Şamaxı qırğını: yeni araşdırmalar, müdhiş faktlar

Soyqırımı faktların dili ilə

(Əvvəli qəzetimizin 29 avqust  2017-ci il tarixli sayında)

Yeri gəlmişkən qeyd edək ki, bu gün işğal olunmuş Qarabağ ərazilərində Bəhreyndən gələn ərəb karmatları üçün kiçik qəsəbələr salınır, onlara torpaq sahəsi verilir. Onların bir qismi işğalçı rejimin ordusunda-- silahlı terror birləşmələrində xidmət edir. Bütün bunlar bir əsr əvvəl ermənilər üçün Londonda hazırlanmış “İngilis direktivləri”nin tərkib hissəsi olaraq qalır.

Doktor Zavriyev məktubların birində soruşurdu: “Cənab Leon! (Ambartsumov) Mənə Şamaxıda müsəlmanların yaratdıqları “Şeyx Şamaxı məclisi” haqqında məlumat ver. Bu nə təşkilatdır? “Büro”dan yanına xüsusi nümayəndə gələcək”. Doktor Zavriyev narahat idi. Bu narahatlıq 1917-ci il fevral inqilabından sonra daha da artdı. Erməni könüllü dəstələrini təlatüm və nigarançılıqda saxlayan Şeyx Şamaxı haqqında yetərincə materialımız yoxdur. Toplanmış materialları Yelizavetpol (Gəncə) Xəfiyyə İdarəsinin arxiv müdiri O.Ağacanyan tərəfindən məhv edilib.

Yalnız Yelizavetpol Xəfiyyə İdarəsinin istintaq qrupunun başçısı Q.Demçenkonun Moskvaya göndərdiyi sorğu məktubunda qeyd olunurdu: “Şamaxı qəzasında millətlərarası münaqişə və yaxud qarşıdurma genişlənir. Münaqişədə maraqlı olan “Milli Erməni Bürosu”nun üzvlərinə yardım göstərir, köməklik edirik. Müsəlmanların yaratdıqları “Şeyx Şamaxı məclisi”ni isə yaxşı tanımırıq. Şeyx Şamaxı barədə bircə onu deyə bilərik ki, o, sadə, ortayaşlı bir din xadimidir. Hazırda onun məclisində 20 nəfər gənc var. Onlar da, bizim adamların nəzarətindədir.” Həmin vaxt isə Şeyx Şamaxı haqqında kiçik rəvayətlər dolanmaqda idi. Bütün bunlar erməniləri qorxudur və səksəkə içində saxlayırdı.

Topladığımız digər materiallardan görünür ki, Şamaxıdakı qırğınlar 1918-ci ilin aprel ayında başlamalı idi. Ermənilərin planına görə, Şamaxı və Quba qəzalarına gözlənilən hücum eyni gündə olmalı idi. Lakin Şamaxıda artıq formalaşmaqda olan “Şeyx Şamaxı məclisi” hərəkatı genişlənməkdə idi. Qazax yaşayış məntəqəsində “Salehin dəstəsi” deyilən doqquz nəfərlik bir qrup, Yelizavetpoldan on üç nəfərlik “Alməmmədin dəstəsi” “Şeyx Şamaxı”nın dəstəsinə tərəf gəlirdi. Erməni tərəfdə isə S.Ambartsumyan Doktor Zavriyevi, Doktor Zavriyev də S.Şaumyanı tələsdirirdi. Şamaxı qəzasında ermənilərin qırılması, məhv olması təhlükəsi haqqında şayiələr genişlənirdi.

Şamaxı qəzasında baş verən hadisələr “Qanlı mart təqvimi”ndə xüsusi səhifə təşkil edir. 1918-ci ilin yazında qəzada hakimiyyət, artıq, müsavatçıların başçılıq etdikləri yerli milli Şuranın əlində cəmləşmişdi. Bunu öz hakimiyyəti üçün ciddi təhlükə hesab edən Bakıdakı bolşevik-daşnak Soveti Şamaxını ələ keçirmək üçün ciddi cəhd göstərirdi. Artıq bu vaxta qədər ermənilər və molokanlardan ibarət hərbi qarnizonu yerli milli Şura tərksilah etmiş və onun əvəzində azərbaycanlılardan ibarət yeni qarnizonun təşkilinə başlanılmışdı.

Nəzərə almaq lazımdır ki, bolşevik-daşnakların Azərbaycanın bütün ərazisini ələ keçirmək və öz hakimiyyətini qurmaq planlarında Şamaxı xüsusi strateji əhəmiyyət kəsb edirdi. Odur ki, martın birinci yarısında Şamaxıya məlumat gəldi ki, Bakıdan bura toplar, pulemyotlar və böyük miqdarda hərbi sursatla, təxminən, üç minədək erməni qoşun dəstəsi gəlir. Dəstəyə S.Şaumyandan bilavasitə təlimat almış S.Lalayan başçılıq edirdi. Lakin həmin dəstə gətirdiyi silah-sursatı Şamaxı qarnizonuna verməkdən imtina etdi və bildirdi ki, “onların məqsədi Şamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub, normal həyat bərpa etməkdir.” (Bax:E.M.Surikov.1918-ci il. Qanlı mart qırğını. Tiflis.1921).

Martın 15-də sübh çağı S.Lalayanın dəstəsi Şamaxıya ilk dəfə hücum edərək, şəhərin müsəlmanlar yaşayan hissəsini top atəşinə tutdu. Bu atışma nəticəsində dinc əhali arasında çoxlu sayda tələfat oldu. Yalnız axşama yaxın şəhərdə bir qədər sakitlik yarandı. Şamaxı gecə ikən cənubdan ermənilər, şimal-şərqdən isə molokanlar tərəfindən mühasirəyə alındı. Onlar şəhərin müsəlman hissəsini bombalamağa başladılar. Müsəlmanlar topların qarşısında dayana biləcək vəziyyətdə olmadıqlarından geri çəkilməli oldular.

Dəhşətli qarışıqlıq baş verdi. Ermənilər və molokanlar axşama yaxın şəhərin ən varlı hissəsi “Piran-Şirvan”a daxil oldular. Evlər yandırılır, od tutub yanan mənzillərdən qaçan kişilər, qadınlar, uşaqlar və ümumiyyətlə, küçədə görünən hər kəs güllələnirdi. Dəstənin quldur üzvləri evlərə soxularaq, sakinləri öldürüb, qarət edirdilər. Şəhərin küçələrində müsəlman meyitləri üst-üstə qalaqlanmışdı.

Bu vəhşiliklər Gəncədən silahlı müsəlman dəstəsinin Şamaxı şəhəri və Şamaxı qəzası əhalisinin köməyinə gələnə qədər bir neçə gün davam etdi. Gəncəlilərin gəlişindən sonra ermənilər və molokanlar Şamaxıdan molokanlar yaşayan Qozlu kəndinə çəkildilər. Müsəlman qoşunları onları təqib edərkən məlum oldu ki, ermənilər və molokanlar sayca onlardan qat- qat üstündür. Buna görə də onlar geri çəkilməli, şəhərin, demək olar ki, bütün müsəlman əhalisini də özlərilə aparmalı, Şamaxını tərk etməli oldular. (Bax:1918-1920-ci il. Gəncədə hadisələr. Tiflis.1921. Qabriadze nəşriyyatı).

Müsəlman qoşunları gedəndən bir neçə gün sonra ermənilər və molokanlar şəhəri ikinci dəfə zəbt etdilər. 1918-ci ilin martın 16-da dağlara və meşələrə çəkilən Şeyx Şamaxının dəstəsi qəzanın mərkəzində qətllərdə adları çəkilən üç ermənini edam etdi. Bu, artıq, ilk xəbərdarlıq idi. Doktor Zavriyev S.Ambartsumova yazırdı: “Mənə əlavə məlumat verin. Ərəb karmatlarına, Əbu Sana salamlarımızı çatdır. Müsəlmanların silahlı dəstəsi haqda məlumat ver. Onların nə qədər silahı var? Hardan alırlar? Stepana xüsusi qəhrəmanlıq salamlarımızı yetir”.

Bütün yazışma və teleqraf mətnlərinin surəti Yelizavetpol Məxfi İdarəsinə göndərilirdi. Çünki araşdırma materiallarından aydın olur ki, uzun müddət Yelizavetpol teleqraf mərkəzində çalışan Samuel Aleksandroviç Ambartsumov 1915-ci ilin avqustun 3-dən etibarən çar Rusiyasının Məxfi İdarəsinə işləyirdi.

Şamaxıda əsl partizan hərəkatı başlamışdı. Araşdırma materiallarına görə, bu hərəkat Azərbaycanda erməni quldur dəstələrinə qarşı ilk və son partizan hərəkatı idi. Qəfil hücumlardan qorxuya düşən S.Lalayan bir-birinin ardınca Bakıya-- S.Şaumyana xəbərlər göndərdi, əlavə kömək istədi. Cavab isə verilmirdi. Ermənilər girdikləri hər evdə Şeyx Şamaxını axtarırdılar. S.Lalayan onun yerini nişan verənə ənam da ayırmışdı.

Şamaxıda döyüşlər səngimirdi. Törədilən qanlı və dəhşətli qırğınların səsi-sədası, artıq, Azərbaycanın hüdudlarından kənara çıxmışdı. Şeyx Şamaxının partizan dəstəsi iki qrupa bölünmüşdü. Birinci dəstə yerlərdən xəbərlər gətirir, ikinci dəstə isə həmin xəbərlərə uyğun hərəkətə keçirdi. Erməni vəhşilərinin xarici bazarlarda satmaq üçün seçib, ayırdığı uşaqların azad edilməsi və onların Göyçay qəzasında yerləşdirilməsi üçün partizan dəstəsinin qanlı döyüşlərdə əsir və girov götürməsi barədə xəbəri də həmin vaxt geniş yayılmışdı.

Əsasən yerli əhalidən ibarət Şamaxının kiçik partizan dəstəsi əlləri qan içində olan, qorxudan gecələri oyaq qalan, silahı əldən qoymayan Stepan Lalayanın quldur dəstələri ilə üz-üzə dayanmışdı. Şəhərin Çaylı, Sündü, Çuxanlı istiqamətində formalaşan “Milli Erməni Birliyi”nin silahlı özəyini martın 17-də Şamaxı partizanları dağıtdılar. Elə həmin gün də Mədrəsədən əlavə silahlı dəstələr S.Lalayanın köməyinə gəldi. Ələ keçən dəstə üzvləri camaatın gözü qarşısında diri-diri yandırıldı.

Arxiv materiallarından məlum olur ki, martın 18-də ermənilər ələ keçirdikləri dörd nəfəri: Məlikçobanlı Həsən Qulaməli oğlunu, Qonaqkəndlili Fəraməz Mir Haşım oğlunu, Sarıtorpaqlı Balamirzə Yusifcan oğlunu, Zərxili Nəhmətulla Məşədi Musa oğlunu “partizan” adı ilə Meysəri yaşayış məntəqəsində yandırdılar. Sənədlərdən aydın olur ki, hər gün doktor Zavriyevə ermənilərin Şamaxıdakı “qəhrəmanlıqlarından” və s. əməliyyat məlumatları göndərilirdi.

Materiallardan məlum olur ki, 1918-ci il, martın 30-dan 31- nə keçən gecə silahlı erməni-rus birləşmələri Şamaxının mərkəzinə yaxın yerdə, daha dəqiq desək, Kürdtənəsində Kərbəlayi Dadaşın evində yığışan partizan dəstəsinə qəflətən hücum edir. Hadisələrin sonrakı gedişindən heç bir xəbər verilmir. Amma bəzi mənbələrdə edilən qeydlərə görə, dəstənin 12 üzvü dar ağacından asılır. Şeyx Şamaxı-- 41 yaşlı Hacı Mehdi Qəhrəman oğlu “Yeni hökumətin düşməni” kimi həbs olunaraq, Yelizavetpol həbsxanasına göndərilir. Onun sonrakı taleyindən heç bir xəbər verilmir.

Lakin ingilis generalı Tomson doktor Zavriyevə açıqlamasında bildirmişdi: “Şeyx Şamaxı” adlı silahlı qrupun başçısı Hacı Mehdi Qəhrəman oğlunun nəsli də kəsildi. İnanmıram bundan sonra Şamaxıda belə bir adam dünyaya gəlsin. Ermənilər rahat davam edə bilərlər”.

Araşdırma materiallarına görə, Şamaxı qırğını zamanı 15 min nəfər şəhər əhalisindən cəmi 1700 nəfər salamat çıxıb. Az müddət ərzində ermənilərin bu qədər adam qırmaları hələ də tarix üçün müəmmalı qalır. Bu günə qədər Şamaxıda 12 min nəfərdən çox adamın necə qırılması hələ tam tədqiq olunmayıb. Bizim çoxillik araşdırmalarımız isə bu günə qədər tarixə qaranlıq qalan məqamlardan xəbər verir.

(ardı var)

Rövşən VƏLİYEV,
politoloq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında