksiyalar tətbiq olunmayacağı təqdirdə, Azərbaycanın hərbi əməliyyatlara başlaya biləcəyi ehtimalını irəli sürdü.

Bu xəbərdarlığa etiraz, yaxud reaksiya olmadı. Hətta işğalçı dövlətin nümayəndələri də cavab verməyə özlərində cəsarət tapa bilmədilər. Bütün bunlar dünya birliyinin Ermənistanın işğalçı siyasətindən bezməsindən və Azərbaycanın öz hüquqlarından istifadəsinə normal yanaşmasından xəbər verir. Dövlətimizin başçısının “Lazım gəlsə, ötən ilin aprelində olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir” – xəbərdarlığı həm Ermənistana, həm də işğalçı dövlətin havadarlarına ciddi mesaj oldu. Bu xəbərdarlıq dünyanın 200 dövlətin rəhbər şəxslərinin qarşısında bəyan olundu.

Azərbaycan Prezidentinin qətiyyətli və cəsarətli çıxışı işğalçı Ermənistanda da ciddi narahatlıq yaradıb. Bunu yerli kütləvi informasiya vasitələrinin yazdıqları və erməni ekspertlərinin açıqlamaları da təsdiqləyir. Artıq işğalçı ölkənin siyasi şərhçiləri də etiraf edirlər ki, əslində, Ermənistan məğlub olub, hakimiyyət məğlubiyyətini gizlətmək üçün primitiv fikirləri cəmiyyətə sırıyır. Ermənistan üçün hər şey biabırçılıqla başa çatacaq.

Son günlər Azərbaycanın 15 minlik canlı qüvvə və çoxsaylı hərbi texnika ilə genişmiqyaslı hərbi təlimləri, ordunun getdikcə güclənməsi, mətinləşməsi, yerli silah-sursatların istehsalının çeşidinin çoxalması, həmçinin ölkəmizin ən müasir silahlar alması da Ermənistanda təşvişə səbəb olub. Ermənistan rəsmiləri də etiraf ediblər ki, bu gün Azərbaycanın silah almağa imkanı və pulu var. Bu faktın etiraf olunması Ermənistanın iqtisadi cəhətdən ağır durumda olmasını və ümidini Rusiyanın köhnə sınıq – salxaq silahlarına bağladığını bir daha təsdiqləyir. Bütün bunlar Ermənistanın Azərbaycanla müqayisədə çox zəif olmasından xəbər verir.

Prezident İlham Əliyev BMT tribunasından Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı qətnamələri qəbul edən beynəlxalq qurumlara bir daha səsləndi və qətiyyətlə bildirdi ki, qəbul etdiyiniz sənədlərin həyata keçirilməsi istiqamətində müvafiq addımlar atın. Əgər atmayacaqsınızsa, Azərbaycan BMT Nizamnaməsinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və digər beynəlxalq sənədlərin müvafiq müddəalarına uyğun olaraq, öz suveren hüquqlarını əsas götürərək, torpaqlarını işğaldan azad edəcək. Bir mötəbər qurumun qəbul etdiyi qətnamənin bu qədər uzun müddətdə icra olunmaması həmin təşkilatın nüfuzuna xələl gətirir və ona olan inamı heçə endirir. Dövlətimizin başçısının yüksək tribunadan səsləndirdiyi fikirlər BMT-nin özünə də utancgətirən sözlərdir: “Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir.

İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”.

Azərbaycan Prezidentinin çıxışında daha çox yadda qalan məqamlardan biri də Ermənistan prezidentinin yalanlarını alt-üst etməsi oldu. Ermənistan prezidentinin Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən hərbi diktator olduğu, ölkəsini feodal qanunları ilə idarə etdiyi və regionun digər dövlətlərinə də məhz bu dünyagörüşü çərçivəsindən yanaşdığı diqqətə çatdırıldı. Tədbir iştirakçılarına da bəllidir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmək fikrində deyil. İşğalçı ölkə başçısının BMT tribunasından eşidilən iddiaları da bunu təsdiqlədi. Sessiya iştirakçıları Ermənistanın sülh yolu ilə təcavüzə son qoymaqda maraqlı olmadığı qənaətinə gəldilər. Qatil Ermənistan prezidentinin ali kürsüdən səsləndirdiyi fikirlər isə status-kvonun uzun müddət qalmasını mümkünsüz edir və bu da müharibə riskini artırır.

Dövlət başçımızın səsləndirdiyi “Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyi ilə bağlı qətiyyətli mövqeyi ortalıqdadır. Əgər Ermənistan yenidən danışıqlar prosesini pozmağa, təxribat törətməyə cəhd göstərəcəksə, o zaman işğalçının sülhə məcbur edilməsi üçün hərbi əməliyyatların keçirilməsi qaçılmaz olacaq” – fikri Ermənistan prezidentinə və onun havadarlarına tutarlı cavab oldu.

Azərbaycan Prezidenti sessiya çərçivəsində bir sıra zəruri görüşlər keçirdi. BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşü xüsusi qeyd olunmalıdır. Baş katib görüşdə Qarabağ münaqişəsi ilə bağlı narahatlığını bildirib. O, ümidvar olduğunu söyləyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin nizamlanması üçün mümkün olan hər şeyi edəcəklər. Bundan əlavə, Azərbaycan Prezidentinin keçirdiyi digər görüşlər də mühüm hadisə kimi yadda qaldı. Bütün bunlar Azərbaycan dövlətinin Qarabağla bağlı siyasətində də önəmli faktorlardandır.

Son illər ölkəmizdə baş verən hadisələr, əldə olunan nailiyyətlər, Azərbaycanın dünyanın tanınmış multikulturalizm mərkəzlərindən birinə çevrilməsi, respublikamızın dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, dörd dəfə keçirilmiş Mədəniyyətlərarası Dialoq və beş dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar forumlarını və digər mühüm tədbirlərin diqqətə çatdırılması böyük maraqla qarşılanmışdır. Ermənistan isə, demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınır. Sessiya iştirakçılarına bəyan edildi ki, islamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törətmişdir.

Bu gün Azərbaycan dünyada müstəqil, açıq siyasət yeridən, digər ölkələrin daxili işlərinə qarışmayan dövlət kimi tanınır. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında