Gənc liderlər dünyanın gələcəyinin qurulması işinə fəal qoşulmuşlar

Müasir dövrdə beynəlxalq münasibətlərin inkişafında gənclər təşkilatlarının inkişafı milli və dövlətlərarası səviyyələrdə mühüm ictimai-siyasi qüvvə kimi qiymətləndirilir. Bu qiymətləndirmə təkcə dünyada müşahidə olunan qloballaşma, demokratikləşmə və inteqrasiya proseslərinin inkişafı şəraitində gənclərin siyasi fəallığı ilə izah olunmur. Həm də dünyanın siyasi elitaları milli hədəflərin təmin edilməsinə yönəlmiş fəaliyyətə gənclər təşkilatlarının da cəlb olunmasında maraqlıdır. Beynəlxalq münasibətlər sisteminin fəal üzvü olan Azərbaycan da gənclərin mütərəqqi ideya və baxışlarının reallaşmasına kömək edəcək mühüm müzakirə platformalarına həmişə dəstək vermişdir. Bakıda işinə başlamış Qlobal Gənc Liderlər Forumunun keçirilməsi bu faktı bir daha təsdiqləyir. Azərbaycan belə foruma ev sahibliyi etməklə, sübut edir ki, bəşəriyyətin müasir çağırışlarının müzakirə olunduğu mühüm beynəlxalq platforma məkanıdır.

Ümumiyyətlə, müasir dövlətdə gənclərin hüquqi statusunun müəyyənləşdirilməsi dünya ölkələrinin qarşısında duran vacib məsələlərdən biridir. Ona görə ki, bu gün məhz gənclər mühüm sosial-ictimai indikator rolunda çıxış edirlər və bu da bir çox hallarda cəmiyyətin və dövlətin gələcək mütərəqqi və innovativ inkişafını stimullaşdırır. Təsadüfi deyil ki, son iki əsrdə gənclər siyasəti beynəlxalq səviyyədə fəal inkişaf etməyə başlamışdır. Bu gün artıq reallıqdır ki, dünyanın müasir siyasi, iqtisadi və sosial prosesləri şəraitində gənclər nəinki konkret dövlətin, həm də uzunmüddətli pespektivdə beynəlxalq münasibətlərin inkişafını müəyyənləşdirən strateji resursa çevrilirlər. Buna görə də, təəccüblü deyil ki, gənclər siyasəti dövlətin siyasi kursunun reallaşdırılması və beynəlxalq institutların fəaliyyət mexanizmlərinin inkişafı proseslərində vacib element sayılır. Mütəxəssislər bildirirlər ki, gənclər təşkilatları hazırda beynəlxalq münasibətlərin perspektivli yeni aktorlarıdır və hər bir dövlətin belə təşkilatların inkişafına göstərdiyi dəstək bir sıra qlobal çağırışların müzakirəsi və həlli yollarının axtarılması baxımından bəşəri əhəmiyyət kəsb edir. Bu baxımdan əhəmiyyətli olan Qlobal Gənc Liderlər Forumunun Bakıda keçirilməsi də Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, bəşəriyyəti narahat edən məsələlərin həlli yollarının müzakirəsinə və müxtəlif xalq nümayəndələri arasında dialoqun aparılmasına töhfə verən ölkə statusunu möhkəmləndirir.

Avqustun 21-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə işinə başlayan Qlobal Gənc Liderlər Forumunda müzakirəyə çıxarılan aktual problemlər tədbirin yüksək statusundan xəbər verir. Bu gün heç kimə sirr deyil ki, son illər elmin, texnologiyanın sürətli inkişafı cəmiyyətdə yeni çağırışların meydana gəlməsinə səbəb olmuşdur. Bu baxımdan yeni dövrdə insanların həyatında vacib dəyişikliklərə səbəb olan mühüm çağırışları müzakirə etmək üçün gənc liderlərin Bakı forumunda bir araya gəlmələri sabit və davamlı inkişafın təmin edilməsi kimi strateji əhəmiyyətli prosesə gənclərin fəal qoşulmalarına öz töhfəsini verəcəyi danılmazdır. Forumun gündəliyinə çıxarılmış məsələlər də tədbirin əhəmiyyətli mövzular ətrafında müzakirə olunduğunu və gənclərin bu məsələlərə maraqlarını daha da artıracağına əminlik yaradır. Belə ki, forum çərçivəsində keçirilən iclaslarda “Qadın və kişilər fərqli şəkildə liderlik edirmi?”, “Mədəniyyətlər fərqli şəkildə yönləndirilir?”, “Nəyi mənimsəyib, nəyi öyrənə bilərik?” sualları ətrafında Ukraynanın sabiq birinci xanımı, NGBM-in üzvü Katerina Yuşenkonun moderatorluğu ilə keçirilən panel iclasda qadın və kişi təbiətinin onların liderlik bacarıqlarına olan təsirindən danışılmış, qadınların daha çox iqtisadi inkişafın hərəkətverici qüvvəsi kimi fəaliyyət göstərdiyi vurğulanmışdır.

Müzakirələrdə, həmçinin qloballaşma şəraitində insanların bir-birinə anlayışla yanaşmalarının vacibliyi qeyd olunmuşdur. Bolqarıstanın sabiq Prezidenti, NGBM-in üzvü Rosen Plevnelievin və Avropa İttifaqının Liviyadakı keçmiş səfiri Farida Allaghinin də qatıldığı iclasda qadınların hökumət strukturlarında təmsil olunmasının daha da genişləndirilməsinin vacibliyi vurğulanmış və müxtəlif mədəniyyətlərdə uşaqların tərbiyəsinə münasibətin fərqli olduğu qeyd edilmiş, eyni zamanda, kişilərin hökmran ruhda böyüdülməsinin bəzi hallarda qadınların hüquqlarının pozulması, yaxud məhdudlaşdırılması üçün psixoloji zəmin yaratdığı bildirilmişdir. Fərqli mədəniyyətə və fikirlərə malik insanların bir-biri ilə ünsiyyət saxlamasına, ortaq məxrəcə gəlməsinə şərait yaradan belə müzakirələrin müsbət təsirini vurğulayan siyasi xadimlər və mütəxəssislər əmindirlər ki, forum çərçivəsində aparılan fikir mübadiləsi dünyanı düşündürən qlobal problemlərə diqqəti artıracaq. Forumda iştirak edən Latviyanın sabiq Prezidenti Valdis Zatlers əmindir ki, bu cür tədbirlərin keçirilməsi dünyada sülhün və sabitliyin bərqərar olmasına öz töhfəsini verir. Onun sözlərinə görə, foruma toplaşanlar fikir və təcrübə mübadiləsi aparırlar və belə müzakirələr müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir.

Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev də forumun işini yüksək qiymətləndirərək əlavə edib ki, gənc liderlər sülhməramlı olmalı, müharibəyə qarşı çıxış etməli, dünyanı düzgün istiqamətləndirməlidirlər. R.Plevnelievin sözlərinə görə, planetin gələcəyi gənc liderlərlə birlikdə qurulmalıdır. Dayanıqlı inkişafa, bəşəri dəyərlərin geniş yayılmasına nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin fəallıq göstərməsinin vacibliyini qeyd edən cənab Plevneliev xüsusilə vurğulamışdır ki, bu məsələlərlə bağlı səmərəli ideyalar öz əksini Azərbaycanın dahi şairi Nizami Gəncəvinin əsərlərində tapmışdır. Bu işdə dünyanın ictimai-siyasi xadimlərinin gənclərlə qarşılıqlı əlaqədə, çiyin-çiyinə fəaliyyət göstərməli olduğunu qabardan Bolqarıstanın keçmiş Prezidenti Bakı forumunu gənc liderlərlə səmərəli əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından gözəl imkan kimi dəyərləndirmişdir. Rosen Plevnelievin həmkarı, Bolqarıstanın digər keçmiş Prezidenti Petar Stoyanov isə forumu gənclərin müxtəlif ölkələrin mədəniyyətlərini daşıyan təcrübəli insanlarla görüş platforması adlandırmışdır. P.Stoyanovun fikrincə, dünya gəncləri arasında münasibətlərin inkişafı dünyanın gələcəyi üçün mühüm amildir və bu baxımdan Bakı ən gözəl məkanlardan biridir. Sabiq prezidentin sözlərinə görə, bu tədbir gənclərin də iştirakını özündə birləşdirən yeni ideyadır.

Bir sözlə, bir sıra nüfuzlu ictimai xadimlərin, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonağın dəvət olunması, həmçinin dünyanın 80-ə yaxın aparıcı gənc lider və tədqiqatçısının, Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının tədbirə qatılması Bakı forumunun yüksək səviyyəsindən xəbər verir. Bununla yanaşı, toplantı çərçivəsində keçirilən panel iclasları və qrup müzakirələrində gənc liderlərin böyük siyasi təcrübəyə malik sabiq dövlət başçıları ilə interaktiv dialoq şəklində müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmaları siyasi liderlik baxımından böyük əhəmiyyət kəsb edir.

Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudlarının müzakirə olunması və debatların təşkil edilməsi Qlobal Gənc Liderlər Forumunun beynəlxalq miqyasda statusunun güclənməsinə və daha çox gənclər təşkilatlarının və gənclərin qlobal çağırışlara adekvat reaksiya göstərilməsi prosesinə qoşulmalarına təkan verəcəkdir. Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri İsmail Serageldin də hesab edir ki, Bakı Qlobal Gənc Liderlər Forumu gələcəyə doğru atılan yeni bir addımdır və o, daha çox gəncin bu hərəkata qoşulacağına inanır.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında