Bu gün Ermənistan beynəlxalq terrorizmin və kobud feyk yaradıcılığının mənbəyi və ixracatçısıdır

“Vestnik Kavkaza” qəzetinin 27 avqust tarixli nömrəsində dərc olunmuş “Bu gün Ermənistan beynəlxalq terrorizmin və kobud feyk yaradıcılığının mənbəyi və ixracatçısıdır” sərlövhəli məqalədə ultramillətçilik ideyalarına xidmət və qərəzli informasiya təqdim etmək sahəsində “böyük uğurlar qazanmış” Rusiya informasiya resurslarının geniş xülasəsi verilib.

Həmin materialda “Reqnum” informasiya agentliyinin bu istiqamətdə xüsusi rolu qeyd edilir. Belə ki, Kremldə hələ 2010-cu ilin axırlarında bu agentliyin Rusiya Federasiyasının MDB məkanında fəaliyyəti ilə bağlı məlumatlarına tənqidi yanaşmağa, “xüsusən Rusiyanın Birlik istiqamətində fəaliyyətinin “Reqnum” agentliyi tərəfindən qiymətləndirilməsində gerçəkliyin tez-tez və kobud şəkildə təhrif olunmasına” diqqət yetirməyə çağırmışdılar.

Rusiya Federasiyası Prezidenti Administrasiyasındakı mənbə “faktların nəinki saxtalaşdırılması, hətta onların qəsdən təhrif edilməsi “Reqnum” üçün səciyyəvi hal olub. Biz bunu qadağan edə bilmərik, lakin bu agentliyin istifadəçilərinə xəbərdarlıq etməyə borcluyuq”, - deyə təəssüfləndiyini bildirir və həmin agentliyin rəhbəri “Modest Kolerovun RF Prezidenti Administrasiyasında qısamüddətli və son dərəcə uğursuz iş təcrübəsi”nə də diqqəti cəlb edir.

Digər tərəfdən, həm Modest Kolerovun vaxtında, həm də ondan sonra “Reqnum” agentliyinin qərəzli siyasi fəaliyyəti üzündən qalmaqallar baş alıb gedirdi. Məsələn, 2011-ci ildə Türkmənistan Xarici İşlər Nazirliyi “Reqnum” agentliyinə irad tutub ki, bu agentlik mütəmadi olaraq Türkmənistan haqqında qeyri-dəqiq, qeyri-obyektiv informasiya yayır, bu ölkənin digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığının müxtəlif aspektlərini təhrif olunmuş şəkildə, bəzən isə açıq-aşkar yalan formada şərh edir. Belə pozucu təhrikçilik praktikası Belarusda da davam edib. 2015-ci ildə “Reqnum” gözlənilmədən Belarus cəmiyyətinin həyatının bütün cəhətlərinə qarşı tammiqyaslı informasiya müharibəsinə başlayıb. Özü də belə materiallar Belarus xalqına, onun milli mədəniyyətinə və ənənələrinə ünvanlanmış təhqiramiz ifadələrlə fərqlənirdi. Hətta Prezident Aleksandr Lukaşenkoya da “sataşırdılar”: “Reqnum”un analitiki Oleq Mixaylov onu ...adamyeyən adlandırmışdı.

Qəzet yazır ki, dövlətlərin və xalqların bir-birinə qarşı qızışdırılması məsələsində “Reqnum” tək deyil. Bu il avqust ayında “Life” telekanalının yayımlanması dayandırılıb. Lakin təəssüf ki, bu gün həmin telekanalın axın şəklində translyasiyaları internetdə və sosial şəbəkələrdə davam edir.

“Life” telekanalının ən böyük rezonansa səbəb olmuş daxili siyasi çıxışı Vladimir Putinin keçirdiyi, köhnə mənzillərin sökülməsi probleminin həllinin gedişi barədə tənqidi fikirlər söylədiyi qapalı müşavirədən informasiya “sızması” olub.

“Life” telekanalı Dağlıq Qarabağ ətrafında münaqişənin sülh yolu ilə və ədalətli tənzimlənməsi problemi üzərində işləyənlərə də “ilişir”. Hətta tarix və politologiya ilə peşəkar səviyyədə məşğul olmayanlar da görürlər ki, özlərini neytral kimi qələmə verən KİV-lər əslində münaqişə tərəflərindən birinin aşkar ifadə olunmuş mövqeyini dəstəkləyir. Hamıya məlumdur ki, “Reqnum” agentliyi də, “Life” telekanalı da belə KİV-lərə aiddir. Üstəlik, “Life” telekanalının jurnalistləri dəfələrlə fərqlənərək belə bir informasiya yayıblar ki, guya Çin “DQR”in müstəqilliyinin tanınması barədə BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim edib və xəritədə Qarabağı Azərbaycandan “kəsib ayırıb”, təhrif olunmuş informasiya uydurub və münaqişə zonasından “sensasiyalı material” hazırlayıblar ki, guya İŞİD-in azərbaycanlılardan ibarət dəstəsi Qarabağ uğrunda döyüşmək üçün Rakkanı tərk edib.

Lakin belə dezinformasiyanın təhlükəli cəhəti ondan ibarətdir ki, o, haqlı olaraq hiddətlənən insanlar tərəfindən hökmən cavab tədbiri görülməsinə səbəb olacaq. İndi artıq Azərbaycan mətbuatında buna cavab olaraq sanballı məqalələr dərc edilir – çünki təsir əks təsirə səbəb olur. “Vestnik Kavkaza” öz oxucularına belə məqalələrdən biri – analitik Vitali Qavrilovun Vesti.az saytında dərc olunmuş məqaləsi ilə tanış olmağı təklif edir.

Vitali Qavrilovun məqaləsində qeyd edilir ki, ABŞ-da, Aİ-də, RF-də, Azərbaycanda və digər ölkələrdə fəaliyyəti qadağan edilmiş İŞİD terror qruplaşmasına qarşı beynəlxalq birliyin çoxillik mübarizəsi həlledici mərhələyə daxil olur. Bu fonda erməni KİV-lərində təşviş ovqatı güclənir: İŞİD-in mövcudluğu sona yaxınlaşır, onu Azərbaycan ilə əlaqələndirmək isə heç cür mümkün olmur. Ağlı başında olan adamlar belə ideyaları çoxdan əhəmiyyətsiz hesab edib, onu sağalmaz xəstəlik kimi qiymətləndiriblər. Lakin Rusiyanın bir neçə nəşri Yerevanda yaradılmış feykləri yaymaqda davam edir. Vitali Qavrilovun məqaləsində deyilir: “Məsələn, Aram Qabrielyanın (Qabrelyanovun) bu günlərdə ömrünü başa vurmuş “Life News” telekanalı buna misal ola bilər. 2016-cı ilin aprel müharibəsi günlərində bu telekanalın Tərtər əhalisi arasında “panika” barədə yaydığı saxta məlumatı yada salaq. Həmin məlumatın saxtalığı ifşa ediləndən sonra bu telekanalın müxbiri Azərbaycandan qovuldu. Bundan sonra Aram Aşotoviç uzun müddət and-aman edirdi ki, Azərbaycanda “söz azadlığı boğulur”, amma başa düşmürdü ki, bu ölkədə “söz”ə heç kəs təzyiq göstərmir, lakin yalana təzyiq göstəriblər və bundan sonra da amansızcasına təzyiq göstərməkdə davam edəcəklər. Qabrelyanov öz əməkdaşı, suriyalı ələvi kürd Artur Kebekovdan tələb edirdi ki, İŞİD döyüşçülərinin Azərbaycan tərəfində müharibə aparmaq üçün Qarabağa göndərilməsi barədə material təqdim etsin.

Vitali Qavrilovun məqaləsində “səhnəarxası sahibi Robert Koçaryan, baş redaktoru Modest Kolereov (Marina Brutyanın əri), baş redaktorun müavini isə Vigen Akopyan olan” “Reqnum” informasiya agentliyinin dezinformasiya ilə məşğul olması məsələsinə də toxunulur. Qeyd edilir ki, “Reqnum”da Azərbaycanla bağlı çoxsaylı feyk materiallar, o cümlədən guya İsrail KİV-lərinə istinadla Azərbaycanın cənubundakı “gizli aerodromlar”, guya İsrailə məxsus pilotsuz təyyarələrin həmin aerodromdan İran ərazisində kəşfiyyat aparması, guya keçən il aprel ayında Azərbaycan rəhbərliyinin Suriyada döyüşən azərbaycanlı cihadçılardan tezliklə geri qayıtmaq və ölkəni ermənilərin əks-hücumundan qorumaq tələbinin ələ keçməsi barədə məlumat təqdim olunur.

Analitik V.Qavrilov haqlı olaraq bu nəticəyə gəlir ki, belə “ofşor” erməni nəşrləri İŞİD-i Azərbaycan ilə necə əlaqələndirmək barədə gecə-gündüz baş sındırırlar. Bu cəhdin uğursuzluğa məhkum olması aşkardır, çünki Ermənistan terrorizmə nə qədər yaxındırsa, Azərbaycan ondan bir o qədər uzaqdır. Azərbaycan böyük uğurlar qazandıqca ermənilərin davranışı bir o qədər isterik olur.

V.Qavrilov bu qənaətə gəlir: “Azərbaycanın uğurlarına qarşı yalnız bunu edə bilərlər ki, bu ölkəni özlərinin nəzarətində olan dünya KİV-lərində hörmətdən salmaq, ona qara yaxmaq üçün səy göstərsinlər. Buna görə də həmin media resurslarındakı feyklər günbəgün daha mənasız cəfəngiyat təsiri bağışlayır”.

Məqalədə gətirilmiş çoxsaylı faktlar göstərir ki, tarixin bütün mərhələlərində Ermənistanda terrorçular, Hitlerlə əlaqə saxlayan şəxslər dövlət səviyyəsində dəstəklənib, onları qəhrəmanlar kimi qələmə veriblər.

Vesti.az saytındakı məqalənin sonunda deyilir: “Ermənistanda kanonlaşdırılmış adlar çoxdur, lakin burada onların hamısını adbaad göstərməyə səbrimiz çatmır, onların adları çəkiləndə ikrah hissi oyanır. Belələrinə tarix onların layiq olduğu yeri ayırıb – əbədi rüsvayçılıq lövhəsi. Belələri yalnız Ermənistanda “qəhrəman” hesab edilir.

Ona görə bu il iyulun 21-də Ermənistan Milli Məclisinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Armen Aşotyan ABŞ-ın bu ölkədəki səfiri Riçard Nills ilə görüşdə “Ermənistan beynəlxalq təhlükəsizliyi ixrac edən ölkədir” deyəndə bu cür cəfəngiyat yuxarıda göstərdiyimiz və erməni millətçiləri tərəfindən bacarıqsız bir şəkildə gizlədilən faktlarla tanış olan insanların heç birində Homer gülüşündən başqa bir reaksiya doğura bilmədi.

Bu gün Ermənistan beynəlxalq terrorizmin və kobud feyk yaradıcılığının mənbəyi və ixracatçısıdır. Bir tarixi anlaşılmazlıq nəticəsində əzəli Azərbaycan torpaqlarında süni şəkildə yaradılmış Ermənistanın əlindən gələn yalnız budur. Bu biabırçı imici gizlətməyə nə Akopyan-Brutyanın “Reqnum”u kömək edə bilər, nə Qabrelyanın “Life News” telekanalı, nə Qomozovun vikipediyası, nə bu dünyada Semyon Baqdasarov və Sergey Kurginyan, nə də o dünyada Anton Nosik”.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında