1918-ci il martın 31-də və ya ondan sonrakı bir neçə gün ərzində təpədən dırnağadək silahlanmış erməni daşnakları Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və Azərbaycanın digər ərazilərində on minlərlə günahsız insanı, qoca, cavan, qadın və uşağı vəhşicəsinə qətlə yetirmişlər. o vaxt ermənilər gəmilərlə Xəzər dənizindən Kür çayına daxil olaraq, Neftçala və Salyan rayonlarının sahilboyu kəndlərinin əhalisinə də qanlı divan tutmuşlar.
{nl}
Erməni millətçilərinin xalqımıza qarşı apardıqları soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Rusiya və İran arasında aparılmış birinci və ikinci müharibələrin (1804- 1813, 1826-1828-ci illər) sonunda bağlanmış Gülüstan və Türkmənçay müqavilələri (12 oktyabr 1813 və 10 fevral 1828-ci illər) xalqımızın tarixi faciələrinə və Azərbaycanın parçalanmasına səbəb olmuşdur. Nəticədə Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə qatıldı.Türkmənçay müqaviləsindən dərhal sonra Rusiya imperatoru I Nikolay 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazisində “Erməni vilayətinin” yaradılmasını elan etmişdir. Vilayətin tərkibinə həmin dövrdə 7331 azəbaycanlı və 2369 erməni ailəsi yaşayan İrəvan şəhəri də daxil edildi.
{nl}
Ötən əsrin əvvəllərində xalqımıza qarşı yürüdülən bu siyasət nəticəsində azərbaycanlılar öz əzəli torpaqları olan İrəvan, Göyçə və Zəngəzuru itirmişlər. Azərbaycanın əhalisi 4 dəfə (1905-1907,1918-1920,1948-1953 və 1988-1993-cü illər) erməni millətçiləri tərəfindən insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizləməyə və deportasiyaya məruz qalmışdır. 1905-1907 illərdə Rusiyadakı inqilabi prosesdən və mərkəzin əyalətlərə nəzarətinin zəifləməsindən istifadə edən ermənilər Bakı, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad və Qazaxda azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar törətdilər, onları yurdlarından didərgin saldılar. Həmin illərdə ermənilər Gəncə və Qazaxda 200-dən artıq yaşayış məntəqəsini dağıtmışdılar. Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında isə 75 Azərbaycan kəndi tamamilə viran qoyulmuşdur. 3431 ailə didərgin salınmış, 1683 azərbaycanlı ailəsi erməni təcavüzünə məruz qalmışdır.
{nl}
1918-ci ilin mart soyqırımı isə xalqımıza qarşı törədilmış ən dəhşətli təcavüzlərdən biri olmuşdur. Erməni daşnakları 3 gün ərzində Bakıda 12 min azərbaycanlının həyatına son qoymuş, qocaları, uşaqları, qadınları qətlə yetirmiş, çoxlu abidəni məhv etmişlər. 220 kənd bütövlüklə, 400- dən artıq kənd isə qismən dağıdılmışdır. 1918-1920-ci illərdə türk müsəlman əhalisinə qarşı aparılan kütləvi qırğın təsadüfü deyildi. Bu, Daşnaksütyün Partiyasının “Böyük Ermənistan” yaratmaq planını reallaşdırmaq üçün törədilən ən böyük soyqırımı siyasəti idi. Sovet rəhbərliyinin qərarı ilə 1948- 1953-cü illərdə 150 minə qədər azərbaycanlı indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya olunmuş, 235 kəndin əhalisi soyqırımına məruz qalmışdır.
{nl}
Nəhayət, bundan gözləri doymayan erməni millətçiləri 1988-1989-cu illər soyqırımını törətdilər. Qərbi Azərbaycandan, hazırda Ermənistan adlandırılan ərazidən son nəfərədək azərbaycanlılar deportasiya edildi. 225 soydaşımız o günlərdə qətlə yetirildi, şəhər və kəndlərimiz yandırılıb məhv edildi. 1992-ci ildə ermənilər dünyada analoqu olmayan Xocalı soyqırımını törətdilər, insan adına yaraşmayan bəşəri cinayət etdilər. Bu soyqırımda 613 nəfər qətlə yetirildi, 487 nəfər yaralandı. 1375 nəfər girov götürüldü, 8 ailə tamamilə məhv edildi, 150 nəfər itkin düşdü. Erməni işğalçıları 1991-1993-cü illərdə Dağlıq Qarabağı və ətraf 7 rayonu — Laçın, Kəlbəcər, Qubadlı, Ağdam , Füzuli, Zəngilan, Cəbrayılı zəbt etdilər.
{nl}
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımız tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etmişdir. Belə ki Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanında bu hadisələrə siyasi qiymət verilmiş və ilk dəfə olaraq azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldıqları bəyan edilmişdir. Ulu öndər Heydər Əliyevin apardığı hüquq islahatları nəticəsində milli cinayət qanunvericiliyimizə də soyqırımı maddəsi daxil edilmişdir.
{nl}
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən, soyqırım dedikdə hər hansı milli, etnik, irqi və ya dini qrupu bütövlüklə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini məhv etmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma, qrupun bütövlükdə və ya qismən məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə başa düşülür.
{nl}
Beynəlxalq sənədlərdə də bu əməllər soyqırımı cinayəti kimi tövsif olunmuşdur.
{nl}
Bu əsaslarla Ermənistan dövləti tarix boyu xalqımıza qarşı törətdiyi cinayətlərə görə Azərbaycan dövləti qarşısında məsuliyyət daşıyır. 1998-ci ildən etibarən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd edilir.
{nl}
31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Prezident İlham Əliyevin hər il xalqımıza müraciəti bizi əsl vətənpərvər olmağa, sıx milli birliyə, məqsədyönlü fəaliyyətə səsləyir.
{nl}
{nl}
Kəmalə QULUBƏYOVA, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının əməkdaşı
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.