Azərbaycan qadınının tarixi missiyasının ünvanı

Ölkəmizin gender tarixinə nəzər saldıqda əsrlər boyu bu torpaqda bir-birini əvəz edən nəsillərin dünyanın əksər bölgələrində olduğu kimi, tam patriarxal sosial sistemdə yaşadığını iddia etmək doğru olmazdı. Azərbaycan qadını tarixin bütün dönəmlərində azad düşüncəli və nikbin ruhlu olmuş, ailəsinin, elinin-obasının yükünü kişilərlə bərabər paylaşmaqla cəmiyyətin inkişafına önəmli töhfələr vermişdir.

Türklərin qadına nəcib münasibətini aydın şəkildə ortaya qoyan “Kitabi Dədə Qorqud” dastanında da ana-bacılarımızın cəmiyyətdə tutduğu üstün mövqe öz əksini tapmışdır. Burla Xatun, Banu Çiçək, Selcan Xatun kimi qəhrəman qadın obrazları, onların mübarizliyi, cəsurluğu və mərdanəliyi   cəmiyyətdə qadınların hələ yüz illər bundan öncə kişilərlə bərabər hüquqları, hətta daha mötəbər statusu olduqlarını göstərir. Bu faktlara, sadəcə, folklor yaradıcılığımızdan deyil, real həyatdan da kifayət qədər misallar gətirmək olar.

Atabəylərin Möminə və Mehrican xatunları, XII əsr Şərq intibahının Azərbaycan ulduzu Məhsəti Gəncəvi, XV əsrdə Ağqoyunluların Sara xatunu, Səfəvilərin Aləmşah bəyimi, Qarabağ xanlığının sonuncu vərəsəsi  Xan qızı Natəvan, məmləkətimizin ilk sivil ailələrinin nur yükünü Həsən bəy Zərdabi ilə birlikdə daşımış Hənifə xanım Abayeva-Məlikova, Mirzə Cəlilin sönmüş ocağının çırağını daha gur yandırmış Həmidə xanım Cavanşir, sonrakı epoxada XX əsr Azərbaycan qadınının əldə etdiyi ən yüksək məziyyətləri özündə birləşdirən Zərifə xanım Əliyeva, yeni dövr Azərbaycan elmində önəmli iz buraxmış Aida İmanquliyeva kimi mötəbər xanımlar tariximizin müxtəlif dövrlərində cəmiyyətin və dövlətçiliyin təkamülündə aparıcı qüvvə kimi çıxış etmişlər. Bu  nəcib və zəkalı qadınlar özlərindən sonrakı nəsillər üçün Azərbaycan qadınının mükəmməl örnəyini yaratmışlar.

Cəmiyyətimizdə ictimai-siyasi və sosial-mədəni yaşam tərzinin formalaşmasında qadınların və kişilərin fəaliyyətinin ahəngdarlığı  bu gün də ölkəmizdə gender münasibətlərinin əsasını təşkil edir. Tariximizin həssas məqamlarında Azərbaycan xanımlarının göstərdiyi sarsılmaz iradə, əvəzsiz fədakarlıq, sonsuz vətənpərvərlik bugünkü dövlət quruculuğumuzda, cəmiyyətimizin siyasi-iqtisadi, mənəvi-sosial inkişafında yorulmadan çalışan  qadınlarımız üçün də ilham və güc mənbəyidir. Bu yaradıcı enerjini  xalq və dövlət üçün, bugünkü və gələcək nəsillərin rifahı üçün hərtərəfli fəaliyyət proqramına çevirmək missiyasını böyük əzmkarlıqla öz üzərinə götürmüş XXI əsrin ən görkəmli Azərbaycan qadını isə ümummilli liderin ideya və əməllərini yaşadan Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevadır.   

Mehriban Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi,  böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan qadın hərəkatında yeni bir səhifə açmışdır. O, bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir arealı əhatə edir. Onun çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik və zərif humanizm dayanır.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir. Mehriban xanıma məxsus mənəvi məziyyətlərin nəcib ailə köklərinə dərin bağlılıqdan qaynaqlanması onun vətənimizə, dövlətçiliyimizə və xalqımıza  sadiqlik əzmini şərtləndirən əsas amildir.

Ölkənin birinci xanımı olaraq Mehriban Əliyevanın fəaliyyət  dairəsi çox genişdir. O, ardıcıl olaraq 3 dəfə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Bundan əlavə, Heydər Əliyev və Azərbaycan Mədəniyyətinin Dostları fondlarının prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi bu lider qadının sistemli, aydın, bir-birini təkrarlamayan fəaliyyəti olduqca səmərəli və zəngindir.

Hələ 1995-ci ildə Azərbaycan Mədəniyyəti Fondunu təsis edən Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunmasını, incəsənətimizin inkişafı və təbliğini, Azərbaycan mədəniyyətinin ümumbəşəri mədəni dəyərlər sisteminə inteqrasiyasını fəaliyyətinin başlıca prinsipləri kimi müəyyənləşdirmişdi. Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, onu bütün dünyaya tanıtdırmaq idi. Ölkəmizin öz müstəqilliyini yenicə bərpa etdiyi zamanlarda Mehriban xanım Əliyevanın belə bir müqəddəs missiyanı öz üzərinə götürməsi onun zəngin mənəvi irsimizə sadiqliyinin bariz göstəricisi idi. Bu təşəbbüs xalqımıza azərbaycançılıq məfkurəsinin aşılanması, onun zəngin mədəniyyət tariximizlə mənəvi bağlarının möhkəmləndirilməsi yolu ilə sovet hakimiyyətinin süqutundan sonra yaranmış ideoloji boşluğun aradan qaldırılması baxımından xüsusi önəm kəsb edirdi.

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə  “Azərbaycan-İrs” jurnalı işıq üzü ­görmüş, milli musiqimizin korifeylərinin albomları hazırlanmış, həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycan mədəniyyətini və tarixini təbliğ edən çoxsaylı  təqdimat mərasimləri, sərgilər, festivallar, mədəniyyət günləri təşkil edilmişdir. “Bakı Muğam Mərkəzi”nin yaradılması, “Qarabağ xanəndələri” musiqili albomunun buraxılışı, “Bakı payızı” və  Beynəlxalq Bakı Caz festivallarının təşkili kimi ölkəmizin incəsənət tarixində xüsusi yer tutan mədəniyyət hadisələri bu fondun təşəbbüsü ilə reallığa çevrilmişdir. 

  Azərbaycanın “Avroviziya” Mahnı Müsabiqəsində iştirakının təşəbbüskarı kimi çıxış etmiş Mehriban xanım Əliyeva bu musiqi yarışması vasitəsilə ölkəmizin və onun musiqisinin dünya miqyasında tanıdılmasına xüsusi töhfə vermişdir.  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin  2012-ci il “Avroviziya” Mahnı Müsabiqəsinin təşkili və keçirilməsi haqqında müvafiq sərəncamı  ilə yaradılmış Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyeva bu musiqi yarışmasının ən yüksək səviyyədə keçirilməsinə nail olmuş və Azərbaycanın müxtəlif məzmunlu beynəlxalq  tədbirlərin təşkilində qabaqcıl dövlətlərdən birinə çevrildiyini ortaya qoymuşdur.

Mehriban Əliyevanın deputat kimi fəaliyyəti də peşəkarlıq və səmərəlilik baxımından xüsusilə diqqətəlayiqdir.  2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Mehriban Əliyeva seçicilərin böyük səs çoxluğu ilə millət vəkili seçilmişdir. Bu, həm də Mehriban xanım Əliyevanın fəaliyyətinə verilmiş layiqli vətəndaş qiymətinin bariz nümunəsidir. Azərbaycan seçicisi bu seçimlə dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqın rifahının yüksəldilməsi  işində həm ölkə başçısı İlham Əliyevin, həm də  bütün təşəbbüslərində ona öz dəstəyini əsirgəməyən Mehriban Əliyevanın yanında olduğunu bir daha sübut etmişdir.

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavini və nəhayət, bu ildən etibarən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi məsul vəzifələr daşıyan Mehriban Əliyeva Azərbaycanın siyasi elitasının aparıcı qüvvələrindən birinə çevrilmişdir.

Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban xanım Əliyeva humanizm prinsiplərinə sadiqliyini dəfələrlə sübut etmişdir. Onun təşəbbüsü ilə hazırlanmış amnistiya  aktları 2007, 2009, 2013 və 2016-cı illərdə Milli Məclis tərəfindən qəbul olunmuş, ümumilikdə, 30 mindən çox məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. Cəmiyyətə layiqli vətəndaş qazandırmağın onu cəzalandırmaqla deyil, bağışlamaqla, sosial həyata inteqrasiyasına lazımi şərait yaratmaqla mümkünlüyü düşüncəsində olan Mehriban Əliyeva hər zaman məsuliyyətli qərarlar vermək bacarığını nümayiş etdirmişdir.

Azərbaycan parlamentində “28 May Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” sonuncu qanun layihəsinin müzakirəsi zamanı söylədiyi fikirlərlə Mehriban xanım Əliyeva cəmiyyətdə humanizm prinsiplərinin rəhbər tutulmasının nə qədər önəmli olduğunu ifadə etmişdir: “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında öz həyatını, öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir”.

Göründüyü kimi, Mehriban  Əliyevanın simasında Azərbaycan qadını ilk dəfə olaraq humanist dəyərləri mənəvi kamilliyin əsas meyarı kimi önə çıxarır, ədalətli cəmiyyətin bərqərar edilməsinin zəruri şərtlərini müəyyən edir. Beləliklə, Azərbaycanın qadın hərəkatında güclü dövlət, ədalətli cəmiyyət və azad qadın anlayışı bir-birinə möhkəm tellərlə bağlanaraq, sosial-mədəni inkişafımızın aparıcı qüvvəsinə çevrilir.

 2004-cü ildə Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun təsis edilməsi müasir Azərbaycan tarixinin əlamətdar hadisələrindən biridir. Heydər Əliyev Fondu Azərbaycanın dövlətçilik tarixini zənginləşdirmiş ümummilli liderimizin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək məramından, ulu öndərin zəngin mənəvi-siyasi irsinin öyrənilməsi, milli dövlətçilik ideyalarının nəsildən-nəsilə ötürülməsi zərurətindən yaranmışdır.

Heydər Əliyev Fondu ölkəmizin və müasir dünyanın yeni və qabaqcıl ideyalarla hərəkət edən innovativ təsisatlarından biri olaraq  təhsil, mədəniyyət, səhiyyə, idman, elm və texnologiya, ekologiya və sosial sahələrdə cəmiyyət və dövlətimiz üçün aktual olan layihələrin həyata keçirilməsində təşəbbüskar və təşkilatçı qurum kimi çıxış edir. Xüsusi qayğıya ehtiyacı olan insanlara yardım göstərilməsi, Azərbaycan vətəndaşlarının yaradıcı potensialının üzə çıxarılması və inkişaf etdirilməsinə, mənəvi dəyərlərimizin qorunmasına dəstək verilməsi, azərbaycançılıq ideologiyasının təbliği Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətləridir.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, respublikanın beynəlxalq nüfuzunun artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi fondun fəaliyyət dairəsinə daxil olan prioritet sahələrdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Romada Müqəddəs Marçellinio və Pietro katakombalarının, Parisdə Luvr muzeyinin bir hissəsinin bərpası Azərbaycanın nadir tolerantlıq məkanı kimi dünya miqyasında mədəniyyətlər və dinlərarası dialoqda oynadığı tarixi rolun təzahürüdür. 

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində ölkə səhiyyəsinin inkişafı və təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi də xüsusi yer tutur. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir.

“Yeniləşən Azərbaycana yeni məktəblər”, Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək layihələrinin gerçəkləşməsi, Daun Sindromlu Şəxslərin Reabilitasiyası Mərkəzinin, Talassemiya Mərkəzinin tikilməsi, 50 mindən çox insana sağlamlığına qovuşması üçün zəruri dəstəyin göstərilməsi kimi vacib tədbirlər Mehriban Əliyevanın ölkəmizdə fiziki və əqli cəhətdən sağlam nəslin yetişməsinə verdiyi əhəmiyyətin parlaq təzahürüdür.

Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ictimai-siyasi-mədəni sahələrdə çoxsaylı təşəbbüslərin müəllifi kimi önə çıxması Azərbaycan qadınının inkişafı üçün yeni üfüqlər açmışdır. Onun təşəbbüsü ilə həyata keçirilən tədbirlər artıq gənc Azərbaycan xanımının cəmiyyət üçün aktual olan məsələlərin həllində söz sahibinə çevrildiyini göstərir.

İdmana qayğı, ölkəmizdə sağlam nəslin yetişməsinə dəstək də Mehriban xanım Əliyevanın fəaliyyətində prioritet sahələrdəndir. O, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildə Milli Olimpiya Komitəsi icraiyyə komitəsinin üzvü seçilmişdir. Müvafiq olaraq, 2005, 2007, 2009 və 2014-cü illərdə gimnastika üzrə dünya və Avropa çempionatlarının Azərbaycanda keçirilməsi ölkəmizdə bu idman növünə marağın artmasında və Azərbaycanın idman ölkəsi kimi dünyada tanıdılmasında mühüm rol oynamışdır.

2013-cü ilin yanvarında dövlət başçısı İlham Əliyevin birinci Avropa Oyunlarının yüksək səviyyədə həyata keçirilməsini təmin etmək məqsədilə imzaladığı sərəncama müvafiq olaraq Təşkilat Komitəsi yaradılmış və Mehriban Əliyeva həmin qurumun sədri təyin edilmişdir. Dünyanın aparıcı şəhərlərində I Avropa Oyunlarına dair təqdimatların keçirilməsi Azərbaycanın dünyada tanıdılması üçün tarixi fürsət olmuşdur. Oyunlara hazırlıq işlərinin mükəmməl şəkildə tamamlanması və bu mötəbər yarışın Olimpiya oyunları səviyyəsində təşkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin gərgin əməyi sayəsində mümkün olmuşdur.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə idman, mədəniyyət, təhsil sahəsində və ümumiyyətlə, dünyada Azərbaycanın müsbət imicinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ölkə ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. İdmandan təhsilə, mədəniyyətdən səhiyyəyə, xeyriyyəçilikdən multikulturalizm təşəbbüskarlığına qədər əhatəli fəaliyyət potensialı olan Mehriban Əliyevanı ölkəmizin bütün ictimai, siyasi, mədəni dairələrinin güclü lider qadın kimi tanıması və sevməsi cəmiyyətimizdə  Azərbaycan qadınına verilən yüksək dəyərin ifadəsidir.

Azərbaycan xanımına xas olan bütün nəcib xüsusiyyətləri özündə əks etdirən Mehriban Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycanda qadın hərəkatı keyfiyyətcə yeni səviyyəyə yüksəlmiş, ölkəmizin ictimai-siyasi və mədəni həyatında qadınların rolu artmışdır. Mehriban xanım Əliyevanın maddi və qeyri-maddi irsimizin qorunması, Azərbaycan gerçəkliklərinin, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xeyriyyəçilik və humanitar təşəbbüslərin irəli sürülməsi kimi çoxşaxəli fəaliyyət dairəsi Azərbaycan xanımının bəşəri amalını və tükənməz gücünü nümayiş etdirir. Bütün bunlar müasir Azərbaycan xanımının öz tarixi missiyasını ləyaqətlə davam etdirdiyini, milli-mənəvi dəyərlərimizin keşiyində cəsarətlə durduğunu göstərir. 

Çoxşaxəli ictimai-siyasi fəaliyyətini uğurla davam etdirən  Mehriban Əliyeva həm də nümunəvi anadır, məsuliyətli vətəndaşdır, dünyəvi və dini dəyərlərimizə sadiq müasir Azərbaycan qadınının yeni simasıdır. Mehriban Əliyeva qadının ailədə rolu haqqında belə deyir: “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq, analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”. Bu yanaşma ilə o, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ailə amilinin nə qədər önəmli olduğunu diqqətə çatdırır.

 Xalqımız  Mehriban Əliyevanın fəaliyyətini yüksək dəyərləndirir, onun bütün təşəbbüslərini dəstəkləyir və bu lider qadının şəxsində  Azərbaycan xanımına ən yüksək hörmət və ehtiramını ifadə edir. Xüsusilə bu gün – Mehriban xanım Əliyevanın doğum günündə  milyonlarla insanın ürəyində sevinc və minnətdarlıq hissi yaşanır. Bu ürəklərdə səslənən ən xoş arzular xalq üçün, Vətən naminə yorulmadan-usanmadan çalışan fədakar insana – Mehriban Əliyevaya ünvanlanıb.

Sonsuz xalq sevgisi qazanan Mehriban Əliyevaya milli maraqlarımızın müdafiəsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə və xüsusən, Azərbaycan qadınının mənəvi yüksəlişinə xidmət edən yorulmaz fəaliyyətində davamlı uğurlar arzulayırıq.

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında