Şamaxı qırğını: yeni araşdırmalar, müdhiş faktlar

Soyqırımı faktların dili ilə

Çoxsaylı araşdırma materiallarına görə, Azərbaycana qarşı bütün dövrlərdə bir-birindən fərqli qanlı cinayətlər törədilməsində çox sayda günahsız soydaşımızı qətlə yetirən, uşaqları və hamilə qadınları diri-diri yandıran “Erməni Milli Bürosu” (“Büro”) fəal rol oynayıb. Türk-müsəlman əhalinin dədə-baba torpaqlarında “Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq sərsəmliyi ilə ortaya atılan bu təşkilat Qafqazda və Türkiyədə, yayıldıqları ərazilərdə, guya, erməniləri müdafiə məqsədilə “könüllü dəstələr” yaratmış, fürsət düşdükcə terror və kütləvi qırğınlar törətmişdi.

Bu siyasət qondarma “erməni məsələsi”ndən həmişə öz məqsədləri üçün istifadə edən Qərbin imperialist dairələrinin, eləcə də çar və sovet Rusiyasının maraqlarına cavab verdiyindən onlar əlaltı erməni toplumunu daim və hər yerdə xəyanətkarlığa, qanlı əməllərə şirnikləndirmişlər. Birinci Dünya müharibəsi dövründə bu siyasət geniş dairəni əhatə etmiş və ən yüksək həddə çatmışdır.

Əldə etdiyimiz məlumata görə, “Büro” 1912-ci ildə Bakıda, indiki Amerika səfirliyinin ərazisində təsadüfən tapılan bir uşaq qəbrinin üstündə yaradılıb. Ermənilər iddia edirdilər ki, bu uşaq, guya, erməni olub və onu azərbaycanlılar qətlə yetiriblər. Ərazi isə o vaxt Bakı neftində 5 faizlik payı olan erməni milyonçusu Gülbekyanın olub. Bu qanlı təşkilat yaradılanda heç bir məramnaməsi olmayıb. Proqramsız və nizamnaməsiz, qondarma bir uşaq qəbrinin üstündə qurulmuş bu erməni təşkilatının qanlı izləri 1918-ci il Şamaxı qırğınlarında daha qabarıq görünür.

Əvvəla, “Milli Büro”nun üzvlərinə nəzər salaq:

1.Yepiskop Mesrop – Qafqazdakı erməni burjuaziyasının başçısı, çar Nikolayın Qafqazdakı canişini Vorontsov-Daşkovun arvadının məşuqu, təşkilatın rəhbəri idi.

 2. A.Xatisov-“Daşnaksütyun” partiyasının liderlərindən və 1918-1920-ci illərin ən qatı cinayətkarlarından biri olmuş, Şamaxı qəzasına S.Lalayanın hücum taktikasını işləyib hazırlamış, bir müddət çarın xəfiyyə idarəsində çalışmış polkovnik idi.

3.E.Zavriyev – ixtisasca uşaq həkimi olmuş bu qatili “Doktor Zavriyev” çağırırdılar. O, “Daşnaksütyun” partiyasında xaricdə yaşayan ermənilərlə əlaqələndirmə şöbəsinin başçısı idi.

4. S.Arutyunov – “Silahlı azadlıqsevərlər” qrupunun, “DRO” erməni silahlı birləşməsinin rəhbəri idi, ona “Hibanet”, dəstə üzvlərinə isə “hibanetçilər” deyirdilər.

5.Andranik – Qafqazda erməni silahlı birləşmələrinin komandanı. Böyük Britaniyanın “Mİ-6” kəşfiyyat mərkəzinin agenti idi.

1915-ci ilin əvvəllərində bütün ermənilərin katalikosu V Gevorq “Milli Erməni Büro” adından çar Nikolaya ünvanladığı məktubda qeyd edirdi: “Ermənilər sizin ən inanılmış övladlarınızdır”. V Gevorq daha sonra qeyd edirdi: “Bizə şərait yaradın ki, Türkiyə və Azərbaycanda öz qardaş- bacılarımızı onların əsarətindən xilas edək. Bizə yardım və köməklik
edin ki, “könüllü dəstələr” yaradaq.”

Ermənistanda 1965-ci ildə rus və erməni dillərində çap olunan (Еосиздат Армении) “Daşnaksütyun əvvəl və indi” kitabında tarixçi-diplomat Q.Abovyan isə yazırdı: “Məktubdan sonra, doktor Zavriyev tələsmədən Tiflisə gedir. Çarın canişini Vorontsov-Daşkovla görüşür. Ona çoxsaylı vədlər verərək, regionda “könüllü erməni dəstələri”nin yaradılmasını əks etdirən sənədlərə imza atdırır. Bundan sonra yepiskop Mesropla, S.Arutyunovla, A.Xatisovla görüşlər təşkil edən canişin Vorontsov-Daşkov xatırladır ki, onun imza atdığı sənədlər 150 il qüvvədə qalacaq. Ermənilərə, həmçinin məsləhət görülürdü ki, həm Türkiyədə, həm də Azərbaycanda yuxarı eşelonlarda çalışıb mövqe tutsunlar və ən çox kəşfiyyatla məşğul olsunlar”.

1915-ci ilin ortalarında “Büro”nun liderlərindən olan doktor Zavriyev Rusiyanın xarici işlər naziri Neratovun xüsusi məktubu ilə İngiltərədə və Fransada olur. Doktor Zavriyev İngiltərədəki Rusiya səfiri Benqendorfla və Fransadakı Rusiya səfiri İzvolski ilə görüşür. Rusiyanın xarici işlər naziri Neratov xüsusi məktubunda həm Londondakı, həm də Parisdəki nümayəndəsinə yazırdı: “Zavriyev çox nüfuzlu adamdır. Rusiyanın siyasi dairələrində məşhurdur. Ona imkan yaradın ki, ermənilərlə görüşlər keçirib, məlum siyasi məsələləri həll etsin. Ona qəyyumluq edin.”

Araşdırma materiallarına görə, “Büro”nun London və Paris görüşlərindən sonra erməni millətçilərinin Avropaya yeni qapıları açıldı. O zaman Şamaxı və Bakı London və Paris üçün də çox önəmli strateji ərazi hesab olunurdu. Həmin vaxt İngiltərə hərbi sənaye kompleksində Qafqaz xalqlarının genetik kodları araşdırılırdı. İngilis alimləri genetik kodlar arasında uzunömürlülüyün və dözümlülüyün sirlərilə yanaşı, Naxçıvan və Şamaxı ərazisində uran, qızıl və neft yataqlarının axtarışında idilər. Digər tərəfdən, ingilislərin “Mİ-6”sının məlumatına görə, Şamaxıda bir neçə yerdə “qızıl və digər qiymətli sərvət xəzinələri” mövcud idi.

O dövrdə “Milli Erməni ­Bürosu”, xüsusən Azərbaycanda ciddi qırğınlara hazırlaşırdı. Əlavə olaraq, təlim üçün Parisdən, Londondan və ABŞ-dan xüsusi hərbi emissarlar yola salınmışdı. Çar ordusundan tərxis olunanların 450 nəfəri dərhal “Milli Erməni Bürosu”na daxil olmuşdu. Ən maraqlısı bu idi ki, ermənilər “Büro”ya əllərində silah və hərbi geyimdə üzv yazılırdılar. Tərxis olunan ermənilərdən silah geri alınmırdı. Məsələn, kəşfiyyat polkovniki
S. Qolikov iddia edir ki, belə bir ənənə ermənilər üçün sovet ordusunda da davam edib. Sovet Ordusundan tərxis olunmuş erməni əsgər və zabitə xəlvəti yolla istədiyi silahı özü ilə aparmaq ixtiyarı verilmişdi.

“Milli Erməni Bürosu” 1916-cı ildə Şamaxıda, Qubada, əsasən, şərq və qərb istiqamətlərində özəklərini yaratmağa müvəffəq oldu. Fransızların və ingilislərin istəyini nəzərə alaraq, ermənilər birinci olaraq hər iki qəzada milliyyətcə yəhudi olan ailələrin siyahısını tərtib etdilər. Həmin ildə Şamaxıda 16, Qubada isə 9 tüfəng qeydə alınmışdı. Yelizavetpol qəzasının çar xəfiyyəsinin məlumatlarının birində yazılırdı: “Məlumata görə, Şamaxı və Quba qəzalarına gələn tacirlər özlərilə birgə silah gətirirlər. Əsasən, Şamaxı qəzasında bu məsələ aktiv baş verir”.

Əslində, belə deyildi. Bu saxta və uydurma məlumatı qoşanların elə özləri Şamaxı qəzasında ardı-arası kəsilmədən evlərə soxulur, qeydsiz-şərtsiz axtarışlar aparırdılar. Şamaxı ilə Bakı arasında tədricən əlaqələr qırılırdı, gediş-gəliş azalırdı. Qəzada əsas vəzifələrə, icraedici orqanlara ermənilər irəli çəkilirdi. Şamaxı qəzasını faktiki olaraq 1916-cı il dekabrın sonlarında ermənilər işğal etmişdilər. Şamaxı ziyalılarının bir qismi artıq dərk etməyə başlamışdı ki, qəzada baş verənlərin sonunda yaxşı bir şey dayanmır.

“Milli Erməni Bürosu”nda cəmlənmiş erməni könüllü dəstələrinə qarşı nəsə bir tədbir görülməli idi. Şamaxı qəzasında baş verən hadisələrlə, ərazidəki siyasi-içtimai mühitlə bağlı Bakıya ötürülən məktub və teleqramlar cavabsız qalırdı. 1916-cı ilin dekabrında “Milli Erməni Bürosu”nun şəxsi məktubuna əsasən, rus dilini yaxşı bilən, milliyyətcə erməni olan L.Ambartsumov Şamaxı qəzasının poçt-teleqraf işləri üzrə “cavabdeh şəxs” təyin edildi. Onsuz heç bir teleqraf açılmırdı. Məktubu isə Tiflisdəki canişin imzalamışdı.

Aşkar edilmiş materiallara görə, 1917-ci il yanvarın 6-da L. Ambartsumov “Milli Erməni Bürosu”nun xarici əlaqələr şöbəsinin başçısı, bilavasitə çar Nikolayın dəftərxanası ilə sıx əlaqəsi olan doktor Zavriyevə xüsusi bir teleqram göndərib. L.Ambartsumov yazırdı ki, Şamaxıda bir qrup ziyalı ermənilərə qarşı təşkilat yaradıb. Amma bu təşkilatın adı yox idi. L.Ambartsumovun saxta teleqramından sonra, əsasən ermənilərdən ibarət kiçik bir dəstə Şamaxıya göndərildi. Doktor Zavriyev cavab teleqramında tələb edirdi ki, L.Ambartsumov ona təşkilat haqqında geniş məlumat versin.

Nəticədə Şamaxıda məxfi qaydada fəaliyyət göstərən “Büro”nun S.Lalayanın başçılıq etdiyi silahlı birləşməsi Cümə məscidinə hücum edib, onu yandırdı. Məsçiddə olan 11 adamdan 5 nəfəri öldürüldü, 6 nəfəri isə ağır bədən yarası aldı. Şamaxı qəzasında baş verən bu hadisə yerli əhalinin qəzəblənməsinə səbəb oldu. Lakin adamlar silahsız və köməksiz idilər.

Əldə etdiyimiz materiallardan aydın olur ki, İran ərazisindən Azərbaycan istiqamətində ingilislərin xeyir-duası ilə hazırlanmış vəhhabi dəstələri, daha doğrusu, şiə müsəlmanlara qənim kəsilmiş ərəb karmatları (vəhşi ərəblər) və yaxud “Karmat birlikləri” yola salınmışdı. Onların bir qrupu məhz Şamaxı ərazisində “Büro”ya – S.Lalayanın rəhbərlik etdiyi silahlı dəstələrə yardım göstərir, şiə-müsəlmanların evlərini qarət edir, din xadimlərini öldürür, quran kitablarından tonqallar qururdular.

İngilislərin Bəhreyndən qovub gətirdikləri bu vəhhabi dəstələri Təbrizdə, Tehranda, Ərdəbildə də şiə-müsəlmanlara qarşı ermənilərlə birgə qanlı cinayətlər törədirdilər. Bilavasitə regionda İslamın parçalanmasına xidmət edən ərəb karmatları Azərbaycanda ermənilərin apardıqları etnik təmizləmə siyasətində alət olmuşdular.

(ardı var)

Rövşən VƏLİYEV,
politoloq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında