Prezident İlham ƏLİYEV: BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır

Dövlət başçımız tələb etdi ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 20-də Nyu-Yorkda,  BMT Baş Assambleyasının 72-ci sessiyasının açılış mərasimindəki çıxışı barədə qəzet materialı hazırlayarkən, yadıma düşən ilk  fikir  belə oldu: dövlət başçımız  həmin çıxışında səsləndirdiyi fakt, arqument, mülahizə və təklifləri ilə Ermənistan rəhbərinə məlum aprel döyüşlərindəkindən də ağır zərbələr endirdi. Bir gün əvvəl  BMT tribunasından hərzə-hədyanlar danışmış Serj Sarkisyanın “sevinci” cəmi-cümlətani yarım sutka – Azərbaycan Prezidentinin dünyanın  ali tribunasına qalxmasınadək  davam etdi. Prezident İlham Əliyev həmin çıxışı ilə nəinki Ermənistan rəhbərini, hətta bütün dünya ermənilərini mat qoydu.

Öz çıxışına “25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır” cümləsi ilə başlayan dövlət başçımız dünya siyasətçilərinə və tarixçilərinə, xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün yaradılmış Minsk qrupunun həmsədrlərinə, eləcə də,  bu münaqişədə kimin günahkar olduğunu özünün 4 qətnaməsi ilə aydın şəkildə təsdiq edib, sonra həmin qətnamələrin icrasında acizlik göstərən BMT Təhlükəsizlik Şurasına xitabən dedi: “Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib”.

Heydər Əliyev siyasətinin və diplomatiyasının bütün detallarını ən incə çalarlarınadək mənimsəmiş İlham Əliyev  ulu öndərin sözü açıq demək, qətiyyət və konkretlik nümayiş etdirmək, heç kəsdən və heç bir tribunadan çəkinməmək prinsiplərinə daim əməl edir. Nyu-Yorkda da belə oldu. İlham Əliyev bütün dünyanın gözü qarşısında, açıq şəkildə bəyan etdi ki, Serj Sarkisyan hərbi cinayətkardır:  “Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir”.

Ancaq Azərbaycan Prezidenti Ermənistan rəhbərliyini ifşa etməklə kifayətlənmədi. O, qətnamə qəbul edib, həmin qətnamənin icrasını tələb edə bilməyən BMT Təhlükəsizlik Şurasını da açıq şəkildə qınadı: “Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir... Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur”.

Yazının əvvəlində  “ dövlət başçımızın həmin çıxışında səsləndirdiyi fakt, arqument, mülahizə və təklifləri” ifadəsini işlətmişdik. Həmin təkliflərdən biri məhz BMT  Təhlükəsizlik Şurasında aparılması vacib olan islahatlarla bağlı idi. Bu qurumun qətnamələrinin icra edilmədiyini yada salan Prezident dedi: “Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”.

ATƏT-in Minsk qrupunun həmsədrləri – Fransa, Rusiya və ABŞ-ın   status-kvonun  qəbuledilməz olduğunu dəfələrlə söylədiyini iclas iştirakçılarının nəzərinə çatdıran dövlət başçımız dünya siyasətçilərindən soruşdu: “Necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır”.

Doğrudan da, bütün dünyanın gözünün qabağında olan faktdır ki, təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistanın qaniçən,  diktator rəhbərliyində  elə bir güman  yaradır ki, guya  onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər. Amma, elə deyil. Azərbaycan artıq buna imkan verməyəcək. Dövlət başçımızın dünyanın ən ali tribunasından səsləndirdiyi qətiyyət belədir ki, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq: “Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq”.

Bu il iyulun 4-də  Füzuli rayonunun Alxanlı kəndinə ermənilərin məqsədli hücumu nəticəsində  2 dinc sakinin – 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsinin  qətlə yetirilməsini, eləcə də,  avqustun 7-də  Tovuz rayonunda 13 yaşlı oğlanın erməni əsgərləri tərəfindən yaralanmasını yada salan dövlət başçımız  xatırlatdı ki,  Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir: “Eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq”. Fikrimizcə, Ermənistan rəhbərliyinə zamanın həqiqətlərini başa salmaq üçün bundan ali tribuna və bundan açıq səsləndirilmiş qətiyyət tapmaq mümkün deyil. Hərgah Ermənistan rəhbərliyində baş varsa, bu həqiqəti başa düşməlidirlər.

BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı qəbul etdiyi ədalətli qətnamələrin icrasına nail ola bilməsə də, Azərbaycan bu mötəbər qurumla fəal əməkdaşlığını davam etdirir. Prezident yada saldı ki, 2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. 155 ölkə Azərbaycana səs verdi. Üzv dövlətlərin tam əksəriyyəti Azərbaycana və onun siyasətinə öz dəstəyini nümayiş etdirdilər: “Həmin vaxt cəmi 20 yaşı olan ölkə üçün bu, böyük nailiyyət oldu. Azərbaycan müasir, sabit və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi hökumətimizin əsas prioritetlərindəndir. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir”.

Bundan başqa, ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər barədə danışan Azərbaycan Prezidenti həmin tədbirlərin ən mühümlərindən bir neçəsinin adını çəkdi. O siyahıdakı tədbirlərdən biri məhz BMT missiyası altında təşkil edilmişdi: “Azərbaycan dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, dörd dəfə keçirilmiş Mədəniyyətlərarası Dialoq və beş dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar forumlarını və digər mühüm tədbirləri qeyd etmək olar”.

Başqa bir məqama da diqqət yetirək.  Nyu-Yokdakı çıxışında “Azərbaycan sosial və iqtisadi sahələrdə böyük inkişafa nail olub” tezisi ilə fikrini davam etdirən dövlət başçımız  xatırlatdı ki, 2004-cü ildən başlayaraq Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artmış, ölkəmizdə 1 milyon 600 mindən artıq iş yeri açılmışdır. İşsizlik səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir – 5 faiz. Prioritetlərimizdən biri yoxsulluğun azaldılması idi. 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idi. İndi bu, cəmi 5-6 faizdir.

Maraqlıdır ki, dövlət başçımız Azərbaycanın  iqtisadi inkişafının göstəriciləri barədə danışarkən  də BMT ilə, xüsusən, bu qurumun İnkişaf Proqramı ilə  əməkdaşlığımızın səviyyəsinə işarə etdi: “2015-ci ildə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi böyük nailiyyətinə görə həmin ilin “Cənub-Cənub” mükafatını almış və 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilmişdir”.

Sonda qeyd edək ki, Prezident İlham Əliyevin Nyu-York səfəri zamanı ABŞ Prezidenti Donald Tramp, BMT-nin Baş katibi Antonio Quttereş və digər rəsmi şəxslərlə görüşüb müzakirələr aparması  nə qədər yaddaqalan idisə, Baş Assambleyanın 72-ci sessiyasındakı tarixi çıxışı, xüsusən, Ermənistan rəhbərliyini ifşa etməsi də  bir o qədər unudulmaz fakta, tarixi hadisəyə  çevrildi.

İttifaq MİRZƏBƏYLİ,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında