Təqribən 2012-ci ilə – Azərbaycanda kütləvi informasiya vasitələrində elektron portalların Myanmada müsəlman əhaliyə qarşı törədilən dəhşətli qırğınların görüntülərinin yayılmasına qədər çox adam belə bir ölkənin mövcudluğundan xəbərsiz idi. Lakin məhz 2012-ci ildəkı iğtişaşlardan sonra Myanma adlı ölkənin nəinki mövcudluğu, hətta orada Arakan deyilən bölgədə müsəlman azlığın da kompakt şəkildə yaşaması hər kəsə bəlli oldu. Cənub Şərqi Asiya ölkələri də eynilə Yaxın Şərq kimi, dünyanın qarışıq mədəni, etnik, dini müxtəlifliyə malik bir hissəsidir. Cənub Şərqi Asiyada – Hind-Çin yarımadası və Malay arxipelaqında 11 ölkə var. Bu ölkələrin strateji əhəmiyyəti mühüm dəniz yolları üzərində, Hind və Sakit okeanları arasında yerləşmələridir. Regionun əhalisi çoxmillətlidir. Onlar müxtəlif dinlərə sitayiş edirlər. Region əhalisinin beşdə iki hissəsi İslam, üçdə iki hissəsi isə xristian, buddizm və s. dinlərə sitayiş edir. Əhalinin sürətli təbii artımı bir sıra problemlər yaradır. Bu ərazi dünyanın ən sıx məskunlaşmış 5 regionundan biridir. Region ölkələri zəngin mineral, su və meşə ehtiyatlarına malikdirlər. Emaledici sənayedə yüngül, yeyinti, neft emalı və elektrotexnika sahələri üstünlük təşkil edir. Regionda Malayziya, Sinqapur kimi inkişaf etmiş dövlətlərlə yanaşı, Myanma kimi geridə qalmış ölkələr də var.
"Myanma" sözü tərcümədə "cəld", "güclü" mənalarını verir və zümrüd mənasını verən "mya" sözündən götürülmüşdür. Myanmada insan və coğrafi məkan adlarının seçilməsinə ənənəvi olaraq myanmalı astroloqların böyük təsiri olur. Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən birmalılar tərəfindən öz seçdikləri ad – "Bama" istifadə olunur. 1989-cu ilədək ölkə rəsmi olaraq Birma Birliyi Sosialist Respublikası və ya qısaca olaraq – Birma adlanırdı. Amma "Birma" adı alınma mənşəli olduğu üçün ölkə daxilində populyar deyildi. 2010-cu ilin oktyabrında ölkənin adı "Myanma İttifaqı"ndan "Myanma İttifaqı Respublikası"na dəyişdi. Həmçinin ölkənin gerbi və bayrağı da dəyişdirildi. Myanmanın paytaxtı – Naypyida şəhəri (Mandalay administrativ dairəsi) Pyinmana şəhərinin yaxınlığındakı kiçik bir kəndin yerində yaradılmışdır. Rəsmi dili birman dilidir. Tərkibi müxtəlif etnik və subetnik qruplardan təşkil edilən Myanmada təqribən 60 milyona yaxın əhali yaşayır. Əhalinin 4 faizini təşkil edən müsəlmanlar əsasən Rohingya vilayətində – Arakanda yaşayırlar. Qəribədir ki, bu gün adının mənası “cəld” “güclü” olan Myanmada, sözün həqiqi mənasında, məhz silahsız, gücsüz, köməksiz insanlara, dini mənsubiyyət fərqliliyinə görə müsəlmanlara qarşı dəhşətli qətliam, hətta soyqırımı törədilir.
Bu qətliamlar təqribən 100 ildir davam edir, lakin 1992, 2012 və 2017-ci illərdə özünün drammatik həddinə çatmışlar. Son 25 ildə yüz minlərlə arakanlı müsəlman myanmalı buddistlər tərəfindən qətlə yetirilmiş və bu qətliam prosesində təəssüf ki, hökumət qüvvələri də iştirak etmişlər. Son günlərdə isə 3 mindən çox Rohinca müsəlmanının qətlə yetirildiyi və evlərinin yandırıldığı bildirilir. İddia edilən statistika nə qədər doğru və yanlışdır deyə bilmərik, amma faktiki olaraq Myanma hökuməti bölgəyə beynəlxalq ekspertləri və jurnalistləri buraxmır. Ən acınacaqlı hal isə odur ki, Myanmanın hazırkı prezidenti – keçmiş dissident Aun San Suu Kyi demokratiya inkişafında xidmətlərinə görə Nobel sülh mükafatına layiq görülmüşdür. Bu isə hazırda ən çox müzakirə olunan məsələlərdən biridir. Hətta ISESCO mükafatın geri alınması tələbi ilə çıxış edib.
Münaqişə necə alovlandı?
Münaqişənin başlandığı tarix, əsasən, Myanmanın İngiltərə müstəmləkəçiliyindən çıxdığı 1948-ci ilə gedib çıxır. Bir buddist dövləti olaraq qurulan Myanmada yaşayan müsəlmanlar vətənsizlik iddialarına qarşı dözmədi, nəticədə ara-sıra dəhşətli formada üzə çıxan qarşıdurmalar bu günə qədər davam edir. 2012-ci ildə Arakan şəhərinin cənubunda 8 müsəlman mömin – içində qadınlar da olmaqla – buddist rahiblər tərəfindən öldürüldü. 26 yaşlı müsəlman qadının zorlanaraq öldürülməsi də müsəlman azlığı hövsələdən çıxardı. Öldürülən mömin müsəlmanlar şəhər mərkəzində yerləşən Tetsa məscidində dini mərasimdən qayıdırmışlar. Müsəlmanların etirazlarına qarşı bölgəyə yeridilən güc strukturlarının qüvvələri cinayətkar rahibləri cəzalandırmaq əvəzinə, əksinə, arakanlılara qarşı şiddəti davam etdirməyə və kəndləri ardıcıl olaraq atəşə tutmağa başladılar. Həmin hadisələrdə 60-a qədər müsəlman qadın təcavüzə məruz qaldı. Yüzlərlə dinc sakin öldürüldü. Minlərlə arakanlı evsiz-eşiksiz qaldı və Banqladeşə qaçdı.
Bundan sonra Myanma hökuməti bölgədə sabitliyi bərqərar etmək əvəzinə, müsəlmanlara qarşı baş tutan bu vəhşilikləri bir növ sistemli şəkildə dəstəklənməyə başladı. Özünü Arakan Rohingya Qurtuluş Ordusu (ARQO) adlandıran müsəlman cihadçılardan ibarət kiçik qrupların Myanma ordusuna qarşı təxribat hərəkətlərinə qarşı hökumət birbaşa dinc, silahsız əhalini hədəfə aldı. Hazırda da ARQO-nun pis silahlanmış kiçik dəstələri ilə hökumət qoşunları arasında toqquşmalar davam edir. ARQO əzilən və soyqırıma məruz qalan müsəlman toplumun hüquqları uğrunda vuruşduğunu bəyan edir.
Əhalisi 1,1 milyon olan Rohingya müsəlmanlarının əsas tələbləri bunlardır: Vətəndaşlıq haqqının verilməsi, milli və mənəvi kimliklərinin tanınması, mədəni hüquqlarının tanınması və qorunması, onlara qarşı assimilyasiya və təqib siyasətinin dayandırılması. BMT tərəfindən dünyanın ən çox zorakılığa məruz qalan etnik qruplarından hesab edilən Rohingya müsəlmanlarının bu günə qədər vətəndaşlıq hüquqları tanınmır. Səbəb kimi isə Myanma hakimiyyətinin onların aborigen olmadığı və Banqladeşdən köçmə xalq olaraq dəyərləndirilməsidir. Ümumiyyətlə, buddistlərin müsəlmanları qəbul etməməsinin səbəbləri sırasında təbii artıma olan qısqanclıq da dayanır. Tanınmış rusiyalı analitik İqor Dmitriyev “vzqlyad.az” portalında yayımlanan məqaləsində yazır ki, müsəlman icması köç və yüksək doğuş sayəsində durmadan artır. Və buddaçıların müsəlmanları sevməməyinin əsas səbəbi budur. Çox güman ki, Myanma dövləti də bunu buddistlərin bu təşvişinə bir növ xəbərdarlıq siqnalı kimi yanaşır.
Susan böyük dövlətlər və
Türkiyənin böyüklüyü
Bu günlərdə Britaniyanın məşhur nəşri “The Independent" yazır ki, şahidlərin dediyinə görə, Birmadakı Rohingya müsəlmanların körpə uşaqlarının "başları kəsilir" və onlar "diri-diri yandırılır". Nəşr, həmçinin yazır ki, bu ölkənin silahlı qüvvələri və yarımhərbiləşdirilmiş birlikləri müsəlman azlığının yaşadığı Rakxayn ştatında "soyqırımı" və "qarətlər" törədir.
Hazırda əksər Avropa ölkələrinin mətbuatında arakanlı müsəlmanlara qarşı edilən bu kütləvi qətliamlar barədə sürəkli yazılar dərc olunsa da, qaynar nöqtədən gələn dəhşətli xəbərlər, fotolar, videolar paylaşılsa da, beynəlxalq təşkilatlar və Qərbin dünyada liderlik uğrunda mübarizə aparan böyük dövlətləri nədənsə, hadisələri susaraq izləməyə üstünlük verir. Sanki ölümün sayına sadəcə statistika kimi yanaşılır və tədbirlər görülmür. Yaxın Şərq və digər ərəb ölkələrində hakimiyyət dəyişikliyi üçün hər gün bir bəyanat verən bir sıra böyük Qərb ölkələri Myanmaya qarşı təzyiqlərdən nədənsə, söhbət açmırlar. Hətta böyük müsəlman ölkələrində belə bu zülmə əhali tərəfindən ciddi reaksiyalar olsa da, hökumətlər susmağa üstünlük verir. Qeyd edək ki, Azərbaycan dövləti Myanmada zorakılıqların qarşısının alınması üçün bütün səyləri dəstəklədiyini bildirib.
Faktiki olaraq beynəlxalq arenada və o cümlədən İslam aləmində bu soyqırımına qarşı kəskin reaksiya verən ilk dövlət qardaş Türkiyədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Myanma hökumətinə zülmü, etnik təmizləməni dayandırmağı və beynəlxalq ictimaiyyətin buna təpkisiz qaldığını çıxışlarında bildirməklə yanaşı, həm də bu ölkənin lideri ilə telefonla danışıb və ona münaqişənin qarşısını almayacağı təqdirdə, vəziyyətin daha da kritikləşəcəyi barədə xəbərdarlıq edib. Türkiyə dövləti artıq Banqladeşdə məskunlaşan qaçqınlara və hələ də Myanmada hər şeyləri talan edilmiş və yandırılmış müsəlman əhaliyə 1000 tonluq yardım göndərmişdir. Yeri gəlmişkən, Azərbaycan hökuməti də bu günlərdə arakanlı qaçqınlara yardım göstərib. İran, Malayziya, İndoneziya, Çeçenistan kimi ölkələrdə kütləvi mitinqlər olsa da, faktiki olaraq Türkiyə İslam aləminin lideri olmağa layiq siyasi və iqtisadi addımlar atmaqda davam edir. Bundan əlavə, Türkiyə dövləti qaçqın qəbul edə bilməyən və buna görə sərhədlərini bağlayan Banqladeş hökumətinə sərhədləri açmağı və əvəzində ehtiyac duyulan dəstəyi göstərdiklərini bəyan edib.
Hadisələrin arxasında
gizlənən neft maraqları
Rohingya Myanmanın ən zəngin bölgələrindən biridir. Hazırda dünyanın qlobal aktorları bölgədə kəskin qarşıdurmalar yaratmaqla, regionun neft sənayesini ələ keçirmək niyyəti güdürlər. Ekspertlər yazır ki, Myanmanın qaz ehtiyatları 3-5 trilyon kubmetr həcmindədir, gündəlik neft hasilatı 1 milyon barreldir, amma 3 milyon barrelə çıxa bilər. Ekspertlər onu da yazırlar ki, bölgədə Çin, ABŞ və bir sıra Qərb ölkələrinin və transmilli şirkətlərin neft maraqları var. Amma məsələ budur ki, ortada heç bir günahı olmadan öldürülənlər isə neftdən zərrə qədər xeyir əldə edə bilməyən arakanlı müsəlmanlardır.
Qeyd: Tanınmış türkiyəli araşdırmaçı yazar Arif Emre Gündüz 1913-cü ildə o zaman Birma adlanan Myanma müsəlmanlarının Osmanlıya dəstək üçün cihad etdikləri və 35 min qızıl pul yığaraq min kilometrlərlə uzaqda yerləşən dindaş ölkəyə göndərdikləri tarixi sənədi aşkara çıxarıb. Sənəddə qeyd olunur ki, Birma müsəlmanları Balkan savaşlarında Osmanlı dövlətində çoxlu sayda uşağın yetim, qadınların dul qalmaması üçün pul toplayıb qardaş xalqa göndərməyə səfərbər olunur. Sənədin üzərində Osmanlının o zamankı xarici işlər naziri Səid Hilmi paşanın imzası da vardır. Tarixin ironiyasına baxın ki, yüz il bundan əvvəl əzabkeş dövlət üçün yardım toplayan Myanma müsəlmanlarının özləri indi məhv olmaqla qarşı-qarşıya qalan və ən çox köməyə ehtiyacı olan topluma çevrilmişdir. Görünür, tanınmış rusiyalı jurnalist İqor Dimitriyev haqlıdır. O, Myanma hadisələri barədə yazdığı təhlilində qeyd edir ki, bu ölkənin dövlət quruluşunun məğzi soyqırımı, vətəndaş münaqişələri və separatizmdir. Birmalılar bütün tarixləri boyu xeyli kiçik və böyük xalqları udaraq axırına çıxıblar.
Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.