2016-cı ilin 26 sentyabrı çağdaş tariximizin unudulmaz günlərindən biri kimi yaddaşlarımıza yazıldı. Həmin gün Azərbaycanda ümumxalq referendumu keçirildi və Konstitusiyaya dəyişikliklər seçicilərin 90 faizlik etimadı ilə qəbul olundu. Vitse-prezidentlik vəzifəsinin təsisi də maraq doğuran, mühüm önəm daşıyan yeniliklərdən biri idi. Dünyada geniş tətbiq olunan vitse-prezidentliyi konstitusiya sistemimizə yeni təsisat kimi daxil etməkdə məqsəd prezidentlik institutunu gücləndirmək, ölkənin sabit inkişafına xidmət edəcək idarəçilik sistemini təkmilləşdirmək idi.
Başqa sözlə, bu strukturun Azərbaycanda tətbiqi mühüm məqsədləri – dövlət qurumlarının fəaliyyətində səmərəliliyin və çevikliyin yüksəldilməsini, vətəndaşlar qarşısında öhdəliyin daha keyfiyyətli icrasına nail olunmasını, məmur məsuliyyətinin gücləndirilməsini, ümumilikdə isə yeni mobil, effektiv icraçılıq funksiyasının yaranmasını ehtiva edir.
Konstitusiyaya dəyişikliklərin böyük seçici fəallığı, etimadı ilə qəbul olunmasından, təxminən, altı ay sonra, 21 fevral 2017-ci il tarixdə ölkə rəhbəri İlham Əliyevin sərəncamı ilə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Bu önəmli xəbəri respublika ictimaiyyəti birmənalı şəkildə rəğbətlə, məmnunluqla, böyük sevinc hissilə qarşıladı. Çünki 20 ildən çox bir zaman kəsiyində Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəallığı ilə seçilən, böyük amalını, uğurlu missiyasını ölkə hüdudlarından qlobal miqyasadək layiqincə genişləndirən Mehriban xanım xalq etimadını yetərincə qazanmış, daxildə və xaricdə inam, ümid, güvənc ünvanına çevrilmişdir.
Mehriban Əliyevanın ali hakimiyyət sistemində Birinci vitse-prezident kimi ikinci yer tutması Azərbaycanın birinci xanımının, necə deyərlər, halal haqqı idi. Dövlət idarəçiliyində xüsusi bacarıq və qabiliyyəti, istər ictimai, istərsə də siyasi fəaliyyətində daim Heydər Əliyev amallarını yaşatması, təbliğ etməsi, ən başlıcası isə xalqın etimad və sevgisini qazanması ona bu yüksək səlahiyyəti qazandırmışdı.
Doğrudan da, ümummilli lider Heydər Əliyevin ölməz ideyalarına bütün varlığı ilə bağlı olan, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli daxili və xarici siyasətə layiqli töhfələrini verən Heydər Əliyev Fondunun prezidentinin ulu öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövlətinin ali idarəetmə sistemində ikinci yüksək vəzifəni daşımasına çoxdan siyasi və mənəvi haqqı çatırdı. Xalqımızın milli mədəniyyətinin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında Mehriban xanımın müstəsna xidmətləri onu cəmiyyətə mötəbər ictimai-siyasi xadim kimi tanıtmışdır.
Birinci xanım olduğu, Heydər Əliyev Fonduna rəhbərlik etdiyi, Milli Məclisə deputat seçildiyi vaxtdan bəri ölkə həyatının elə bir sahəsi olmamışdır ki, buradakı ağrılı məsələlər Mehriban xanımın diqqətindən kənarda qalsın. Ölkənin ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunması da Mehriban xanımın ümummilli liderimizin ideyalarını Azərbaycanda layiqincə yaşatmasına, ölkəmizin qüdrətlənməsi, inkişafı, haqq səsinin dünyada eşidilməsi üçün müxtəlif layihələri gerçəkləşdirməsinə görə verilən yüksək qiymət idi.
Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasının səbəbi böyük idarəçilik təcrübəsi və xalqının sevgisini qazanması ilə yanaşı, həm də ölkə Prezidenti İlham Əliyevin ən yaxın silahdaşı, yardımçısı, mənəvi dəstəkçisi olması ilə bağlı idi. Bu fikri belə də ifadə etmək olar: Azərbaycanın birinci xanımı Birinci vitse-prezident təyin olunana qədər deputat və fond rəhbəri kimi reallaşdırdığı uğurlu layihələrlə, dövlət müstəqilliyimizin əsaslarının və Prezident İlham Əliyevin liderlik nüfuzunun möhkəmlənməsinə geniş ictimai dəstək qazandırmışdı.
Son 13 ildə Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə görülən işlər xalqın sevdiyi və dəyərləndirdiyi bu insan ölkənin ikinci yüksək postuna yüksələndən sonrakı günlərdə bir daha gözlərimiz önündə sıralanır. Bunlar yüzlərlə yeni məktəb və uşaq evləri, tibb müəssisələri, diaqnostika və müalicə ocaqlarıdır; bərpa olunan tarixi və dini abidələr, yenidən qurulan mədəniyyət ocaqları, muzeylər, konsert salonlarıdır; parklar, yollar, su, işıq və qaz xətləridir; müxtəlif dillərdə işıq üzü görən, Azərbaycanın həqiqətlərini dünyaya yayan kitablar, foto və videoalbomlar silsiləsidir; zəngin mədəni və tarixi irsimizin təbliğinə yönələn beynəlxalq simpoziumlar, festivallar, elmi konfranslardır.
Mehriban xanım Əliyeva mətbuata müsahibələrinin birində deyib: “Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən”. Xalqımız və xaricdəki dostlarımız da Mehriban Əliyevanın yüksək dövlət postuna irəli çəkilməsini– Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasını onun bu ali məramının, xalqımız və dövlətimiz qarşısında xidmətlərinin nəticəsi kimi qiymətləndirdilər.
Yeri gəlmişkən deyək ki, Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, həm də bütün dünyada tanınır, beynəlxalq ictimaiyyət onu səmimiyyətlə dəyərləndirir. Ölkəmizin birinci xanımının rəhbərliyi ilə materikimizin məşhur “Eurovision” musiqi yarışmasının, ilk dəfə keçirilən I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda yüksək səviyyədə reallaşması onun təşkilatçılıq istedadının, ən ağır problemləri həll etmək bacarığının, respublikamıza nüfuz qazandıran uğur formulunu tapmaq qabiliyyətinin parlaq göstəricisi oldu.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri ilə ərsəyə gələn Beynəlxalq Muğam Festivalı, Beynəlxalq Caz Festivalı, Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Beynəlxalq Müasir Musiqi Festivalı, Rostropoviç Beynəlxalq Festivalının keçirilməsi təkcə ölkəmizdə deyil, həm də dünyada mədəni tələbatın cavablandırılmasına xidmət edir.
Mehriban Əliyevanın himayəsi ilə Versal Sarayının parkındakı mədəniyyət abidələrinin, Luvrda İslam incəsənəti şöbəsinin, Berlin Qəsrinin, Romada Kapitoli muzeyindəki “Filosoflar zalı”nın və s. bərpası, müxtəlif ölkələrdə tikilən sosial obyektlər müstəqil dövlətimizin imicini yüksəldir, xalqımıza çoxlu dost qazandırır. Azərbaycanın birinci xanımının ayrı-ayrı vaxtlarda layiq görüldüyü nüfuzlu beynəlxalq mükafatlar və fəxri titullar, şübhəsiz, xalqımızın böyük ideallarının layiqli təmsilçisi olan Mehriban xanımın humanitar sahələrdə geniş və səmərəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət mərkəzində olduğunu və yüksək dəyərləndirildiyini bir daha təsdiqləyir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva respublikamızla yanaşı, dünyanın bir çox ölkələrində də mərhəmət ünvanlarından biri kimi qəbul olunur. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu hər yerdə və həmişə ümummilli liderin humanist ideyalarını rəhbər tutaraq köməyə ehtiyacı olan insanların müraciətlərinə həssaslıqla, diqqətlə yanaşır. Çox vaxt üzləşdikləri problemlərin həllində çətinlik çəkənlər bu fonda ümid yeri kimi baxır, bu ünvana inamla üz tuturlar.
Azərbaycanın birinci xanımının özünün də bəyan etdiyi kimi, fondda hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılır, vətəndaşların problemlərinin həllinə mümkün olan qayğı göstərilir. Bu mənada, fond həm də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı hamisi, müdafiəçisi statusunda çıxış edən ictimai qurumdur. Mehriban xanım bu barədə belə deyir: “Mən demək istəmirəm ki, biz dərhal fonda üz tutan hər bir insanın bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun probleminin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir.”
Bu gün Mehriban xanımın diqqət və qayğısı ilə valideyn himayəsindən məhrum qalan neçə-neçə körpə ən müasir binalarda, ən yüksək səviyyədə yaşamaq, təhsil almaq imkanı əldə edib. Sağlamlığı məhdud neçə-neçə insanın yenidən həyata inteqrasiyası gerçəkləşib. Minlərlə məhbusun azadlıq arzusu reallaşıb. Mərhəmət ünvanı kimi tanınan Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə neçə-neçə xarici ölkədə təbii fəlakətlə üzləşən, səfalətə məruz qalan insanlar üçün məktəb, xəstəxana, sosial infrastruktur tikilib, onların qayğılarına qalınıb.
XXI əsrin lider qadınları cərgəsində layiqli yer tutan Mehriban Əliyeva həm də Azərbaycanın haqq səsini dünyaya yayan fədakar soydaşımızdır. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə son illər ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin – Beynəlxalq Humanitar Forum, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Zirvə Görüşü, Krans Montana Forumu, Münxen Konfransı, Ümumdünya Davos Forumu, III Qlobal Bakı Forumu və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yüksək səviyyədə keçirilməsi bu baxımdan olduqca önəmli bir prosesdir. Belə tədbirlərin Bakıda, eləcə də dünyanın ayrı-ayrı şəhərlərində keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət xətti ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gerçəkləşdirdiyi layihələrin humanist məramı da önəmli rol oynayır.
Heydər Əliyev Fondunun rəhbəri kimi Mehriban xanımın 30-dan artıq ölkədə “Azərbaycan günləri”ni təşkil etməsi, dövlətimizin haqq səsini beynəlxalq birlikdə yayması, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri olaraq, bu mötəbər qurumlar vasitəsilə Azərbaycanın layiqli təbliğatını aparması, son üç çağırışda Milli Məclisin müxtəlif ölkələrlə dostluq qruplarının rəhbəri kimi uğurlu təmsilçilik fəaliyyəti də onun ictimai-siyasi bioqrafiyasının dəyərli səhifələridir.
Eyni zamanda, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və iştirakı ilə reallaşan tədbirlər onun sivilizasiyalararası dialoqa, insanlar arasında sülh və barışa, həmrəyliyə verdiyi böyük töhfədir. Bu missiya Şərq və Qərbin mədəni dəyərləri arasında körpü rolunu oynayır, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılmasını asanlaşdırır. UNESCO-nun sabiq baş direktoru Koişirio Matsuuranın dediyi kimi: “Azərbaycanın birinci xanımı UNESCO-nun xoşməramlı səfiri kimi təkcə öz ölkəsinin deyil, dünyanın qlobal problemlərinin həllində yaxından iştirak edir”.
Mehriban Əliyevanın Azərbaycan həqiqətlərinin carçısı olmasından danışarkən, bir məqamı da xüsusi vurğulamaq istərdim. Belə ki, Heydər Əliyev Fondunun xarici ölkələrdə mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirdiyi bütün layihələrdə diqqətçəkən hədəflərdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasıdır. İndiyədək bir sıra layihələr, o cümlədən, ingilis, fransız, ərəb, alman, rus dillərində “Qarabağ həqiqətləri” bukletlər toplusunun hazırlanması və Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları, habelə yerli qeyri-hökumət təşkilatları vasitəsilə yayılması ölkəmizin üzləşdiyi işğal faktının dünyaya çatdırılmasında önəmli rol oynayıb.
“Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitablarının nəşri və yayılmasından ibarət bu layihənin davamı olaraq Heydər Əliyev Fondu Xarici İşlər Nazirliyi ilə birgə “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” kitabını ingilis dilində çapdan buraxıb. Bu dəyərli nəşrə işğal olunmuş Azərbaycan rayonlarının hər birində olan mədəni sərvətlərin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində, işğal altındakı torpaqlarda tarix-mədəniyyət abidələrinin əvvəlki və hazırkı vəziyyətini əks etdirən videomateriallar əlavə edilib.
Azərbaycan həqiqətlərini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verən Heydər Əliyev Fondu 2007-ci ildən başlayaraq hər il Moskvada, Berlində, Strasburqda, Buxarestdə, Cenevrədə, Ankarada, İstanbulda, Parisdə, Vaşinqtonda, Nyu-Yorkda, Varşavada, Londonda, Dubayda, Haaqada, Kiyevdə, Tbilisidə və dünyanın bir sıra digər böyük şəhərlərində Xocalı soyqırımının ildönümünə həsr olunan aksiyalar keçirir. Xarici ölkələrdə təşkil olunan bu tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət edilir. Anma mərasimlərində fondun hazırladığı “Xocalı soyqırımı” filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunur.
Birinci virse-prezident Mehriban Əliyevanın yorulmaz və səmərəli fəaliyyətindən danışarkən, bir məsələni də unutmamalıyıq. Bu da onun ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərlə bağlı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin ardıcıl həyata keçirdiyi dövlət siyasətinə mühüm önəm verməsidir. Azərbaycanın birinci xanımının vaxtaşırı doğma yurdlarından didərgin düşən insanlarla görüşməsi, məcburi köçkün həyatı yaşayan vətəndaşların sosial problemlərinin həllinə həssaslıqla yanaşması onun müstəqil dövlətdə insan amilinin yüksəlişinə xidmət edən missiyasının əməli təzahürüdür.
Mehriban xanım Birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirədə də qaçqın və məcburi köçkünlərin problemlərini, bu istiqamətdə görülən işləri diqqət mərkəzində saxladı, bundan sonra da görüləcək işləri, qarşıda duran vəzifələri diqqətə çatdırdı. O, yeni missiyasına başlamaqla ağır sosial şəraitdə yaşayan insanların problemlərinin həlli üçün qısa müddətdə yeni layihənin həyata keçiriləcəyini vurğuladı.
Azərbaycanın Birinci vitse-prezidenti ilk müşavirəni Dağlıq Qarabağ məsələsinə, bundan irəli gələn bəlalara, xüsusən də qaçqın və məcburi köçkünlərin vəziyyətinə həsr etməklə dünyaya bir daha mesaj verdi ki, ölkəmizin bir nömrəli problemi Dağlıq Qarabağ münaqişəsidir. Mehriban xanım açıq bəyan etdi ki, Azərbaycan dövləti bundan sonra da ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində qətiyyətli addımlar atacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun da əsas qayəsi bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ölkənin ərazi bütövlüyü çərçivəsində həllini tapsın, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtsınlar. Bu məsələ tam həllini tapana qədər isə məcburi köçkünlərin üzləşdiyi problemlər aradan qaldırılmalıdır.
Göründüyü kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xeyriyyəçilikdən tutmuş ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafına, insan hüquqlarının qorunmasına, ölkəmizin beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər müxtəlif sferalara yönəlib. Mehriban xanıma cəmiyyətin hər bir üzvünün dərin hörmətini qazandıran, insanlarda ona qarşı böyük rəğbət, xoş münasibət yaradan da məhz bu ali missiyadır.
Nizami CƏFƏROV,
Milli Məclisin deputatı,
AMEA-nın həqiqi üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.