NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun sentyabrın 7-də Bakıda keçirilmiş görüşü haqqında söz açan ekspertlər bu faktı ulu öndər Heydər Əliyevin işləyib hazırladığı balanslaşdırıcı xarici siyasətin növbəti bir uğuru kimi qiymətləndirirlər. Çünki ümummilli liderimizin həmin siyasi kursunun əsas tərkib hissələrindən biri də bütün dövlətlərlə və beynəlxalq təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı etmada əsaslanan əməkdaşlığın formalaşdırılmasıdır. Bu prinsipləri əsas götürən Azərbaycan dövlətinin 1993-cü ilin payızından etibarən atdığı uğurlu addımlar nəticəsində işğalçı Ermənistan istisna olmaqla dünyanın bütün dövlətləri və təşkilatları ilə dostluq, tərəfdaşlıq münasibətləri yarada bilmişik.
2003-cü ilin payızından sonra həmin istiqamətdə daha qətiyyətli, konkret və gənc müstəqil Azərbaycan dövlətinin maraqlarına, xalqımızın mənafelərinə tamamilə cavab verən tərəfdaşlıq prinsipləri formalaşdırılmışdır. Strateji tərəfdaş və müttəfiq kimi əməkdaşlıq etdiyimiz Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatları ilə münasibətlər isə daha yüksək müstəviyə qalxmışdır. Bu arqumentin əsaslandırılması üçün iki tarixi məqamdan yığcam sitatlar gətirək. Məsələn, hələ 2010-cu ilin iyun ayında İstanbulda jurnalistlərə müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev demişdi: “Amerika ilə Azərbaycan arasında əlaqələr... son bir-iki il ərzində formalaşmayıb. Bu əlaqələrin çox böyük tarixi var. Həm sülhməramlı əməliyyatlarda rolumuz, enerji sahəsində təşəbbüslərimiz, bütövlükdə, Azərbaycan tərəfindən 1990-cı illərin ortalarında başlanmış enerji siyasəti dünyanın enerji xəritəsini dəyişdirdi”.
Dövlət başçımız ötən ilin iyun ayında Almaniyaya səfəri çərçivəsində, Kansler Angela Merkellə birgə mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən demişdi: “Rusiya bizim qonşumuzdur və bizə dost ölkədir. Bizim çox konstruktiv və mehriban münasibətlərimiz var. Biz Rusiya ilə bir çox sahələrdə əməkdaşlıq edirik -- iqtisadi sahədə, təhlükəsizlik sahəsində, nəqliyyat sahəsində. Bizim yaxşı ticarət əlaqələrimiz var və biz Rusiyanı öz strateji tərəfdaşımız hesab edirik. Rusiyanın da Azərbaycana qarşı münasibəti eynidir”.
Hamı bilir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu qəbildən olan səmimi etirafları həmişə və hər yerdə dilə gətirir. Amma biz bu qısa yazıda dövlət başçımızın məhz xarici səfərləri zamanı, daha böyük coğrafiyanı təmsil edən mətbuat təmsilçilərinin qarşısında səsləndirdiyi bəyanatlardan sitatlar seçdik. Çünki həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev dəfələrlə deyiblər ki, bizim xarici siyasətimiz hamı üçün açıqdır və heç kəsdən heç nəyi gizlətmirik. Məhz bu səmimiyyətin nəticəsidir ki, həm Kremldə, həm də Ağ evdə Azərbaycana böyük inam və etimadla baxır, rəsmi Bakını sədaqətli, qətiyyətli müttəfiq kimi tanıyırlar. Beynəlxalq aləmdə mövcud olan hərbi və siyasi problemlərin həlli yollarının axtarılması üçün təşkil edilən müzakirələrdən ötrü Bakının seçilməsi də bilavasitə bizə göstərilən inam və etimadın nəticəsidir.
Heç kəsin yadından çıxmayıb. Bu ilin fevral ayında ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Komitəsinin sədri, general Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda görüşmüşdülər. Həmin görüşü şərh edən ekspertlər yazırdılar ki, iki nəhəng dövlətin həm ikitərəfli münasibətlərinin bu günü və gələcəyi, həm də regional təhlükəsizlik məsələlərini, dünyanı narahat edən mürəkkəb məsələləri müzakirə etmək üçün məhz Bakını görüş məkanı kimi seçməsi ona dəlalət edir ki, Azərbaycan, sözün həqiqi mənasında, dünyanın ən sabit, ən təhlükəsiz ölkələrindən birinə çevrilib.
Ekspertlərin fikrincə, bu, onun təsdiqi idi ki, Prezident İlham Əliyev olduqca balanslı, çevik siyasət həyata keçirir və bu siyasətin gətirdiyi dividend həm ABŞ-ın, həm də Rusiyanın diqqətini cəlb edib. Belə bir siyasət, ilk növbədə, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə söykənir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasına iki il müddətinə qeyri-daimi üzv seçilmiş, iki dəfə şuraya sədrlik etmişdi. Azərbaycan bu gün beynəlxalq təhlükəsizliyə çox ciddi töhfələr verir. Bütün bu reallıqlar heç şübhəsiz ki, iki supergüc dövlətin hərbi sahədə önəmli generallarının Bakıda bir araya gəlməsini şərtləndirən əsas amillərdəndir.
Fevralda regionun kütləvi informasiya vasitələri beynəlxalq güc mərkəzlərinin Bakı görüşünü xarakterizə edərkən yazırdılar ki, Azərbaycan Prezidentinin özünə beynəlxalq aləmdə, xüsusilə ABŞ-da və Rusiyada çox böyük etimad vardır. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasət sayəsində bizim həm ABŞ ilə, həm də Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərimiz formalaşıb. Bu gün Azərbaycanın paytaxtı həllini gözləyən problemlərin müzakirə olunduğu bir məkana çevrilirsə, bu, bir daha Azərbaycanın beynəlxalq siyasətdə oynadığı böyük roldan xəbər verir. Azərbaycan coğrafi baxımdan o qədər böyük ölkə olmasa da, sözünün çəkisi böyükdür. ABŞ-ın və Rusiyanın baş qərargah rəislərinin Azərbaycanın paytaxtını görüş yeri seçməsi həm də ölkəmizin sözünün önəm kəsb etməsi ilə bağlıdır.
Bu fikirlər ilin əvvəlində ABŞ və Rusiya Federasiyasını təmsil edən yüksək səviyyəli hərbçilərin Bakı görüşü barədə idi. Indi isə Rusiya Federasiyası ilə NATO-nu təmsil edən yüksək çinli hərbçilərin Bakı görüşü barədə bəzi mülahizələrə diqqət yetirək. Ekspertlər yazırlar ki, bu görüş üçün postsovet məkanında ən uğurlu yer kimi Azərbaycana üstünlük verilib. Bu o deməkdir ki, geosiyasi proseslərin dinamikasında daha böyük önəm kəsb etməyə başlayan postsovet məkanı hadisələrin mərkəzinə çevrilə bilər. Eyni zamanda, Qafqaz subregionunda etibarlı və sivil ölkə kimi Azərbaycana daha çox üstünlük verilir. Bu məqamın regional və qlobal siyasətə, təhlükəsizlik sisteminin formalaşdırılmasına ciddi təsir edəcəyi düşünülür.
“Komsomolskaya pravda” qəzetinin şərhçisi, istefada olan polkovnik Viktor Baranets Bakıda keçirimiş Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi və NATO hərbi komitəsinin rəhbərinin görüşünü şərh edərkən deyib ki, son zamanlar Rusiya-ABŞ, Rusiya-NATO münasibətləri dondurulmuş vəziyyətdədir. Bura təkcə diplomatik və siyasi deyil, həm də hərbi münasibətlər daxildir. Bu münasibətlər faktiki sovetlər dövründəkindən, soyuq müharibə vaxtındakından da pis vəziyyətdədir. Ona görə də, Gerasimov və Pavelin Bakı görüşü bu baxımdan strateji məqsəd daşıyır.
Rusiyalı ekspertin fikrincə,
Bakıda keçirilən Rusiya-NATO görüşündə çoxsaylı məsələlər – Rusiya-NATO münasibətləri, Şərqi Avropada NATO-nun hava hücumundan müdafiə sistemi yerləşdirməsi, Şimali Koreyanın nüvə problemi, ABŞ-ın Cənubi Koreyada hava hücumundan müdafiə sistemi yerləşdirməsi, Suriya münaqişəsi, Ukrayna böhranı, Rusiya-NATO, hərbi sahədə Rusiya-ABŞ əməkdaşlığı məsələləri müzakirə edilib. Üstəlik, ekspert əlavə edir ki, gündəmdə olan məsələlər həddən artıq çoxdur. Bu isə o deməkdir ki, Azərbaycan artıq dünyanın problemlərinin müzakirə edildiyi bir ünvana çevrilir.
Son vaxtlar Rusiya və ABŞ, Rusiya və NATO generallarının görüşlərinin məhz Bakıda keçirilməsi məsələsinə də toxunan Viktor Baranets xatırladıb ki, bu qəbildən olan görüşlərin Azərbaycan paytaxtında keçirilməsi konkret əsaslara söykənir. Belə ki, Bakının hərbi sahədə Rusiya-ABŞ və Rusiya-NATO münasibətlərinin yaxşılaşdırılması paytaxtına çevrilməsi ilə yanaşı, bu şəhərin dünya miqyasında strateji mövqedə yerləşməsidir. Bu regionda həm Rusiyanın, həm də ABŞ-ın strateji maraqları var. Təbii olaraq, bu strateji regionda – nəzərə alsaq ki, Suriya Bakıya çox da uzaq deyil – Rusiya və ABŞ Yaxın Şərqdəki oyunun qaydalarını müəyyən etməlidir. Yeri gəlmişkən, rusiyalı ekspert əmindir ki, generalların Bakı görüşü Rusiya və ABŞ-ın Yaxın Şərq regionunda gələcək fəaliyyətini müəyyən edəcək.
Doğrudur, ABŞ və Rusiya generallarının Bakı görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilib edilmədiyi barədə kütləvi informasiya vasitələri heç nə yazmadılar. Ancaq bu ölkələrin hər ikisinin bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını tapmaq məqsədi ilə yaradılmış Minsk qrupunun həmsədri olduğuna, üstəlik, adıçəkilən görüşün məhz ərazisinin 20 faizi işğal edilmiş ölkənin paytaxtında keçirildiyinə görə Viktor Baranets əmindir ki, generallar Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər. Ekspert İrəvan rəhbərliyinin ikiüzlü siyasətini xarakterizə edərək deyir: “Rusiya Ermənistanı hərbi və müdafiə sahəsində müdafiə etməsinə baxmayaraq, son vaxtlar erməni generallar və siyasətçilər Ağ evdən və Pentaqondan mədət umurlar, silahlar almaq üçün pul istəyirlər. Ermənistan ikitərəfli oyun oynayır, iki stulda oturmağa cəhd edir”.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti görüşlə bağlı bildirmişdi ki, “danışıqlar zamanı beynəlxalq təhlükəsizliyin aktual məsələlərinə dair müzakirələr aparılacaq”. Elə Azərbaycanın ərazi bütövlüyünün pozulması da beynəlxalq təhlükəsizliyin aktual məsələlərindən biridir. Çünki Ermənistan rəhbərliyinin törətdiyi təxribatlar nəticəsində bu regionda istənilən an hərbi əməliyyatların başlanmasına zəmin yaranır.
Sonda daha bir ekspert mülahizəsinə diqqət yönəldək. Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə generalların Bakı görüşü barədə danışarkən deyib: “Azərbaycan çox böyük tədbirlərin keçirildiyi, dünyanın taleyüklü məsələlərinin həll edildiyi diplomatik mərkəzə çevrilir. Azərbaycandakı stabillik, infrastruktur inkişafı ilə bağlı görülən tədbirlər və ən əsası təhlükəsizliyin yüksək səviyyədə olması görüş yeri kimi konkret olaraq Azərbaycanın seçilməsinə gətirib çıxarır. İlin əvvəlində ABŞ və Rusiya hərbi rəhbərlərinin görüşü zamanı bir çox ekspertlər bildirirdi ki, bu başlanğıcdır, gələcəkdə Bakıda belə tədbirlərin tez-tez keçiriləcəyi gözləniləndir. Dünyada bir qayda olaraq belə görüşlərin keçirildiyi bir neçə məkan var. Bunlar Paris, London, Cenevrədir. İndi bu siyahıya Bakının da əlavə edilməsi onu göstərir ki, Azərbaycan dünyanın bütün ölkələri ilə münasibətdə etibarlı tərəfdaş və ciddi məsələlərin müzakirə edildiyi bir ölkədir”.
Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.