(Əvvəli burada)
Fikrimizcə bu məsələ, yəni Şamaxıdakı qırğınların strateji-məxfi planları tədqiq olunub, ciddi şəkildə araşdırılsa, görərik ki, 1918-ci ilin mart–aprel qırğınları zamanı Şamaxı əhalisi böyük əksəriyyətlə məhv edilib. Dünyada ikinci bir məkan yoxdur ki,
Şamaxı faciəsini yaşasın.
Şamaxıda mübariz, ləyaqətli, vətənpərvər 27 nəsil başdan-başa məhv edilib. Üstündən bir əsr keçsə də həmin nəsillərin müdhiş faciəsi haqqında tarix susur, dünya heç nə bilmir. Düşünürük ki, artıq Şamaxı soyqırımı barədə də etiraz səsimizi ucaltmaq vaxtıdır. Nəhayət, erməni faşistlərinin varlığımıza qənim kəsildiyi bir vaxtda Azərbaycanda bu qaniçən toplumun törətdiyi soyqırımlarını dünya ictimaiyyətinə çatdırmalıyıq. Əks təqdirdə, biz keçmiş qətliamların təkrarları ilə üzləşmək təhlükəsində qalarıq.
Şamaxı qırğını zamanı tamam məhv edilmiş 27 nəsil bizi düşündürməyə bilməz. Məsələn, rusiyalı demoqraf professor A.Petrovski “Müharibələr, millətlər və böyük yerdəyişmələr” əsərində qeyd edir ki, məqsədli aparılan silahlı münaqişələrin ağır nəticələrindən biri də böyük insan nəsillərinin bilərəkdən birdəfəlik məhv edilməsidir. Professor keçmiş sovet ittifaqı ərazisində baş verən kütləvi insan qırğınlarından danışarkən tarixə müraciət edir və Azərbaycandakı Mart qırğınlarını xüsusi qeyd edərək, Şamaxı qəzasında ermənilərin törətdikləri misilsiz qanlı cinayətləri xatırladır. O göstərir ki, itirilmiş nəsillər gələcək Şamaxının həm mənəvi, həm fiziki, həm psixoloji, həm də genetik cəhətdən dəyişməsinə güclü təsir etmişdir.
Tehran Milli Arxivində saxlanılan “Ənzəli qovluğunda” isə Məhəmməd Kərbəlayi Sultan adlı şahid qeyd edir ki, ermənilər Şamaxıda cavan, sağlam və ağıllı nəsilləri sıraya düzüb, güllələdilər, sonra meyitləri bir- birinin üstünə qoyub yandırdılar. Məlumatda o da bildirilir ki, bu ağır və insanı dəhşətə gətirən səhnələri həm ingilislər, həm də fransızlar lentə alıblar.
Demək, əgər Fransanın və İngiltərənin arxivlərində bu istiqamətdə araşdırmalar aparılsa, kifayət qədər material əldə etmək mümkündür. Rusiyanın Baş Kəşfiyyat Arxivinə gəlincə, orada qırğınlar vaxtı Şamaxının poçt-teleqrafına başçılıq edən S.Ambartsumovun 1918-ci il martın 23-də saat 16-da “Milli Erməni Bürosu”nun rəhbəri doktor Zavriyevə ünvanlanmış teleqramı var. S.Ambartsumov bu məlumatda Şamaxıda qırılan nəsillərin siyahısını və sayını göstərir. O, həm etiraf edir, həm də sevinclə bildirir ki, qırılan müsəlman nəsillərinin sayı 27-dir. Arxivdə Yelizavetpol Məxfi İdarəsinin də bu faktları təsdiq edən əlavə sənədi var. İki səhifəlik məlumat- arayışı isə kəşfiyyat mayoru, bilavasitə “Milli Erməni Bürosu”nun Şamaxı özəyi ilə əlaqələr quran O.S.Aleksandrov-Nikolayev imzalayıb. Həmin qanlı siyahıya nəzər salaq.
1.Şamaxının mərkəzində yaşayan Məşədi Kamran Məşədi Əliağa oğlu Hüseynovlar nəsli. Bu nəsildə böyüyən altı nəfər İraq, İran və Rusiyada təhsil almışdı. Ziyalı bir nəsil idi. Üst-üstə bu nəsil 32 nəfərdən ibarət idi. Onlar bir-birinə yaxın ərazilərdə yaşayırdılar. Məşədi Kamran özü Türkiyədə təhsil almış Ankarada həkimliyi bitirmişdi. Nəslin sonuncusu Cəmil Məşədi Əliağa oğlunun qız nəvəsi Gövhərin doqquz yaşı olacaqdı.
2. Kərbəlayi Qulu Bəşirovlar nəsli (51 nəfər), əslən Qurdtələsi;
3. Möhsünovlar nəsli (76 nəfər), əslən Qonaqkənd;
4. Qədimovlar nəsli (35 nəfər), əslən Dədəgünəş;
5. Qəniyevlər nəsli (29 nəfər), əslən Məlikçoban;
6. Ağamalı Məşədi Hənfə oğlunun nəsli (42 nəfər), əslən Çuxuryurd;
7. Camal (Hüseynxan) Hacı Qasım oğlunun nəsli (?), əslən Qacarlı;
8. Uzun müddət Çar Rusiyasının ordusunda xidmət etmiş Məhəmməd Məşədi Dadaş oğlunun nəsli (?), əslən Kələkanı. Məhəmməd Məşədi Dadaş oğlunun nəvələrindən olan 25 yaşlı Rəfi Məşədi Murad oğlu “Şeyx Şamaxı”nın silahlı qrupunda döyüşüb. S.Lalayanın göstərişilə Şamaxının mərkəzində edam olunub.
Şübhəsiz, biz bu məsələlərə yenidən qayıdacağıq. Amma hələ də müəmmalı, naməlum məqamlar çoxdur və bütün bunlar cavablarını gözləyən suallar yaradır. Qeyd edildiyi kimi, o vaxt Şamaxı qəzasında 15 min əhalidən cəmi 1700 adam salamat çıxmışdı. Məxfi qovluqlar Şamaxıda kütləvi şəkildə zəhərlənmiş adamlardan, insanı bir göz qırpımında məhv edən zəhərli un və sudan da bəhs edir.
Açıq-aydın görünür ki, Şamaxıda ermənilər həm də maraqlı ölkələrin hərbi-sənaye komplekslərində hazırlanmış bir sıra dərman preparatlarını da sınaqdan çıxarıblar. Axı o vaxt insanları kütləvi şəkildə hansısa silah növü ilə qırmaq, məhv etmək, külünü göyə sovurmaq qeyri-mümkün idi.
XX əsrin əvvəllərində çar imperiyasının süqutu Azərbaycana misilsiz Şamaxı faciəsini, bu əsrin sonunda isə sovet imperiyasının çöküşü Xocalı soyqırımını yaşatdı. Bir qırğının başında doktor Zavriyev (icraçı S.Lalayan), o biri qətliamın başında isə polkovnik Zarviqarov (icraçı S.Ohanyan) dayanırdı. Bu tarixi oxşarlığın özü də ermənilərin qanlı planlarının tərkib hissəsi olaraq qalır.
Bir əsrdən sonra belə bir sual yaranır: necə olmuşdu ki, ermənilər soydaşlarımıza belə divan tutmuşdular? Apardığımız tədqiqatların nəticəsinə görə, Azərbaycana və Türkiyəyə qarşı ermənilərin ilk “Direktivlər planı” Londonda 1893-cü ilin əvvəllərində Böyük Britaniyanın baş naziri olmuş Uilyam Qladstounun mənzil-qərargahında hazırlanıb. Həmin vaxtdan etibarən ermənilər iki istiqamətdə hücum taktikasını davam etdirdilər.
Qafqazda və Türkiyədə olmuş fransız diplomatı F.D.Kambon yazırdı: “Erməniləri kütləvi şəkildə iki mühüm, lakin sadə olan ideyalarla tərbiyə etmək lazım idi: Birincisi, milli özünüdərketmə. İkincisi, erməni azadlığı. Hiss edirdim ki, Avropa bu ideyalar altında xəritədə “Ermənistan” deyilən bir yer axtarır. Amma bilinmirdi ki, bu “Ermənistan hardan başlayıb, harda qurtaracaq”.
İngilislərin “Direktivləri”nə görə, qurulacaq Ermənistan ikiyə bölünmüş, nəticədə gücsüz olan, qüvvədən düşən Azərbaycan torpaqlarından başlamalı idi. Uilyam Qladstounun məxfi “Direktivləri”nin icrasına Fransa, Avstriya, Amerika da qoşuldu. Onları isə Londondan fərqli olaraq Türkiyə–Rusiya münasibətlərinin pozulması, baş verə biləcək qarşıdurmada hər iki dövlətin gücdən düşməsi, parçalanması maraqlandırırdı.
Hər iki cəbhədə ermənilər lazımlı faktor kimi, hadisələrin nüvəsi kimi diqqət mərkəzinə çəkilirdi. Həmin vaxt Parisdə və Londonda “Erməni manifesti” deyilən bir manifest yayıldı. Ondan cəmi iki gün sonra, 1917-ci il sentyabrın 25-də Azərbaycanın Dərələyəz və Zəngəzur ərazilərinə böyük bir qrupda ingilis emisarları gəldilər. İngilis kəşfiyyat polkovniki Yum Robertin başçılıq etdiyi bu qrup ərazidəki “Erməni Milli Birliyi”nin silahlı dəstələrilə görüşür, onlarla birlikdə Dərələyəz və Zəngəzur ərazilərinin strateji və həssas nöqtələrini araşdırırdılar. Göyçə gölünün yaxınlığında ilk ingilis-erməni hərbi düşərgəsi salındı. Rusiya və Türkiyə hadisələrə etinasız yanaşırdı. Çünki hər ikisinin potensial imkanları azalmışdı. Azərbaycan isə müdafiəsiz və tənha qalmışdı.
Araşdırma materiallarına görə, 1918-ci il martın 1-də polkovnik Yum Robert kiçik bir dəstə ilə Dərələyəzdən Bakıya gəlir. Həm Londonu, həm də Vaşinqtonu Bakı nefti çox düşündürürdü. Londonda nəşr olunan “Daily Mail” (Deyli mayl) qəzeti 1918-ci il martın 10, 11, 12-də bir-birinin ardınca Bakı nefti haqqında materiallar çap etmişdi. Nəticədə ilk dəfə olaraq İngiltərə mətbuatı “Mİ-6”ya yaxın olan, “Lonro” neft şirkətinə məxsus “The Observer” qəzeti 1918-ci ilin mart sayında Böyük Britaniyanın “Azərbaycan- Gürcüstan-Türkiyə” neft layihəsini ortaya qoydu.
Məlumata görə, Bakıya mart ayında ermənilər üçün ilk silah -sursat Göyçə gölünün yanında salınmış ingilis–erməni hərbi düşərgəsindən göndərilmişdi. Bakıda isə bu silahların bölünməsi və yerlərdə paylanması işinə Yum Robert özü baxırdı. Qafqazda müsəlmanları müdafiə məqsədilə yaradılmış Müvəqqəti Fövqəladə Komissarlığa isə Bakı Sovetinin sədri S.Şaumyan rəhbər təyin olundu. Eser Saakyan, daşnak Arakelyan, Nuricanyan, Melik-Bolçyan, eləcə də polkovnik Avetisov, briqada komandiri Amazasp, polkovnik Kazarov, Əmiryan, Yum Robert və s. Şaumyanın göstərişilə silah və digər hərbi sursatın bölüşdürülməsi işi ilə məşğul oldular.
1918-ci ilin mart ayının 12-də ingilis Yum Robertin dəstəsində Bakıya gələn ixtisasca həkim olan Edmond Henri və Test Kansell S. Şaumyanın otağında Stepan Lalayanla görüşdülər. Mart ayının 13-də isə Doktor Zavriyev və əlavə digər xarici qonaqlar Bredinq və Sind davam edən görüşdə iştirak etdilər. Digər araşdırma materiallarından aydın olur ki, T. Kapsell və Bredinq Şamaxı qırğınlarında S.Lalayanın yanında olublar.
Bu haqda Çar Rusiyasının süqutundan sonra bir müddət işini davam etdirən Yelizavetpol Məxfi İdarəsinin xüsusi məlumatları var və həmin məlumatlar da Rusiyanın Baş Kəşfiyyat İdarəsinin arxivində qorunmaqdadır. Uzun müddət arxivdə çalışan, istefada olan polkovnik, kəşfiyyatçı A.A.Belov 1918–1920-ci illərdə Azərbaycanda erməni silahlı birləşmələri tərəfindən törədilmiş qırğınlarla bağlı xüsusi qovluqların olduğunu bildirir.
Tarixi sənədlərdə göstərilir ki, 1918-ci ilin mart qırğınlarında Amerika tərəfi də öz maraqlarını gizlətməyib. “The Vashinqton Post” (Vaşinqton Post) qəzeti 1918-ci il martın 14-də Bakı neftilə bağlı iqtisadçı Pollun açıqlamasını verib və gələcəkdə çəkilməsi ehtimal edilən “Azərbaycan-İran-Fars körfəzi” neft layihəsini təklif edib.
1918-ci il azərbaycanlıların kütləvi qırğınları zamanı erməni polkovniki Amazaspın bəyanatı yayılmışdı. O deyirdi: “Mən erməni xalqının oğluyam və bu xalqın da maraqlarını qoruyacağam. Mən ölən və öldürülən ermənilərin qisasını alacağam. Mənə əmr verilib, Xəzər dənizindən Şahdağa qədər bütün müsəlmanları qırıb, məhv etməliyəm”. Təəssüf ki, Azərbaycan tərəfi hələ də “əmr verəni” tapmayıb. Nəticədə, “əmr verən” növbəti əmrini Qarabağda, Xocalıda verdi.
1918-ci ilin Mart qırğınlarında Şamaxıda 11 yaşayış məntəqəsində əsir götürülən, öldürülən əhalinin yandırılması haqqında məlumatlara gəlincə, həmin faktlar da Rusiya arxivlərində qorunmaqdadır. Erməni tərəfi həmişə ehtiyat edir ki, Rusiya həmin materiallara günün birində aydınlıq gətirə bilər.
Ermənilər Şamaxının Kələxana, Baharlı, Dədəgünəş, Qaraməmmədli, Təklə, Məlikçobanlı, Quşçu, Poladlı, Göylər, Xocaman, Ləngəbiz yaşayış məntəqələrində, eləcə də Azərbaycanın bir neçə bölgəsində insanları diri-diri yandırıb, məhv etmişlər. Bu vəhşilikləri təsdiq və sübut etmək üçün elm və texnikanın mövcud imkanlarından bu gün də istifadə etmək mümkündür. Hərbi həkim, professor L.S.Popov 1976-cı il, “Pravda” qəzetinin 14 iyul tarixli nömrəsində törədilmiş genosid hadisələrilə bağlı verdiyi açıqlamada iddia edirdi ki, insan külü torpaq qatında 150 ildən artıq qala bilir.
Qarabağda, Zəngəzurda və Dərələyəzdə olmuş ingilis jurnalisti Skotland-Liddel Londona məlumat verirdi: “Londonda “Erməni bürosu” var. Buna bənzər təşkilatlar Fransada da, ABŞ-da da var. Onların ən çox sevdiyi metod ən alçaq reklam üçün, xristian sözündən istifadə etməkdir. Azərbaycanda həqiqəti bilirlər. Əgər ingilis içtimaiyyəti bilmirsə də, ingilis nazirlikləri bilməlidirlər”.
Nə qədər ki, bu qırğınların əsl mahiyyəti açılmayıb, Azərbaycan tərəfi həmişə erməni terroru ilə üz-üzə qalacaq.
Rövşən VƏLİYEV,
politoloq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.