İlham ƏLİYEV: Erməni tərəfi anlamalıdır ki, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq

Biz – mətbuat təmsilçiləri Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığımız istənilən qəzet materialında xalqımızın və dövlətimizin heç zaman dəyişməyəcək yeganə mövqeyini dönə-dönə təkrarlayırıq: “Dağlıq Qarabağa müstəqillik statusu verilməyəcək”, “Azərbaycan dövləti bir qarış da olsun torpağının işğalda qalması ilə barışmayacaq”, “Bayrağımız Şuşada və Xankəndidə dalğalanacaq” və s. Bədnam qonşumuz ermənilər isə bu haqq səsimizdən də bizə qarşı istifadə etməyə çalışır və beynəlxalq aləmə haray çəkirlər ki, Azərbaycan bizə hədə-qorxu gəlir. Əslində, burada heç bir hədə-qorxudan və ya gizli məqamdan söhbət getmir. Azərbaycan Prezidenti bu fikirləri dünyanın ən mötəbər tribunalarından, bütün beynəlxalq tədbirlərdə, dövri olaraq səsləndirirsə, bunun nəyi hədə-qorxudur? Biz, sadəcə olaraq, dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini, işğal altında qalan torpaqlarımız barədə xalqın və dövlətin mövqeyini çatdırırıq.

Maraqlıdır, ermənilər və onların havadarları bizim yuxarıda qeyd etdiyimiz bəyanatları eşidir və oxuyurlarsa, bəs nə üçün Azərbaycan Prezidentinin hələ 2009-cu ildə, Londonda səsləndirdiyi “Yeganə mümkün yol Dağlıq Qarabağda hər iki icmanın dinc və əmin-amanlıqda, birgə yaşamasıdır və bunun üçün həll variantı tapılmalıdır” çağırışını qulaqardına vururlar? Çünki onlar münaqişənin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllindən qorxurlar. Çünki işğalçı, separatçı, terrorçu və qaniçəndirlər. Münaqişə ədalətli şəkildə həll olunarsa, onlardan Qərbi Azərbaycan əhalisinə vurulmuş milyardlarla dolların təzminatı istəniləcək, Xocalı soyqırımının haqq-hesabı çəkiləcək, on minlərlə azərbaycanlı və erməninin ölümünə, əlil düşməsinə səbəb olan müharibənin günahkarları tapılacaq və başqa ədalətli addımlar atılacaq. Məhz ona görə də ermənilər ilkin variant kimi status-kvonun qorunmasına, maksimum məqsəd kimi isə münaqişənin həll edilməməsinə çalışırlar.

Ancaq müasir dünyada genişmiqyaslı siyasi-diplomatik və sosial-iqtisadi proseslərin getdiyinə görə beynəlxalq aləmin güc mərkəzləri ümumi inkişafa mane olan münaqişələrin həll edilməsini istəyir və buna çalışırlar. Məsələn, ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert Endrü Şoferin ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri təyin edilməsi ilə əlaqədar səsləndirdiyi bəyanatda qeyd edib ki, o, Avropada və beynəlxalq təşkilatlarda qazandığı böyük iş təcrübəsini özü ilə birlikdə bu vəzifəyə gətirəcək.

Bəyanatda qeyd edilir ki, Birləşmiş Ştatlar əvvəlki kimi qəti şəkildə Minsk qrupu prosesinə və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və davamlı nizamlanmasına müvəffəq olmaqda tərəflərə kömək göstərməyə tərəfdardır. H.Noyert təsdiq edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn, o cümlədən, Helsinki Yekun Aktının norma və prinsipləri əsasında ədalətli həllini dəstəkləyir. O deyib: “Endrü Şofer tərəflərin bu məqsədə çatmalarına kömək etməyə ümid bəsləyir”.

Ekspertlər yazırlar ki, ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədrinin fəaliyyətə başlaması Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni ab-hava gətirəcək. Yeni həmsədrin pozitiv təkliflər irəli sürdüyünü deyənlərin fikrincə, bu təkliflər problemin həllinə impuls verə bilər. Təbii ki, bütün həmsədrlər öz ölkələrinin mövqeyini irəli sürürlər. Bu baxımdan da amerikalı həmsədr ABŞ-ın yeni, əvvəlkindən xeyli fərqlənən mövqeyini irəli sürəcək. Bildiyiniz kimi, hazırda Amerika tamamilə fərqli bir mövqe ilə çıxış edir. Bu mövqe bizi tam şəkildə qane etməsə də, ermənilərə də heç xoş gəlməyən bir mövqedir. Bu baxımdan bunu irəliyə doğru atılmış addım hesab etmək olar.

Xatırladılır ki, Minsk qrupunda fəaliyyətinin icrasına başlayan Endrü Şofer ABŞ-ın Rusiyadakı səfirliyində işləyib. Bu, o deməkdir ki, yeni həmsədr Rusiya siyasətinə və diplomatlarına yaxşı bələddir. Bundan başqa, Şofer Vyanada yerləşən bir sıra beynəlxalq təşkilatlarda ABŞ-ın təmsilçisi kimi fəaliyyət göstərib. Amerikalı həmsədr qarşısına qoyduğu məqsədlərə çatmaqda müəyyən qədər uğurlu diplomat hesab oluna bilər. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi kontekstində Endrü Şoferin həmsədr təyin olunmasının digər üstünlüyü onun hüquq müdafiəçisi olmasıdır. Amerikalı diplomat qadınların hüquqlarının qorunması, müdafiəsi istiqamətində kifayət qədər uğur qazanıb.

Ekspertin fikrincə, əgər biz Dağlıq Qarabağ tənzimlənməsini insan hüquqları müstəvisinə keçirə bilsək, ciddi uğur əldə edərik. Çünki işğal nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. Həmin insanlar elementar hüquqlardan məhrum olublar. Amerikalı diplomat qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası istiqamətində iş görsə, müsbət nəticələr əldə etmək olar. Hər halda, ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədrinin fəaliyyətə başlaması Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni ab-hava gətirəcəyinə inamı artırır.

Xalqımızın ən böyük inam mənbəyi isə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti və siyasi uzaqgörənliyidir. Azərbaycan Prezidenti işğalçı dövlətə xatırladır: “Erməni tərəfi anlamalıdır ki, işğalçılıq siyasəti heç vaxt Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çevrilməyəcək. Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq. Bunu gözləmək gülüncdür – Azərbaycanın daxilindəki 60 minlik əhalinin yaşadığı bir ərazi müstəqil dövlət ola bilməz. İndiyə qədər heç bir dövlət, hətta Ermənistan da onun müstəqilliyini tanımayıb”.

Yeri gəlmişkən, dövlət başçımız Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında növbəti dəfə bu məsələyə toxunaraq, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasını regionun ümumi inkişafına mane olan amil kimi qiymətləndirmişdir: “Mən bir neçə faktı Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. İlk növbədə, bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz “referendum” keçirmişdir. Bu “referendum”un keçirilməsi, əslində, onların böyük səhvidir, daha doğrusu, axmaqlığıdır. Onların bir qədər ağlı olsaydı, heç vaxt buna getməzdilər. Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq. Belə də oldu. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri – Amerika, Fransa, Rusiya “referendum”u tanımadılar. Avropa İttifaqı referendumu tanımayıb. Qonşu ölkələr – İran, Gürcüstan “referendum”u tanımayıb. Digər ölkələr də oxşar bəyanatlarla çıxış etdilər. Bu qondarma “referendum”un tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir. Bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr bu münasibətləri ilə bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həqiqətdir, bu, tarixi həqiqətdir və əlbəttə ki, bu həqiqət bir daha qeyd olundu. Bu, Ermənistanın növbəti biabırçılığı idi”.

Aprel döyüşlərindən sonra regionda yaranmış vəziyyəti xarakterizə edən Azərbaycan Prezidenti bildirib ki, həmin hadisələrdən sonra Ermənistan danışıqların bərpa edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkildə bəyan edirdi. Biz o vaxt bilirdik ki, onlar gec-tez danışıqlar masasına qayıdacaqlar. Belə də oldu. Danışıqlar prosesi bərpa edilib, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilibdir: “Bu, bizim mövqeyimizdir, biz həmişə demişik ki, belə olmalıdır. Bu, Minsk qrupunun həmsədr ölkələrinin də mövqeyidir. Ona görə işğalçını məcbur etdilər və o, danışıqlar masasına qayıdıb. İndi məsələ ondan ibarətdir ki, tezliklə substantiv, yəni, mənalı, konkret danışıqlar bərpa edilməlidir. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənarda heç bir həll yolu mümkün deyil”.

Dəfələrlə qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlət başçımızın bəyanat və çağırışları, eləcə də, istənilən dövlət rəsmisinin fikirləri xalqımızın maraq və mənafeyini ifadə edir. Xalqımızın bütün ziyalıları, elm, ictimaiyyət nümayəndələri, din xadimləri Prezident İlham Əliyevin yeritdiyi siyasəti yüksək səviyyədə dəstəkləyirlər. Sentyabrın 8-də Moskvada keçirilmiş görüşlərdə də dünya ictimaiyyəti bu arqumentin təsdiqini gördü.

Moskva və bütün Rusiyanın patriarxı Kirillin,  Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin və bütün ermənilərin katolikosu II Qareginin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasından, atəşkəsin dövri olaraq pozulması nəticəsində çoxsaylı insan tələfatı olduğundan ciddi şəkildə narahatlıq ifadə edildi. Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə öz fikirlərini bu şəkildə ifadə edib: “Ümid edirəm ki, bu görüşün bütün Qafqaz xalqları üçün bəhrəsi olacaq. Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin həlli çox uzanıb. Buna kimi də görüşlərimiz olub, təəssüflər olsun ki, nəticəsiz qalıb. Təkcə Qarabağda deyil, Azərbaycan-Ermənistan sərhədində dinc insanlar həlak olurlar. Biz bu məsələyə bu cür yanaşsaq, çətin ki, həll yoluna gələk”.

Şeyxülislam əlavə edib: “Biz din xadimləriyik, hərbçi deyilik. Problemin elə həll yolunu tapmalıyıq ki, xalqlara ziyan gəlməsin. Dini liderlərin münaqişənin həllinə töhfə vermək imkanları var. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Müharibə də Azərbaycan ərazisində gedib. Azərbaycan torpaqları işğal olunub. Gəlin, bu gün Kirillin rəhbərliyi ilə dövlət rəhbərlərimizə çağırış edək ki, münaqişənin sülh yolu ilə həlli üçün səylərini artırsınlar. Milyonlarla insan öz ata-baba yurduna gedə, qəbirlərini ziyarət edə bilmir. Həmin yerlər işğal altındadır. Faktlar var ki, qəbirlər təhqir edilir. Bu, heç də dindarlara yaraşmır. Dağlıq Qarabağ ətrafındakı rayonların yavaş-yavaş qaytarılmasına başlamaq lazımdır”.

İnsanların öz əcdadının məzarını ziyarət etmək hüququndan məhrum edilməsinin yolverilməz olduğunu yada salan Şeyxülislam xatırladıb ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov yaxınlarının qəbrini ziyarət etmək istəyərkən Kəlbəcərdə girov götürülüb: “Girovlar, əsirlər azad olunmalıdır. Biz ilk addımı atmalıyıq ki, insanlar öz ata-baba yurdlarına qayıtsınlar. Sadəcə, görüşmək xatirinə görüşməməliyik. Biz bir yerdə yaşayacağıq, heç kəs heç yerə getməyəcək. Ona görə də bizim görüşün nəticəsi olmalıdır. Mən bir daha erməni katolikosuna müraciət edirəm. Bu görüşdən sonra yenə əvvələ qayıtmayaq. Bir daha qeyd edirəm ki, mən bu görüşə böyük ümidlə baxıram”.

Geniş müzakirələrdən sonra mətbuatın qarşısına çıxan dini rəhbərlər görüşün yekunları ilə bağlı danışmağı Patriarx Kirillə həvalə ediblər. O, əsirləri azad etməyə çağırıb: “Fikir ayrılığını yalnız mehriban qonşuluq prinsiplərinə və mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq olar. Azərbaycan və Ermənistan xalqları daim yanaşı yaşamalıdırlar. Buna görə də sülh və əməkdaşlıqdan savayı perspektiv yoxdur. Biz münaqişə ilə bağlı bütün humanitar problemlərin tezliklə sülh yolu ilə həll edilməsi üçün dua edirik və xalqlarımızın siyasi və ictimai xadimlərini buna çağırırıq. Buradan başqa, hərbi əməliyyatlarda iştirak etməyən və əsir düşmüş dinc sakinlərin azad edilməsinə çağırırıq. Müharibə zonasındakı məbədlərin, məscidlərin və digər müqəddəs yerlərin qorunması olduqca vacibdir”.

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında