Bu gün qardaş Türkiyənin Zəfər bayramıdır. Türkiyə Cümhuriyyəti tarixinə “Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü” kimi yazılan1922-ci il avqustun 30-da Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk xalqı və Türkiyə Silahlı Qüvvələri qələbə yürüşünü başa çatdırdı. Bu tarixi gün həm də bütün Türk dünyasının bayramıdır. Bu əziz gündə Azərbaycan-Türkiyə əlaqələrinin keçmişinə və bu gününə yenidən nəzər salaq.
Türk Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət – iki dövlət” möhtəşəm kəlamıarı müasir dövrdə Azərbaycan – Türkiyə münasibətlərinin məzmununu və yönünü aydın göstərir. İki dövlət arasında münasibətlərin yeni və əsas mərhələsi 1991-ci ildə Sovetlər Birliyi dağıldıqdan sonra başlanmışdır. Türkiyə Azərbaycanın bərpa edilən dövlət müstəqilliyini tanıyan ilk ölkə olmuşdur.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinin bir hissəsini işğal etməsinə cavab olaraq rəsmi Ankaranın təcavüzkar dövlətlə sərhədlərini bağlaması zəruri bir addım olmaqla, Turkiyənin Azərbaycanın mövqeyini təkcə sözdə yox, həm də əməli işdə dəstəkləyən bir dövlət olduğunu ortaya qoymuşdur. Tarixi və etnik köklərə bağlı olan bu təbii yaxınlaşma, ümumi maraqlar ətrafında səylərin birləşməsinə, gələcəyin möhkəm təməllər üzərində qurulmasına hududsuz imkanlar yaratmaqdadır.
Eyni zamanda, yeni dünya nizamında ədalətin əsas meyar kimi qəbul edilməsinə sadiqliyini hər iki dövlət daim ortaya qoyur. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı ilə Azərbaycan Respublikasını, Azərbaycan xalqını bağlayan qırılmaz tellər var. Bizim bu dostluq, qardaşlıq əlaqələrimizin qədim tarixi var. Ulu babalarımız, keçmiş nəsillər əsrlərdən əsrlərə bu dostluğu yaradıblar, qoruyub saxlayıblar və bugünkü günə gətirib çıxarıblar. Bir kökdən olan xalqlarımız öz tarixi dostluğuna, ənənələrinə həmişə sadiq olmuş və bu ənənələr xalqlarımızın dilini, dinini, mənəviyyatını yaşatmışdır. Məhz bunlara görə Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında olan dostluq əlaqələri xüsusi xarakter daşıyır.”
Türkiyə və Azərbaycan arasındakı əlaqələrin dünyada analoqu olmayan müttəfiqlik səviyyəsinə yüksəlməsi ilk növbədə tarixi təmələ söykənir. 1918-ci ilin 28 mayında müsəlman Şərqində ilk demokratik dövlət kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili-xarici həmlələrdən müdafəsində və möhkəmlənməsində o zamankı Osmanlı Türkiyəsi yaxından iştirak etmişdir. Birinci Dünya müharibəsindən, habelə Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən istifadə edən ermənilər bolşevik bayrağı altında Azərbaycanın bəzi bölgələrini, o cümlədən Bakını işğal etmişdilər.
Belə bir murəkkəb şəraitdə müstəqilliyə yeni qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətin öz ərazi bütövlüyünü qorumaq və daxildəki erməni-bolşevik birləşmələrini zərərsizləşdirmək imkanları hələ yetərincə deyildi. O dövrdə Osmanlı hökuməti özünün ağır durumuna baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi və onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Gəncədə, Yevlaxda, Göyçayda, Kürdəmirdə və digər bölgələrdə aparılan ağır döyüşlərdə eser-menşevik və daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu.
Bakının “Sentrokaspi diktaturası”ndan–menşevik-eser və daşnak qoşunlarından azad olunduğu 15 Sentyabr bu gün tariximizin ən şanlı səhifələrindəndir. Hərbi nazir Ənvər paşa o vaxtlar Nuru paşaya göndərdiyi teleqramda yazırdı: “Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm”.
Sovet dövründə Azərbaycan– Türkiyə münasibətlərinin təhrif edilmiş, hətta millət kimi varlığını itirmək təhlükəsi olduğu vaxtlarda Azərbaycan türklərinin Türkiyədən yardım istəməsi, Osmanlı ordusu və yerli könüllülərindən ibarət “İslam ordusu”nun xalqımıza göstərdiyi yardım işğal kimi qiymətləndirilmişdir. Lakin Bakıya daxil olan türk ordusunun komandanları Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qaldılar və Tağıyev ikimərtəbəli böyük malikanəsini (indiki Azərbaycan Tarix Muzeyi) türk qoşunları komandanlığına bəxşiş etdi.
1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Təəssüf ki, 1920-ci ilin bolşevik işğalı bütün şəhidlərə ümumxalq məhəbbətinin və minnətdarlığının simvoluna çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan vermədi. Yalnız ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq, 1999-cu ildə Bakının fəthi uğrunda şəhid olanların şərəfinə Şəhidlər xiyabanında möhtəşəm bir abidə ucaldıldı.
Azərbaycan–Türkiyə əlaqələrinin 1920–1922-ci illərini əhatə edən sənəd və materiallar sübut edir ki, müttəfiqliyin bu dövründə də sovet Azərbaycanı ilə Türkiyə arasında diplomatik münasibətlər özünü təsdiq edir. O vaxt bolşevik-daşnak hərbi birləşmələrinin Azərbaycanda həyata keçirdikləri etnik təmizləmənin qarşısını almış Osmanlı dövləti I Dünya müharibəsindən məğlub olmuş tərəf kimi çıxır və özü köməyə möhtac qalır. Ölkənin parçalanaraq Antanta ilə onun müttəfiqi olan dövlətlərin idarəsinə keçməsini qeyd-şərtsiz qəbul etmiş Osmanlı sultanı və onun tərəfdarlarından fərqli olaraq, Mustafa Kamal paşanın ətrafında birləşmiş vətənpərvər qüvvələr Antanta orduları ilə mübarizəyə qalxır.
Maksimum səfərbər edilmiş ölkədaxili hərbi-siyasi potensialın tükənməsinin qarşısı alınır və Mustafa Kamal paşa başda olmaqla vətənpərvər qüvvələr mübarizəni qələbə ilə başa vururlar. 26 aprel 1920-ci ildə TBMM adından sovet Rusiyasına məktub göndərilir. Məktubda Rusiyanın antiimperialist qüvvələrlə mübarizəsinin dəstəkləndiyi, Türkiyənin də eyni cəbhədə olduğu bildirildikdən sonra, TBMM-nin antiimperialist qüvvələrlə mübarizədə türk xalqının yeganə təmsilçisi olduğunun tanınması və onlara hərbi yardımın göstərilməsi xahiş edilirdi. Sovet Rusiyası TBMM-nin bu müraciətini müsbət qarşılayır və lazım olan yardımı göstərir.
TBMM Rusiya və Azərbaycana öz səfirini göndərsə də, nə Rusiya, nə də Azərbaycan Ankaraya səfirlərini göndərməyə hələ tələsmirdilər. Yalnız Cənubi Qafqaz respublikalarının hamısında Sovet hakimiyyətinin qurulmasından və 16 mart 1921-ci ildə Moskvada Rusiya ilə Türkiyə arasında dostluq müqaviləsinin imzalanmasından sonra Azərbaycanın Türkiyədə diplomatik nümayəndəliyinin açılmasına qərar verilir. Sovet Rusiyası ilə Azərbaycan eyni siyasi və ideoloji cəbhəni təmsil etdiklərinə görə, Azərbaycanın Türkiyəyə təyin olunacaq səfirinin kimliyi barədə Leninə məlumat verilir və bu vəzifəyə İbrahim Əbilov təyin olunur.
İbrahim Əbilov 15 oktyabr 1921-ci ildə etimadnaməsini TBMM-nin sədri və Ali Baş Komandan Mustafa Kamal paşaya təqdim edir. Azərbaycanın diplomatik nümayəndəliyi həmin gündən başlayaraq İbrahim Əbilovun vəfat etdiyi 23 fevral 1923-cü ilə qədər Türkiyədə fəaliyyət göstərir. İ.Əbilovun vəfatından sonra isə Azərbaycanın Türkiyəyə səfiri təyin olunmur və bu funksiyanı Azərbaycanın da daxil olduğu SSRİ-nin, yəni mərkəzi hökumətin nümayəndəsi yerinə yetirməyə başlayır. Atatürk dövründən sonra da SSRİ ilə münasibətlərdə soyuqluq uzun illər davam etmişdir.
Qısaca xatırlatdığımız bu tarixi həqiqətlər göstərir ki, hələ 1918-ci ildə məhz Türkiyənin dəstəyi ilə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü təmin olunmuş, bolşeviklərin, daşnakların Bakı və ətraf rayonlarda ağalığına son qoyulmuşdur. 70 illik sovet hakimiyyəti illərində bu tarix gizlədilmiş, yanlış təqdim olunmuşdur. Lakin Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmamış, onu qəlbində dilsiz bir sevgi ilə yaşatmışdır. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şanlı səhifələrindən biri kimi bizim günlərdə böyuk ehtiram hissləri ilə öyünclü bir qəhrəmanlıq tarixi kimi yad edilir.
Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasibətlərin inkişafı üçün geniş siyasi və hüquqi imkanlar yarandı. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Türkiyə Cümhuriyyəti ilə münasibətlərin inkişafına xüsusi önəm verdi. Bu birlik, təsadufi deyil ki, regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Türkiyə və Azərbaycan böyük enerji layihələrinin həyata keçirilməsində strateji ortaqlıq nümayiş etdirərək, ümumilikdə regionun, eyni zamanda, dünyanın iqtisadi imkanlarının genişlənməsinə mühüm zəmin yaradır.
Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin gerçəkləşməsi də Türkiyə və Azərbaycan dövlətinin siyasi iradəsinin nəticəsidir. Bu birliyin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Regionda təhlükəsizliyin təminatında, bütün münaqişələrin sülh yolu ilə həllində maraqlı olan Türkiyə və Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarında eyni mövqedən çıxış edərək, beynəlxalq ictimaiyyəti ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməyə çağırması, ikili siyasətin bu gün yaratdığı problemləri aradan qaldırmağa çalışması hər iki ölkənin ortaq maraqlarından irəli gəlir. Rəsmi Ankara daim Azərbaycanın yanında olduğunu bəyan edir. Azərbaycan və Türkiyə iki dövlət olsa da, ümümi hədəfləri birdir.
Azərbaycanla Türkiyə arasında mədəni-humanitar əlaqələr də yüksələn xətlə inkişaf edir. Elm və təhsil sahəsində əməkdaşlıq, tələbə mübadilələri, incəsənət xadimlərinin qarşılıqlı səfərləri, birgə mədəni tədbirlər ardıcıl olaraq həyata keçirilir. Mədəniyyət sahəsində əməkdaşlıq həm də TÜRKSOY çərçivəsində inkişaf etdirilir. Hazırda qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı 13 min nəfərə çatır. Azərbaycanlı kursantlar Türkiyənin yüksək səviyyəli ali hərbi akademiyalarında NATO standartlarına uyğun kadr kimi formalaşmaqdadırlar. İki strateji müttəfiq arasında hərbi əməkdaşlıq ildən-ilə genişlənərək Azərbaycan Ordusu üçün zabit kadrların hazırlanmasında, hərbi təlimlərin keçirilməsində, maddi-texniki bazanın möhkəmləndirilməsində, bir sözlə, ordumuzun NATO standartları səviyyəsində qurulmasında mühüm rol oynamışdır.
İqtisadiyyata yönəldilən xarici investisiyalar sahəsində qardaş ölkə Azərbaycanın əsas tərəfdaşlarından biridir. Türkiyədən Azərbaycana idxalda ərzaq və kənd təsərrüfatı, elektrik cihazları və neft-kimya məhsulları, müxtəlif maşınlar və avadanlıq, inşaat-tikinti materialları, ipək, tekstil və trikotaj malları, müxtəlif avtomobil hissələri, məişət avadanlıqları, metallurgiya məmulatları və mebel üstünlük təşkil edir. Azərbaycandan Türkiyəyə ixracda isə neft və neft məhsulları əsas yeri tutur. Kiçik həcmdə pambıq mahlıcı, polietilen, şəkər çuğunduru da ixrac olunur. Azərbaycanın hazırda dünyanın 150 ölkəsi ilə ticarət əlaqələrini vardır və Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.
Azərbaycan ilə Türkiyə arasındakı ikitərəfli əməkdaşlıq yüksək səviyyəyə çatıb. Ortaq tariximizin və qardaşlığımızın daimi olması üçün hər cür fədakarlıq göstərən insanların, yeni baxış ortaya qoyan şəxsiyyətlərin, o cümlədən ulu öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin, hazırda bu missiyanı davam etdirən dövlət başçıları Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın tövsiyələri ikitərəfli əlaqələri daha da inkişaf etdirmək üçün qarşıya olduqca mühüm vəzifələr qoyur. Bu baxımdan münasibətlərin inkişafı üçün çox güclü siyasi iradə və sağlam zəmin vardır.
2001-ci il martın 12-də Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı “Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə” imzalanmışdır. 2006-cı ildə Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan terminalında Bakı–Tbilisi–Ceyhan neft ixrac boru kəməri işə salınmış və bununla iki ölkənin iştirak etdiyi beynəlxalq transkontinental layihə həyata keçirilmişdir. 2007-ci ilin yanvar ayında Bakı–Tbilisi–Ərzurum qaz kəməri istismara verilmişdir.
Azərbaycanın “Petkim”də, “Star Rafinery”də, elektrik stansiyası kimi layihələrdə kapital qoyuluşu var. Daha sonra TANAP layihəsi gəlir, önəmli yatırımlardan birini o təşkil edir. Bunlar zaman içərisində gerçəkləşəcək sərmayə qoyuluşlarıdır. Söhbət Azərbaycandan Türkiyə iqtisadiyyatına qoyulacaq 17–18 milyard dollarlıq sərmayə portfelindən gedir. Bu, çox önəmli bir rəqəmdir. Həm də Azərbaycan iqtisadiyyatının yüksəldiyi səviyyəni ortaya qoyur. Daşınmaz əmlakla bağlı Azərbaycandan Türkiyəyə artan maraq var. Bu baxımdan həm fərdi şəkildə, həm də dövlət səviyyəsində bu sahədə də önəmli kapital qoyuluşları davam etdirilməkdədir.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans–Avropa və Trans–Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edəcəkdir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi ilə hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmi artacaqdır.
Bakı-Tbilisi-Qars çox böyük bir layihədir və bu gün reallığa çevrilməkdədir. Bir zamanlar Bakı-Tbilisi-Ceyhan da əlçatmaz bir xəyal idi. Əgər ümummilli lider Heydər Əliyev və Türkiyənin o vaxtkı dövlət rəhbərləri güclü iradə ortaya qoymasaydılar “Əsrin müqaviləsi” reallaşa bilməzdi. Bakı–Tbilisi–Qars layihəsi də eyni şəkildə həyata keçirilir. Orta Asiyaya daşınan yüklərin məlum səbəblər ucbatından Gürcüstan, Azərbaycan və Qazaxstanın Aktau limanı vasitəsi ilə son mənzilə çatdırılması günümüzün reallıqlarıdır.
Azərbaycan və Türkiyə, eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eləcə də türk dünyasını bir araya gətirən qurumlarda çox fəal ölkələrdir. Ortaq mədəniyyətimizin qorunması, tanıdılması və inkişafı istiqamətində birlikdə görə biləcəyimiz işlər ətrafında fikir mübadiləsi aparıldı. 2015-ci ildə Türkiyə “G-20”yə ev sahibliyi etdi. Bu Türkiyəyə digər bir ölkəni həmin tədbirə qonaq kimi dəvət etmək hüququ verirdi. Türkiyə də bu məsələdəki yeganə haqqını Azərbaycan üçün istifadə etdi. Bu da təbiidir. Bu məsələ ilə bağlı Türkiyədə çox da geniş müzakirələr aparılmadı. Bu, bütün dövlət qurumlarının dəstəyi, eləcə də siyasi iradə nəticəsində Türkiyə üçün rahatlıqla qəbul olunan bir qərar oldu.
Tarixin müxtəlif dönəmlərində həmişə bəzi güclər Azərbaycan ilə Türkiyə arasında nifaq salmağa çalışmışlar. “Sürix protokolları” – Cənubi Qafqazda yeni geosiyasi xəritə yaratmaq, işğalçı Ermənistanın blokadadan çıxması məqsədini ortaya qoyan protokol Azərbaycan–Türkiyə münasibətlərinin ruhuna zidd prinsipləri daşımaqla bərabər, iki ölkə arasındakı muttəfiqlik təməllərinin sarsılmasına hesablanmışdı. Amma Türkiyə özünün və ən yaxın tərəfdaşının milli maraqlarını zərbə altına qoymamaq üçün çevik diplomatik addımı ilə növbəti dəfə dünyaya sarsılmaz qardaşlıq əlaqələrinin əbədiliyini sübut etdi. Ankara birmənalı şəkildə bəyan etdi ki, qardaş ölkə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan, Ermənistanın işğalçı siyasətinə və əsassız ərazi iddialarına son qoyulmadan sərhədlərin açılması baş tuta bilməz.
Bundan başqa, Qərbin və onun tərəfdaşlarının təxribat xarakterli addımları da Bakı–Ankara munasibətlərini sarsıda bilmədi. Sübut olundu ki, Azərbaycan-Türkiyə qardaşlığı kimi ali dəyərlərə söykənən möhkəm birliyi heç nə sıradan çıxara bilməz. Dünyanın aparıcı strateji araşdırma mərkəzləri və nüfuzlu analitikləri də o qənaətdədirlər ki, Azərbaycan və Türkiyə dünyada mahiyyətcə ən dərin və möhkəm münasibətlərə malik olan ölkələrdəndir. Dil, din, mədəniyyət faktorunu kənara qoysaq belə, siyasi-strateji mənada hər iki ölkə bir-biri üçün zəruri tərəfdaşlığa böyuk önəm verir. Türkiyə üçün Cənubi Qafqazın lokomotivi olan Azərbaycan bölgəyə girişdir və orada möhkəmlənməyin başlıca təminatçısıdır. Buna görə də Azərbaycan-Türkiyə işbirliyi xüsusi önəm kəsb edir.
Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan önəmli tranzit məntəqə kimi əvəzedilməzdir. Bu, istər müxtəlif enerji layihələrinin reallaşdırılması, istərsə də regional əməkdaşlıq zamanı özünü daha qabarıq göstərir. Daha önəmlisi, istər BMT çərçivəsində, istər çoxtərəfli münasibətlər formatında, istərsə də qlobal miqyaslı digər münasibətlər fonunda Bakı və Ankara mütəmadi qaydada bir-birilərini dəstəkləməkdədirlər. Türkiyə də Azərbaycan üçün zəruri strateji önəmə malik tərəfdaşdır. Regionda sülh və sabitliyin təmin olunması, bölgədə yeni əməkdaşlıq imkanlarının yaradılması, yeni enerji xəritəsinin formalaşdırılması, qlobal miqyasda milli və transmilli maraqların müdafiəsi mənasında Ankara Bakı üçün önəmli arxadaşdır.
Strateji müttəfiq ölkələr müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edir. “Dağlıq Qarabağ münaqişəsi Türkiyə və Azərbaycanın qanayan yarasıdır.” Bunu müsahibəsində Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Erkan Özoral deyir. Səfir qeyd edib ki, Dağlıq Qarabağ problemi artıq öz ədalətli həllini tapmalıdır. Uzun illərdir ATƏT-in Minsk qrupu çərçivəsində problemin həlli və münaqişənin nizamlanması istiqamətində addımlar atmağa səy göstərilir. Lakin çox təəssüf ki, Türkiyənin də dəstəklədiyi danışıqlar prosesi bu günə qədər müsbət nəticə verməyib. Ümid edirik ki, bu müzakirələr artıq konstruktiv keyfiyyət qazanacaq və məsələnin həlli istiqamətində konkret addımlar atılacaq.
Onun sözlərinə görə, Türkiyə Qafqazın sülh və əmin-amanlıq bölgəsi olmasını istəyir: “Türkiyə olaraq bölgəmizdə və xüsusilə də qonşu ölkələrdə yaşanan münaqişə və problemlərdən kifayət qədər əziyyət çəkirik. Bu kontekstdə Qafqaz bölgəsinin bir “sülh adası” kimi bütün dünyaya nümunə olmasını istəyirik”.
Rəsmi Bakı isə öz növbəsində uydurma “erməni soyqırımı”nın ifşa olunmasında rəsmi Ankara ilə birgə addımlar atır. Xatırlatmaq lazımdır ki, 2009-cu ilin fevralında rəsmi Ankaranın Ermənistanla sərhədləri açacağı ilə bağlı yayılan məlumatların istər Türkiyədə, istərsə də Azərbaycanda müxtəlif səviyyələrdə narazılıqla qarşılanması, ciddi müzakirəyə çevrilməsi iki dost, qardaş ölkə arasındakı münasibətlərin əlahiddə xarakterindən irəli gəlirdi. Lakin siyasətdə nə qədər çətin, mürəkkəb situasiyalar olsa belə, müəyyən mənəvi-əxlaqi dəyərlər, milli maraqlar sonda sözünü deyir. Zəngin dövlətçilik təcrübəsinə, böyuk iqtisadi, siyasi və hərbi potensiala malik Türkiyə bu dəfə də yayılan əsassız məlumatlara cavab olaraq, sonda milli maraqlarını müdafiə etmək, müstəqil siyasət yetirmək niyyətində olduğunu sübuta yetirdi.
Hələ 2010-cu ilin aprelində bədnam erməni lobbisinin təsiri altında Amerika Konqresində qondarma “erməni soyqırımı” məsələsinin ciddiliklə gündəmə gəlməsi rəsmi Ankaranı xarici siyasətdə ümumtürk birliyi xəttini gücləndirməyə sövq etdi. Türkiyə hökuməti terrorçu PKK təşkilatına qarşı mübarizədə müttəfiq saydığı Qərb dövlətlərindən gözlədiyi siyasi və mənəvi dəstəyi məhz Şərqdə – tarixi tellərlə bağlı olduğu türkdilli dövlətlərdən ala biləcəyini yaxşı başa düşür. Rəsmi Bakı bununla yanaşı, həm də qondarma “erməni soyqırımı”nın ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində tanınması, habelə İsrail hərbi dəniz qüvvələrinin “Azadlıq” donanmasına hücumu kimi məsələlərdə Türkiyənin haqlı mövqeyini müdafiə etmişdir.
Daha bir önəmli fakt isə 2015-ci ildə 24 apreldə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın qərarı ilə Çanaqqala döyüşünün 100-cü ildönümünün təntənəli bayramı bütün türk dünyasının birliyinin nümunəsi olmaqla erməni iddalarına da gözlənilməz zərbə idi. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir ki, bizim xalqlar arasında əsrlər boyu dostluq, qardaşlıq münasibətləri mövcuddur. Bu əlaqələr bu gün də zənginləşir və yeni səviyyəyə qalxır. Belə münasibətlər, əslində, iki ölkə arasında olan əlaqələrin təməlidir. Möhkəm təməl üzərində biz bu əlaqələri genişləndiririk. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə münasibətləri daim inkişaf yolundadır. Bu gün hərtərəfli əməkdaşlıq strateji müttəfiqlik səviyyəsinə qalxmışdır.
Paytaxt Ankarada törədilən terror aktı səbəbindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2016-cı ilin 15 martında Azərbaycana nəzərdə tutulan səfəri bir ayda ikinci dəfə təxirə salındı. Lakin bunun qarşılığında Azərbaycan Prezidenti planlaşdırılan Strateji Əməkdaşlıq Şurasının V iclasının Bakı əvəzinə, Ankarada keçirilməsi barədə təşəbbüslə çıxış etdi və Türkiyəyə səfər etməyə qərar verdi. Bu o demək idi ki, Ərdoğanın səfərinin təxirə salınmasına gətirən Ankaradakı müdhiş və xain terror aktı Bakı–Ankara münasibətlərinin səviyyəsinə neqativ təsir etməyəcək.
“Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası martın 15-də Ankarada keçiriləcək” xəbəri Türkiyəni lərzəyə salan terror hadisəsindən qat-qat sürətlə yayıldı və Prezident İlham Əliyevin düşmən xəyanətinin acısını yaşayan Türkiyəyə getməsi milyonların qəlbini riqqətə gətirdi. Ən böyük alqışı isə təbii ki, qardaş ölkənin dövlət başçısının dilindən eşitdik: “Bu səfərinizlə bütün dünyaya, xüsusilə də dünyadakı bütün terror təşkilatlarına və onların arxasındakı qüvvələrə çox güclü və dəqiq mesaj verdiyinizə əminəm. Sizə millətim adından bir daha təşəkkürümü bildirirəm”.
“Azərbaycan 15 iyul çevriliş cəhdindən sonra Türkiyəyə yardım əlini uzadan ilk ölkələrdən oldu”,- bunu “15 iyul Xalqın səsi, ədalətin zəfəri: Azərbaycan-Türkiyə” adlı Bakı Avrasiya Universiteti ilə Türkiyə səfirliyinin birgə keçirdiyi tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir onu da əlavə edərək qeyd edib ki, Azərbaycan xalqı çevriliş günü türk xalqı ilə eyni hissləri paylaşıb.
15 iyul dövlət çevrilişi cəhdindən dərhal sonra Azərbaycan dövlətinin, siyasətcilərinin və ziyalılarının türk xalqına dəstəyi KİV-lərdə geniş müzakirələr yaratdı. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun mətbuata açıqlamasında da bildirilir ki, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün gecə Türkiyədə baş verən hadisələri həyəcanla izləyib və yaşanan proseslərdən dərin narahatlıq keçirib. Azərbaycan Prezidenti bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pisləyib, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirib”.
Eyni zamanda, mətbuatın dərc etdiyi yazılarda da bildirilirdi ki, türk xalqının demokratiya ənənələrinə və insan haqqlarına sadiqliyi Türkiyəyə düşmən qüvvlərin uzun illər ərzində hazırladıqları və həyata keçirməyə cəhd etdikləri məkrli planın qarşısı alındı. Hətta millət vəkili Cavanşir Feyziyevin hadisədən bir gün sonra Azərbaycan mətbuatında yayılan yazısının sərlövhəsi – “Türk milli iradəsinin zəfəri” – az sonra bütün Türkiyə mətbuatının da sloqanına cevrildi: “Baş verənlər türk milli iradəsinin sarsılmazlığını, türk milli dövlətçiliyinin yenilməzliyini və türk insanının müasir bəşəri dəyərləri çanı və qanı ilə qorumağa hər an hazır olduğunu bir daha sübuta yetirdi. Bu türk xalqının zəfəridir.”
Əslində, hadisənin ən qaynar vaxtlarında millət vəkilinin cevrilişə olan bu reaksiyası və türk xalqının birliyinə, qələbəsinə verdiyi böyük dəyər bu gün də Türkiyənin hətta ən çinli dövlət məmurlarının fikirləri ilə ust-üstə düşür. Amma bircə fərqi var ki, azərbaycanlı millət vəkili bu fikirlərini mətbuata çıxaranda və tərəddüdzüz bir şəkildə söyləyəndə nəinki dünya mətbuatı, hətta türkiyə mətbuatı da hadisələrin gedişindən xəbərlər yaymaqda idi. Azərbaycan siyasətcisinin bu siyasi qiyməti isə təkcə siyasi fəhmin yox, həm də, xalqlarımızın ən azı qardaşlığının, can və qan birliyinin bariz nümunəsidir.
İki qardaş dövlətin rəsmi mövqeyinə gəldikdə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin gerçəkləşmiş rəsmi görüşləri də ümumtürk birliyinə qarşı yönəlmiş təhdidlərə, qısqanc yanaşmalara layiqli cavab reaksiyası kimi qəbul oluna bilər. Ölkələrimiz arasında çoxyönlu əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə, bütövlükdə regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır.
Yeri gəlmişkən, bir faktı da söyləmək yerinə düşər ki, 2000-ci illərin əvvəllərindən Rəcəb Tayyib Ərdoğanın Türkiyədə hakimiyyətə gəlməsi ilə bu əlaqələr daha da inkişaf edib. İqtisadi əlaqələrin həcmi artıb, enerji layihələri ortaya çıxıb. TANAP layihəsi də məhz Ərdoğanın hakimiyyəti dövründə imzalandı. Azərbaycan Türkiyəyə böyük yatırımlar qoydu.
Birmənalı demək olar ki, bu gün Qara dəniz–Xəzərətrafı bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir. Bu həm də Türkiyə və Azərbaycan birliyinin bariz nümunəsinin möhtəşəm təntənəsidir.
Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.