Milli dövlətçiliyə və Vətənə xidmətin parlaq nümunəsi

“Xalq qəzeti” – 98

Bu gün “Xalq qəzeti”nin ilk nömrəsinin çapdan çıxmasının 98-ci ildönümü tamam olur. 1919-cu il avqustun 29-da “Kommunist” adı ilə işıq üzü görmüş bu qəzet dövrünün ictimai-siyasi ziddiyyətlərini də özündə ehtiva etmişdir. Qəzetin ilk nömrəsi 1919-cu ildə 4 səhifə həcmində çap olunmuşdur. Birinci nömrə, demək olar ki, bütünlüklə dünya inqilablarına həsr edilmişdir. Qəzetin ilk nömrəsinin redaktoru göstərilməsə də, tədqiqatçılar hesab edirlər ki, materialları Ruhulla Axundov redaktə etmişdir.

İlk nömrədəki kəskin siyasi yazılardan, inqilabi çağırışlardan sonra nəşrin fəaliyyəti dayandırıldı. Qəzetin müntəzəm nəşrinə yalnız 1920-ci il aprelin 28-də bolşeviklər Azərbaycan Demokratik Respublikası hakimiyyətini zorla devirdikdən sonra, daha dəqiq desək, aprelin 30-dan başlandı. Qırmızı Ordu Azərbaycanı işğal etdikdən sonra bolşeviklər “Azərbaycan” qəzetinin redaksiya və mətbəəsini tutub, onu “Revkomun mətbəəsi” (“İnqilab Komitəsinin mətbəəsi”) adlandırdılar. Beləliklə, “Azərbaycan” qəzetinin kollektivi “Kommunist” qəzetini buraxmağa başladı. Bir neçə gün sonra – 1920-ci il mayın 1-dən isə həm də rusca “Kommunist” qəzetinin nəşrinə başlanıldı. Qəzetin başlığında Azərbaycan Sovet Respublikası Müvəqqəti Hərbi İnqilab Komitəsinin və Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin nəşri olduğu qeyd edilirdi. Sonralar qəzet “Azərbaycan Sovet Sosialist Hökuməti İnqilab Komitəsi fəhlə, kəndli, qızıl əsgər və dənizçilər Şurasının orqanı”na çevrildi. “Kommunist” qəzeti Azərbaycan K(b)P MK Siyasi və Təşkilat Bürosunun qərarı ilə 1921-ci il aprelin 13-dən Azərbaycan İnqilab Komitəsinin və Bakı Sovetinin orqanı elan edildi.

I Sovetlər Qurultayı tərəfindən Azərbaycan İnqilab Komitəsinin 1921-ci ilin mayından ləğv edilməsindən sonra Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (AzMİK) təsis edildi və bu dövrdən “Kommunist” qəzeti Azərbaycan K(b)P MK və BK-nın, AzMİK və Bakı Sovetinin orqanı kimi fəaliyyətlərini davam etdirdi.

Qəzetin birinci rəsmi redaktoru vəzifəsinə Əliheydər Qarayev, məsul katib vəzifələrinə isə – Seyid Cəfər Cavadzadə (Pişəvəri) və Nemət Bəsir Hacıyev təyin edilmişdilər. Ə. Qarayev bir neçə dəfə fasilələrlə qəzetin məsul müdiri (redaktoru) təyin edilmiş, bəzən də Azərbaycan K(b)P MK-nın göstərişi ilə qəzetə nəzarət etmiş, bir növ, senzor funksiyasını yerinə yetirmişdir.

1924-cü il aprelin 18-də Azərbaycan K(b)P MK-nin ikinci katibi, 27 yaşlı gənc vətənpərvər Əyyub Xanbudaqov “Kommunist” qəzetində “Milli məsələyə dair” adlı məqalə ilə çıxış etdi və bildirdi ki, partiyanın milli məsələyə dair göstərişləri yerinə yetirilmir, əksinə, Azərbaycanda milli fəhlə kadrlarının hazırlanmasının qarşısı alınır, azərbaycanlılar fabrik və zavodlarda ayrı-seçkilik nəticəsində işə qəbul edilmirlər və bununla da milli məsələ nəzərdə tutulanın 0,01 faizi qədər də yerinə yetirilməyib. Cəmi bir neçə gün sonra – 1924-cü il aprelin 27-də öz işinə başlayan XIII Bakı partiya konfransı gündəlikdəki məsələləri kənara qoyaraq, iki günlük işini Əyyub Xanbudaqovun “millətçiliyini” araşdırmağa həsr etdi və Ə.Qarayevə tapşırıldı ki, “Kommunist” qəzetinin redaksiyasında kök salmış sovet hakimiyyəti düşmənlərini – millətçiləri üzə çıxarsın.

Azərbaycan K(b)P Mərkəzi Komitəsi və Bakı Komitəsinin rəhbər dairələrində baş verən çoxsaylı dedi-qodu və intriqaları müxtəlif səviyyələrdə tez-tez kadr dəyişmələri “Kommunist” qəzetinə də təsirsiz ötüşmürdü. Belə ki, 1920-ci il mayın 30-dan 1922-ci il mayın 19-dək qəzetə 8 redaktor təyin edilmişdir. 1937-ci ildə isə A.Hüseynov uzun müddət redaktor əvəzi kimi qəzetə rəhbərlik etmişdi. Bir sıra hallarda “Kommunist” qəzeti ilə bağlı sənədlərdəki məlumatlar bir-biri ilə kəskin ziddiyyət təşkil edir. Bəzən redaksiyaya təyin edilmiş redaktor təkrar təyin edilir, yaxud da redaksiyaya çatmamış başqası ilə əvəz edilirdi.

Azərbaycan ədəbiyyatının, Azərbaycan ziyalılarının ən yaxşı və tanınmış xadimləri, hər cür təqiblərə və sıxışdırmalara baxmayaraq, “Kommunist”in ətrafında birləşərək, onu Cənubi Qafqazın ən yaxşı qəzetinə çevirə bildilər. 1924-cü ildə Tiflisdə Cənubi Qafqaz mətbuatının sərgisi keçirildi və “Kommunist” qəzeti “ən yaxşı qəzet” kimi qiymətləndirildi. Bununla əlaqədar olaraq, “Заря Востока” qəzeti 1924-cü il mayın 7-də yazırdı ki, “indi türkcə “Kommunist” qəzeti SSRİ-nin ən yaxşı qəzetlərindən biridir”.

Qəzetlə əməkdaşlıq edən dövlət xadimləri və publisistlərdən Nəriman Nərimanov, Qəzənfər Musabəyov, Həmid Sultanov, Tağı Şahbazi (Simurğ), Müseyib Şahbazov, Əyyub Xanbudaqov və başqalarını göstərmək olar.

Azərbaycan ziyalılarının görkəmli nümayəndələri – Hüseyn Cavid, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Bəkir Çobanzadə, Salman Mümtaz Əsgərov, Ömər Faiq Nemanzadə, Əliabbas Müznib Mütəllibzadə və başqaları daim təqiblərə məruz qalsalar da, “Kommunist” qəzeti ilə tez-tez əməkdaşlıq edirdilər.

Doğrudur, redaksiya materiallarının yığılması və çap prosesində xeyli uğurlar qazanılmış, linotipçilər ağır əl ilə yığım prosesindən azad olmuşdular. Lakin qəzetin əski əlifba ilə çapı sovetlərin xalqın milli mənlik şüurunu məhv etmək kimi siyasətinə mane olurdu. Azərbaycan ziyalılarını, elm və sənət adamlarını əsrlər boyu əski əlifba ilə yazıb-yaratdıqları ədəbiyyatdan uzaqlaşdırmaq üçün bolşeviklərin təkidi ilə yeni əlifbanın hazırlanmasına başlandı. “Kommunist” qəzetinin 1929-cu il 1 yanvar tarixli sayı yeni əlifba ilə çap olundu.

Lakin imperiya siyasəti on il sonra – 1939-cu ildə latın əlifbasının kiril qrafikası ilə əvəz etdi. Beləliklə də, xalqımızın mənəvi sərvətlərinə xəyanət əli uzadıldı. Yaradılmış minlərlə mənəvi sərvət xəzinəsi istifadəsiz qaldı. Bu, həm də xalqımızın psixologiyasına, mənəviyyatına vurulan böyük zərbə idi.

1939-cu ildən 1991-ci ilədək kiril əlifbasından istifadə edən Azərbaycan xalqı 1991-ci ilin dekabrında Ali Sovetin qərarı ilə yeni latın qrafikalı əlifbaya keçidi təsdiq etdi.

1937-38-ci illərin repressiyası qəzetin əməkdaşlarından da yan keçməmişdir. Qəzetə redaktorluq etmiş Ə.Qarayev, R.Axundov, B.Talıblı, H.Cəbiyev, tanınmış yazarlar X.İbrahim, F.Ağazadə, qəzetlə əməkdaşlıq edən M.Müşfiq, S.Hüseyn və neçə-neçə yazıçı-şair “millətçi” damğası ilə qətlə yetirilmişlər.

1937-ci ilin “Kommunist” qəzetini araşdırdıqca müxtəlif məqamlar ortaya çıxır. Həmin dövrdə ən çox dərc olunan şairlərdən Səməd Vurğun, Məmməd Rahim, Rəsul Rza, Əliağa Vahid, Əyyub Abbasov, Bəbir Məmmədzadə və başqalarının adlarını çəkə bilərik. Nəsr əsərləri isə Mir Cəlalın hekayələri, ədəbiyyatşünaslardan M.Rəfilinin, S.Şamilovun, Ə.Hidayətin, Ə. Məmmədovun Azərbaycan sovet ədəbiyyatının qarşısında duran problemlərdən, yazıçılarımızın yaradıcılığından bəhs edən yazıları dərc olunmuşdur.

1941-1945-ci illərdə Sovetlər İttifaqının zorla cəlb edildiyi müharibədə ümumi Vətən uğrunda mübarizəyə qoşulan qəzetin kollektivi bütün imkanlardan istifadə edərək xalqı Hitler Almaniyasına qarşı mübarizəyə səsləyirdi. Təpədən-dırnağa qədər silahlanmış faşistlər ölkəmizə basqın etdikdə və Böyük Vətən müharibəsi başlandıqda isə “Kommunist” qəzeti müharibənin ilk günlərindən öz kəsərli silahını azğın düşmənə yönəltmişdi... Qəzetin düşmənə nifrət ruhlu yazıları Azərbaycanın mərd övladlarını döyüşə çağırır, onları faşizm üzərində qələbəyə ruhlandırırdı. Döyüş bölgələrindəki vəziyyətlə bağlı qəzetdə dərc olunan xəbərlər arxa cəbhədə əməkçilərin qoluna güc-qüvvət verir, onları xalqın müqəddəs qələbəsi naminə fədakar əməyə ruhlandırırdı.

1945-ci il mayın 9-da Böyük Vətən müharibəsi qələbə ilə başa çatdıqdan sonra qəzet partiyanın yürütdüyü xəttə uyğun olaraq öz fəaliyyətinin istiqamətini dəyişdi. İndi Sovet İttifaqının qarşısında duran başlıca vəzifə müharibənin vurduğu ziyanı qısa zamanda aradan qaldırmaq, sənayeni və kənd təsərrüfatını sürətli inkişaf yoluna çıxarmaq, insanların güzəranını yaxşılaşdırmaq idi. Azərbaycan Kommunist Partiyasının ali orqanı olan “Kommunist” qəzeti də dərc etdiyi materiallarda daim belə bir fikri aşılayırdı ki, bunlara yalnız yaxşı işləməklə, hər bir adamın üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirməsi ilə nail olmaq mümkündür.

Ümummilli lider Heydər Əliyev “Kommunist” qəzetinin fəaliyyətinə həmişə yüksək qiymət vermişdir. Ulu öndər 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra ictimaiyyət qarşısında ilk çıxışını bu qəzetin 50 illik yubileyinin təntənəli mərasimində etmişdir. Ulu öndər respublikamıza rəhbərlik etdiyi dövrdə məruzə və çıxışlarında dəfələrlə qəzetin fəaliyyətini yüksək dəyərləndirmişdir. “Xalq qəzeti”nin 75 illiyinə göndərdiyi məktubda isə yazmışdır: “Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bugünkü çoxsəsli, rəngarəng Azərbaycan mətbuatının bir çox görkəmli nümayəndələri bu qəzetin yaradıcılıq məktəbini keçmişlər. Müstəqilliyimizin əldə edilməsindən sonra da “Xalq qəzeti” respublikamızın ictimai həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynamışdır”.

Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə respublikaya yeni bir ab-hava, yeni bir iş üslubu gəldi. O vaxta qədər digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da qanunların işləməməsi, əliəyrilik, kadrların seçilməsində qohumbazlıq, tanışlıq və şəxsi maraq baş alıb gedirdi. Yeni birinci katib bunlara qarşı çox sərt mövqe tutdu. Azərbaycan KP MK-nın orqanı olan və respublikada bir nömrəli qəzet sayılan “Kommunist”in fəaliyyətində həmin mövqe öz geniş əksini tapdı. Təbii ki, bu, qəzetdə əvvəlki dövrlərlə müqayisədə çox böyük bir irəliləyiş idi. Qəzetin oxucularının sayı görünməmiş həddə çatdı — gündəlik tiraj 500 min nüsxəni aşdı. O vaxtlar Azərbaycanda elə bir ailə tapılmazdı ki, bu qəzeti almasın. “Kommunist”in dünyanın bir neçə ölkəsində oxucuları vardı.

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev qəzetin, demək olar, bütün nömrələrini nəzərdən keçirir, böyük problemlərə toxunan yazıları təqdir edir, öz tövsiyələrini verirdi. Ümummilli lider öz dərin biliyi, işgüzarlığı, prinsipiallığı, hadisələri düzgün qiymətləndirmək və buna müvafiq hərəkət etmək bacarığı ilə Azərbaycanı az bir vaxtda keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında ön sıraya çıxardı. Həmin dövrdə partiyanın kəsərli orqanı olan “Kommunist” qəzeti Azərbaycanda yeridilən siyasi xəttin əsas təbliğatçısına çevrilmişdi.

Ulu öndərin fəaliyyətində - istər 1969-1982-ci illərdə olsun, istərsə də 1993-2003-cü illərdə – Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasına xüsusi önəm verilirdi. Bu sahədə ölkəmizin nümayəndə heyətlərinin xarici dövlətlərə və xarici nümayəndə heyətlərinin respublikamıza səfərləri böyük rol oynayırdı. Bakıda beynəlxalq simpoziumlar və konfranslar keçirilirdi. Xarici ölkələrdə Azərbaycan, respublikamızda isə xarici ölkələrin mədəniyyət və incəsənət günlərinin keçirilməsi bir ənənə şəklini almışdı.

1991-ci ilədək “Kommunist” adı ilə çap olunan qəzet respublikamız müstəqillik qazandıqdan sonra “Xalq qəzeti” kimi fəaliyyətini davam etdirmiş, dövəltçiliyin qorunması, ölkədəki iqtisadi vəziyyətə dair təhlili yazılar, dövlət başçısının bütün çıxışları, görüşləri və səfərlərini oxuculara çatdırmışdır.

Beləliklə, Azərbaycanın həyatında elə bir hadisə olmazdı ki, qəzetin səhifələrində öz əksini tapmasın. Buna görə də xalqın ona böyük rəğbəti yaranmışdı. İstər ziyalı olsun, istər adi əməkçi, hamı bu qəzeti özünə doğma sayır, onu sevirdi. “Xalq qəzeti” həmişə xalqın qayğılarından, istək və arzularından yazıb, kədərinə kədərlənib, sevincinə şərik çıxıb. İnsanlar ən son yenilikləri bu qəzetdən öyrəniblər. Haqları tapdananda ona müraciət ediblər, məhz qəzetin məsələyə müdaxiləsindən sonra həqiqət yerini tapıb.

Dağlıq Qarabağ uğrunda gedən döyüşlər, bu istiqamətdə aparılan danışıqlar qəzetin daimi mövzularından olmuş və bu gün də prioritet olaraq qalmaqdadır. Anadilli mətbuatımızın bayraqdarı olan “Xalq qəzeti” adına uyğun olaraq, bir əsrə yaxın xalqın qəzeti funkusiyasını yerinə yetirmiş və bu işi hazırda da uğurla davam etdirir.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında