Gözəllik məskəni – Bolu şəhəri...

Ərazisinin böyük hissəsi dağlarla əhatə olunan, çayların çoxluğu ilə seçilən, təbii və süni gölləri, şəfalı su ehtiyatları, zəngin mineral bulaqları ilə tanınan Bolu Türkiyənin füsunkar şəhərlərindən biridir. Özündə qədim Roma və yunan mədəniyyətlərinin izlərini saxlayan Bolu şəhəri həm də türk dünyası üçün ortaq əhəmiyyət daşıyan dastan qəhrəmanı Koroğlunun ədalət uğrunda mübarizə apardığı yerlərdən biri kimi tanınır. Şəhərin mərkəzində ucaldılan Koroğlu heykəli, ətrafda dastan qəhrəmanının şərəfinə adlandırılan otel və restoranlar, vilayətin ərazisində yerləşən Koroğlu dağı da boluluların ortaq irsimizə göstərdiyi böyük marağın göstəricisidir.

Bolu şəhərinin yaranma tarixi dəqiq bilinmir, amma tarixi mənbələr şəhərin eramızdan əvvəl, təqribən 2000-ci ildə Het dövlətinin tərkibində olmasından xəbər verir. Şəhərin sonradan Vifiniya dövlətinin tərkibində olduğu da  vurğulanır. Tarixçi Strabon Vifiniya şəhərini Yunanıstanla əlaqələndirir. Bolunun Roma hökmranlığı illlərində isə imperator Klavdinin şərəfinə Klavdiopolis adlandırıldığı məlumdur. Osmanlı dövlətinin Bolu üzərində hakimiyyəti 1320-ci illərə təsadüf edir. Osman Qazi dövründə (1299-1324) Konur Alp tərəfindən Osmanlı torpaqlarına qatılmışdı. Cümhuriyyət dövrünə qədər müstəqil mərkəz olaraq idarə olunan Bolunun 1923-cü ildə vilayət halına gətirildiyi bildirilir. Bolunun Osmanlı sultanı İldırım Bəyazidin ölümü ilə başlayan şahzadələr müharibəsinə də dəfələrlə səhnə olduğu məlumdur.

Bolu adının da haradan alındığı hələ də tam olaraq bilinmir. Ancaq Bolu adının Osmanlı dövründə Klavdiopolis adı əvəzinə istifadə edilməsi ehtimalı daha yüksəkdir. Vilayətin keçmiş valisi Camal Bardakçı “Bolu" adının beş min illik ata-baba yadigarı olduğunu, bu regionda o vaxtlar Bolu adında qəbilənin yaşadığını irəli sürmüşdü. Bolu ilə daha bir maraqlı məqam onun xristianlığın yayılmasında mərkəz şəhər olması barədə faktların olması ilə bağlıdır. Roma imperiyası ikiyə bölündüyü zaman isə Bolu Şərqi Romanın, yəni Bizansın payına düşmüşdü. Bir sözlə, Boluda bir çox sivilizasiyanın izi var, belə müxtəliflik də şəhəri zənginləşdirir, turist axınına təkan verir.

Yamyaşıl şəhər olan Bolu Ankara ilə İstanbul arasında yerləşdiyi üçün hər iki şəhərdən təsirlənmiş özəlliklərə malikdir. Yerləşdiyi coğrafi ərazi ilə əlaqədar dəniz iqlimi ilə iç Anadolu iqlimi arasında keçid zonası sayılır. Boluda yay və qış mövsümləri arasında istilik baxımından da çox fərq müşahidə edilmir. Amma Boluda illik yağmurun miqdarı çoxdur. Şəhərdə olduğumuz müddətdə gün ərzində havanın anidən dəyişməsinin, yəni günəşli hava şəraitinin yağmurlu havaya dəyişməsinin şahidi olduq. Belə bol yağışlı şəraitin də olması Bolunu yaşıllığa qərq edir. Qışı sərt keçən Boluda yay aylarında orta temperatur 20 dərəcə səviyyəsində qalır. Bu özəllikləri Bolunu yay mövsümündə yandırıcı istilərdən təngə gəlmiş insanların sığınacağına çevirir.

Bu gün Bolunun bütün ərazisi qoruq zonasıdır və Koroğlu milli parkının tərkibinə daxildir. Şəhərdən 20 kilomert uzaqda məşhur Qartalqaya kurortu yerləşir. Şəhər istər tarixi, istərsə təbiət gözəlliyi planında da böyük maraq doğurur. Burada müxtəlif dövrlərə aid nadir memarlıq nümunələrinə rast gəlmək mümkündür.

Boludan bir qədər aralıda yerləşən antik Göynük qəsəbəsində Şeyx Akşəmsəddin türbəsini nümunə göstərmək olar. 1389-cu ildə Şam şəhərində anadan olmuş Akşəmsəddin çoxşaxəli alim, təbib və “Şəmsiyyə-Bayramiyyə” adlı dini təriqətin banisi olması ilə bərabər, həm də Osmanlı sultanı Fateh Sultan Mehmetin müəllimi kimi tarixə düşmüşdür. Mehmet Emin Özmen adlı müasir araşdırmaçı onu İstanbulun mənəvi fatehi adlandırır və əsl adının da Məhəmməd ibn Həmzə olduğunu bildirir. Alimin fikrincə, saç-saqqalının ağ olmasına və ya ağ rəngdə geyinməsinə görə onu Akşeyx və ya Akşəmsəddin çağırırmışlar. Mehmet Emin Özmen Ağşəmsəddinin Azərbaycan fəlsəfəsində özünəməxsus iz qoymuş Şihabəddin Ömər Sührəvərdinin nəslindən olduğunu da yazır.

Şeyx İstanbulun fəthində Osmanlı sultanına kömək etməsilə də tanınır. Alimin uşaqları, tələbələri və müridləri ilə birlikdə fəth ordusuna qatıldıqları da bildirilir. Akşəmsəddinin İstanbulun fəthindən sonra sultanın israrına baxmayaraq, İstanbulda qalmaq istəmədiyi, Bolunun Göynük qəsəbəsinə çəkildiyi və 1459-ci ildə 70 yaşında vəfat etdiyi məlumdur. Bu gün alimin türbəsi böyük maraq doğuran ziyarətgahlardan biridir. Akşəmsəddin ilə bağlı maraqlı bir fakt da onun iki əsr öncə mikrob barədə dedikləridir. Məlumdur ki, mikrobları ilk dəfə 1676-cı ildə holland alimi Antoni van Levenquk kəşf etmişdi. Halbuki Akşəmsəddin “Maddetül-Hayat” adlı əsərində mikroblar haqqında belə yazmışdı: “Xəstəliklərin insanlarda bir-bir ortaya çıxdığını güman etmək səhvdir. Xəstəlik insandan insana yoluxma vasitəsilə keçir. Bu yoluxma, gözlə görülməyəcək qədər kiçik, lakin canlı toxumlar vasitəsilə olur”.

Qeyd etdiyimiz kimi, Bolu şəfalı su ehtiyatları baxımından da zəngindir, mineral bulaqları ilə məşhurdur. Aşkar edilmiş mineral suları da turizm potensialını artırır. Bolu şəhəri termal və mineral sularının çoxluğu baxımından Türkiyənin digər regionlarına münasibətdə ilk sıradakı yerini mühafizə edir. Doğrusu, Bolu mineral bulaqlarının tarixi haqqında dəqiq məlumat yoxdur. Ancaq mineral bulaqlardan qədim dövrlərdə də istifadə edildiyi məlumdur. Josef Pitton de Turnefor, Uilyam ­Martin Lik və Uilyam Hamilton kimi məşhur səyyahların Bolunun mineral bulaqları barədə oxuculara məlumat verdikləri bildirilir. Məşhur səyyah Evliya Çələbi isə "Səyahətnamə" adlı əsərində Bolu mineral bulaqları haqqında belə bir arayış vermişdi: "Bolu şəhərinin cənub qurtaracağında... kicik qədim isti bulaq var. Allah Təalanın yaratdığı dünyaca məşhur isti sudur. Son dərəcə istidir, qotur xəstəliyinə faydalıdır. İçənin mədəsini yaxşılaşdırır, bədənini pambıq kimi edir. Şəfa gücü görülmüş bir isti bulaqdır. Şəhərin böyüyü- kiçiyi, araba- araba bu isti bulağa gəlib xəstəliklərindən xilas olurlar”.

Bəzi tarixçilər mineral bulaqlardan Səlcuqlar dövründə də istifadə edildiyini yazırlar. Boluda şəfalı suların romalılardan bəri istifadə olunduğu ehtimal edilsə də, romalıların burada olan yeddi ayrı mənbə üzərində inşa etdikləri yeddi hamamın qalıqları günümüzə qədər gəlib çatmamışdır. Şəhərdə “Bolu Termal” adlanan otel ərazisində də termal hamam fəaliyyət göstərir. Maraqlıdır ki, Bizans dövründən qalma tarixi hamamlar üzərində qurulan sanatoriyadan həm otel müştəriləri, həm də bolulular yararlanırlar. 15 lirə qarşılığında hamamdan istifadə edən şəhər sakinləri belə möcüzəvi suyun bərəkətindən gen-bol faydalanırlar. Bolu mineral bulaqları revmatizm, nevralgiya, nevrit, polinevrit, mədə-bağırsaq, qaraciyər və qadın xəstəlikləri üçün faydalıdır. Bundan başqa, Boluda yerləşən Gölcük təbiət parkı və digər təbii gözəlliklər isə müalicə-sağlamlıq turizmi baxımından da diqqət çəkir. Xüsusilə də Gölcük gölünün flora və faunası, eləcə də gölün ətrafında yerləşən yeganə ev insanlarda gözəl atmosfer oyadır. Koroğludan sonra Bolunun simvoluna çevrilən Gölcük gölünün ətrafında yerləşən həmin evin Meşə Nazirliyinin qonaq evi olduğunu bildirirlər.

Ümumiyyətlə, son zamanlar Bolunu Azərbaycana bağlayan bir sıra layihələr də var. Belə ki, bu ilin fevral ayında Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyası çərçivəsində Bolu şəhərində "Yeni yurd sosial inkişaf " və "Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutu" ictimai birliklərinin dəstəyi ilə Xocalı soyqrımı qurbanlarının anım tədbiri və Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılış mərasimi keçirilmişdir. Bundan başqa, cari ilin yanvar ayında Bolu şəhəri Göynük bələdiyyəsi ilə Şəki bələdiyyəsi arasında qardaşlaşmış şəhər protokolu imzalanmışdır. Ancaq Bolunu Azərbaycana daha da yaxınlaşdıran Koroğluya olan sevgisidir. Anadoluda Koroğlunun vətəninin Bolu diyarı olduğuna inanırlar. Buna görə də təsadüfi deyil ki, Bolu şəhərində ənənəvi Beynəlxalq ­Koroğlu Festivalı keçirilir. Xalqımızın qəhrəmanlıq,  haqq-ədalət və azadlıq mübarizəsinin təcəssümlərindən biri olan Koroğlu türk xalqlarının ən mühüm ortaq dəyərlərindən hesab edilir.

Türkiyə mətbuatında ara-sıra Koroğluya və dastan qəhrəmanının düşməni – Bolu bəyə aid məlumatlar yer alır. Məsələn, “Bolunun səsi” internet qəzetində yerləşdirilmiş “Budur Koroğlu, budur Bolu bəy!” adlı məqalə diqqətimi çəkdi. Məqalədə yazılır ki, şəhərin Karaçayır məhəlləsinin Gülez küçəsində yerləşən Bolu bəy Musa Paşa oğlu Mehmet bəyin qəbri baxımsızlıqdan görünməz hala gəlmişdir: “Əsrlərdir kimsənin diqqətini çəkməyən və ətrafı divarla hörülən bağ içərisində yerləşən məzarın yeri də yox olmaq üzrədir. Sadəcə, "Bolu bəy Musa Paşa oğlu Mehmet bəy" yazılı lövhə gözə dəyir, vətəndaşların da məzarı fərq etməməsi, Bolu Bəyin aciz vəziyyətini gözlər önünə gətirir”. Bolu Bələdiyyəsinin sədri Ələddin Yılmaz da yerli mətbuata açıqlamasında  Koroğlu araşdırmalarının aparıldığını demiş və Bolu bəyin məzarı olduğuna inanılan qəbrin şəhər mərkəzində Karaçayır məhəlləsindəki bir evin bağçasında tapıldığını bildirmişdi.

Ümumiyyətlə, Bolu Bələdiyyəsi Koroğlunun UNESCO-nun Mədəni İrs Siyahısına salınması üçün uzun müddətdir iş aparır. Məqsəd də aydındır, bələdiyyə Bolunu Koroğlu ilə anılan şəhər etməyi planlaşdırır. Daha konkret desək, Bolu bələdiyyəsi Bolunun keçmişinin vilayətin turizm potensialına əlavə güc gətirəcəyini düşünür. Doğrusu, araşdırmalar real faktlarla təsdiqini taparsa, o ­zaman Bolu türk dünyasının davamlı olaraq bir yerdə toplaşacağı növbəti möhtəşəm şəhərlərdən biri olacaq! Boluda buna çox inanırlar.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

Bakı-İstanbul-Bolu-Ankara-Bakı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında