Azərbaycan dövlətinin elm siyasəti yeni uğurlara zəmin yaradır

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər.

Azərbaycan Respublikasının Prezidenti 
İlham Əliyevin  AMEA-nın 70 illik yubileyinə
həsr olunmuş yığıncaqdakı nitqindən

 

 


 

Orta əsrlərdə dünya elminə  və mədəniyyətinə  böyük töhfələr vermiş xalqımız sonralar müxtəlif imperiyaların tərkibində  yaşadığına görə elmin  inkişafı o qədər də əhatəli  olmamışdır.  Çar  Rusiyası hökumətinin  Azərbaycanda ali təhsil məktəblərinin , elmi cəmiyyətlərin və elmi-tədqiqat qurumlarının  təsis edilməsinə  icazə  verməməsi  burada elmin inkişafını xeyli  ləngidib. Azərbaycan Xalq Cümhuriyyəti  dövründə isə – 1919-cu ildə ölkədə milli kadrları hazırlayan ilk ali təhsil müəssisəsi  – Bakı Dövlət Universiteti  təsis olunmuşdu.  Sovetlər dönəmində – XX  əsrin ortalarında yaranmış Azərbaycan Milli Elmlər Akademiyası  qədim və zəngin ənənələri olan  xalqımızın  intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynamışdır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra elmdə islahatların həyata keçirilməsi üçün əlverişli zəmin yarandı.  Təsadüfi deyil ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev bu ali  dövlət postuna  seçiləndən dərhal sonra bilavasitə AMEA-da ölkənin görkəmli ziyalıları ilə görüşmüşlər. Bu isə müstəqilliyini bərpa etmiş Azərbaycanda elmin inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu göstərirdi.

Dövlətin elm  siyasəti  haqqında danışarkən,  yada düşən ilk məqam  ölkəmizdə aparılan uğurlu islahatlar, quruculuq işləri, iqtisadiyyatda baş verən irəliləyişlər, qeyri-neft sektorunun inkişafı  kimi proseslər olur.  Həmin tendensiyalar müsbət nəticələrə gətirib çıxarmış, regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri də elm, təhsil və mədəniyyət sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarların qəbul edilməsi olmuşdur.

Azərbaycan  Prezidenti İlham Əliyevin  AMEA-nın 70 illiyinə həsr edilmiş tədbirdə söylədiyi fikirlər  dövlətimizin elmə münasibətinin xarakterizə edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi:  “Azərbaycan dünyanın sayı o qədər də çox olmayan kosmik klubuna da üzv olmuşdur. Bu, bizim siyasətimizi əks etdirir. Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa, biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var. Çünki kadr potensialı güclüdür. Təhsil lazımi səviyyədədir. Savadlılıq təxminən 100 faizdir. Bu, elmin inkişafı üçün əsas bazadır. Elmin inkişafına diqqət və qayğı göstərilir. Bütün bu amillər var. Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun”.

Zaman təkcə siyasətçilərdən və diplomatlardan deyil, eləcə də elm xadimlərindən hadisə və proseslərə daha çevik yanaşma tərzini tələb edir. Belə ki, bazar iqtisadiyyatının xüsusiyyətləri elmi fəaliyyət sferasında əsaslı islahatların aparılmasını, elmi nailiyyətlərin və yeni texnologiyaların praktikada tətbiqi üçün daha səmərəli mexanizmlərin işlənməsini  zəruri  edir. Bunu nəzərə alaraq AMEA-nın Rəyasət Heyəti mühüm sosial-iqtisadi problemlərin həllində elmin və texnikanın rolunun yüksəldilməsi, dövlətin informasiya ehtiyatlarının artırılması və innovasiya proseslərinin sürətləndirilməsi məqsədilə Azərbaycanda elm sektorunun inkişaf strategiyasını hazırlamışdır.

Yeni strategiyanın əsas məqsədi respublikanın alim və mütəxəssislərinin təbiət, texnika, humanitar və ictimai elmlərin aparıcı istiqamətlərində fundamental və tətbiqi araşdırmaların inkişafına yönəlmiş yaradıcılıq səylərini birləşdirmək, elmi-texniki tərəqqinin yeni istiqamətlərini seçmək və onların həyata keçirilməsi üçün elmi zəmin yaratmaq, sosial - iqtisadi inkişafın mühüm problemləri üzrə perspektiv tədqiqatları təşkil etmək, elm və texnikanın nailiyyətlərinin praktikada istifadə edilməsi üçün tədbirlər görmək, elmi cəmiyyətimizin qurulmasını təmin edən əsas amilə çevirməkdir.

Yeri gəlmişkən,  Azərbaycan Respublikasının  elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı  –  Azərbaycan Milli Elmlər Akademiyası  1945-ci ildə yaradılmışdır. Bu dövr ərzində Elmlər Akademiyası nəhəng bir təşkilata, fundamental tədqiqatların əsas mərkəzinə çevrilmişdir. Akademiyanın  yaranması əsrlərdən bəri Azərbaycanda elmi təfəkkürün formalaşmasının təbii nəticəsi olmuşdur.  70  il ərzində akademiyada əldə edilmiş elmi nəticələr, çoxsaylı ixtiralar, hazırlanmış yüksəkixtisaslı kadrlar bu gün müstəqil Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət kimi formalaşmasında həlledici rol oynamışdır. Akademiyada 66 təşkilat, o cümlədən 48 elmi-tədqiqat, 9 konstruktor-texnologiya müəssisəsi, 2 regional elmi mərkəz, 4 muzey, 2 rəsədxana, 3 təcrübə-sınaq zavodu və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi fəaliyyət göstərir.

Azərbaycan alimlərini dünyada tanıdan  elmi uğurlar çoxdur. Onlardan bəzilərini yada salaq.  Neftçıxarma sahəsində yeni istiqamət olan radiotexnologiyanın tətbiq olunması,  reaktiv mühərriklər üçün yeni növ yanacağın kəşfi, davamlı inkişafın məqsədi olan ekoloji sivilizasiya  konsepsiyası, təbaşir mollyuska faunasının (belemnitlər) kompleksləri barədə təlim, yüksək molekulyar sistemlərdə güclü elektrik sahəsinin təsiri ilə baş verən elementar elektron və molekulyar proseslərin tədqiq edilməsi, on iki üzvlü tsikllərin konformasion analizinin öyrənilməsi, güclü qeyri-xətti laylı Gase kristallarında hadisələrin tədqiqi, yarımkeçiricilərin tədqiqinin elektromaqnit dağılmaz metodları, informasiya emalının akustooptik metodları, mülki aviasiyanın hava gəmilərində uçuşların təhlükəsizliyi problemlərinin elmi əsasları, hipertoniya və hipotoniya xəstəliklərinin uşaqlarda və yeniyetmələrdə təsnifatı, türk dillərinin məntiqi tipinin yaradılması ideyası və sairə .

Bu nailiyyətlər göstərir ki, elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Hazırda beynəlxalq münasibətlərdə siyasi, iqtisadi, elmi-texniki, ekoloji və informasiya xarakterli amillərin  müstəsna rol oynaması Azərbaycan Respublikasının milli maraqlarının ödənilməsində elmin inkişafına təkan vermişdir. Çünki dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir.

Son dövrlərdə Azərbaycan xalqını, xüsusən, milli elmimizi beynəlxalq aləmdə təmsil edən çoxlu sayda görkəmli alimimiz vardır.  Onlardan bəzilərini yada salmaq yerinə düşərdi.

 

Lütfi Zadə (1921)

 

Azərbaycan əsilli alim, süni intelellekt sahəsində qeyri-səlist məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. Bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir. Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür və dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir.

 

İren xanım Melikoff

 

1917-ci ildə Peterburqda doğulmuşdur. Ailəsi ilə birlikdə Fransaya köçmüşdür. Azərbaycanlıdır, filologiya elmləri doktoru, professordur. Parisdə ingilis dilində lisey bitirmişdir. Sorbonna Universitetində təhsil alarkən,  eyni zamanda, Şərq Dilləri İnstitutunda oxumuş, ərəb, fars və türk dillərini öyrənmişdir. 1947-ci ildə Fransaya qayıdaraq “Orta əsrlər Türkiyə eposları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və Strasburq Universitetinin professoru olmuşdur. Onun elmi maraq dairəsi çox əhatəlidir.  400-ə qədər elmi işin müəllifidir. “Koroğlu”, “Umur paşa”, “Məlik Danişmənd”, “Seyid Batddal”, Babək hərəkatı, Qızılbaşlar tarixi, Əbu Hüseyn Xorasaninin yaradıcılığı, Xətai, M. F. Axundov və bir sıra başqa mövzularda  monoqrafiyaların və ədəbiyyatşünaslıq tədqiqatlarının müəllifidir.  İ. Melikoffun səyi nəticəsində Strasburq Universitetində türk şöbəsi yaradılmışdır. Sonradan İren xanımın  rəhbərlik etdiyi  həmin şöbə elmi-tədqiqat institutuna çevrilmişdir. Bu institutda Azərbaycan mədəniyyətini öyrənən mərkəz yaradılmışdır. 1966-cı ildə İ. Melikoff “Türkika” adlı jurnal nəşr edərək,  fransız oxucularını türk xalqlarının tarixi, ədəbiyyatı və mədəniyyəti ilə tanış etmişdir. Bu jurnalda Anarın, Çingiz Hüseynovun, Sara Aşurbəylinin, Tofiq Məlikovun və bir sıra başqa azərbaycanlı müəlliflərin əsərləri çap olunmuşdur.

İren xanım Fransa və Azərbaycan Mədəniyyət Əlaqələri Mərkəzinin rəhbəri olmuşdur.

 

Məsud Əfəndiyev

 

Riyaziyyatçı, professor Məsud  Əfəndiyev Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində iki il oxuduqdan sonra təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində  davam etdirmişdir. Almaniyanın  Münhen, Ştuttqart, Berlin universitetlərində dərs demişdir. H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində “Dinamik sistemlər” şöbəsinin müdiri vəzifəsinədək yüksəlmişdir. M.Əfəndiyev Almaniya hökumətinin təsis etdiyi A. Fon Humboldt   mükafatına layiq görülmüşdür. O, bu nüfuzlu mükafatı alan ilk azərbaycanlıdır. 2005-ci ildə isə Yaponiyanın nüfuzlu “Japan Society for the Promotion of Scionce - JSPS” təşkilatının mükafatına layiq görülmüşdür. Onun Almaniya, Amerika və Yaponiyanın ən mötəbər nəşriyyatlarında çap olunan monoqrafiyaları dünya elminə böyük töhfədir.

 

Rüfət Mirəsədulla
oğlu Mirqasımov

 

Görkəmli fizik, fizika-riyaziyyat elmləri doktorudur. Bakı şəhərində anadan olmuşdur. Moskva Dövlət Universitetinin  fizika fakültəsini bitirmişdir. Hazırda Dubna şəhərində (Rusiya) Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda  çalışır.

 

Natiq Məmməd
 oğlu Atakişiyev

 

Riyaziyyatçı alim, professordur. Bakı Dövlət Universitetini bitirmişdir. Meksikada Riyaziyyat İnstitutunuda calışır.

 

Tofiq Davud
oğlu Məlikov

 

Tənqidçi, ədəbiyyatşünas. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsil almışdır . Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor işləmişdir (1965). SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir . 1976-1978-ci illərdə Türkiyədə işləmişdir. 1991-1994 illərdə Türkiyədə İstanbul Universitetinin ədəbiyyat fakültəsinin professoru işləmişdir. Moskvada Dünya Ədəbiyyatı İnstitutunda  aparıcı elmi işçi olmuşdur. Hazırda Moskva Dövlət Linqvistika (dillər) Universitetinin  professorudur. Eyni zamanda,  Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun  vitse-prezidentidir .

 

Sabir Məcid
 oğlu Hüseynzadə

 

Görkəmli riyaziyyatçı alim Moskva Dövlət Universitetinin  mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Hazırda həmin fakültənin ali həndəsə və topologiya kafedrasının professorudur. Moskva Riyaziyyat Cəmiyyətinin  katibidir.

 

Fərman Qurban
oğlu Salmanov

 

Geoloq alim, ictimai xadim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiysının  müxbir üzvü, Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanıdır. F.Salmanov 1954-59-cu illərdə Novosibirsk Geologiya İdarəsində geoloq, baş geoloq, neft-kəşfiyyat ekspedisiyasının rəisi, 1959-62-ci illərdə Surqut neft-kəşfiyyat ekspedisiyasının rəisi, 1969-70-ci illərdə Tümen Baş Geologiya İdarəsinin baş geoloqu, 1978-ci ildən bu  idarənin rəisi olur.  Keçən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində F.  Salmanov SSRİ geologiya nazirinin birinci müavini işləyib. Onun rəhbərliyi altında Surqutda, Salımskda, Pravdinskda, Mamontovskda, Somotlorda, Urenqoyda, Qərbi Sibirin başqa yerlərində 20 neft və qaz yatağı aşkar edilmişdir. Fərman Salmanov neft və qaz geologiyası məsələləri ilə bağlı bir sıra elmi işlərin müəllifidir. Habelə “Neft və qaz yataqlarının formalaşma şəraiti və paylanma qanunauyğunluğu”, “Qərbi Sibir neft və qazının geologiyası”, “Böyük neft və qaz yataqlarının yer qabığında paylanma qanunauyğunluğu”, “Axtarışın sürətləndirilməsi” onun fundamental əsərləridir.

Sonda Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyevin Azərbaycan alimləri barədə dediyi fikirləri xatırladaq:  “Sadəcə bir misal çəkim. Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Abdullayev adına Fizika İnstitutunun əməkdaşları Dubnanın əməkdaşları ilə  sıx əməkdaşlıq edirlər. Onlar fundamental fizikanın vacib və müasir layihələrindən birinin reallaşmasına böyük töhfə veriblər. Bu, Cenevrədəki nəhəng adron kollayderində atlas kompleksinin yaradılmasıdır. Beləliklə, onlar Nobel mükafatı ilə təltif edilən şəxslərlə tamhüquqlu həmmüəlliflərdir. Bu, fundamental elmdə son dövrlərin mühüm kəşfidir. Bu, müasir fundamental elmin təntənəsidir və əlbəttə ki, Azərbaycan öz alimləri ilə fəxr edə bilər”.

Hazırladı:
 İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında