Bir sıra analitiklər Amerika ilə Çin arasında beynəlxalq nüfuz uğrunda mübarizənin təhlükəli çalarlar almağa başladığı barədə proqnozlar verirlər. Onlar bütövlükdə dünyanın geosiyasi mənzərəsində qeyri-müəyyənliklərin artdığı qənaətindədirlər. Həmin bağlılıqda iki böyük güc arasında rəqabətin hansı geosiyasi proseslərə təkan verə biləcəyi barədə analitik fikirlər maraq doğurur. Evan Feygenbaumun bununla əlaqədar bir məqaləsi "Foreign Affairs" nəşrində dərc edilib. Müəllif problemlə bağlı geniş təhlil verir və bir sıra ziddiyyətli məqamlara diqqət çəkir. Yazıda, ümumiyyətlə, müasir geosiyasətin mühüm məsələlərinə toxunulur. Onların geosiyasi dinamikaya təsir istiqamətləri haqqında analiz aparmaq maraqlı olardı.
Liderlik yarışı:
açıq və gizli tərəfləri
Dünyanın iki supergücü olan ABŞ-la Çin arasındakı münasibətlərdən qlobal geosiyasətin taleyinin asılı olduğu haqqında bir çox analitiklər fikir bildiriblər. İndiki mərhələdə həmin məsələ iki aspektdə daha çox önəm kəsb etməyə başlayıb. Onlardan birincisi beynəlxalq münasibətlər sisteminin yeniləşməsində Vaşinqton-Pekin qarşıdurmasının dinamikası ilə bağlıdır.
İkincisi isə Koreya yarımadası və Cənubi Çin dənizində getdikcə artan hərbi gərginliyin doğura biləcəyi mümkün nəticələrlə əlaqəlidir. Özlüyündə bu iki cəhət bir-biri ilə sıx bağlıdır. Hazırda ekspertlər Amerika ilə Çin arasında yarış və rəqabəti xatırladan münasibətlərin daha həssas səviyyəyə yüksəldiyinə əmindirlər. Bu prizmadan baxdıqda, ümumən dünyanın geosiyasi gələcəyi barədə proqnozlar verməyin mümkünlüyü üzərində düşünməyə dəyər.
Həmin məsələ ilə bağlı analitiklərin müəyyən təhlilləri mövcuddur. Onlardan biri də bir zamanlar ABŞ dövlət katiblərinin Cənubi Asiya və Mərkəzi Asiya üzrə köməkçisi olmuş, hazırda Çikaqo Universitetində sədr müavini işləyən Evan Feygenbauma aiddir (bax: Evan A. Feigenbaum. China and the World: Dealing With a Reluctant Power / "Foreign Affairs", Vol. 96, № 1, January/February 2017).
Təcrübəli mütəxəssis ABŞ və Çin arasındakı dünya liderliyi uğrunda mübarizəyə müasir geosiyasətin ümumi problemləri müstəvisində nəzər yetirir. O, mövcud beynəlxalq münasibətlər sisteminin yeniləşməsi zərurəti kontekstində iki böyük dövlət arasında rəqabətin xarakteristikasını verir. Bir çox aspektlərdə məqalə müəllifinin fikri düşündürücüdür. Onların üzərində geniş dayanmağa ehtiyac görürük.
E.Feygenbaum məqalədə bir neçə tezis irəli sürüb. Onlardan ən mühümü Çinin indiki mərhələdə fəaliyyətinin nə dərəcədə Qərbin dominant olduğu beynəlxalq münasibətlər sisteminə uyğun gəlib-gəlməməsi ilə bağlıdır. Müəllif göstərir ki, Çin heç də hazırda mövcud olan beynəlxalq münasibətlər sistemindən kənarda fəaliyyət göstərmir (bax: əvvəlki mənbəyə). Analiz sübut edir ki, əksinə, Pekin mövcud sistemin inkişafına yardım edə biləcək addımlar atıb.
Doğrudur, yarım əsr bundan əvvəl müasir Çinin yaradıcısı Mao Tszedun dünya siyasətinə və Çinin ondakı roluna inqilabi yanaşmaya səsləyib. Lakin indi Pekin mövcud sistemə ardıcıl olaraq alternativ sistem təklif edə bilmir və faktiki olaraq bütün "iri çoxaspektli təşkilatların üzvüdür. Çin onlarda iradəsindən asılı olmayaraq iştirak edir, ikili siyasət yeridir və tez-tez narazılığını bildirir" (bax: əvvəlki mənbəyə).
Konkret deyilsə, Çin müəyyən əngəllər törədə bilər, lakin mövcud dünya nizamını kəskin dəyişə bilməz. Əvəzində, onun iqtisadi sisteminin həcmi, milli rifahın səviyyəsi və inamlı xarici siyasəti hazırkı beynəlxalq təşkilatlarda və institutlarda islahatların aparılmasını tələb etmək üçün yetərlidir. E.Feygenbaumun bu qənaəti maraqlıdır. Çünki dünyanın bir çox ölkəsi beynəlxalq təşkilatlarda islahatların aparılması zərurətindən bəhs edir. Deməli, məsələ yalnız Çinlə bağlı deyil. Ümumiyyətlə, beynəlxalq miqyasda islahatların həyata keçirilməsini tələb edən bir hərəkat yaranıb. Onda bəs ABŞ nəyə görə Çinin də ifadə etdiyi bu tələbdən yayınır?
Məqalədə bu sualın da cavabı axtarılır. E.Feygenbaum göstərir ki, əslində, yanlışlıq Vaşinqtonun baş verənlərə yanaşmasında, onları düzgün qiymətləndirə bilməməsindədir. Burada nələr nəzərdə tutulur? Bunu bir misal gətirməklə izah etmək mümkündür.
2013-cü ildə Çin İnfrastruktur Sərmayələr üzrə Asiya Bankını (İSAB) yaratmağı təklif etmişdi. Bu təklifi Vaşinqton İkinci dünya müharibəsindən sonra yaradılmış bütün regional və ümumdünya təşkilatlarına çağırış kimi qəbul etdi. Pekin isə bankı yaratmaqla Asiyada infrastrukturu (dəmir yolların çəkilişi, elektrik stansiyalarının tikintisi və s.) maliyyələşdirməkdən və bu sahədə yaranmış defisiti aradan qaldırmaqdan bəhs edirdi.
Geosiyasi qısqanclıq:
reallıqla məxsusi maraqlar arasında
Amerikanın bu cür reaksiyası faktiki olaraq Çinin beynəlxalq sistemdə ciddi dəyişikliklər etmək planlarının olmasına inanması ilə əlaqəli idi. Hətta Vaşinqton hesab edirdi ki, Pekin Çinə istiqamətlənmiş alternativ beynəlxalq təşkilatlar şəbəkəsi yaratmağa başlayıb. Bir sıra dairələr bunu Amerikanın "geosiyasi qısqanclığı" kimi qiymətlənirdi. Lakin sonrakı hadisələr göstərdi ki, Vaşinqton səhv mövqe seçib.
Belə ki, İSAB 2015-ci ildə işə başladı. Eyni zamanda, Amerikanın ənənəvi olaraq yaxın müttəfiqləri sayılan bir neçə ölkə – Avstraliya, Kanada, Fransa, Almaniya, İsrail, Cənubi Koreya və Böyük Britaniya ona qoşuldular. Bununla Amerika Çini yox, özünü təcrid etmiş oldu. Buradan iki nəticə çıxarmaq olar. Birincisi, Çinin beynəlxalq münasibətlər sistemində yeri və rolu yeniləşir. Onun dünyada nüfuzu durmadan artır. Asiyadan tutmuş Afrikaya qədər geniş geosiyasi məkanda Pekin keyfiyyətcə yeni rol oynamağa başlayıb.
İkincisi, Çinin sürətlə artan nüfuzunu Qərb siyasi və diplomatik dairələri obyektiv qiymətləndirə bilmir. Onlar reallığı görməkdən çəkinir, dünyadakı dominant mövqelərini itirə biləcəklərindən narahat olurlar. Nəticədə, beynəlxalq münasibətlər sisteminin özündə təhrif olunmuş mənzərə meydana gəlir. Bu baxımdan qlobal miqyasda geosiyasi nizamın gələcək taleyi haqqında ehtiyatlı fikir yürütmək lazım gəlir.
Bunlarla yanaşı, Qərbdə Çinin qlobal geosiyasətdəki rolunu tənzimləməyi nəzərdə tutan təkliflər də səsləndirilir. Onlardan biri 2005-ci ildə ABŞ dövlət katibinin yardımçısı olmuş Robert Zellikdən gəlirdi. O, Çini təcrid etmək əvəzinə onun üzərinə dünya nizamının qorunub saxlanması üçün məsuliyyət qoyulmasını daha doğru hesab edirdi (bax: əvvəlki mənbəyə). Çünki Çin əsas maliyyə, siyasi, diplomatik ağırlığı Amerikanın üzərinə düşən məqamlardan geniş faydalanır. Yəni təhlükəsizliyi, intizamı Vaşinqton təmin edir, Pekin isə ondan daha çox faydalanır. R.Zellik bu vəziyyətin dəyişdirilməsini təklif edir ki, bu da tədricən Çinin mövcud beynəlxalq sistemə daha çox inteqrasiya olunmasına şərait yaradardı. Ancaq E.Feygenbaum bunun qarşısında 3 maneənin durduğunu vurğulayır.
Birincisi, Çin Qərbdə işləyən liberal normaları qəbul etmir. İkincisi, Çin beynəlxalq təşkilatların aktiv üzvü olsa da, beynəlxalq münasibətlər sistemini diversifikasiya etməyə çalışır. Bunun üçün alternativ təşkilatları, məsələn, BRİKS-i dəstəkləyir. Üçüncüsü, Pekin gözləyir ki, onun artan nüfuzu Avropa demokratiyasının təsirini azaldacaq. Yəni Çin özü üçün insan haqları baxımından daha sərfəli şəraitin yaradılmasını arzulayır.
Bütün bunlardan belə bir əsas nəticə çıxarılır ki, Vaşinqton Çinin hərəkətlərinə reaksiya verməkdə izafi zaman və güc sərf edir. Bunun əvəzində Asiyadakı tərəfdaşları ilə qarşılıqlı əlaqədə Amerikanın daha güclü tərəflərindən yararlanmaq lazımdır. Məsələn, aparıcı texnologiyalardan, innovasiyalardan, dünya bazarı ilə olan güclü əlaqələrdən istifadə etmək mümkündür. E.Feygenbaum hesab edir ki, bununla Çinin güclənən təsirini tarazlaşdırmaq olar.
Beləliklə, ABŞ-Çin qarşıdurmasının dünya üçün getdikcə daha ciddi problemlər yaratdığını görürük. Onlar arasındakı rəqabət qlobal geosiyasi prosesləri mürəkkəbləşdirir, meydana yeni çətinliklər çıxarır. Hələlik Vaşinqtonla Pekinin beynəlxalq münasibətlər sistemində ediləcək dəyişikliklərlə bağlı ortaq mövqeyi yoxdur. Əksinə, bir sıra əlamətlər onu göstərir ki, iki böyük supergüc daha dərin qatlarda ziddiyyətlərə yol verirlər. Bunun nəticələrini proqnozlaşdırmaq xeyli çətindir.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.