Beynəlxalq aləmdəki uğurlarımızdan xoflananlar ölkəmizə qarşı çirkin qarayaxmalarla məşğul olurlar

Bu qəbildən olan çirkab püskürmələri ilə təkcə indi rastlaşmırıq. Belə qarayaxmalar ötən əsrin doxsanıncı illərinin ortalarından bəri dövri olaraq gündəliyə gətirilir. Çünki yeni minilliyin ilk illərinə qədər bəzi dairələrdə, xüsusən, erməni diasporunun vəsaiti hesabına mövcudluğunu qoruyan qüvvələrdə belə bir ümid vardı ki, guya Azərbaycan öz dövlət müstəqilliyini qoruya bilməyəcək. Ancaq ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi nəticəsində “Əsrin müqaviləsi” kimi nəhəng neft sazişinin imzalanmasından, xüsusən, ilk demokratik Konstitusiyamızın qəbulundan sonra bədxahlarımıza məlum oldu ki, Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir.

Məhz həmin yəqinlikdən sonra beynəlxalq aləmdəki ermənipərəst qüvvələrin dövlətimizə qarşı qarayaxmalarına start verildi. Son günlər Avropa və ABŞ-dakı bəzi bədnam “qeyri-hökumət təşkilatlarının” və nüfuzunu itirməkdə olan mətbuat vasitələrinin Azərbaycan haqqında yaydığı əsassız iddialar və absurd , cəfəng materiallar da bilavasitə həmin qarayaxmalar prosesinin növbəti dalğalarıdır.

Nüfuzunu itirməkdə olan mətbuat vasitələrindən söz düşmüşkən xatırladaq ki, ölkəmiz haqqında yazılmış cəfəngiyyatın işıq üzü gördüyü qəzetlərdən biri də “Washington Post” dur. ABŞ-da keçirilmiş axırıncı prezident seçkilərindən sonra cənab Donald Tramp dünya ictimaiyyətinin gözü qarşısında, özü də bir neçə dəfə demişdi ki, “Washington Post” yanlış məlumatlar dərc etməklə, faktları saxtalaşdırmaqla, müxtəlif siyasi dairələrin maraqlarına xidmət göstərməklə və “feyk xəbərlər” üzrə ixtisaslaşmaqla öz nüfuzunu itirib. Fəaliyyət göstərdiyi ölkədə nüfuzunu itirmiş qəzetin Azərbaycan haqqında yazdığı cəfəngiyyatlara kim inanacaq?

Kütləvi informasiya vasitələrində oxuyuruq: “Cənab Tramp öz “Twitter” hesabında bildirib ki, “Washington Post” qəzeti onun Bəşər Əsədlə mübarizə aparan Suriya üsyançılarına yardım proqramını dayandırması ilə bağlı faktları təhrif edib. ABŞ dövlət başçısının qənaətinə əsasən, feykxəbərçi nəşr onun haqqında çoxlu sayda yalan tarixçələr quraşdırır və faktiki olaraq müəyyən dairələrin əlində silaha çevrilib”. Biz bu iddia ilə tamamilə razıyıq. Çünki həmin qəzet, sözün həqiqi mənasında, yalan tarixçələr quraşdırmaqla, deməli, həm də ara qarışdırmaqla məşğuldur.

“Washington Post” qəzeti OCCRP adlı qurumun Azərbaycan haqqında uydurduğu bir materialı verib. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov OCCRP adlı həmin qərəzçi qurumun əsassız iddialarına münasibət bildirərkən deyib ki, hüquqi, demokratik dövlət olan Azərbaycan Respublikasının sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi maraqlı dairələri, xüsusilə Ermənistan və erməni lobbisini ciddi narahat edir. “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) kimi qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurumların qərəzli iddialar və subyektiv mülahizələrdən ibarət materialları məhz bu cür antiazərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi əsasında hazırlanır, sonra isə dünya mediasında tirajlanır. Bunda başlıca məqsəd Azərbaycanın sağlam imicini zədələmək və onun haqqında mənfi beynəlxalq rəy formalaşdırmaqdır. Həmçinin, Azərbaycana dost münasibəti bəsləyən, ölkənin inkişafı, ictimai-siyasi həyatı, iqtisadi nailiyyətləri ilə bağlı pozitiv fikirlər bildirən tanınmış şəxslər – ictimai-siyasi xadimlər, rəsmi şəxslər, ekspertlər də hədəfə götürülür, heç bir əsas olmadan onların fəaliyyəti şübhə altına alınır.

Araşdırmalar göstərir ki, Azərbaycana qarşı belə iddiaların ortaya çıxmasında və yayılmasında erməni lobbisi və onun təsiri altında olan media və jurnalistlər xüsusi fəallıq göstərirlər. Məsələn, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Həmçinin “Guardian”da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs daxildir.

Azərbaycana qarşı həmişə qərəzli münasibəti ilə seçilən “Washington Post” nəşri yazır ki, “Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alırlar. Digərləri isə zindan.” Həmin məqalənin müəlliflərindən biri ermənidir. Yəni ona heç nə başa salmaq mümkün deyil. Məqalənin azərbaycanlı müəllifinə isə məsləhət görmək istəyirik ki, jurnalistlər üçün tikilmiş binada mənzil alan mətbuat işçilərinin təmsil etdiyi siyasi partiyaların adına nəzər salsınlar. Bu gün biz həmin binada ölkənin bütün siyasi partiyalarını təmsil edən həmkarlarımızı görürük.

O ki, qaldı kiminsə həbs edilməsinə, deyə bilərik ki, ABŞ da daxil olmaqla dünyanın bütün ölkələrini təmsil edən “hüquq müdafiəçiləri” on ildən də artıqdır ki, Azərbaycanda kiminsə əsassız yerə həbs edildiyini sübut etməyə çalışsalar da, son məqamda razılaşmalı olublar ki, heç kəs səbəbsiz yerə azadlıqdan məhrum edilmir. Ölkəmizdə həbs-qətimkan tədbiri seçilmiş insanların hamısının konkret cinayət əməlinə görə azadlıqdan məhrum edildiyini bütün dünyaya, həm də həmişə sübut etmişik. Bundan başqa, sübut etmişik ki, Azərbaycan dövləti dünyanın ən humanist dövlətlərindən biridir. Çünki bizim dövlət cinayət əməli tam sübut edilmiş məhkumları belə əfv etmək kimi çoxsaylı addımların müəllifidir.

Fikrimizi əsaslandırmaq üçün başqa bir mənbəyə də istinad edək. Bu məsələyə münasibət bildirən Azərbaycan Mətbuat Şurası xüsusi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, “Washington Post” jurnalistlərin mənzillə təminatı məsələsini qabardarkən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi üzərində dayanır. Nəzərə alınmalıdır ki, dünyanın qabaqcıl ölkələrində olduğu kimi, Azərbaycanda da vergidən yayınma hallarına ciddi yanaşılır. Belə olan halda bəzi Qərb dairələrinin buna ölkəmizin timsalında əhəmiyyətsiz münasibət bəsləmələri də dərin təəssüf hissi doğurur. Onların Mehman Əliyevlə bağlı məsələnin tam şəkildə araşdırılmasını gözləmədən söz və ifadə azadlığı motivlərini qabartmaları da həmçinin. Şübhəsiz ki, bu, siyasi məqsədlərdən qaynaqlanmış açıq qərəz nümayişidir.

Mətbuat Şurasının bəyanatında vurğulanır ki, Azərbaycan dövləti medianın rolunu yüksək qiymətləndirib. Dövlət başçısı çıxışlarında jurnalistləri daim fəal olmağa, cəmiyyət həyatının ən müxtəlif tərəflərini işıqlandırmağa, nöqsanları diqqətə çatdırmağa, məmurları tənqid etməyə çağırıb. Ölkə Prezidenti hər zaman jurnalistikanın cəmiyyətdəki missiyasına həssas yanaşıb. Bu həssaslıq media ilə bağlı dövlət siyasətinin uğur formuludur. Qərəzə, hiddətə, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu ləkələməyə hesablandığı aşkar görünən hər hansı kampaniya bu uğurlu yolun qarşısını almaq iqtidarında deyil.

Sonda qeyd edək ki, Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial, düşünülmüş, qətiyyətli siyasətin əsasını Azərbaycan xalqının milli maraqları təşkil edir və heç bir avantüra, qarayaxma kampaniyası, təzyiq cəhdi Azərbaycanı öz yolundan döndərmək iqtidarında deyil.

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında