Prezident İlham ƏLİYEV: Gənclər gərək milli ruhda tərbiyə alsınlar

 

 

 

 

 

 

 

 

 

 


Gənclər, əlbəttə ki, cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan daha bir möhtəşəm tədbirə ev sahibliyi etməyə hazırlaşır. Xəbər verildiyi kimi, avqustun 21-dən 24-dək Bakıda Qlobal Gənc Liderlər Forumu keçiriləcək. Forumda iştirak etmək üçün paytaxtımıza gələn gənc qonaqlar sırasında Makedoniya və Monteneqro prezidentlərinin, həmçinin Latviya, Ukrayna, Albaniya, Andorra, Bosniya və Herseqovinanın sabiq prezidentlərinin və baş nazirlərinin övladları da olacaq. Həmçinin foruma dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının qatılması da gözlənilir. Bəzi ölkələrin sabiq hökumət rəhbərlərinin, tanınmış ictimai xadimlərin, həmçinin digər  nüfuzlu qonaqların da nümayəndələr sırasında olacağı bildirilir. Forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısının, bir sıra nüfuzlu proqramların təmsil olunması nəzərdə tutulur.

Qəbələ şəhərində Dünya Skaut Gənclər Forumunun, ardınca Bakıda 41-ci Dünya Skaut Konfransının, indi isə Qlobal Gənc Liderlər Forumunun keçirilməsi Azərbaycan gəncliyinin nüfuz sahibi olmasının göstəricisidir.  Üç il əvvəl  Bakıda Gənclər siyasəti üzrə birinci Qlobal Forum keçirilən zaman da bunun şahidi olduq. 80-dən çox ölkədən 700-dən artıq nümayəndənin iştirak etdiyi həmin tədbirdə  diqqətə çatdırılmışdır ki, gənclər siyasəti bir çox ölkələrin, o cümlədən Azərbaycanın dövlət siyasətinin aparıcı istiqamətlərindən biridir. Respublikamızda gənclərlə bağlı proqramların qəbul edildiyi, ölkədə insan kapitalının inkişafına önəm verildiyi vurğulanmışdı. Qeyd edilmişdir ki, әhalisinin 50 faizinin yaşının 29-dan aşağı olduğu Azәrbaycan qlobal gәnclәr siyasәtini daim dәstәklәyir. Azərbaycanda gənclər çoxluq təşkil edir və onların liderlik bacarıqlarının inkişafı üçün əlverişli şərait yaradılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubu böyük maraqla qarşılanmışdı. Dövlətimizin başçısı  ilk forumun Bakı şəhərində keçirilməsi barədə qərarı ölkəmizin gənclərlə iş sahəsindəki təcrübəsinə verilən yüksək qiymət kimi dəyərləndirmişdir.

Gənclərimizin fəallığı, yüksək təşkilatçılığı və intellekti barədə fikirlərin yüksək tribunalardan eşidilməsi bizdə qürur hissi yaradır. Bakıda  keçirilən 41-ci Dünya Skaut Konfransının isveçrəli nümayəndəsi Tays Stofferin dedikləri də bunu təsdiqləyir: “Azərbaycan gənclərinin fəaliyyəti ilə maraqlanmaq imkanım oldu. Azərbaycan Skaut Assosiasiyasında da bacarıqlı gənclərin olduğunu gördüm. Onların fəaliyyətini xüsusi qeyd etmək istərdim. Azərbaycan gəncləri qonaqpərvər və gülərüzdürlər. Onlar yüksək intellektləri ilə seçilirlər”.

Göründüyü kimi, Azərbaycan gəncliyinin inkişafı, beynəlxalq aləmə inteqrasiyası, mötəbər tədbirlərdə gənclərin iştirakının təmin olunması dövlət siyasətinin prioritetini təşkil edir.

Yaxşı yadımızdadır,  müstəqilliyimizin ilk illərində  ölkəmizdə baş alıb gedən özbaşınalıq, anarxiya və xaos gənclərin normal təhsil almalarına, mənəviyyatına, əxlaqına, intellektinə mənfi təsir etmişdi. Yalnız ulu öndər Heydər Əliyev xalqın təkidli xahişindən sonra respublikaya yenidən rəhbərliyi dövründə  gənclər layiq olduqları əsl qiyməti aldılar. Ümumiyyətlə, ümummilli lider Azərbaycana rəhbərlik etdiyi  bütün dövrlərdə gəncliyin qüvvəsini, potensialını yüksək qiymətləndirmiş, bu sahəyə daim xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Yetişən gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam, hərtərəfli biliyə malik olması üçün hər cür şərait yaratmış və gənclərin qarşısında çox  vacib vəzifənin dayandığını bildirmişdir:  “Bütün Azərbaycan gənclərinin qarşısında bir vəzifə--öz xalqına, dövlətinə, ölkəsinə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsi durur”.

Ulu öndər gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini prioritet vəzifə kimi qarşıya qoymuşdur. Bu məqsədlə  də 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması barədə sərəncam imzalamış, 1995-ci ildə isə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.  Bir il sonra--fevralın 2-də  müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir.

1997-ci il  fevralın 1-də  forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" sərəncam imzalamışdır.

1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan "Dövlət gənclər siyasəti haqqında" fərman gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə etmişdir. Bu fərmana müvafiq olaraq  2002-ci il  aprelin 9-da  “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanunda gənclər siyasətinin əsas istiqamətləri--gənclərin mənəvi-əxlaqi tərbiyəsi və ictimai-siyasi  həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət yardımı və digər məsələlər  öz əksini tapmışdır.

Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvəsi kimi formalaşmasında ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti  yeni mərhələyə qədəm qoymuşdur. Dövlət başçımızın xüsusi diqqət və qayğısı nəticəsində gənclər siyasəti uğurla davam etdirilmiş, gənclərimizin beynəlxalq aləmə inteqrasiyasında və dünya birliyində fəal  iştirakının təmin olunması üçün bütün imkanlardan istifadə olunmuşdur. Məhz bunun nəticəsində Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında fəal iştirakı ilə seçilmiş, siyasi, iqtisadi, humanitar tədbirlərin həyata keçirilməsində mühüm rol oynamışdır. Həmin tədbirlər bu gün də uğurla davam etdirilir. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində gənclərimiz cəmiyyətin avanqard qüvvəsinə çevriliblər.

Gənclərin   məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi, habelə beynəlxalq  tədbirlərdə iştirakının təmin olunması  ölkə Prezidentinin həyata keçirdiyi siyasi kursun prioritetini təşkil edib. Dövlət başçısının  2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncamı  gənclərə dövlət qayğısının artırılması istiqamətində qətiyyətli addım oldu. Dövlət proqramına uyğun olaraq, gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilmişdir.

Azərbaycan  Prezidenti İlham Əliyevin 2007-ci ilin ölkədə “Gənclər ili” elan edilməsi ilə əlaqədar imzaladığı sərəncam  gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasında və  reallaşdırılmasında, intellektual səviyyəsinin yüksəldilməsində, xüsusi istedadlı gənclərin seçilməsi və onlarla müvafiq tədbirlərin həyata keçirilməsində böyük rol oynamışdır.

Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında, beynəlxalq tədbirlərdə fəal təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Təkcə 2008-2011-ci illərdə dövlət orqanlarına işə qəbul edilənlərin 60 faizdən çoxunu gənclərin təşkil etməsi də gəncliyə olan inam və etibarın nəticəsidir. Azərbaycan gənclər təşkilatlarının beynəlxalq təşkilatlarla əməkdaşlığı istiqamətində də mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Məhz bunun nəticəsi olaraq  son illər beynəlxalq təşkilata üzv qəbul edilən gənclər təşkilatlarımızın sırası xeyli genişlənmişdir.

Azərbaycan gəncliyinin dünya birliyinə inteqrasiyasını daha da sürətləndirmək və gənclərimizin mötəbər beynəlxalq tədbirlərdə iştirakını təmin etmək məqəsdilə həyata keçirilən tədbirlərdən biri də  “Dünya Azərbaycanlı Gənclər Birliyi”nin təsis  olunmasıdır. Birliyin təsis qurultayı 2012-ci il martın 12-də  Bakıda keçirilmişdir. Qurultayda dünyanın bir çox ölkələrində fəaliyyət göstərən beynəlxalq təşkilatların və xaricdə yaşayan azərbaycanlı gənclər birliklərinin nümayəndələri iştirak etmiş və bu təşkilatın yaranmasını müsbət hal kimi qiymətləndirmişlər. Bu qurumun əsas  məqsədi Azərbaycan Respublikasında və xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hərtərəfli inkişafının təmin olunması, elm, təhsil, mədəniyyət, sahibkarlıq, idman, könüllülük işinin inkişafı və vətənpərvərlik sahəsində fəaliyyətin qurulması istiqamətində işlərin aparılması, dünya azərbaycanlılarının milli-mənəvi dəyərlər əsasında səfərbər olmasıdır.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımzın milli maraqlarının qorunması, xalqımızın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi işinə cəlb olunması və beynəlxalq səviyyədə əməkdaşlığın təmin edilməsi  gənclərin qarşısına qoyulmuş əsas vəzifələrdəndir. Ölkədən kənarda təhsil almış vətəndaşlarımızın uyğun fəaliyyətlərini təşkil etmək, gənc kadrlar bazasının təşkili, xarici ölkələrdə  yaşayan azərbaycanlı gənclərin şəbəkələşmə işinin təşkil edilməsi,  azərbaycanlı gənclərin yaşadıqları cəmiyyətə inteqrasiyası, ictimai-siyasi həyatda daha fəal iştirakının təmin olunması məqsədilə layihələr həyata keçirmək, birliyin qarşıya qoyduğu həllivacib məsələlərdəndir.

Hazırda ölkədə 200-dən çox gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: Gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin təhsili, fəal vətəndaş mövqeyi, adət-ənələrimizin beynəlxalq ictimiyyət arasında təbliği və digər məsələlər kifayət qədər aktualdır.

Bu günədək 1300-ə yaxın azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilmişdir. 

Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunmasına  və onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Artıq ölkəmizdə  dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb. Bu, dövlətimizin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına  şərait yaradacaqdır. 

Bu gün Azərbaycan gəncliyinin qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan artıq soydaşımızın bu hərbi təcavüz nəticəsində öz yurd-yuvalarından didərgin salınması və xalqımızın məruz qaldığı soyqırımı aktları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, XX əsrin ən dəhşətli bəşəri cinayətlərindən biri kimi tarixin yaddaşına həkk olunmuş Xocalı soyqırımı müəlliflərinin ifşa olunması prosesində gənclərin iştirakı olduqca vacibdir. Onu da qeyd edək ki, gənclərimiz bu sahədə artıq qətiyyətli addımlar atır, Ermənistanın  terror təşkilatlarının zaman–zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımı barəsində dünya ictimaiyyətinə mükəmməl məlumat verirlər.  Bu sahədə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti xüsusilə qeyd olunmalıdır.

Ölkəmizi nüfuzlu beynəlxalq tədbirlərdə layiqincə təmsil edən intellektual səviyyəli gənc nəslin yetişməsi dövlətimizin bu sahəyə xüsusi diqqət yetirməsinin nəticəsidir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncliyinin səsi ən yüksək tribunalardan eşidilir.

Bütün bunlar Qlobal Gənc Liderlər Forumunun Azərbaycanda keçirilməsinə böyük zəmin və hüquqi baza yaradıb.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında