Azərbaycan növbəti inkişaf mərhələsinin astanasındadır

Azərbaycan növbəti dəfə böyük uğur qazandı. Dünyanın nəhəng şirkətlərinin də iştirak etdiyi yeni neft müqaviləsinə imza atdı. Ölkəmizin beynəlxalq enerji təhlükəsizliyi xəritəsində yerini daha da möhkənləndirəcək bu müqavilə qarşıdakı illərdə də Azərbaycan xalqının rifahının artan xətt üzrə yüksəlməsinə imkan verəcək. Ən əsası, yeni neft müqaviləsinin imzalanması Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasətin uğurlu nəticəsində mümkün oldu və rəsmi Bakının beynəlxalq münasibətlər sistemində mühüm aktorlardan biri kimi nüfuzunu daha da artıracaq.

ABŞ və SSRİ arasında aparılan “soyuq müharibə”nin başa çatması dünya xəritəsində titanik dəyişiklərə rəvac vermişdi. “Dəmir pərdə”nin qaldırılmasından sonra yaranmış yeni reallıq strateji əhəmiyyətli Avrasiya materikində müxtəlif proseslərin, xüsusilə də ayrı-ayrı bloklaşmaların, habelə materikin bəzi regionlarında geosiyasi və geoiqtisadi landşaftı dəyişdirəcək böyük layihələrin qlobal müzakirəsinə səbəb olmuşdu. SSRİ-nin dağılmasından sonra Azərbaycan kimi karbohidrogen yataqları ilə zəngin ölkələrin beynəlxalq münasibətlərin fəal aktoruna çevrilməsi qlobal siyasi proseslərin axarına təsir göstərən böyük dövlətlərin diqqətini cəlb etmiş, Avrasiya materikində münasibətlərin yenidən aydınlaşdırılmasına və siyasi-iqtisadi blokların formalaşdırılması prosesinə start vermişdi. Xüsusilə alternativ enerji resursları ilə zəngin Xəzər dənizi hövzəsində iri enerji layihələrinin həyata keçirilməsi istiqamətində mühüm addımların atılması, Şərq-Qərb enerji dialoqunun yaradılmasında keyfiyyətcə yeni mərhələnin başlanmasına gətirib çıxarmışdı. Belə mühüm dialoqun yaradılmasında məhz Azərbaycan dövlətinin yürütdüyü qətiyyətli siyasətin Cənubi Qafqaz regionunda yeni geosiyasi mənzərənin formalaşmasında böyük rol oynaması da tarixi gerçəklikdir.

Hazırda müşahidə olunan geosiyasi mübarizənin arxasında gizlənən məsələlərdən birinin də enerji və nəqliyyat dəhlizlərinə nəzarətin və həmin dəhlizlərin şaxələndirilməsinin olması heç kimə sirr deyil. SSRİ-nin dağılmasından sonra Avrasiya materikində Qərbə daşınacaq nəhəng neft boru kəmərinin – Bakı-Tbilisi-Ceyhan enerji dəhlizinin fəaliyyətə başlaması beynəlxalq münasibətlər sisteminin inkişafına fərqli bucaqdan yanaşan böyük dövlətlərin “Böyük şahmat lövhəsi”ndə mövqe mübarizəsinə daha fəal qoşulmalarına təkan vermişdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ardınca inşa edilən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi də Şərq-Qərb enerji dialoqunda yeni səhifənin açılmasına səbəb olmuşdu. Hazırda qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri uğurla fəaliyyət göstərir. Təbii ki, bütün bunlar ulu öndər Heydər Əliyevin neft siyasətinin bəhrəsi olan 1994-ci ildə imzalanmş “Əsrin müqaviləsi” sayəsində mümkün olmuşdu. Həmin müqavilənin imzalanmasından 23 il keçir və bu müddət ərzində müqavilə uğurla yerinə yetirilmişdir. “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimində Prezident İlham Əliyev bu illər ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edildiyini vurğulamış və “Əsrin müqaviləsi” imzalanan zaman təxmin edilən neft ehtiyatlarının 511 milyon ton müəyyən olunduğunu xatırlatmışdır. “Ancaq bugünkü məlumat, – əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, – onu göstərir ki, hələ də “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır”,– deyən ölkə başçısı müqavilənin icrası müddətində bu rəqəmin daha da artacağına əmin olduğunu diqqətə çatdırmışdır.

Azərbaycan Cənubi Qafqazın böyük dövləti kimi regional enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Belə fəal mövqe beynəlxalq münasibətlər sisteminə müsbət təsir göstərir və bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir iqtisadi layihənin reallaşdırılması mümkün deyil. Bu gerçəyi vurğulayan məşhur politoloqlar əlverişli coğrafi mövqeyə və zəngin karbohidrogen mənbələrinə malik olan ölkəmizin regionda mövqeyinin xeyli güclənməsini də etiraf edirlər. Sentyabrın 14-də “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni müqavilənin imzalanması Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal aktor kimi mövqelərini daha da gücləndirəcək.

Yeni müqavilə regional iqtisadi inteqrasiyanın daha da dərinləşməsinə və iqtisadi əlaqələrin güclənməsinə də öz təsirini göstərəcək. Bundan başqa, “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni müqavilənin imzalanması beynəlxalq enerji təhlükəsizliyinə də öz töhfəsini verəcək. ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqladığı bəyanatda da qeyd olunur ki, 1994-cü ildə imzalanmış və “Əsrin müqaviləsi” adını almış HPS və bugünkü yeni sazişin imzalanması eyni dərəcədə vacibdir. Dənizdə “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarını inkişaf etdirmiş AÇG HPS və daha sonra Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) formalaşması neft və qazın beynəlxalq inkişafında əsas mərhələ, o cümlədən beynəlxalq enerji təhlükəsizliyi və Azərbaycan üçün böyük uğurdur. Bəyanatda həmçinin bildirilir ki, Birləşmiş Ştatlar neft və qaz ehtiyatlarının iqtisadi çiçəklənmə və dünya enerji təhlükəsizliyinin artırılması məqsədilə əsas faktor qismində inkişafını və onların Avropa və digər bazarlara təhlükəsiz tədarükünü müşahidə edərək, neft və qaz ehtiyatlarının Azərbaycanda və Xəzər dənizi hövzəsində inkişafını 1990-cı illərin əvvəlindən başlayaraq aktiv şəkildə dəstəkləyir.

Göründüyü kimi, yeni müqavilə nəinki Azərbaycanın mənafelərinə xidmət edəcək, həm də beynəlxalq enerji təhlükəsizliyinin güclənlənməsinə güclü təsir göstərəcək. Ümumiyyətlə, rəsmi Vaşinqton karbohidrogen ehtiyatlarının inkişafının və onların beynəlxalq təhlükəsizlik fonunda oynadığı rolun vacibliyi bu gün də Birləşmiş Ştatlar tərəfindən tanındığını bildirməklə və bunu xüsusi olaraq vurğulamaqla bərabər Azərbaycanla enerji sahəsində əməkdaşlığını davam etdiriləcəyinə dair mühüm açıqlama da vermişdir. Belə ki, bəyanatda Birləşmiş Ştatların qaz təchizatını Avropa istehlakçılarına çatdırmaq üçün yeni mənbə və marşrut yaratmaqla Avropa enerji təhlükəsizliyini gücləndirən “Cənub” qaz dəhlizinin inkişafında Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrlə yaxından əməkdaşlıq etdiyi bildirilmiş və ölkəmizin enerji inkişafının yeni və daha da çox ümidlər verən mərhələsinə qədəm basdığı üçün ABŞ-ın yeni neft və qaz ehtiyatlarının inkişaf etdirilməsi və onların bazara çıxarılması məqsədilə rəsmi Bakı ilə əməkdaşlığı davam etdirmək istədiyini açıqlanmışdır. Bəyanatda daha sonra bildirilir ki, Birləşmiş Ştatlar Azərbaycanın ümumi inkişafında, onun qeyri-neft sektorlarının artmasında və Yeni İpək Yolunun reallaşdırılmasında uzun müddətdir ki, neft və qaz sektorunda baş verən irihəcmli strateji layihələrdə Azərbaycanın tərəfdaşı olub və tərəfdaşı olaraq qalmaqdadır. Belə bir bəyanatın verilməsi bir daha sübut edir ki, ABŞ beynəlxalq enerji təhlükəsizliyi sahəsində, eləcə də digər strateji layihələrdə Azərbaycanla əməkdaşlığı mühüm sayır və iki ölkə arasında əlaqələrin gücləndirilməsində maraqlıdır.

Yeni müqavilə Azərbaycanın mənafelərinin qorunması baxımından da diqqəti cəlb edir. Belə ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndə Azərbaycan 11,6 faiz paya malik idi. Yeni müqavilədə isə Azərbaycan şirkəti SOCAR-ın payı 25 faizə çatdırılmışdır. Bundan başqa, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
Prezident İlham Əliyev xüsusilə vurğulamışdır ki, Azərbaycanın gələcək inkişafı və maliyyə imkanlarının genişləndirilməsi baxımından yeni müqavilənin çox böyük əhəmiyyəti var. Ötən 23 il ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini xatırladan ölkə başçısı bildirmişdir ki, bu gün ölkəmiz dünyada ayaqda möhkəm dayanan ölkə kimi tanınır. “Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur”, – deyən Prezident İlham Əliyev Azərbaycanın bundan sonra ancaq uğurla inkişaf edəcəyini və ölkəmizin böyük potensialı olduğunu diqqətə çatdırmışdır.

Azərbaycanın güclənməsində və inkişafında “Əsrin müqaviləsi”nın xüsusi rolu olduğunu vurğulayan dövlət başçısı bir daha bəyan etmişdir ki, Azərbaycan bu gün müstəqil siyasət aparan ölkələrdən biridir və bunun təməlində güclü siyasi iradə və iqtisadi müstəqillik dayanır. “Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır”,- deyən Prezident İlham Əliyev bu imkanları da Azərbaycana “Əsrin müqavilə”sinin yaratdığını bildirmişdir.

Beləliklə, Azərbaycan neft sənayesinin, eləcə də iqtisadi-sosial inkişafının növbəti mühüm mərhələsinə qədəm qoyur. Ən əsası, yeni müqavilə imzalanması Azərbaycanda güclü iqtisadi-siyasi sabitliyi təsdiqlədi və onun neft sənayesinin inkişafına təsir göstərməsi ilə yanaşı, qeyri-neft sektorunun, sahibkarlığın, turizmin və digər sahələrin inkişafına da böyük təkan verəcəyi gözlənilir. Bundan başqa, zəngin ehtiyata malik “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının istismarının davam etdirilməsi Şərq-Qərb enerji dialoqunun aparılmasında keyfiyyətcə yeni mərhələnin başlanmasına gətirib çıxarmaqla yanaşı, Azərbaycanın etibarlı tərəfdaş imicinin güclənlənməsinə də şərait yaradacaq.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında