“Yeni soyuq müharibə”: təhlükə realdırmı?

Mütəxəssislər dünyada geosiyasi mənzərənin mürəkkəbləşdiyini yekdilliklə etiraf edirlər. Bu prosesdə ABŞ və Rusiyanın fəaliyyəti ciddi təhlil obyektidir. Amerikalı ekspert Maykl Lind “The National Interest” nəşrində dərc etdirdiyi məqalədə artıq “yeni soyuq müharibə”nin getdiyini iddia edir. Bunun üçün o, bir sıra faktlar gətirib onları təhlil edir. XX əsrin ikinci yarısında özünü göstərən “soyuq müharibə” ilə indiki situasiyanı müqayisə etməyə çalışır. Onun qənaəti belədir ki, Vaşinqton və Moskva qarşıdurmadan geri çəkilmək fikrində deyillər. İdeoloji səviyyədə də onlar toqquşurlar. Bununla razılaşmayan mütəxəssislər də vardır. Onlar müasir mərhələnin əvvəllərdən kəskin fərqləndiyi tezisini irəli sürür, Rusiyanın SSRİ-dən fərqli siyasət yürütdüyünü deyirlər. Bu səbəbdən “yeni soyuq müharibə” hələ yoxdur. Lakin gərginlik hökm sürür. Bütün bunlar Amerika-Rusiya münasibətlərinin qlobal geosiyasətə necə təsir edə biləcəyi ilə bağlı bir sıra suallar doğurur. Onlar üzərində dayanmağa ehtiyac duyulur.

 

Tarixi müqayisənin əsası varmı?

 

Amerika-Rusiya münasibətlərinin böhran vəziyyətində olduğunu demək olar ki, əksər analitiklər etiraf edirlər. Müşahidələr göstərir ki, dünyanın müxtəlif regionlarında iki böyük dövlətin maraqları toqquşur. Meydana gələn ziddiyyətləri isə danışıqlar və dialoq yolu ilə deyil, hərbi güc tətbiq etməklə vəziyyəti öz xeyrinə dəyişmək vasitəsilə həll etməyə cəhd göstərirlər.

Bu cür yanaşmanın bariz nümunəsi kimi Ukrayna, Suriya və Şimali Koreya ilə bağlı yaranmış situasiyanı götürmək olar. Ekspertlər vurğulayırlar ki, sadalanan problemlərin heç birində Vaşinqtonla Moskva konstruktiv əməkdaşlıq edə bilmirlər. Ukraynada onlar faktiki olaraq qarşı-qarşıya dayanıblar. Müharibə gah şiddətlənir, gah da səngiyir, lakin problemin həllində zərrə qədər də irəliləyiş müşahidə edilmir.

Suriyada da əməlli-başlı hərbi qarşıdurma mövcuddur. Son 2 ildə Rusiyanın bu ölkədə qazandığı hərbi uğurlar amerikalıları çox qıcıqlandırır. Artıq Suriyada ABŞ-ın başçılıq etdiyi koalisiya ilə bərabər Moskva-Ankara-Tehran əməkdaşlıq xətti mövcuddur. Hazırda Bəşər Əsədin ordusu Kremlin güclü dəstəyi ilə dalbadal qələbələr əldə edir. İndi Dəməşq Amerikadan ölkədəki hərbi bazalarını çıxarmağı tələb edir. Və buna Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dili ilə dəstək verir. B.Əsəd açıq bəyan edib ki, Suriyada Rusiya, İran və “Hizbullah”ın hərbi əməliyyatlar aparmasına icazə veriblər. Beləliklə, Suriya məsələsində demək olar ki, Vaşinqtonla Moskvanın yolları ayrılıb.

Təxminən eyni vəziyyət Şimali Koreya ilə bağlı meydana gəlib. Rusiya Amerikanın hədələrinə baxmayaraq, Şimali Koreyaya qarşı müharibənin başlamasını mümkün saymır. Ümumi səviyyədə Moskva Pxenyanı qınasa da, konkret əməllərə gəldikdə, Kim Çen Ina dəstək verir.

Bu misallar onu göstərir ki, artıq Rusiya ABŞ-a qarşı ciddi mövqe tutub və öz maraqlarını qətiyyətlə müdafiə edir. Bununla yanaşı, ekspert və analitiklər vurğulayırlar ki, məsələ daha ciddi məzmun kəsb etməkdədir. Konkret olaraq, dünyada yeni “soyuq savaş” başlayıb. Maykl Lind “The National Interest”də dərc etdirdiyi yazıda bu problemin müxtəlif tərəflərini analiz edib.

Müəllif bu prosesin əsasının Bill Klinton administrasiyasının NATO-nu Şərqə – keçmiş sovet məkanına doğru genişləndirmək qərarı ilə qoyulduğunu vurğulayır. Hətta bu barədə 1998-ci ildə ABŞ-ın Moskvadakı keçmiş səfiri Corc Kennan bəyan etmişdi. O, B.Klinton administrasiyasının yanlış addım atdığını ayrıca ifadə etmişdi.

M.Lind fikirlərinə davam edərək yazır ki, bu proqnoz özünü doğruldub. İndi Gürcüstan, Ukrayna, Suriya, Şimali Koreya, Baltikyanı ölkələr, Aİ “soyuq müharibə”nin obyektləridirlər. Bunlardan müəllif belə nəticə çıxarır ki, ABŞ-Rusiya münasibətlərini “yeni soyuq müharibə” kimi xarakterizə etmək olar. Bu zaman Rusiyanın Avropada neofaşizmin “alternativ sağ” ideologiyasını yaydığını iddia edirlər. Həmin faktordan isə Amerika isteblişmenti demokratların uğursuzluqlarının səbəbi kimi təbliğatda istifadə edirlər.

 

Gərginliyi aradan qaldırmaq mümkündürmü?

 

Konkret deyilsə, Maykl Lində görə, Amerika siyasi elitası üzləşdiyi problemləri ictimaiyyətə kənardan olan təsirlərin nəticəsi kimi çatdırır. Siyasi elita özünün səriştəsizliyini bununla ört-basdır etməyə cəhd göstərir. Maraqlıdır ki, amerikalılar bir zaman rusların istifadə etdiyi xarici təhlükə sindromuna yoluxmuş kimi görünürlər. Onlar Rusiya faktorunu real qiymətləndirmək əvəzinə, onun şişirdilmiş düşmən obrazını yaradırlar. Təcrübə göstərir ki, bu cür mövqenin sonu yoxdur.

Ekspertlər də hesab edirlər ki, bu süni şişirdilmiş məsələ 10 ildən sonra aradan qalxacaq. Ancaq həmin müddət ərzində dünya siyasətində nələrin baş verə biləcəyini kimsə dəqiq proqnozlaşdıra bilmir. Digər tərəfdən, ABŞ-ın nəhəng strateqlərinin hazırladığı ideoloji konsepsiyalar gücdən düşübmü? Onlar artıq reallığa uyğun deyilmi? Əgər belə bir əlamət varsa, onda bütövlükdə Qərb siyasi və geosiyasi şüurunun böhran vəziyyətində olduğunu demək olar.

Bu baxımdan bizim üçün Avropada neofaşizmin baş qaldırması haqqında deyilən fikir də çox düşündürücüdür. Bizcə, onu kənardan yeridə bilməzlər, çünki ideologiya elə bir faktordur ki, cəmiyyətdə dayaqları olmasa, uzun zaman mövcud ola bilməz. Faşizm isə Avropanın tarixində uzun müddətdir ki, vardır. Deməli, bu mənfur hadisənin kökünü Avropa cəmiyyətlərinin özündə axtarmaq gərəkdir.

İslamofobiyanı da Avropaya kənardan diqtə ediblər? Təcrübə göstərir ki, bu hal Avropa cəmiyyətlərinin daxildən radikallaşmasının, fərqli dinlərə dözümsüz yanaşmanın birbaşa nəticəsidir. Üstəlik, bir sıra siyasi dairələr müsəlman dövlətlərinin inkişafından qorxaraq müxtəlif bəhanələrlə anti-İslam əhval-ruhiyyəsi yaratmağa çalışırlar. Hazırda Avropada gənclər arasında radikal ultramillətçi hisslər güclənir.

Bu prosesə Qərbin xüsusi xidmət orqanlarının müsəlman ölkələrində yaratdıqları radikal dini qruplaşmalar da öz təsirini göstərir. Belə ki, terrorçular Qərbə yayılaraq aksiyalar təşkil edir, ümumən gərginliyi artırırlar. Mütəxəssislər bu prosesin dərinləşmə və genişlənmə təhlükəsinin olduğunu vurğulayırlar. Belə olan halda neofaşizmi kənardan Avropaya yeritməyə ehtiyac yoxdur.

Maraqlıdır ki, rusiyalı ekspertlər Moskvanın “soyuq müharibə”yə getməyəcəyini qeyd edirlər. Bunun bir neçə səbəbini göstərirlər. İlk növbədə, artıq “soyuq müharibə” şəraiti yoxdur. Bu hadisə SSRİ-nin yanlış olaraq özünü təcrid etməsi nəticəsində meydana gəlmişdi. Məsələn, professor Andrey Sidorov deyir ki, əgər bir vaxtlar SSRİ diplomatları “Marşal planı” ilə bağlı aparılan danışıqlardan çəkilməsəydilər, “soyuq müharibə” olmaya bilərdi.

A.Sidorov davam edərək təsdiq edir ki, indi Rusiya danışıqlardan özünü təcrid etmir. Əksinə, istənilən mövzuda müzakirələrə hazırdır və bir sıra hallarda özü bu istiqamətdə təşəbbüslər göstərir. Eyni zamanda, Rusiya bu məsələdə tək deyil. Çin, Braziliya, Hindistan və sürətlə inkişaf edən başqa ölkələr də öz maraqlarını aktiv surətdə müdafiə edirlər. Bu səbəbdən Moskvanın təklənməsindən söhbət gedə bilməz. “Soyuq müharibə”də isə iki tərəfdən birinin təcrid edilməsi şərtdir. Belə çıxır ki, Rusiya faktiki olaraq Amerikanın onu təcrid etmək addımlarını neytrallaşdırır və bununla “soyuq müharibə”dən qaçır.

Bu aspektdə rusiyalı mütəxəssis maraqlı bir özəlliyə diqqət çəkir. Andrey Sidorov xatırladır ki, “soyuq müharibə”də tərəflərdən biri alternativ inkişaf modeli ilə çıxış etməlidir. SSRİ o zaman kommunizm ideyası ilə Qərb liberalizminə alternativ idi. İndi isə Rusiya nəinki alternativ ideologiya ortaya atır, hətta Qərbin inkişaf modelinə maksimum dərəcədə uyğunlaşmağa çalışır. Bu da onu göstərir ki, Rusiya “soyuq müharibə” aparmaq fikrində deyil.

Yuxarıdakı müqayisələr göstərir ki, ABŞ-Rusiya münasibətlərində qarşılıqlı ittihamlar daha çox yer alır. Tərəflər dünya üzrə gərginliyin azaldılması istiqamətində tutarlı addımlar atmırlar. Bu isə qlobal geosiyasəti kifayət qədər riskli müstəviyə çəkir.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında