1986-cı il avqustun 31-də Krım-Qafqaz xətti boyunca kruiz reysini həyata keçirən “Admiral Naximov” adlı sovet sərnişin teploxodu Novorossiyskdən 15 kilometr aralıda qəzaya uğradı. “Arqumentı i faktı” qəzeti bu faciənin ildönümü ilə əlaqədar, həmin nəşrin fotoqrafı Vladimir Svartseviçin xatirələrini dərc edib. Qəzetdə, həmçinin “Admiral Naximov” teploxodunun qəzaya uğraması nəticəsində həlak olmuş insanların cəsədlərinin su altından qaldırılması üzrə əməliyyat zamanı çəkilmiş nadir fotoşəkilləri dərc olunub. Svartseviç deyir ki, bu reportaj olmaya da bilərdi: “Bütün bu fotoşəkilləri Sov.İKP MK Siyasi Bürosunun üzvü, Azərbaycanın gələcək Prezidenti Heydər Əliyevin sayəsində çəkmək mümkün oldu”.
AZƏRTAC həmin reportajı təqdim edir.
Bu fotoşəkillər olmaya da bilərdi. 31 il bundan əvvəl “Admiral Naximov” teploxodu ilə bağlı dəhşətli faciə barədə ölkə vətəndaşlarına dərhal məlumat verilmədi. Sonradan, hadisə yerində nəinki faciənin baş verdiyi yeri, xilasedicilərin işini, hətta həlak olanların qohumlarının şəklini çəkməyi də qadağan etmişdilər... Bütün bunları Sov.İKP MK Siyasi Bürosunun üzvü, Azərbaycanın gələcək Prezidenti Heydər Əliyevin sayəsində çəkmək mümkün oldu. Bu şəkillərin demək olar ki, hamısı ilk dəfə dərc edilir. Lakin əvvəlcə bu hadisənin necə baş verməsini yada salaq.
Yayın son axşamında “Admiral Naximov” kruiz teploxodu Novorossiysk limanından Soçiyə tərəf yola düşdü. Bu, həmin gəminin son naviqasiyası idi. 1925-ci ildə inşa edilmiş teploxod artıq köhnəlmişdi və hesabdan silinməli idi. Teploxodda kruiz prestijli hadisə hesab edilirdi. Onun bortuna putyovka tapmaq çox çətin məsələ idi. Bir həftəlik kruizin dəyəri, göyərtənin sinfindən asılı olaraq 150 rubldan başlayırdı. Bu, mühəndisin və ya yüksəkixtisaslı fəhlənin bir aylıq əməkhaqqı demək idi. Belə bir şayiə yayılmışdı ki, Lev Leşşenkoya da həmin başıbəlalı reydə çətin tapılan putyovka təklif ediblər, lakin o, Soçidə qastrolda çox məşğul olduğuna görə bu təklifdən imtina edib. Deyilənə görə, o vaxt hələ çox məşhur olmayan Boris Moiseyevə də həmin faciəli reysdə prestijli tur təklif edilib. Moiseyev Alla Puqaçovanın ailəsinin dostu idi. Puqaçova öz qızı – o vaxt hələ yeniyetmə olan Kristina Orbakayteni tez-tez Moiseyevin himayəsində qoyub gedirdi. Moiseyev bu səyahətə Kristina ilə birlikdə getməyə Puqaçovadan icazə almaq üçün ona zəng edir, Puqaçova isə deyir ki, kruiz barədə düşünməyi belə ağlına gətirməsin.
Halbuki “Admiral Naximov” teploxodunda istirahət barədə çox yüksək rəylər söylənilirdi: laynerin bahalı tərtibatı sərnişinləri heyran edirdi. Turun hər bir günü diskoteka, hovuzda çimmə, açıq dənizdə günəş vannası qəbul etmə kimi proseduralarla zəngin bayram olurdu. Barlarda və restoranlarda spirtli içkilərin çox geniş çeşidi sərnişinləri mat qoyurdu. Amma həmin dövrdə partiya xadimləri quruda spirtli içkilərə qarşı barışmaz mübarizə aparırdılar.
Yayın son günündə yüngül meh əsdi. Laynerin yola düşməsi ləngiyirdi, min nəfərdən çox sərnişin hansısa bir mühüm şəxsin gəlməsini gözləyirdi. Laynerin cədvəl üzrə yola düşməsi üçün təyin edilmiş vaxtdan on dəqiqə keçməsinə baxmayaraq o hələ yerində idi – Dövlət Təhlükəsizlik Komitəsinin Odessa vilayəti üzrə idarəsinin rəisi general-mayor Krikunov öz ailəsi ilə bərabər teploxoda gəldi. Sonralar xilas edilmiş sərnişinlərin çoxu bu qəzanı çekistin gecikməsi ilə əlaqələndirərək deyirdilər ki, əgər o gecikməsəydi, bir saatdan sonra heç bir faciə də olmazdı. Lakin indi artıq heç kəs bunu bilməyəcək.
Girəcəyində eni 9 kilometr olan Semesskaya buxtasında yalnız iki gəminin bir-birindən aralanması nəzərdə tutulmuşdu. Bu məsələ hətta təcrübəsi çox olmayan kapitan üçün də mürəkkəb görünmürdü. Buxtadan çıxan “Admiral Naximov” ilə üzbəüz Kanadadan arpa gətirən “Pyotr Vasev” yük gəmisi gəlirdi. 1981-ci ildə inşa edilmiş bu müasir gəmi yüksək möhkəmliyi ilə fərqlənirdi. Onun sualtı hissəsi güclü bulba (gəminin burun hissəsində su xəttindən aşağıda yerləşən xüsusi çıxıntı belə adlanır. O, gəminin daha sürətli və daha asan hərəkət etməsinə imkan verir) ilə təchiz olunmuşdu. Lakin həmin gecə bulba nəhəng taran kimi işlədi.
Sonradan istintaq bu nəticəyə gələcək ki, hər iki gəminin kapitanları cinayətkarcasına səhlənkarlığa yol veriblər. Onlardan biri gəmilərin necə aralanacağını digər kapitanla razılaşdırmayıb, ikincisi isə yol verməyə çox gec başlayıb... Lakin o vaxt göyərtədəki insanlar təkcə bunu gördülər ki, nəhəng qara yük gəmisi böyük sürətlə onların üstünə gəlir. “Pyotr Vasev” laynerin sağ bortuna pərçim oldu və onun bulbası sözün hərfi mənasında teploxodu sökdü. Altı göyərtəli “Naximov” 8 dəqiqə ərzində sahildən 4 kilometr məsafədə batdı. Teploxodun göyərtəsindəki 1243 nəfərdən 423-ü həlak oldu. Sonradan mütəxəssislər hesablamışdılar ki, gəmilərin bir-birindən aralanması üçün cəmi 6 saniyə çatışmayıb.
Hadisənin ertəsi günü mən Novorossiyskə gəldim. Şəhərdə sakitlik idi. Restoranlarda və kafelərdə musiqi səsi eşidilmir, şəhər sakinləri pıçıltı ilə danışır, faciə barədə son xəbərləri bölüşürdülər. Rəsmən matəm elan edilməmişdi. Amma həmin gün Krasnodar diyarında səfərdə olan Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçov Novorossiyskə gəlməyə və həlak olanların qohumlarına başsağlığı verməyə “vaxt tapmamışdı”.
Lakin “ölüm konveyeri” artıq işə düşmüşdü – Novorossiysk gəmiqayırma zavoduna 150 sink tabut hazırlamaq barədə ilk xüsusi sifariş daxil olmuşdu. Xilas edilmiş insanları xəstəxanalarda və mehmanxanalarda yerləşdirirdilər. Onların hər biri qeydiyyatdan keçirdi. Lakin xilas edilənlərdən çoxunun doğmaları və yaxınları, uşaqları dənizdə qalmışdı. Dəniz vağzalının şüşə divarı “sitəm divarı”na çevrilmişdi: bədbəxt insanlar gözlərini “Admiral Naximov” teploxodunun qərq olduğu dənizə zilləyib, bu divara qısılırdılar.
Novorossiysk limanındakı 15-ci körpünü hələ də “dəfn körpüsü” adlandırırlar. Həlak olanların cəsədləri yüklənən 5 vaqon-refrijerator məhz bu körpünün yanında dayanmışdı. Bu, yüzlərlə sovet ailəsinin faciəsi idi. Boğulub ölənlərin cəsədlərini 15-ci körpüyə çatdırmazdan əvvəl onların hamısının fotoşəklini çəkir, sonradan meyitləri tanımağa imkan verə biləcək paltarları və zinət əşyalarını təsvir edirdilər. Meyitlərin qarət edilməsi halları olmamışdı. Zərər avtomatik şəkildə ödənilirdi – Sov. İKP MK-nın qüdrətli Siyasi Bürosu belə sərəncam vermişdi. O vaxt faciənin səbəblərinin təhqiqatı üzrə hökumət komissiyasının rəhbəri Heydər Əliyev idi.
Həlak olanların fotoşəkillərini xüsusi albomlara yığıb onların qohumlarına göstərirdilər. Tanınma prosesi belə baş verirdi. Zalda kəskin dərman iyi gəlirdi. Bəzən həlak olanların qohumları əsəb sarsıntısına davam gətirmir, tappıltı ilə yerə yıxılırdılar. Həkimlər həlak olanların huşunu itirmiş qohumlarına kömək etmək üçün bir yerdən başqa yerə qaçırdılar.
Mən ilk dəfə idi ki, bu cür şəkillər çəkməli olmuşdum. Bu, çox çətin idi – göz yaşlarım aramsız axırdı. Birdən zala balaca boylu, gözlərinə yekə eynək taxmış bir insan daxil oldu. Pencək geyinmiş insanların əhatə etdiyi bu adam kolxoz partiya komitəsinin katibini xatırladırdı. Lakin yaxşı deyiblər ki, “rəisləri sifətlərindən tanımaq lazımdır”. O, mənim əlimdəki fotoaparatı görüb, ağzı köpüklənə-köpüklənə bərkdən qısdırır, əllərini açaraq deyirdi: “Sən kimsən? Jurnalistsən? Burada insanların dərdi var, siz isə öz kameranızı onların üzünə zilləmisiniz. Rədd olun buradan!”.
O vaxt əsəbi vəziyyətdə olduğumdan, ona dişimin dibindən çıxanı dedim. İki milis işçisi məni küçəyə çıxartdı. Yalnız orada bildim ki, “uzağa göndərdiyim” adam Sov. İKP MK-nın üzvü, Krasnodar vilayət partiya komitəsinin birinci katibi İvan Kuzmiç Polozkov imiş. Əgər bilsəydim...Bəlkə də işimin xatirinə bu partiya xadiminin məni təhqir etməsinə dözərdim. Artıq aydın idi ki, Moskvaya “teleqa” (teleqram-AZƏRTAC) gedəcək və mən ən azı partiya biletimi “stolun üstünə qoymalı" olacam.
Novorossiysk şəhər partiya komitəsinin əməkdaşları dərhal mənim üçün Moskvaya gedən təyyarəyə bilet aldılar. Bilet cəhənnəm, amma bu faciə barədə şəkillərin heç birisi olmaya bilərdi.
Axşam yola düşməzdən əvvəl Dənizçilərin Mədəniyyət Sarayına getdim. Orada xüsusi hökumət komissiyasının rəhbəri – o vaxt Sov.İKP MK Siyasi Bürosunun üzvü Heydər Əliyev “Admiral Naximov” teploxodunda həlak olanların qohumları ilə görüşürdü.
Polozkov məni zalda görən kimi, barmağı ilə məni göstərərək Əliyevə şikayət etməyə başladı. Onda Əliyev dedi: “İvan Kuzmiç, mən hesab edirəm ki, müxbirlər cinayətkar səhlənkarlığın hansı müsibət bahasına başa gəlməsini sovet xalqına söyləməyə borcludurlar! Mən jurnalistlərə nə ilə kömək edə bilərəm?”. Bu sözlərdən sonra Polozkov hərfən büzüşdü. Mən isə bütün zalın eşidəcəyi səslə qışqırdım: “Yoldaş Siyasi Büro üzvü, fəlakət yerinə getmək üçün helikopter, kater, maşın lazımdır. Dalğıcların necə işlədiyini göstərmək lazımdır. Ən başlıcası, senzur məsələsini həll etmək lazımdır! Əks halda onlar hamısını kəsib doğrayacaqlar!”. Heydər Əliyev başını tərpədərək öz köməkçilərinə müraciətlə uca səslə dedi: “Jurnalistlərə kömək edin! Mənim adımdan! Senzur məsələsini həll edin”.
Siyasi Büro üzvü sözün üstündə dayandı. Məni Moskvaya deportasiya etməyə hazırlaşan məmurlar isə Əliyevin dediklərinin hamısını yerinə yetirərək, bizə kömək etdilər. Tezliklə plyonkaları içərisində həlak olanların cəsədləri olan sink tabutları daşıyan təyyarənin baqaj bölməsində redaksiyaya göndərdim.
Sonra isə “Hepard” xilasetmə gəmisindəki dalğıclarla gərgin söhbətimiz oldu. Onlar hər gün, sutkada bir neçə dəfə suda batmış “Admiral Naximov” teploxoduna enir və hər dəfə 10-15 cəsəd tapırdılar. Cəsədləri göyərtələrdə açılmış deşiklərdən dartıb çıxarırdılar. Gəminin içində işləmək dəhşətli idi. Hər yerdə mebel üzürdü, xüsusən yuxarı göyərtəyə çıxış yollarındakı dəhlizlərdə onlarca cəsəd yığılıb qalmışdı. Göyərtələrin bağlı qalmış qapılarını linglərlə sındırıb açmaq lazım gəlirdi. Dalğıclardan biri xatırlayırdı ki, su basmış göyərtədə güclü sualtı cərəyan bir ölü matrosun əllərini “dirijor kimi” tərpədir, sanki dalğıclara xəbərdarlıq edirdi: bura çox təhlükəlidir. Dalğıcların əsəbləri tab gətirmirdi: onlar ilk 18 gün ərzində 280-dən çox cəsəd çıxarmışdılar. Həlak olanların siyahısında həmin gün gecikmiş çekistin ailəsi də vardı. Onları göyərtədə tapdılar. DTK generalı Krikunovun özünün meyitini dalğıclar yuxarı göyərtəyə aparan pilləkənin altında tapmışdılar. Generalın əynində idman kostyumu, qucağında azyaşlı nəvəsi vardı.
O vaxt bütün cəsədləri sudan çıxarmaq mümkün olmadı. Batmış gəminin içərisində işləmək ağlasığmaz dərəcədə təhlükəli olurdu. İki dalğıc həlak olandan sonra axtarışlar dayandırıldı. 64 sərnişinin cəsədi dənizin dibində qardaş məzarında qaldı. “Admiral Naximov” teploxodu hələ də Semesskaya buxtasında 47 metr dərinlikdə qalır.
Bu fotoşəkillərin çoxu ilk dəfə dərc edilir. İnsanları sudan xilas edənlərə, həlak olanların qohumlarının onlarla vidalaşmaları üçün öz həyatlarını riskə məruz qoyaraq bu cəsədləri gəmidən çıxaranlara təşəkkür edirəm. O vaxt Semesskaya buxtasında həlak olanların xatirəsi əbədi yaşayacaq.
Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.