Astana sammiti: İlham Əliyevin tarixi-konseptual tezisləri

Qazaxıstanın paytaxtı Astana şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin elm və texnologiyaya həsr edilmiş sammiti keçirilib. İştirakçılar XXI əsrin reallıqları prizmasından müsəlman dövlətlərinin elmi-texnoloji sahədə həyata keçirəcəkləri siyasi kurs ətrafında maraqlı müzakirələr aparıblar. Tədbirdə 50-dən çox müsəlman ölkəsinin təmsilçiləri iştirak edib. Bir sıra dövlət başçıları dərin məzmunlu nitq söyləyiblər, keçirilən tədbirin tarixi və strateji əhəmiyyətini vurğulayıblar. Müsəlman ölkələrinə qarşı təxribatçı hərəkətlərin olduğu, beynəlxalq terroru İslamın ayağına yazmağa çalışıldığı, siyasi-diplomatik səviyyədə islamofobiyanın yayıldığı bir zamanda elm və texnoloji inkişafın vacibliyi xüsusi qeyd edilib. Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı isə, sözün həqiqi mənasında, tarixi-konseptual tezislərlə zəngin olub. Onların geniş təhlili olduqca vacib məsələdir. Biz həmin tezislərin bir sıra aspektlərinə nəzər salmağa çalışmışıq.

 

İslam dünyası və elm: XXI əsrin çağırışları fonunda

 

Qazaxıstanın paytaxtında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiyalar üzrə birinci sammitinin təşkil edilməsi böyük əhəmiyyəti olan məsələdir. Müasir dünyanın çağırışları prizmasından bu addım aktuallığı ilə seçilir. Müsəlman dövlətlərini birləşdirən beynəlxalq təşkilat nümayiş etdirir ki, onlar üçün elm, təhsil, yeni texnologiyalar, davamlı inkişaf və səmərəli əməkdaşlıq prioritetdir. Bu, bir tərəfdən bir sıra dairələrin müsəlmanlar haqqında formalaşdırmağa çalışdığı yanlış obrazın əsassızlığını sübut edir, digər tərəfdən isə yeni texnologiyalar sahəsində İslam dünyasının ciddi irəliləyiş əldə etmək niyyətini ortaya qoyur.

Buradan məsələnin geosiyasi və sosial-mədəni aspektləri arasında əlaqə aydın görünür. İndiyə qədər İslam ölkələri əsasən kənardan olan böhtanlara, şər-şəbədələrə, terrorla bağlı əsassız ittihamlara və s. cavab verməklə məşğul idi. Müsəlman dövlətləri arasında tutarlı əməkdaşlıq prosesi getmirdi. Qərb və bir sıra Şərq dövlətləri tərəfindən olan təzyiqlərin fonunda müsəlman dövlətləri aciz görünürdülər. Bütün bunlar İslam dünyasının real əməkdaşlıq müstəvisinə keçməsi zərurətini ortaya qoyurdu.

Artıq bu qeyri-müəyyənlik mərhələsinin arxada qaldığını deyə bilərik. İndi müsəlman ölkələrinin başçıları elm, texnika, iqtisadi inkişaf, yeni texnologiyalar kimi aktual sahələrdə əməkdaşlığı müzakirə edirlər. Qürurvericidir ki, keçilən bu çətin yolda Azərbaycan rəhbərliyinin xüsusi xidmətləri olub. Ulu öndər Heydər Əliyev daim müsəlman ölkələri və xalqları arasında real əməkdaşlıq və dostluq münasibətlərinin yaradılmasına çalışırdı. İƏT-lə bağlı ümummilli liderin aktiv fəaliyyəti hamının yadındadır. Heydər Əliyev bu təşkilatın rəhbərlərini həmişə qəbul edir, onlara səmərəli əməkdaşlıq haqqında dəyərli tövsiyələrini əsirgəmirdi. İƏT-in baş katibi olmuş Ekmələddin İhsanoğlu ilə Heydər Əliyevin görüşlərini xatırlamaq kifayətdir.

Ekmələddin İhsanoğlu “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” mövzusunda Bakı şəhərində keçirilən beynəlxalq konfransın iştirakçılarına göndərdiyi məktubda yazırdı: “Azərbaycanın İslam ölkələri ilə mövcud tarixə söykənən əlaqələrinin canlandırılmasında Heydər Əliyevin dialoqa və əməkdaşlığa müştərək dinlə dəstək verən siyasəti mühüm rol oynamışdır... Heydər Əliyevin din siyasətinə müasir dünya üçün mühüm bir nöqteyi-nəzərlə belə bir tərif vermək istəyirəm: bu siyasət dinlərə sadiq qalan qlobal perspektivli bir siyasətdir. Bu səbəbə görə, XX əsrin sonlarındakı nümunəvi fikirləri və ideyaları ilə ölkəsinin XXI əsr millətlərarası siyasətinə faydalı yollar göstərən böyük lider Heydər Əliyevi bir daha rəhmət və hörmətlə yad edirəm”.

 

İslam həmrəyliyi: Heydər Əliyev kursunun davamı

 

Bu siyasəti Prezident İlham Əliyev böyük fəallıq və səmərəliliklə davam etdirməkdədir. Sirr deyil ki, son illər İƏT-də Ermənistanın Azərbaycana təcavüzünü pisləyən sənədlərin qəbul edilməsi birbaşa dövlət başçısının nüfuzu və fəallığına bağlıdır. Təbii ki, digər müsəlman dövlətlərinin başçıları da İslam ölkələri arasında əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi üçün çalışırlar. Bütün bunlara görə, Astanada elm və texnologiya üzrə sammitin keçirilməsi olduqca əhəmiyyətli addım kimi qiymətləndirilə bilər. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti bir sıra maraqlı ideyalar irəli sürüb.

Azərbaycan Prezidenti hər şeydən öncə, ölkənin İƏT-in fəal üzvü olduğunu vurğulayıb. Bu baxımdan təşkilata daxil olan ölkələrin rəsmi nümayəndələrinin xarici işlər, mədəniyyət, turizm, təhsil və əmək sferaları ilə bağlı aktual problemlərin müzakirəsi üçün bir neçə dəfə Bakıya toplaşmaları heç də təsadüfi deyil. Azərbaycan elm, təhsil, humanitar, mədəniyyət, əməkdaşlıq üzrə İƏT-də proseslərin səmərəli və sürətli getməsi üçün əlindən gələni edib. Buna görə də Prezident İlham Əliyev İƏT-lə Azərbaycan arasında sıx qarşılıqlı faydalı əməkdaşlıq prosesinin davam etdiyini xüsusi vurğulayıb. Dövlət başçısı bununla bağlı ifadə edib: “Biz təşkilata üzv ölkələrlə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirik. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. İƏT də öz növbəsində Azərbaycana böyük dəstək göstərir və ölkəmizin apardığı siyasətə yüksək qiymət verir”.

İlham Əliyev İƏT-lə bağlı onu da ayrıca qeyd edib ki, bu təşkilat həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ədalətli mövqe nümayiş etdirib. Ölkə rəhbəri deyib: “İƏT daim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirib və Azərbaycanın ədalətli mövqeyini əks etdirən bir çox qətnamələr qəbul edib”.

Fikrini təsdiqləyən fakt kimi dövlət başçısı İƏT-in keçən il Türkiyədə keçirilən zirvə görüşündə Ermənistanın Azərbaycana qarsı təcavüzü ilə əlaqədar təmas qrupu yaradılmasını ifadə edib. Azərbaycan bu qərarı çox yüksək qiymətləndirir. Doğrudan da təşkilatda konkret olaraq Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı təmas qrupu yaradılırsa, bu, İƏT-in münaqişəni özünün problemi kimi qəbul etməsi anlamına gəlir. Yəni artıq söhbət yalnız Azərbaycandan və Azərbaycan-Türkiyə tandemindən getmir. Bu məsələ İƏT-ə daxil olan ölkələrin hamısı, o cümlədən İran, Pakistan, Misir və digər böyük müsəlman dövlətləri üçün aktual sayılır.

Bunun fonunda BMT-nin Dağlıq Qarabağla bağlı dörd qətnamə qəbul etməsini və onların heç birinə əməl edilməməsini xüsusi qeyd edən İlham Əliyev bununla hətta beynəlxalq təşkilatlarda ikili standartların özünü göstərdiyini bir daha vurğulamış oldu. Deməli, İƏT həm də ikili standartlara qarşı mübarizədə fəallığını xeyli artırmalıdır. Əks halda, onun da qəbul etdiyi qətnamələr, aldığı qərarlar kağız üzərində qalacaq.

Məsələ isə yalnız geosiyasi-hərbi aspektlə məhdudlaşmır. Çünki dövlət başçısı xüsusi vurğulayıb ki, Ermənistan etnik təmizləmə siyasəti aparıb, hərbi cinayətlər törədib və müsəlman mədəniyyət nümunələrini məhv edib, dağıdıb. Ermənistan Xocalı soyqırımını törədib, bu ilin iyul ayında iki yaşlı azərbaycanlı körpə nənəsi ilə birlikdə ermənilər tərəfindən atılan mərmi nəticəsində həyatını itirib. “Bu, erməni faşizminin növbəti qanlı cinayətidir. İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur”.

Bütün bunları ümumiləşdirərək, İlham Əliyev çox əhəmiyyətli bir tezis irəli sürüb. Prezident ifadə edib: “Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.

 

Üç tezis: İlham Əliyevin ədalətli və dəqiq mövqeyi

 

Biz bu fikri həm siyasi nəzəriyyə, həm də praktiki siyasi-diplomatik fəaliyyət aspektlərində yüksək qiymətə layiq hesab edirik. Çünki Azərbaycan rəhbəri bir tərəfdən konkret faktlarla Ermənistanda əsas problemin islamofobiyadan ibarət olduğunu sübut edir. Bu isə artıq Ermənistan rəhbərlərinin konkret siyasi-ideoloji riyakarlığa yuvarlanması deməkdir. Ermənistanın Azərbaycana təcavüzünün tarixçəsinə və rəsmi İrəvanın onu təqdim etmə cəhdlərinə nəzər salsaq, Azərbaycan Prezidentinin tarixi qiymətləndirməsinin bütün çalarlarını anlamış olarıq.

Hər kəsin xatirindədir ki, XX əsrin 90-cı illərində Ermənistan təbliğat maşını azərbaycanlıların dini zəmində ermənilərə qarşı zorakılıq etdiklərini dünyaya car çəkirdi. Guya müsəlmanlar xristianları qırır, mədəniyyətlərini, o cümlədən kilsələri məhv edir və günahsız insanlara qan uddururlar. Bir müddət dünya erməni separatçıların və onların beynəlxalq aləmdə olan dəstəkçilərinin bu nağıllarına inandı.

Lakin ulu öndər Heydər Əliyevin çox aktiv siyasi-diplomatik fəaliyyəti nəticəsində bu yanlış təbliğat sabun köpüyü kimi dağıldı. Rəsmi Bakı konkret faktlarla sübut etdi ki, ermənilərə və onların mədəniyyətinə Azərbaycanda daim böyük tolerantlıq olub, mədəniyyət nümunələri da toxunulmadan saxlanılır. Bu proses bir neçə il davam etdi. Sonrakı mərhələdə Prezident İlham Əliyev Bakıda dalbadal beynəlxalq tədbirlər təşkil edərək, azərbaycanlıların fərqli dinlərə olan real münasibətini dünyaya nümayiş etdirdi.

İnsanlar gördülər ki, Azərbaycanda erməni kilsəsi də toxunulmaz qaydada saxlanır, sinaqoqlar fəaliyyətdədir, pravoslav kilsələri də işləyir. Keşişlər sərbəst qaydada fəaliyyət göstərirlər. Müsəlman azərbaycanlılar fərqli dinlərə dözümlülük və sevgi ilə yanaşırlar. Onlar dini mənsubiyyətə görə heç kimə təzyiq göstərmirlər. Bu həqiqətləri uzaqdan və yaxından gələnlər görəndən sonra avtomatik sual yaranırdı: bəs onda Dağlıq Qarabağda baş verənlərin kökündə hansı faktorlar dayanır?

Bu sualı həm də Heydər Əliyev Fondunun dünyada həyata keçirdiyi layihələrin məzmunu ilə tanış olanlar yüksək səslə verirlər. Çünki bu fond Avropada, Gürcüstanda və dünyanın başqa regionlarında xristian mədəniyyət abidələrinin, o cümlədən erməni kilsələrinin qorunmasında real işlər görür. Deməli, məsələ erməni təbliğatının dünyaya yaymağa çalışdığı müsəlmanlarda anti-xristian davranışların olması ilə bağlı deyil.

Əksinə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi bu ölkədə rəsmi səviyyədə islamofobiyanın möhkəm yer tutması ilə əlaqəlidir. Rəsmi Bakı bu tezisi konkret faktlarla dünyaya dəfələrlə sübut edib. Şuşada Azərbaycan mədəniyyəti nümunələri, Şuşa məscidi məhv edilib.

Mədəniyyət xadimlərinin abidələri dağıdılıb. Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün və başqa tanınmış mədəniyyət simalarının abidələri gülləboran edilib. Aşıq Ələsgərin qəbri təhqir edilib, dağıdılıb və s. Bütün bunlar erməni vandalizminin yalnız bir qismini ifadə edir. Bütövlükdə Azərbaycan buna bənzər faktları beynəlxalq təşkilatlara təqdim edib, bu kimi əməllərə qiymət verilməsi məsələsini qaldırıb. Qəbul edilən sənədlərdə Azərbaycan-müsəlman mədəniyyət nümunələrinin məhv edilməsi vəhşilik adlandırılır və onu törədənlər kəskin şəkildə qınanılır.

Lakin Azərbaycan Prezidenti ermənilərin bu vəhşiliklərinə çox gözəl cavab verib. Prezident Astanadakı çıxışında vurğulayıb: “Ermənilər məscidlərimizi dağıdıblar. Ancaq bu məscidlər bizim qəlbimizdə ucaldılıb, onları heç bir qüvvə dağıda bilməz”. Bəli, Azərbaycan rəhbərliyinin konkret addımları bunun belə olduğunu qətiyyətli şəkildə sübut etməkdədir. İndi işğaldan azad edilmiş Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri ucalır. Bu istiqamətdə yeni-yeni addımlar da atılacaq.

Dövlət başçısının Ermənistanda islamofobiyanın kəskin şəkildə mövcud olması barədə ifadə etdiyi tezis Azərbaycanın bu hala qarşı ciddi mübarizə aparması fonunda da nəzərə alınmalı faktlardandır. Belə ki, Azərbaycan İslam həmrəyliyinə töhfələr verməkdədir. İlham Əliyev fikirlərinə davam edərək bəyan edib: “Biz dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik. Biz beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, siyasi və dini liderləri Myanmada baş verən hadisələrin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırırıq. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, sentyabrın 8-də Azərbaycan Rohingiya qaçqınlarına humanitar yardım – 100 ton ərzaq məhsulu göndərmişdir”.

Bu o deməkdir ki, Azərbaycan beynəlxalq miqyasda ayrı-seçkilik qoymadan islamofobiyaya qarşı mübarizə aparır. Ehtiyacı olan müsəlmanlara yardım göstərir, onların haqq səslərini müdafiə edir. Bu mənada 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsinin dərin mənası vardır. Azərbaycan konkret layihələri ilə müsəlmanlar arasında həmrəyliyə nail olunmasına çalışır. Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 50-dən artıq müsəlman ölkəsinin idmançıları iştirak ediblər.

Yuxarıda vurğulanan fikirlərin fonunda dövlət başçısının Ermənistanda islamofobiyanın mövcudluğu ilə bağlı ifadə etdiyi tezisin əhəmiyyəti üç aspektdə dərk edilməlidir. Birincisi, Azərbaycan İslam həmrəyliyinə ciddi töhfələr verən ölkədir. İkincisi, rəsmi Bakı beynəlxalq səviyyədə islamofobiyaya qarşı qətiyyətli mübarizə aparır, dünyanın hər bir guşəsində müsəlmanlara qarşı hüquq pozuntularına etiraz edir, dinc insanlara yardımlar göstərir. Üçüncüsü, müsəlman dövlətlərinin islamofobiyaya düçar olmuş Ermənistana qarşı siyasətlərində ehtiyatlı olmalarını çatdırır. Astana sammiti çərçivəsində bu aspektlərin hər birinin öz əhəmiyyəti vardır.

Birinci olaraq Azərbaycan özü erməni təcavüzünə məruz qalmasına rəğmən, İslam həmrəyliyi üçün əlindən gələni edir. Rəsmi Bakı bu məsələ ilə bağlı mötəbər tədbirlər təşkil edir, konkret proqramlar həyata keçirir. Bu da onu göstərir ki, ölkənin siyasi rəhbərliyi İslam faktoruna çox ciddi əhəmiyyət verir, onu yüksək qiymətləndirir.

İkincisi, Azərbaycan beynəlxalq miqyasda islamofobiyaya qarşı çıxış etməklə siyasi-diplomatik səviyyədə düşünülmüş və sistemli kurs həyata keçirdiyini nümayiş etdirir. Belə ki, rəsmi Bakı yalnız İslam həmrəyliyindən bəhs etməyib praktiki addımlar da atır. Günahsız insanların hüquqlarının müdafiə edilməsi, onlara maddi yardımların göstərilməsi istiqamətində əhəmiyyətli addımlar atır. Siyasi, diplomatik, ideoloji aspektlərdə islamofobiyanın əlamətlərini kəskin tənqid edir, onun yayılmaması üçün böyük fəallıq göstərir.

Üçüncü aspekt əvvəlki iki aspektlə sıx bağlıdır. Yəni Ermənistanda islamofobiya mövcuddursa, Azərbaycan onunla da qətiyyətli mübarizə aparmalıdır və aparır. Lakin eyni mövqedə İƏT-ə daxil olan digər ölkələr də olmalıdırlar. Bu məqamı Prezident çox lakonik ifadə edib – müsəlman mədəni abidələrini, məscidlərini dağıdan Ermənistan heç bir müsəlman dövlətinə dost ola bilməz! Əgər hansısa müsəlman dövləti Ermənistanla dostluq edirsə, ona dəstək verirsə, o, ilk növbədə İslama qarşı çıxır, onun dəyərlərinə xəyanət edir.

Onda İƏT təşkilat olaraq Ermənistana münasibətdə onun islamofobiya xəstəliyinə tutulması faktını nəzərə alaraq hərəkət etməlidir. Bu təşkilata daxil olan ölkələr erməni təcavüzünə qarşı eyni mövqeni ortaya qoymalıdırlar. Həmin istiqamətdə siyasi-diplomatik fəallıq artırılmalıdır. Ermənistan isə islamofobiyanı pik həddə çatdırmağın fonunda müsəlman ölkələri ilə əlaqələri genişləndirməyə çalışmaqla riyakar davranır. İslam ölkələrinin bu saxtalığı görməsi lazımdır.

Deməli, Azərbaycan Prezidenti Astanada İƏT çərçivəsində konseptual bir məsələ qaldırıb. Bu da ondan ibarətdir ki, təşkilata üzv ölkələr artıq real siyasətdə islamofobiyanın bütün təzahürlərinə qarşı birgə mübarizə aparmaq zərurətini qəbul etməlidirlər. Əks halda, bütün İslam dünyası zərər görməkdə davam edəcək. Azərbaycana gəldikdə isə, “...bundan sonra da İƏT-in fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcək”.

Təsadüfi deyil ki, sammitdə çıxış edən başqa müsəlman ölkələri rəhbərləri də İslam həmrəyliyi məsələsinə xüsusi diqqət yetirib, bunun fonunda islamofobiya ilə mübarizənin önəmini qeyd ediblər. Azərbaycan Prezidentinin fikirləri isə konseptual tezislər olaraq qəbul edilir. Azərbaycanın mövqeyində də əsas olaraq əməkdaşlıq, ədalətlilik, obyektivlik, həmrəylik və qlobal əlaqələrin genişlənməsi yer tutub.

Beləliklə, Astana sammitində Azərbaycan Prezidentinin çıxışı tarixi əhəmiyyətə malikdir. İlham Əliyev həm bütövlükdə İslam aləminin qarşısında dayanan aktual problemləri analiz edib, həm də konkret olaraq İƏT-ə daxil olan ölkələrin islamofobiyaya qarşı vahid cəbhədə dayanması zamanının yetişdiyini ifadə edib. Hər iki aspektin müsəlman ölkələri üçün ciddi əhəmiyyətinin olduğu şübhəsizdir. Sözsüz ki, Azərbaycan Prezidenti bundan sonra da həmin istiqamətlərdə fəal mübarizəsini davam etdirəcək.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında