Xarici siyasətimizdə türkdilli dövlətlərlə əməkdaşlıq mühüm istiqamətlərdəndir

Müsəlman Şərqinin ilk demokratik dövləti  kimi tarixə düşmüş  Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan respublikamızın  xarici siyasəti  son dərəcə mükəmməldir.  Bu arqumentin təsdiqini görmək üçün təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş həmin  balanslaşdırılmış xarici siyasət  kursunun tərkib hissələrinə baxmaq kifayətdir.  Orada qonşularla, region ölkələri ilə, dünyanın bütün dövlətləri və beynəlxalq təşkilatları ilə, Şərqlə, Qərblə, Şimalla, Cənubla, bir sözlə, hamı ilə dostluq və tərəfdaşlıq münasibətlərinin yaradılmasının əsas prinsipləri göstərilmişdir. Bundan başqa, həmin tərkib hissələrinə  münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə çatdırılması, müxtəlif istiqamətli inteqrasiyalar və Azərbaycan xalqının mənafelərinə cavab verən digər addımlar da daxildir.

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Naxçıvanda yaradılmışdır

 

Gənc müstəqil Azərbaycanın dostluq və  əməkdaşlıq  etdiyi ünvanlar arasında türkdilli dövlətlərlə münasibətlərin xüsusi çəkisi var. Sevindirici haldır ki, rəsmi Bakı türkdilli ölkələrin hamısı ilə dərin və səmərəli əməkdaşlıq etməklə yanaşı, bu dövlətlərin birliyi olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətində də kifayət qədər fəal iştirak edir və səmərəli təkliflərlə, təşəbbüslərlə birliyin perspektivinə öz töhfələrini verir. Bu şuranın  əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etməkdir. 

Beynəlxalq hökumətlərarası təşkilat kimi tanınan bu qurum  türkdilli ölkələrin dövlət başçılarının  2009-cu il  oktyabrın 3-də  Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan sazişinə əsasən yaradılmışdır. Təşkilatın təsisçiləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir.  Qeyd etmək vacibdir ki, məhz Naxçıvan Zirvə görüşü Türk dünyasının birgə tərəqqisi baxımından olduqca mühümdür. Çünki həmin görüşdən sonra Türk Akademiyası, Türk Əməkdaşlıq Şurası, Türk Miras Fondu, Türk Ağsaqqallar Şurası kimi təşkilatlar yaranmışdı.

Bu toplantıların tarixçəsinə baxanda  görürük ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkdilli dövlətlərin iş birliyinə xüsusi önəm
verir. Belə ki, Naxçıvan Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev sammiti  əlamətdar hadisə kimi dəyərləndirmiş və əmin olduğunu bildirmişdi ki, görüşün nəticələri gözəl olacaq, çox səmərəli işləyəcəyik və qəbul ediləcək qərarlar bizim birliyimizi daha da gücləndirəcəkdir. Türkdilli dövlətlər arasında əlaqələrin ikitərəfli formatda çox yüksək səviyyədə olduğunu məmnunluqla xatırladan Prezident İlham Əliyev əlavə etmişdi ki,  BMT-də, İslam Konfransı Təşkilatında, ATƏT-də və digər təşkilatlarda ölkələrimiz bir-birinə həmişə dəstək verir və bu, belə də olmalıdır: “Çünki, bizi müştərək tarix birləşdirir, tarixi-mədəni köklər birləşdirir”.

Bu  formatın  yaradılmasından əvvəl  isə türkdilli dövlətlər   Türk Şurası  adlı beynəlxalq qurum çərçivəsində əməkdaşlıq edirdilər.  Həmin şura  1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranmışdır.

Türk Şurası təsis edildikdən sonra zirvə görüşləri “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşləri” kimi  adlandırılır. Təşkilat yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum və Astana olmaqla beş zirvə görüşü keçirilmişdir.

 

Sammitlərin hədəf və perspektivləri

 

Daimi fəaliyyət göstərən katibliyi, türk dünyasının ortaq əlifbasını, ortaq türk tarixi kitabını və antologiyasını yaratmaq, türk ləhçələrinin qarşılıqlı lüğətini hazırlamaq, ortaq türk tarixi institutu qurmaq, türk dünyasını bir-birinə bağlayacaq enerji siyasətini həyata keçirmək, İstanbul-Almatı dəmir yolu xətti layihəsini reallaşdırmaq və Türk dünyasının nəqliyyat şəbəkəsinə Bişkeki də qoşmaq, Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına dəstəyi artırmaq, İpək yolunun real olaraq canlandırılması, təhsil nazirlikləri və universitetlər arasında əməkdaşlığı ən yüksək səviyyəyə qaldırmaq, qarşılıqlı təqaüdlü tələbə və şagird mübadiləsini həyata keçirmək və sairə. 

Xatırladaq ki, Türk Şurası beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Şura artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz  İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurmuşdur.

 

Türk dünyasının  nəqliyyat məsələləri  Qəbələdə müzakirə edildi

 

TDƏŞ -in Qəbələdə keçirilən “Nəqliyyat və bağlantı” mövzulu sammitində  Prezident İlham Əliyev təşkilatın önəmi barədə danışmış və bu tədbirin tükdilli xalqlar arasında münasibətlərin dərinləşməsinə xidmət etdiyini açıqlamışdı: “Ötən dəfə zirvə görüşü digər qədim Azərbaycan şəhərində – Naxçıvanda keçirilmişdir. Bu zirvə görüşlərinin müxtəlif şəhərlərdə keçirilməsi bir növ tanışlıq xarakteri daşıyır, eyni zamanda, xalqlarımız, ölkələrimiz arasındakı birliyi daha da möhkəmləndirir. Dünyada türk aləmi güclənir, türk aləmi böyük coğrafiyanı əhatə edir. Əlbəttə ki, bizim xalqlarımız bir-birini daha da yaxından tanımalı və əməkdaşlıq daha da sürətlə aparılmalıdır”.

Qəbələ zirvə görüşündə qəbul edilmiş qərara əsasən, turizm üzrə işçi qrupu  da yaradılmış və  2013-cü ilin dekabrında   qrupun ilk iclası keçirilmişdir. Eyni zamanda,  2014-cü ilin aprelində   13-cü Azərbaycan Beynəlxalq Səyahətlər və Turizm Sərgisi çərçivəsində ortaq fotoşəkil sərgisi təşkil edilmişdir.  Bakıdakı sərgidən bir həftə sonra isə  İstanbulda turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun ikinci, turizm nazirlərinin isə birinci iclası keçirilmiş, üzv ölkələr arasında “Turizm sahəsində  birgə əməkdaşlıq Protokolu” imzalanmışdır. Turizm nazirlərinin ikinci toplantısı 2015-ci ilin may ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilmişdir.

Bundan başqa, Qəbələdə keçirilmiş üçüncü Zirvə görüşündə Dövlət Başçıları Şurası türkdilli dövlətlər arasında  gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə işçi qruplarının yaradılmasını alqışlamışlar. Üzv dövlətlərin gömrük  orqanları rəhbərlərinin birinci görüşü 5 oktyabr 2012-ci ildə Naxçıvanda keçirilmiş, Türk Şurası gömrük  orqanları rəhbərlərinin  birinci görüşünə dair bəyannamə imzalanmışdır.

Xatırladaq ki, bu qurumun 2011-ci ildə Almatı şəhərində keçirilən sammitində “İqtisadi  əməkdaşlıq”, 2012-ci ildə Bişkekdə keçirilmiş sammitində  “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq”, 2013-cü ildə Qəbələdə keçirilmiş sammitində “Nəqliyyat və bağlantı” , 2014-cü ildə Bodrum şəhərində keçirilmiş sammitində  “Turizm sahəsində əməkdaşlıq”, 2015-ci ildə Astanada keçirilən sammitində isə   “Media və informasiya sahəsində əməkdaşlıq” mövzuları müzakirə edilmişdir. Bütün sammitlərdə qeyd edilmişdir ki, Türk Şurasının əsas fəaliyyət məqsədləri və vəzifələri Naxçıvan sazişi ilə müəyyən edilmişdir.

Qurumun  öz vəzifələrini yerinə yetirə bilməsi və qarşıya  qoyulan məqsədlərə nail ola bilməsi üçün struktur aşağıdakı kimi formalaşdırılmışdır: Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Ağsaqqallar Şurası və Katiblik. Dövlət Başçıları Şurasının toplantısına  ev sahibliyi edən üzv ölkə növbəti zirvəyə  qədər Türk Şurasına sədrlik edir.

 

Fəaliyyətin əlaqələndiricisi

 

Qərargahı Ankarada yerləşən TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) 1993-cü ildə təsis edilmişdir. Təşkilatın fəaliyyət məqsədi üzv ölkələr arasında elm,  təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi, eləcə də türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşdirilməsidir.

TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası) İstanbul sazişi əsasında yaradılmış, 2008-ci ildə fəaliyyətə başlamışdır. Qərargahı Bakıda yerləşir. Assambleyanın məqsədi türkdilli ölkələrin parlament strukturları arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

Türk Akademiyası 2010-cu ildə Qazaxıstanda qeydiyyatdan keçmiş təşkilat olaraq fəaliyyətə başlamışdır. Türk Akademiyasının yaradılması haqqında saziş 22-23 avqust 2012-ci ildə Türk Şurasının Bişkekdə keçirilən 2-ci Zirvə Görüşündə imzalanmış və akademiyaya beynəlxalq status verilmişdir. Türk Akademiyası Astanada yerləşir. Türk dilinin, ədəbiyyatının, mədəniyyətinin və etnoqrafiyasının tədqiqini koordinasiya və təşviq etmək məqsədilə fəaliyyət göstərir. Akademiyanın digər fəaliyyət məqsədləri  türk xalqlarının mədəni və mənəvi irsinin tədqiq edilməsi, dünya sivilizasiyasının inkişafında payının artırılması, dünya ictimaiyyətinin türk xalqlarının nailiyyətləri haqqında məlumatlandırılmasıdır.

Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi 22-23 avqust 2012-ci ildə Bişkek zirvəsində imzalanmışdır. Qərargahı Bakı şəhərində yerləşən fond türk dünyası ilə bağlı müxtəlif tədbirlər, layihələr və proqramları maliyyələşdirmək və dəstəkləmək yolu ilə türk mədəniyyətinin və irsinin qorunmasına, tədqiqinə və təbliğinə köməklik göstərəcəkdir.

Türk Biznes Şurası 2011-ci ildə təsis edilmişdir. Qurum Türk Şurasına üzv  ölkələrin işgüzar dairələri və digər təşkilatları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini həyata keçirir.

 

Ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə  münasibətləri

 

Təşkilatın təsis edildiyi tarixdən bu günə qədər iqtisadi əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər, iqtisadiyyat, gömrük və nəqliyyat nazirlərinin görüşləri keçirilmişdir. 2011-ci ildə Astanada keçirilmiş iqtisadiyyat nazirlərinin birinci iclasında  investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qərar qəbul edilmiş və bu işçi qruplarının mütəmadi olaraq iclasları keçirilməkdədir.  2014-cü ilin fevralında İstanbulda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə iş adamlarının iştirakı ilə Biznes Forum təşkil edilmişdir. Həmin ilin yayında İssuk-Kulda TDƏŞ-in iqtisadiyyat üzrə işçi qrupları və iqtisadiyyat nazirlərinin növbəti iclasları keçirilmişdir. TDƏŞ çərçivəsindəki növbəti Biznes Forum 2014-cü ilin oktyabr ayında Naxçıvanda təşkil edilmişdir.

Ölkəmizin təşkilata sədrliyi dövründə – 22 noyabr 2013-cü il tarixində TDƏŞ-ə üzv ölkələrin təhsil nazirlərinin Eskişehirdə ikinci iclası keçirilmiş, Mövlana mübadilə proqramının (tələbə mübadiləsi) dəstəklənməsi, Türk Akademiyası tərəfindən  birgə tarix dərsliklərinin hazırlanması, texniki və peşə təhsili sahəsində əməkdaşlığa başlanılması, ali  təhsil müəssisələrində üzv ölkələrin dillərinin öyrənilməsi, Türk Univestitetlər Birliyinin yaradılması və s. ilə bağlı məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir.

Azərbaycanın təşkilat çərçivəsində siyasi və təhlükəsizlik məsələləri sahəsində əməkdaşlığı uğurla davam etməkdədir. Naxçıvan sazişinə uyğun olaraq,  hər il keçirilən zirvə görüşlərindən bir gün əvvəl TDƏŞ Xarici İşlər Nazirləri Şurasının görüşləri keçirilir. Eyni zamanda,  Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyaları çərçivəsində xarici işlər nazirlərinin qeyri-formal görüşlərinin keçirilməsi artıq ənənə halını almışdır.   2013-cü ildən  etibarən  üzv ölkələr arasında mütəmadi olaraq təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr keçirilməsinə başlanmışdır.

 

Dağlıq Qarabağ münaqişəsi daim gündəlikdədir

 

TDƏŞ-in bu günə qədər keçirilmiş bütün zirvə görüşlərində olduğu kimi, üzv ölkələrin dövlət başçıları tərəfindən 11 sentyabr 2015-ci il tarixində Astanada qəbul edilmiş Beşinci Zirvə Görüşünün Bəyannaməsində tərəflər, “Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini bir daha vurğulamışlar”.

Azərbaycan TDƏŞ-lə yanaşı, bu qurumun əlaqəli orqan və təşkilatları olan TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu (qərargahı Bakıda yerləşir), Türk Biznes Şurası ilə də sıx əməkdaşlıq edir və üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi sahəsində aktiv rol oynayır. Təsadüfi deyildir ki, TDƏŞ-in 2012-ci ildə Bişkekdə keçirilmiş İkinci Zirvə görüşündə Azərbaycanın təşəbbüsü ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu 2015-ci il tarixindən etibarən qərargahı Bakı şəhərində yerləşməklə beynəlxalq təşkilat kimi fəaliyyətə başlamışdır.

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında