Avropanın bir sıra nəşrlərində Azərbaycana qarşı qarayaxma, ləkələmə kampaniyası, uydurmalar və iftiralar davam edir. İndi Belçikanın iki qəzeti qərəzli yazılar dərc edir. Həmin yazılarda Belçika Konstitusiya Məhkəməsinin hakimlərindən biri olan Jan-Pol Murman Azərbaycanla bağlı dediyi həqiqətə görə ittiham edilir. Avropanın KİV orqanları qəribə bir məntiqsizliklə J.-Pol Murmanı azərbaycanpərəst olmaqda günahlandırırlar. Onlar bu hakimin Xocalı soyqırımı, Ermənistanın təcavüzü və dünya ictimaiyyətinin laqeyd münasibəti ilə ilgili söylədiyi doğru fikirləri obyektiv qiymətləndirə bilmirlər. Sanki Qərbdə belə bir eyforiya vardır ki, Azərbaycanla əlaqəli müsbət nə deyilsə, təkzib olunsun. Bu isə heç bir hüquqi və mənəvi çərçivəyə sığmır. Bununla bağlı müəyyən analizlər aparmaq ehtiyacı yaranıb.
Murmanın obyektivliyi: kimlərə mane olur?
Azərbaycan əleyhinə təbliğat kampaniyasını müəyyən dairələr səngitmək istəmirlər. Avropanın bir sıra KİV-lərində Bakının ünvanına şər-böhtan, iftira atmaqda davam edənlər vardır. Onların son təzahürlərindən birinin üzərində dayanmaq istərdik. Çünki hiss olunur ki, bu işi təşkil edənlər daha dərinlərə baş vurmağa çalışırlar. Lakin bütün ittihamlar konkret faktlar qarşısında sabun köpüyü kimi dağılır.
"Azerbaijani Laundromat" adlı böhtan səciyyəli "araşdırma"nın "müəllif"lərindən olan Belçikanın "De Tijd" qəzeti və onunla qardaşlaşmış "L'Echo" qəzeti növbəti dəfə anti-Azərbaycan xarakterli məqalələr dərc ediblər. Onlara istinadən RTBF, "La Capitale", "La Libre" nəşrləri də həmin mövzunu işıqlandırıblar. Mövzu isə Belçika Konstitusiya Məhkəməsinin 12 hakimindən biri olan Jan-Pol Murmanla əlaqəlidir. Bəs məhkəmədə yüksək vəzifə tutanlar sırasında olan bu hakimin "günahı" nədir? Nə qədər qəribə də olsa – Murman yalnız Azərbaycanla bağlı həqiqətləri deyib. Onun ağzından hansısa şişirtmə və ya tərəfkeşliyi ifadə edən söz çıxmayıb. Faktlara baxaq.
"MyAzerbaijan" nəşrinə müsahibəsində J.-Pol Murman deyib: "Məsələn, mən necə razılaşa bilərəm ki, Belçikaya qonşu olan hollandlar mənim ölkəmdə hökmranlıq etsinlər? Holland mədəniyyətinə və xalqına bütün hörmətim daxilində sadə vətəndaş kimi mənə Hollandiyanın ölkəmi işğal etmək və mənim ölkəmin ərazisində hökumət qurmaq məqsədi ilə soxulması qətiyyən xoşuma gəlməzdi".
Belçikalı hakim tamamilə bütün insanlara xas olan məqamlardan bəhs edir. Necə ki, bir belçikalı, yaxud alman, rus, ingilis, italyan və s. qonşu ölkənin gəlib onların vətənində hökmranlıq etməsini istəmir, azərbaycanlılar da istəmirlər. Bu, tamamilə təbii haqdır, hər kəsin ona hörmətlə yanaşması lazımdır. J.-Pol Murman bunu deyib. Burada əcaib, tərəfkeşliyi göstərən və ya hansısa ələalma varmı? Murman adi insanlıq borcunu yerinə yetirib – azərbaycanlıların da öz vətənlərini sevmək və qorumaq hüququnun olduğunu söyləyib!
Sonra. Beynəlxalq konfransların birində J.-Pol Murmanın çıxışından bir fraqment: "Xocalıda vəhşilik törədən kəslər müəyyənləşib, lakin artıq 20 ildən çoxdur ki, bu məsələ üzrə heç bir qərar qəbul edilmir. Xocalı hadisələri ilə bağlı xüsusi beynəlxalq cinayət məhkəməsi yaratmaq zəruridir. Uyğun təcrübə vardır. Bu cür məhkəmələr Kosovo, Livan, İraq ilə əlaqədar yaradılıb. Bura beynəlxalq ekspertləri dəvət etmək lazımdır, təhqiqat aparmaq gərəkdir, uyğun qərarlar qəbul etmək lazımdır. Belə cinayətlər edənləri axtarıb tapmaq və cəzalandırmaq lazımdır ki, bu, gələcəkdə təkrar olunmasın... Bütün dövlətlər və təşkilatlar ikili standartlar siyasətindən imtina etməlidirlər ki, hüquq və ədalət zəfər çalsın".
İqtibas bir qədər uzun olsa da, çox maraqlı məqamlar vardır. J.-Pol Murman faktiki olaraq Azərbaycana qarşı olan təcavüzün əsas tərəflərini açıb. Eyni zamanda, beynəlxalq ictimaiyyətin bu məsələyə kifayət qədər diqqətli və obyektiv münasibət göstərmədiyini deyib. Bu da hüquq və ədalətin bərpa edilməsinə ciddi əngəldir. Həm də əgər indi Xocalı kimi cinayətləri törədənlər cəzalarını almasalar, buna oxşar soyqırımları dünyanın istənilən ölkəsində təkrarlana bilər. Dünya ictimaiyyəti, beynəlxalq qurumlar bunun qarşısını almaq üçün öncə ikili standartlardan imtina etməlidir.
Soros: yalan və qərəz əsirliyində
Bu fikirlərdə də qeyri-adi, yaxud tərəfkeşliyi ifadə edən bir müddəa belə yoxdur. Ancaq bir sıra dairələr möhkəm əl-ayağa düşüblər. Onlar aktiv surətdə bu cür həqiqət söyləyənlərə qarşı çıxırlar. Burada maraqlı bir incəliyi də Jan-Pol Murman vurğulayıb. O, "De Tijd"ə verdiyi müsahibədə deyib ki, antiazərbaycan kampaniyası aparan 140 qeyri-hökumət təşkilatının hamısını Corc Soros maliyyələşdirir! Yəni bu prosesin arxasında konkret dairələr dayanır. Deməli, onların məqsədi həqiqəti demək deyil, Azərbaycana böhtan atmaq, onun haqqında yanlış fikirlər yaratmaqdır.
Məsələnin mahiyyəti də bu məqamla bağlıdır. Məlum dairələri J.-Pol Murmanın düz danışması qane etmir. Onlar ermənipərəst, islamofob mövqe tutmaqla, əslində, kim olduqlarını nümayiş etdirirlər. Həmin qruplar üçün Azərbaycanın əldə etdiyi hər bir nailiyyət böyük zərbədir. Çünki indiyə qədər danışdıqları yalanların üstü açılır.
Deyirdilər, Azərbaycan inkişaf edə bilməz, Avropa onunla əməkdaşlıq edə bilməz. Təcrübə sübut etdi ki, Qərb Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır. Demək olar ki, bütün sahələrdə Avropa ilə Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur. Hətta Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən biri kimi qəbul edilir.
Bundan başqa, Azərbaycan regional və qlobal miqyasda əməkdaşlıq formatlarını irəli sürür və geniş dəstək qazanır. Çinin həyata keçirdiyi "Yeni İpək Yolu" layihəsində Azərbaycan ciddi yer alır. Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq sferalarında Bakının iştirakı yüksək səviyyədədir.
Bütün bunları dünya görür və qiymətləndirir. Onların fonunda isə Azərbaycan öz haqqını daha yüksək səslə tələb edir. Təbii ki, bu prosesdə Azərbaycanla bağlı baş verənlərin düzgün dərk edilməsi mühüm şərtdir. J.-Pol Murman da bu istiqamətdə səmimiyyətlə işlər görür. O, sadəcə, Xocalı soyqırımı barədə dünyanın həqiqəti bilməsi və ona uyğun hərəkət etməsi zəruriliyini vurğulayır. Düşmənlər isə bunu qətiyyən qəbul etmirlər. Onlar Azərbaycan barədə həqiqətləri deyən istənilən adamı ləkələməyə hazırdırlar. Əsrlərlə Avropada ermənilərə belə bir pis ənənə formalaşdırmağa yardımçı olublar. İndi onun altını avropalıların özləri də çəkməkdədirlər.
Burada Corc Soros faktoru üzərindən sükutla keçmək mümkün deyildir. Əslində, bu işlərin altından məhz onun çıxması tamamilə gözlənilən bir məqamdır. Çünki C.Sorosun dövlətləri qarışdırmaq, onlar haqqında yalan informasiyalar yaymaq və bundan mənfəət götürmək sahəsində böyük təcrübəsi vardır. Bu adam Balkanlarda, Ukraynada, Yaxın Şərqdə, Asiya ölkələrində, Rusiyada və başqa yerlərdə çox bəd əməllərin sahibdir. "Rəngli inqilablar" adlanan bəlanın müəlliflərindəndir.
Belə görünür ki, C.Soros fəaliyyətində yeni mərhələ başladır? O, informasiya şantajı vasitəsilə ölkələri qarışdırmağa üstünlük verir. Özü də müsəlman ölkələrinə daha çox ziyan vurmağa cəhd edir. Hər bir halda Azərbaycana qarşı 140 qeyri-hökumət təşkilatını işlətməsi sadə fakt deyil. Bir tərəfdən bu, Azərbaycanın çox gücləndiyinin, dünya miqyasında nüfuzunun durmadan artdığının əlamətidir. Digər tərəfdən isə bu prosesə bir sıra dairələrin artıq böyük qısqanclıqla yanaşmasının göstəricisidir. Ayrıca onu da vurğulayaq ki, Azərbaycanın müsəlman ölkəsi olması da ona qarşı qərəzi daha da artırır. Bu kontekstdə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun maraqlı fikirləri vardır. Novruz Məmmədov ifadə edib:
"Təəssüf ki, bugünkü beynəlxalq aləmdə hüquqi nihilizm o dərəcəyə çatıb ki, qısqanclıq və paxıllıq hissi ilə alışıb yanan bəzi ölkələr, təşkilatlar, qurumlar, dairələr, mətbuat orqanları hər vasitə ilə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa, Qərb dünyası ilə münasibətlərimizi pozmağa, ölkəmizi tənqid və qınaq obyektinə çevirərək bütün dünyada gözdən salmağa cəhd göstərirlər. Bu çirkin niyyətlərini həyata keçirmək üçün isə hər vasitəyə əl atır, bütün imkanlardan istifadə etməyə, Soros kimilərin maliyyələşdirdiyi bədnam təşkilatların, yalan, iftira yaymağa meyilli olan mətbu orqanların "xidmətlərindən" yararlanmağa çalışırlar".
Lakin bütün bunların Azərbaycanı yolundan döndərə biləcəyini düşünənlər böyük səhv edirlər. Yalan ayaq tutur, ancaq yerimir. Azərbaycan rəhbərliyi qətiyyətlə inkişaf kursunu həyata keçirməkdədir. Buna kimsənin şübhəsi olmasın. Avropalılara gəldikdə isə, onlar J.-Pol Murman kimi təmiz adamlarını xərcləməklə özlərini quyuya salırlar. Erməni yalanlarının əsirinə çevrilmək, yaxud C.Soros kimi dələduzların oyuncağı olmaq müsbət hal deyil. Ədalət yerini tapanda bütün bunlara görə utanacaqlar.
İnformasiya savaşına gəldikdə isə, Avropa qəzetlərinin bütün yalan və iftiralarının cavabını Jan-Pol Murmanın özü verib. O, bir müsahibəsində aydın dillə bildirib ki, bildiyi adi həqiqətləri dilinə gətirib. Kimsədən maddi bir şey almayıb. Məqsədi həqiqətin dünyada bilinməsidir. Vəssalam!
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.